Bu ərazilər də Azərbaycana təhvil verilir

Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilərin hara olacağı artıq müəyyənləşir. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Nəşr qeyd edir ki, demarkasiya işləri mərhələli şəkildə aparılacaq. “Növbəti addım anklavların (Kərki, Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) qaytarılması olacaq. Ardınca Sotk (Söyüdlü) və Vardenis (Basarkeçər) rayonu, daha sonra Sünik (Zəngəzur) olacağı deyilir. Dünən Geqarkunikin (Göyçə mahalı) Çəmbərək rayonunun Vahan kəndindən xəbər verdilər ki, yaxınlıqdakı tarlalarda tədqiqatçılar görüblər. Onlar bildirib ki, Azərbaycan bu istiqamətdə 12 müdafiə mövqeyinin verilməsini tələb edir. Artıq həmin ərazilərin təhvil verilməsi vəd edilib”, – nəşr yazır. (Publika.az)

Repetitorluğun ləğvi mümkündür? - Açıqlama

“Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də repetitor kimi fəaliyyət göstərirlər. Bu gün təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir. Azərbaycan da bu,ə geniş vüsət alıb. Hətta ibtidai sinif şagirdləri də repetitor yanına gedirlər. Ona görə də ölkədə repetitorluğu ləğv etmək mümkün deyil. Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər”. Bu fikirləri təhsil ekspert Nadir İsrafilov Bakupost.az -a repetitorluğun ləğvi ilə bağlı fiirləri şərh edərkən deyib. Onun sözlərinə görə, mərkəzləşmiş imtahan keçirildiyi üçün repetitorluğa münbit şərait var: "Bu, ali məktəbə qəbul olmaq həvəsindən yaranan bir anlayışdır. Repetitorluğu aradan qaldırsaq, o zaman gərək testi və imtahanları da ləğv edək. Çünki repetitorluq bilavasitə testin ortalığa çıxmasından sonra yaranıb. Bu gün şagirdlərin əksəriyyəti dərsliklərlə deyil, test kitabçaları ilə hazırlaşır. Məntiqlə biz həmin test kitablarını da ləğv etməli, tələblərə cavab verməyən dərslikləri yeniləməliyik. Üstəlik, bu gün repetitorluq minlərlə müəllimin qazanc mənbəyi hesab olunur. Buna görə də yaxın perspektivdə repetitorluğun ləğv edilməsini o qədər də real hesab etmirəm”.

Bakıda tozlu hava neçə gün davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Sozcu.az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır. "Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - baş mühəndis bildirib.

Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir

Ermənistan Azərbaycanla sərhədin Voskepar kəndi yaxınlığındakı delimitasiya olunmuş hissəsində sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyana onun Tavuş vilayətinin sərhəd kəndlərinə səfəri çərçivəsində Voskepar kəndindəki Müqəddəs Məryəm kilsəsini ziyarət etdiyi zaman Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Edqar Unanyan məruzə edib. Onun sözlərinə görə, Ermənistan tərəfi artıq sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb. "Biz altı müşahidə məntəqəsi quraşdırmışıq, Azərbaycan tərəfi isə hələ ki yollar çəkir, məntəqə quraşdırmayıb. Əldə olunan bütün razılaşmalar yerinə yetirilir", - o bildirib.

Hansı yollarda tıxac var? - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 16. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 17. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Tabor komandiri məhkəmə zalında həbs edildi

Rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin hərbi-hissəsinin sabiq tabor komandiri Elnur Əliyev həbs edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində qərar qəbul edilib. Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən, barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdə həmçinin mənimsəmə epizodu üzrə ona cəza təyin edilməyib. Həmin hissə hökmdən xaric edilib. Qeyd edək ki, Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də ittiham verilib.

Çinə sanksiyalar davam etdiriləcək - Blinken

ABŞ və Avropa Birliyi Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə sanksiyaları davam etdirəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib. Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən Çindən olan 100-dən çox şirkətə artıq sanksiyalar tətbiq edib. "Biz sanksiyaları davam etdirəcəyik", - deyə Blinken vurğulayıb. Bundan əvvəl Çin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə sanksiya tətbiq etmişdi.

DİN əhalini xəbərdar etdi: virtual soyğunçuluq pik həddə çatdı

Daxili İşlər Nazirliyi (DİN) virtual soyğunçuluqla bağlı əhaliyə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, dünəndən bununla bağlı polisə 16 müraciət daxil olub: "Dünəndən polisə 16 müraciət daxil olub ki, bank kartımdan pulumu oğurlayıblar. Məbləğlər - 870, 700, 170, 448, 300, 1320, 442, 3500, 2341, 540, 583, 364, 1200, 4360, 1000, 244 manat təşkil edib. Hamısı eyni üsulla - əlavə bank kartı məlumatları verilməklə oğurlanıb".

Gecə-gündüz çalışıram: sülh, ardınca isə... - Bayden

Yaxın Şərq münaqişəsinin yeganə həlli İsrail və Fələstinin birgəyaşayışına əsaslanan nizamlanmadır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib. "Hazırda Qəzzada atəşkəs razılaşması üzərində işləyirəm, oranın yenidən qurulmasına əlavə yardım göstərmək üçün gecə-gündüz beynəlxalq səylərə rəhbərlik edirəm. Mən təkcə atəşkəs üçün deyil, həm də regionun birliyi üçün gecə-gündüz çalışıram. Davamlı sülhə nail olmaq niyyətindəyik. Sonra nə olacaq? Qəzzada nə olacaq? Fələstin xalqının hansı hüquqları var? Çalışıram ki, hər iki dövlətin mövcud olacağı, iki xalqa sülh və firavanlıq içində yaşamağa imkan verən yeganə həll yoluna nail olaq", - o bildirib.

İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?

İbrahim Rəisinin ölüm xəbəri təsdiqlənərsə, onun yerinə kimin keçəcəyi məlum olub. Bu halda İranın birinci vitse-prezidenti, 70 yaşlı Məhəmməd Moxber yaxın iki ay ərzində İranın prezidenti olacaq. İran Konstitusiyasına əsasən, rəhbərin razılığı ilə birinci vitse-prezident prezidentin və parlamentin sədrindən ibarət şuranın yerini alır, məhkəmə hakimiyyətinin rəhbərləri və vitse-prezident isə 50 gün ərzində yeni seçkilər keçirməlidir.(oxu.az) Mənbə: İran KIV

Bu məşhur şirkət Rusiya bazarını tərk edir

“Danone” şirkəti Rusiya bazarını tərk edir. Sozcu.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Məlumata görə, “Danone” aktivlərinin satışını başa çatdırıb və şirkətin qlobal satışlarının təxminən 5%-ni təşkil edən Rusiyadakı fəaliyyətini dayandırır. Qeyd edək ki, şirkət Rusiyada 30 ildən artıqdır ki, fəaliyyət göstərir.

Bu evlərə “kupça” verilir – RƏSMİ

Bəzi evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır. Portal hazırlandıqdan sonra çıxarış verilməsi nəzərdə tutulan evlərlə bağlı lazımi məlumatlar sistemə yerləşdiriləcək.  Bəs bu proses hansı qaydada aparılacaq? İlkin mərhələdə hansı əmlaklara çıxarış verilməsi nəzərdə tutulur?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, ilk öncə müvafiq sənədlərin toplanması üçün işlər görüləcək:  “Yəqin ki orada müvafiq eskiz layihələri, məlumatları, xəritədəki yerləşmə yeri göstəriləcək. Bununla bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidməti geniş açıqlama verəcək. Amma hər bir halda xidmətin göstəriləcəyi addımlar insanların əmlak məsələləri ilə bağlı problemlərinin həll olunmasına yönəlib. Bildiyiniz kimi, ölkə başçısının bu istiqamətdə verdiyi tapşırıqlar ondan ibarətdir ki, vətəndaşların mülkiyyətlə bağlı problemlərinə son qoyulsun. Qeydiyyatsız evlərin mülkiyyət məsələləri, nəhayət ki, həllini tapacaq”.  Ekspert qeyd edib ki, bu amnistiya bəzi əmlaklara şamil olunmayacaq: “Ancaq bəzi əmlaklar var ki, onların sənədləşdirilməsi tikinti yerinə və əraziyə görə mümkün olmayacaq. Bu problemli zonalarda, xüsusən neftə məxsus hissələrdə olan evlərə aiddir. Hansı ki, həmin ərazilər faktiki olaraq, müəyyən neft şirkətlərinə aiddir. Həmçinin insanların yaşaması üçün təhlükəli olan ərazilərdə olan evlər də bu qəbildən sayılır. Təbii ki, bunlarla bağlı hər bir müraciət bir-bir araşdırlacaq və müvafiq qərarlar qəbul olunacaq. Məlum olduğu kimi, Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən də yaradılan portal vasitəsi ilə tikintiyə icazə sənədləri də bu istiqamətdə araşdırılır. Bundan sonra müvafiq qərar qəbul olunur. Yəqin ki, bu sistem vasitəsi ilə hər bir məsələ araşdırılacaq və vətəndaşın xeyrinə qərar veriləcək”.