Sertifikaya imtahanı verəcək müəllimlər sınağa çəkiləcək

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq. Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib. Sınaq imtahanının səhifəsi 30 may tarixində saat 10:00-dan başlayaraq 19:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq. Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək. "Hörmətli müəllimlər, sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəldən qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir", - məlumatda qeyd olunub.

İmtahan cavabları süni intellektlə yoxlanılacaq?

2025-ci ildə buraxılış imtahanlarında 2 milyon 700 min yazı işi Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi proqram təminatı vasitəsilə yoxlanılıb. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, yalnız proqram və ya yalnız insan tərəfindən aparılan yoxlamalarda mexaniki və subyektiv səhvlərin baş verməsi mümkündür: “Məhz bu səbəbdən, yazı işlərinin qiymətləndirilməsi prosesində süni intellektlə yanaşı mütəxəssis müdaxiləsi də təmin olunur. Süni intellektdən istifadə prosesini addım-addım həyata keçiririk. Hazırda müəyyən proseslər artıq insan müdaxiləsi olmadan yerinə yetirilir. Lakin yazı işlərinin yoxlanması mərhələsində təkcə süni intellektdən istifadə olunması barədə danışmaq hələ tezdir”. Məleykə Abbaszadə qeyd edib ki, DİM yaxın gələcəkdə Çağrı mərkəzi sisteminə də süni intellektin inteqrasiyasını planlaşdırır.

Sabah 31 dərəcə! - Cümə gününün HAVA PROQNOZU

Bakıda və  Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Əvəz Zeynallının səhhəti kəskin pisləşdi

"Xural" Media Qrupunun rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının səhhəti kəskin şəkildə pisləşib. Hal-hazırda Türkiyədə müalicə alan Zeynallı ağır vəziyyətdədir və həyat uğrunda mübarizə aparır. Sozcu.az xəbər verir ki, vəziiyyətin çıxılmaz nöqtəyə gəlməsi səbəbindən Əvəz bəyin həyat yoldaşı, jurnalist Məlahət Zeynallı dövlətə müraciət edib. O, dövlətə və xalqa etdiyi müraciətdə bunları deyib: “Əvəz bəy özü müstəqil olaraq qərar vermək iqtidarında deyil. Fikirlərini belə tamı-tamına ifadə edə bilmir. Ona görə də dövlət tərəfindən rəsmi olaraq mənim himayəmə verilən Əvəz Zeynallının həyat yoldaşı olaraq bütün məsuliyyəti öz üzərimə götürüb, Azərbaycan xalqına və dövlətinə müraciət edirəm: Əvəz Zeynallı yaşadığı bütün fəaliyyət dövrünü Azərbaycan xalqı və Azərbaycan dövlətinin rifahı naminə keçirib. Vətən sağ olsun, bu gün də xidmətlərini unutmur. Xalqın sevgisini hər an ruhumuzda hiss edirik. Lakin bu gün imtahan günüdür. Sabah çox gec olacaq, əminliklə, bilərəkdən deyirəm. Əvəz Zeynallının müalicəsi və sağalıb, ayağa qalxması üçün lazım olan hər şeyi etmək gücü göydə Allah, yerdə yalnız dövlətdə və uca xalqımdadır. Ona görə də, dövlətimə və xalqıma müraciət edirəm: Əvəz Zeynallıya sahib çıxın! Bizim zatən Dövlətimizdən və Millətimizdən başqa kimimiz-kimsəmiz yoxdur.”

İlon Mask "itib" - Politico

Amerikalı milyarder İlon Mask informasiya məkanından itib və onun adından dərc olunan paylaşımlar getdikcə azalır. Sozcu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. "Əvvəllər Truth Social hesabında Maskın adını tez-tez çəkən ABŞ prezidenti Donald Tramp bir aydan artıqdır ki, onun haqqında heç nə yazmır. Mask bir vaxtlar Ağ Evdəki brifinqlərdə əsas yer tuturdu, lakin indi onun adı nadir hallarda çəkilir. Hətta Konqres üzvləri onu faktiki olaraq xəbər bülletenlərindən kənarlaşdırıblar", - nəşr qeyd edir.

Tikinti şirkətləri fəhlələrin həyatı üçün bu məsuliyyətləri daşıyır - Vəkil

Ara-sıra sosial şəbəkələrdə hansısa tikinti şirkətində çalışan fəhlələrin çoxmərtəbəli binalardan yıxılması, cərəyan vurması, üzərlərinə ağır materialların düşməsi barəsində xəbərlər yayılır. Müşahidələr göstərir ki, təmir-tikinti sahəsində çalışan bir çox fəhlələr iş zamanı qoruyucu tədbirlər haqqında məlumatsızdırlar. Şirkət sahibləri də onların təhlükəsizliyi üçün əlavə addımlar atmır. Vəkil Hikmət Əliyev Modern.az-a bildirib ki, tikinti sektoru əmək fəaliyyəti baxımından ən yüksək risk daşıyan sahələrdən biri hesab olunur. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsində işəgötürənlərə qarşı ciddi tələblər irəli sürülür. Vəkilin sözlərinə görə hər bir fəhlə ilə əmək müqaviləsi bağlanmalı, təhlükəsizlik təlimatları keçirilməli və fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır. İşəgötürən əmək şəraitinin təhlükəsizliyinə tam cavabdehdir. “Əgər əmək mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan sağlamlığa ağır və ya az ağır zərər dəyibsə, bu artıq Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Əgər hadisə nəticəsində ölüm baş veribsə, məsul şəxsin 162.2-ci maddəyə uyğun olaraq beş ilədək, iki və daha çox şəxsin ölümü halında isə 162.3-cü maddəyə əsasən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur”, -deyə o qeyd edib. Eyni zamanda bu hallarla bağlı qanunvericilik həm də mülki məsuliyyəti nəzərdə tutur. Mərhumun ailə üzvləri maddi və mənəvi ziyana görə işəgötürənə qarşı məhkəmə qaydasında iddia qaldıra bilərlər.

Bank kartlarından daha 20 min manat oğurlandı

Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qeyd olunub ki, mayın 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib: "Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır".

Rusiya və Ukrayna prinsipial razılığa gəldi - Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna heyətləri arasında İstanbulda keçirilən görüşün nəticələrini açıqlayıb. Sozcu.az xəbər verir ki, o, bu barədə X hesabında yazıb. “Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib. Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılığa gəliblər. Onlar, həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”, - o bildirib.

Putinlə 2-3 həftə ərzində görüşmək olar - Tramp

ABŞ prezidenti Donald Tramp 2-3 həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

ABŞ rəsmiləri: Rusiya Ukraynada yeni hücum üçün qüvvə toplayır

ABŞ rəsmiləri hesab edir ki, Rusiya yaxın vaxtlarda Ukrayna ərazisində yeni hücum əməliyyatlarına başlaya bilər. Bu barədə CNN telekanalı məlumat yayıb. Amerikalı rəsmilər jurnalistlərə bildiriblər ki, Ukrayna və Rusiya nümayəndələri Türkiyədə mümkün görüşə hazırlaşdıqları bir vaxtda, Rusiya cəbhə bölgələrində hərbi qüvvələrini artırır. Bu hazırlıqlar, onların fikrincə, yeni ərazilərin işğalına yönəlmiş hücum planlarının göstəricisidir. CNN-ə danışan mənbə qeyd edib: “Putin Kiyev ətraflarınadək istənilən ərazini ələ keçirməyə çalışacaq. Ruslar əldə edə biləcəkləri hər şeyi almaq üçün bütün səylərini səfərbər edəcəklər”. Rəsmilər bu cür hərbi hazırlığın, eyni zamanda sülh danışıqlarına dair çağırışlarla paralel aparılmasının Moskvanın səmimiyyətinə dair ciddi suallar yaratdığını bildirirlər.

Bakıda körpü uçdu, yol bağlandı

Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsində avtomobil körpüsü uçub. Sozcu.az Milli.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində yol bağlanıb. Yolun bərpası istiqamətində müvəqqəti işlərin görülməsinə başlanılıb.

Müəllimlərin sertifikasiya imtahanlarının dəqiq TARİXLƏRİ

İnsan Resursları Mərkəzi müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı yeni məlumat yayıb. Sozcu.az xəbər verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. İnsan Resursları Mərkəzindən bildirilib ki, test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər. Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz: //youtu.be/lpLKFasQtm4 Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.