Son vaxtlar Azərbaycanda internetin sürətindən şikayətlər artıb. Abunəçilər əksər provayderlərin göstərdiyi xidmətdən ciddi narazılıq edirlər. Əsas problemlər isə internetin tez-tez kəsilməsi və sürətin aşağı olması ilə əlaqədardır.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov bildirib ki, hazırda internet provayderləri arasında rəqabət yoxdur, bu isə abunəçilərə problemlər yaradır.
“İnternetin qiyməti yuxarıdır, amma rəqabət olmadığı üçün provayderlər arasında keyfiyyəti yüksəltmək motivasiyası yoxdur. Texniki tərəfdən götürsək, data senterlərin miqdarı artırılmalıdır. Sözsüz ki, qiymət rəqabəti də olmalıdır. Məhsulu eyni qiymətə mən də, siz də, digər bazar iştirakçısı da təklif ediriksə, müştəri avtomatik olaraq, keyfiyyətə üstünlük verir”.
Onun sözlərinə görə, yaranan problemin digər bir səbəbi də ölkənin internet məkanına kiberhücumların artmasıdır: “Son zamanlar DDoS hücumlar xeyli çoxalıb”.
Ekspert bildirib ki, bəzən vətəndaşın internetlə bağlı problemi texniki səbəblərlə də bağlı olur:
“Əlbəttə, fiber-optik kabellər müxtəlif hallarda qırıla bilər. Abunəçilər ilk növbədə provayderlə əlaqə saxlayıb şəbəkədə problem olub-olmadığını soruşmalıdırlar. Əgər şəbəkədə problem yoxdursa, deməli səbəb lokal şəbəkədədir”.