Son günlər qonşu ölkələrdə zəlzələ hadisələrinin sayı artıb. Azərbaycanda da kiçik zəlzələlərin baş verməsi vətəndaşlarda daha güclü sarsıntıların ola biləcəyi barədə suallar doğurur.
Mövzu ilə bağlı ekoloq Fikrət Cəfərov Mətrbuat.az-a açıqlama verib.
Fikrət Cəfərov bildirib ki, son zamanlar dünyada, o cümlədən qonşu ölkələrdə zəlzələlərin sayında artım müşahidə olunur. Üstəlik, vulkanların aktivləşməsi və güclü günəş partlayışları kimi təbii proseslər də seysmik fəaliyyətlərin artmasına təsir göstərə bilər:
"Alimlərin fikrincə, bu proseslər bir-biri ilə bağlıdır və zəlzələlərin davam edəcəyindən xəbər verir. Azərbaycanda isə seysmik fəallıq 8-9 ballıq zonaya daxildir ki, bu da güclü zəlzələ ehtimalının mövcud olduğunu göstərir. Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl ölkəmizdə kiçik zəlzələlər də qeydə alınıb. Bu kiçik sarsıntılar isə gərginliyin müəyyən dərəcədə azaldığını göstərir və yaxın gələcəkdə güclü zəlzələlərin olmayacağına ümid yaradır".
Ekoloqun sözlərinə görə, ölkədə ümumilikdə, zəlzələ riski mövcuddur, lakin hazırda ciddi təhlükə gözlənilmir. Mütəxəssislər və aidiyyəti qurumlar səylə bu prosesləri izləyir və vətəndaşları mütəmadi olaraq məlumatlandırırlar.