Ordumuzun mövqeləri atəşə tutuldu

İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. "Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda deyilir.

“Sədərək” ticarət mərkəzində YANĞIN

“Sədərək” ticarət mərkəzində yanğın olub. Bu barədə Sozcu.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü yanıb. Anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycan əhalisi artıb - Qadınlar kişilərdən çoxdur

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 12 min 801 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 193 min 571 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir. Onlardan 49,8 faizi kişi, 50,2 faizi isə qadınlardır.

Sabah 100 mindən çox məzun üçün "Son zəng" çalınacaq

2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib. Sozcu.az xəbər verir ki, cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 137 862 şagird birinci sinfi bitirir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 837-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 518 560 hərbçi, 7 869 ədəd tank, 15 131 ədəd zirehli döyüş maşını, 13 593 ədəd artilleriya sistemi, 1 097 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 836 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 562 ədəd avtomobil texnikası, 10 982 ədəd PUA, 2 277 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 253 xüsusi avadanlıq itirib.

Xaricdə təhsil alan daha 55 nəfərin diplomu tanınmadı

May ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Sozcu.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan ixtisas səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, dövlət nümunəli olmayan diplom səbəbilə 2, təhsil forması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 264, Ukraynadan 243, Türkiyə Respublikasından 118, Belarus Respublikasından 63, Gürcüstandan 29, Birləşmiş Krallıqdan 28, Çin Xalq Respublikasından 9, Macarıstandan 9, Polşa Respublikasından 6, Qazaxıstan Respublikasından 6, Amerika Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 5, Niderland Krallığından 5, Çex Respublikasından 3, Almaniya Federativ Respublikasından 2, Fransa Respublikasından 2, Özbəkistan Respublikasından 2, Türkmənistandan 2, Avstraliya İttifaqından 1, Avstriya Respublikasından 1, Banqladeş Xalq Respublikasından 1, Belçika Krallığından 1, Estoniya Respublikasından 1, İran İslam Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, İsveçrə Konfederasiyasından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38, tibb üzrə 32 müraciətçi qeydə alınıb.

Elçin Sadıqovu hədələyən şəxs saxlanıldı

Vəkil Elçin Sadıqova qarşı nalayiq ifadələr işlədərək onu hədələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə vəkil özü məlumat yayıb. E.Sadıqovun sözlərinə görə, ona qarşı xuliqanlıq edən şəxsin Arif Tağıyev olduğu müəyyən edilib. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A.Tağıyev inzibati qaydada 5 sutka həbs edilib. Qeyd edək ki, E.Sadıqov bir neçə gün əvvəl avtomobilini park edərkən digər maşından düşən sürücü tərəfindən ona nalayiq ifadələrlə irad bildirildiyini, növbəti dəfə belə olarsa, vəkilə və avtomobilinə xəsarət yetirəcəyi ilə hədələdiyini bildirmişdi. Vəkil məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmişdi.

Azərbaycanda hərbçilərə “TikTok” qadağan ediləcək? - AÇIQLAMA

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadə qadağan edilib. Müvafiq qanun layihəsi ölkənin Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasında qəbul edilib. Qəbul edilən qərar təhlükəsizliklə əsaslandırılıb. Qərarın tezliklə qüvvəyə minəcəyi gözlənilir. Qeyd edək ki, dünyanın bir sıra ölkələrində dövlət qulluqçuları üçün bu sosial şəbəkədən istifadə məhdudlaşdırılıb. Azərbaycanda da ara-sıra "TikTok"un bağlanmasına çağırışlar edilib, onun tənzimlənməsi barədə fikirlər səsləndirilib. Buna səbəb kimi platformada gənclərin və uşaqların düşüncələrinə mənfi təsir edən videoların paylaşılması, cəbhə bölgəsində qoşunların hərəkəti ilə bağlı görüntülərin yayılması göstərilir. Hərbi əməliyyatlar zamanı ölkədə "TikTok"un fəaliyyəti məhdudlaşdırılsa da, bir müddət sonra yenidən bərpa edilib. Türkiyədə hərbçilərə sözügedən sosial şəbəkədən istifadənin qadağan edilməsindən sonra Azərbaycanda da oxşar addımların atılması ilə bağlı müzakirələr aparılır. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, hərbi qulluq zamanı sosial şəbəkədən istifadə təhlükəsizliyə təhdid növlərindən biridir: "Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadənin qadağan olunması, məlum məsələdir ki, təhlükəsizliklə əlaqədardır. Təhlükəsizliyə təhdidin qarşısı mütləq şəkildə alınmalıdır. Tək "TikTok" deyil, "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə qoşunların dislokasiyası, özlərinin müəyyən hərəkət marşrutlarının dəyişilməsi ilə bağlı paylaşımların hansı fəsadları doğurmasını artıq praktikada görmüşük. Bununla paralel olaraq, Azərbaycanda da müəyyən qanunlar qəbul olunub. Söhbət, təbii ki, "TikTok"dan getmir. Amma dislokasiya ilə əlaqədar "Facebook" sosial şəbəkəsində hərbçilərin öz yerlərini göstərmələri böyük problemlərə gətirib çıxarır. Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsində belə bir qərarın qəbul olunması Silahlı Qüvvələrin təhlükəsizliyinin təmin edilməsindən başqa bir şey deyil. "Facebook" və digər sosial şəbəkələrin dövlətlərdə nümayəndəliklərinin açılması məsələsi də gündəmə gəlmişdi. Bir sıra dövlətlər, o cümlədən Türkiyə də bu məsələni həll etdilər. Çünki sosial şəbəkələrdə yayılan məlumatlardan düşmən xarici xidmət orqanları da istifadə edirlər. Geosiyasi mövqeyimiz elədir ki, hər problemin yaradılmasında sosial şəbəkələrin iştirakından istifadə mümkündür". A.Nağıyev qeyd edib ki, hərbçinin şəxsi vaxtında etdikləri özünü əlaqələndirir, amma hərbi qulluq zamanı bu belə deyil: "Məlumdur ki, düşmən yatmır və sosial şəbəkələr vasitəsilə onların xüsusi xidmət orqanları cəlbetmələri həyata keçirir, hətta nüfuzdansalıcı materiallar əldə etməyə cəhd göstərirlər. Ona görə də düşünürəm ki, bu, çox vacib məsələdir. Məsələnin hansı ciddi fəsadlar doğuracağı ciddi düşünülməlidir. Gələcəkdə ən mühüm məsələ dövlətin və dövlətçiliyin təhlükəsizliyi və ona olan təhdidin qarşısının alınmasıdır". Hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, sosial şəbəkələrdən istifadəyə orduda, sadəcə, bir qisim şəxsə icazə var: "Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmət edən şəxsi heyətlə informasiya təhlükəsizliyi, məxfiliyin qorunması və sosial şəbəkələrdən istifadənin yarada biləcəyi nəticələr barədə ardıcıl olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların xidmətə qəbul olunması zamanı onlarla müəyyən öhdəçiliyin götürülməsilə əlaqədar iltizamnamələr imzalanır. Lakin bəzən bir neçə hərbi qulluqçu tərəfindən öhdəçiliyin pozulması hallarının şahidi olmuşuq. Belə hallar aşkar edildikdə hətta həmin hərbi qulluqçuların xidmətdən tərxis olunması istiqamətində əmrlər də imzalanıb. Təbii ki, "TikTok" sosial şəbəkəsində Azərbaycanın mənəvi-əxlaqi dəyərlərinə zidd olan, gənclərin, yeniyetmələrin əxlaqi tərbiyəsində kifayət qədər mənfi rol oynayacaq paylaşımlara da rast gəlinir. Orduda xidmət edənlərin əksəriyyətinin gənclərdən ibarət olduğu nəzərə alınaraq, onları da bu sosial şəbəkənin ziyanlı təsirindən qorumaq üçün aidiyyəti rəhbər şəxslər tədbirlər planlaşdırırlar. Şəxsi heyətlə görüş və söhbətlər aparılır. Hazırda Silahlı Qüvvələrdə "TikTok" sosial şəbəkəsinin istifadəsi, onsuz da, qadağandır. Məhdud sayda hərbi qulluqçuya sosial şəbəkədən istifadə etməyə icazə verilir. Ona görə də gələcəkdə yeni təkliflərin hazırlanması mümkündür". Ə.Verdiyev vurğulayıb ki, yaxın perspektivdə sosial şəbəkələrlə bağlı müəyyən qərarların şahidi olacağıq: "Bildiyim qədərilə, "TikTok"un Azərbaycandakı rəhbərliyi ilə bu sosial şəbəkənin ziyanlı təsirlərinin ölkə ərazisində məhdudlaşdırılması istiqamətində danışıqlar aparılıb. Yəqin ki, yaxın perspektivdə biz sosial şəbəkələrin ziyanlı istiqamətlərinin Azərbaycanda yayımlanmaması üçün müəyyən qərarların şahidi olacağıq. Bu da yalnız hərbçiləri deyil, azyaşlıları və digər kateqoriyadan olanları da əhatə edə bilər".

DSX: Sərhədi pozan 126 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin may ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 126 nəfər saxlanılıb, оnların 83-ü Azərbaycan, 30-u Pakistan, 5-i İraq, 3-ü İran, 3-ü Əfqanıstan, 1-i Nepal və 1-i Rusiya vətəndaşı оlub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 16 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb. Qeyd edilib ki, sərhəd rеjim qaydalarını pоzduqlarına görə 809 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Vurğulanıb ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 23 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb. "Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 178 kiloqram 146 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 225 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 16 min 964 manat оlan qaçaqmal, о cümlədən dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb. Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir", - məlumatda qeyd olunub.

Rusiyanın Ukraynadakı itkiləri 507 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1390 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 507 650 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 18 tank, 22 zirehli döyüş maşını, 39 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Bu ərazilər də Azərbaycana təhvil verilir

Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilərin hara olacağı artıq müəyyənləşir. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Nəşr qeyd edir ki, demarkasiya işləri mərhələli şəkildə aparılacaq. “Növbəti addım anklavların (Kərki, Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) qaytarılması olacaq. Ardınca Sotk (Söyüdlü) və Vardenis (Basarkeçər) rayonu, daha sonra Sünik (Zəngəzur) olacağı deyilir. Dünən Geqarkunikin (Göyçə mahalı) Çəmbərək rayonunun Vahan kəndindən xəbər verdilər ki, yaxınlıqdakı tarlalarda tədqiqatçılar görüblər. Onlar bildirib ki, Azərbaycan bu istiqamətdə 12 müdafiə mövqeyinin verilməsini tələb edir. Artıq həmin ərazilərin təhvil verilməsi vəd edilib”, – nəşr yazır. (Publika.az)

Repetitorluğun ləğvi mümkündür? - Açıqlama

“Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də repetitor kimi fəaliyyət göstərirlər. Bu gün təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir. Azərbaycan da bu,ə geniş vüsət alıb. Hətta ibtidai sinif şagirdləri də repetitor yanına gedirlər. Ona görə də ölkədə repetitorluğu ləğv etmək mümkün deyil. Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər”. Bu fikirləri təhsil ekspert Nadir İsrafilov Bakupost.az -a repetitorluğun ləğvi ilə bağlı fiirləri şərh edərkən deyib. Onun sözlərinə görə, mərkəzləşmiş imtahan keçirildiyi üçün repetitorluğa münbit şərait var: "Bu, ali məktəbə qəbul olmaq həvəsindən yaranan bir anlayışdır. Repetitorluğu aradan qaldırsaq, o zaman gərək testi və imtahanları da ləğv edək. Çünki repetitorluq bilavasitə testin ortalığa çıxmasından sonra yaranıb. Bu gün şagirdlərin əksəriyyəti dərsliklərlə deyil, test kitabçaları ilə hazırlaşır. Məntiqlə biz həmin test kitablarını da ləğv etməli, tələblərə cavab verməyən dərslikləri yeniləməliyik. Üstəlik, bu gün repetitorluq minlərlə müəllimin qazanc mənbəyi hesab olunur. Buna görə də yaxın perspektivdə repetitorluğun ləğv edilməsini o qədər də real hesab etmirəm”.