Goranboyda qəza: Ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki,  minik avtomobilinin idarəetmədən çıxaraq aşması ilə nəticələnən yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Sənədsiz evlərin qeydiyyatı nə vaxt həllini tapacaq? - AÇIQLAMA

"Düşünürəm ki, ilin sonu və ya növbəti ilin əvvəlində bu istiqamətdə qərar qəbul olunacaq". Sozcu.az xəbər verir ki, bu sözləri "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sənədsiz evlərin sənədləşdirilməsi məsələsindən danışarkən deyib. O bildirib ki, sənədsiz evlərin qeydiyyatı məsələsinin uzun illərdən bəri fərdi yaşayış evləri ilə bağlı yığılıb qalmış problemin həlli istiqamətində çox ciddi təsiri olacaq: "Bura vətəndaşın qeydiyyatı, əhalinin müəyyən istiqamətlər üzrə hüquqlarının təminatı və s. aiddir. Eyni zamanda, bələdiyyə vergilərinin, mənzil alıq-satqısının rəsmiləşdirilməsi zamanı əqdlərin aparılmasına görə ödənilən rüsumlar, vergilər və s. məsələləri qeyd edə bilərik. Bunun bir çox müsbət tərəfləri olacaq".

Sabah Bakıya sulu qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1°şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bakıda faciə: 40 yaşlı qadın dəm qazından ÖLDÜ

Bakıda 40 yaşlı qadın dəm qazının qurbanı olub. Sozcu.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunun Balaxanı qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü Aygün Məmmədova qəsəbə ərazisində yaşadığı evin hamamında dəm qazından boğulub. Faktla bağlı araşdırma aparılır.

Bakıda qəza - 5 yaşlı uşaq xəsarət aldı

Bakının Sabunçu rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, iki avtomobilin toqquşması zamanı sərnişin, 2019-cu il təvəllüdlü A.Eyvazov xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

"Saatlarla yollarda qalırıq" - Saray sakinləri narazıdır

Məlum olduğu kimi, dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Avtobuslar "20 Yanvar" metrostansiyası yaxınlığından 8 dəqiqəlik intervalla yola düşür. Gediş haqqı isə 80 AZN-dir. Avtobusun dayanacaq məntəqələri “Sumqayıt Avtovağzalı”, “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, “20 Yanvar” metrostansiyası olmaqla müəyyənləşdirilib. Yeni ekspres avtobus marşrutunun açılması ilə əlaqdəar mikroavtobusların 20 Yanvar-Sumqayıt istiqamətində hərəkəti məhdudlaşıb. Bu da Saray sakinləri, eləcə də bu qəsəbədən keçərək Sumqayıta gedən sakinlər üçün problemlər yaradır. Onlar bu barədə Bakupost.az -a açıqlamalarında bildiriblər. Sakinlər qeyd ediblər ki, Saray əhalisi təxminən 20.000 olan böyük qəsəbədir.: "Lakin bütün Bakıətrafı qəsəbələrə şəhərdən birbaşa avtobus marşrutu olsa da, Saraya ayrıca marşrut ayrılmır. Biz yollarda qalırıq. "20 Yanvar"dan Sumqayıta açılan yeni marşrut, eləcə də mikroavtobus və taksilər "Ceyranbatan yolu" ilə gedirlər. Biz Saraya gedib-gəlmək üçün yolalrda saatlarla gözləməli, vaxt itirməli oluruq. Takisilər də baha aparır". Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Bakupost.az -a açıqlamasında bildirdi ki, Saray istiqamətinə getmək üçün sərnuişinlər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düçən avtobuslardan istifadə edə bilərlər: “Vətəndaşlar avtovağzaldan Saraya gedə bilərlər. Saray qəsəbəsindən keçməklə Sumqayıta 595 nömrəli ekspress avtobusları işləyir. Saraya yeni marşrutun açılmasına gəlincə, əgər gələcəkdə bu barədə hər hansı yenilik olarsa, ictimaiyyətə açıqlama verəcəyik”.

Sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ – Pullarınız oğurlana bilər

Son vaxtlar sosial şəbəkələrdə yerli adlarla açılan profillər vasitəsi ilə edilən dələduzluq halları artıb. Xüsusən “Facebook” və “Telegram” kimi platformalarda istifadəçilərə Azərbaycan dilində şirnikləşdirici reklam mesajları və linklər göndərilir. Lakin belə saxta linklər şəxsi məlumatların oğurlanması və bank hesablarının ələ keçirilməsi ilə nəticələnir. Mövzu ilə bağlı Yenisabah.az-a danışan İT üzrə mütəxəssis Vahid Qasımov bildirib ki, vətəndaşlar sadəcə 1 nüansı hər zaman yadda saxlamalıdır: “Bunlar əslində mesaj deyil, reklama qoyulan postlardır. Ona görə də sosial şəbəkələrdən istifadə edən hər bir istifadəçinin qarşısına bu çıxır. Burada aldanmaq istəməyənlər sadəcə bilməlidir ki, pulsuz heç nə olmur. Yəni insanlar bilməlidir ki, sosial şəbəkələrdə müftə yolla heç kim onlara pul verməyəcək. Bunun üçün sadəcə ayıq olmaq və şəxsi anlayış lazımdır. Əks təqdirdə belə şeylərin qarşısını texniki olaraq almaq mümkün deyil”. Vahid Qasımov qeyd edib ki, belə paylaşımlar kütləvi formada iqnor (qara siyahıya atmaq) edilməlidir: “İqnor zamanı belə paylaşımlar bəzən silinir, bəzənsə yox. Bəzi şikayətlər istifadəçilər tərəfindən kütləvi edilsə də, sosial şəbəkələr bunu rədd edir. Bu daha çox sosial şəbəkələrdən asılıdır. Paylaşımın məzmunu Azərbaycan dilində olduğuna görə sosial şəbəkə adminləri spam səbəbini dəqiq başa düşmür. Gərək külli miqarda insan eyni postu dəfələrlə şikayət etsin ki, botlar da həmin postu silsin. Ona görə də insanlar kütləvi formada belə postları şikayət etməlidir”.

Külək güclənəcək - 2 gün üçün sarı və narıncı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə 12-13-dekabr tarixlərində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdərə, Kəlbəcər, Qazax, Gəncə, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ucar, Ağdaş, Qax, Balakən, Şəki, Zaqatala, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Oğuz, Qəbələ, Salyan, Neftçala, Hacıqabul, Şirvan, Göyçay rayonlarında fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur. Goranboy və Naftalan rayonlarında isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Novruzda neçə gün qeyri-iş günü olacaq?

Baş nazir Əli Əsədov gələn ilin bayram günləri ilə bağlı Qərar imzalayıb. Sozcu.az xəbər verir ki, qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib. Gələn il 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq. Beləliklə, 2025-ci ilin Novruz bayramında ardıcıl 7 gün -20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində iş olmayacaq. Martın 27-si isə bayramdan sonra ilk iş günü olacaq.

Həftəsonu ilə bağlı XƏBƏRDARLIQ

Hər il 4-20 dekabrda təkrarlanan Geminidlər meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir. Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Geminidlər ən intensiv dövri meteor sellərindən biridir: "Aysız səmada saatda 150-dək meteoru müşahidə etmək mümkündür. Meteor yağışı əsasən Şimal Yarımkürəsində daha aydın görünəcək, lakin Cənub Yarımkürəsində də daha az intensivliklə izlənə bilər. Selin radiantı Əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar. Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər". Meteor selləri adətən komet mənşəli olurlar Lakin Geminidlər 3200 Faeton adlı göy cismi ilə əlaqələndirilir. 1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt Yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır. Faetonun asteroid yoxsa komet olduğu hələ də dəqiq bilinmir, çünki Günəşə yaxınlaşdıqda "quyruq" yaratmır. Bu səbəbdən onun daş tərkibli yeni tip obyekt və ya "sönmüş" komet olduğu ehtimal edilir. Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın tam fazaya yaxın olması səbəbindən işığı müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər. Ay 14 dekabrda saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq. Lakin 07:25-də artıq səhər alaqaranlığı başlayacaq və müşahidələr çətinləşəcək.

Hazırda Bakının sıxlıq müşahidə olunan küçələri - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Bakıda gecə şaxta olacaq, sulu qar yağacaq - BU TARİXDƏ…

Bakıda və Abşeron yarımadasında dekabrın 14-də gecə saatlarında havanın temperaturu 0 dərəcəyə düşəcək. Dekabrın 15-də Bakıda gündüz havanın temperaturu 2 dərəcə, gecə isə - 1 dərəcə təşkil edəcək. Dekabrın 15-də Bakıda gün ərzində sulu qar yağacağı proqnozlaşdırılır. Həmin gün havanın temperaturu digər günlərə nisbətən 6-7 dərəcə aşağı olacaq.