Dumana görə uçuşlar ləğv edildi

Böyük Britaniyada sıx duman səbəbindən aviasiya sahəsində xaos yaranıb. Sozcu.az xəbər verir ki, Qatvik, Hitrou və Mançester hava limanlarında onlarla reys təxirə salınıb və ya ləğv edilib. Sıx dumanın əsasən ölkənin cənub-şərq və mərkəzi bölgələrinə enəcəyi və görünüş məsafəsini 100 metrə qədər məhdudlaşdıracağı proqnozlaşdırılır. Bu gün Hitrou hava limanında 20 reys ləğv edilib, 29 reysdə isə gecikmə müşahidə olunub. Gatvik hava limanında isə bir reys ləğv edilib, 26 reys gecikir. Mançester hava limanında da oxşar vəziyyətlər qeydə alınıb. Gatvik hava limanının sözçüsü sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyərək deyib: “Zəif görüş səbəbindən müvəqqəti hava trafik məhdudiyyətləri tətbiq edilib. Gün ərzində bəzi reyslər gecikə bilər”. Duman səbəbindən yaranan bu məhdudiyyətlər bayram mövsümündə səyahət planlarına ciddi təsir edib. Təyyarə ilə səyahət edənlərdən hava limanlarına yola düşməzdən əvvəl reyslərini yoxlamaları tövsiyə olunur.

Rusiyanın itkiləri 785 minə yaxınlaşır

Ukrayna müharibənin 1039-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 784 200 hərbçi, 9 651 ədəd tank, 19 970 ədəd zirehli döyüş maşını, 21 408 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1032 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 32 338 ədəd avtomobil texnikası, 21 013 ədəd PUA, 3003 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 668 xüsusi avadanlıq itirib.

İlhamə Elşadqızı ağır ittihamla həbs edildi

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı da cinayət məsuliyyətinə cəlb edilib. Son vaxtlar çıxışları ilə qınaq obyektinə çevrilən tiktokçu Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir. Onun istintaqdan gizlənmək ehtimalı da nəzərə alınaraq azadlıqda qalması əsaslı hesab edilməyib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə İlhamə Elşadqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, verilmiş ittihamla təqsirli bilinərsə, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, “TikTok” əməliyyatı polis tərəfindən keçirilib. Əvvəlki günlərdə aparıcı Azər Zahid və daha bir neçə nəfər cinayət ittihamı ilə həbs edilib. (qafqazinfo)

“Qara qutu"nun incələnməsinə başlanıldı

“Qara qutu"nun incələnməsi başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət televiziyası (AZTV) rəsmi X hesabında paylaşım edib. Qeyd edək ki, ötən gün Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxtsanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Açıqlanan son rəqəmlərə görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Ötən gün, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub. Sozcu.az xəbər verir ki, insanlar qəzada həlak olanların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verilib, yaylım atəşi açılıb. Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət başçısının müvafiq Sərəncamı ilə dekabrın 26-da Azərbaycan ərazisində matəm elan edilib.

Təyyarədə olan hər üç Qırğızıstan vətəndaşı sağ qaldı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən məlumat verilib. "Aktau yaxınlığında təyyarə qəzası nəticəsində üç Qırğızıstan vətəndaşı xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır", - Qırğızıstan XİN-in yaydığı məlumatda qeyd olunub. Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza zamanı 32 nəfər sağ qalıb. AZAL təyyarənin göyərtəsində 62 sərnişinin olduğunu açıqlayıb. Onlardan 37 nəfər Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşıdır.

Rusiyanın itkiləri 777 mini ötdü

Ukrayna müharibənin 1035-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 777 720 hərbçi, 9 624 ədəd tank, 19 915 ədəd zirehli döyüş maşını, 21 323 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1030 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 32 086 ədəd avtomobil texnikası, 20 834 ədəd PUA, 2 947 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 667 xüsusi avadanlıq itirib.

“Keşlə bazarı”nın sökülməsi təxirə salındı

“Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq bazarda söküntü işlərinin başlanılması 2025-ci il fevralın 1-nə qədər təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikinti işləri icra olunur. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Yeni yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altında düşən yaşayış və qeyri yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulub.

Koreyalılar Kurskda məhv edildi: 77 ölü, 40-dan çox yaralı

Ukrayna ordusu son 3 gündə Kursk vilayətində 80-ə yaxın Şimali Koreya hərbçisini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvəsinin Teleqram kanalında məlumat yayılıb. “Kursk vilayətində 3 gün ərzində Şimali Koreya ordusunun 77 hərbçisi öldürülüb, 40-dan çox hərbçisi isə yaralanıb. Ukrayna ordusu şimali koreyalıların 12 ədəd avtomobil və zirehli texnikasını da məhv edib”, - məlumatda qeyd olunub.

Şagirdləri cəzalandırmaqla deyil, onları qazanmaqla uğurlu bir gələcək qurmaq mümkündür

Pedaqoji mühitdə böhran: Şagirdlərin “qaradinməz” oyunları ilə cəzalandırılması, hətta ağızlarının skoçlanması kimi qeyri-etik hərəkətlər təhsilimizin hansı dərəcədə deqradasiyaya uğradığını göstərir. Bu cür yanaşmalar nəinki qanunaziddir, həm də şagirdin şəxsiyyətinə ciddi zərbə vurur.  Əslində problem dərindən başlayır – sertifikasiya sistemi müəllimlərin peşəkarlığını yoxlamaq yerinə, əzbərçi bilikləri ölçməklə kifayətlənir. Yaxşı müəllim sinfi idarəetmə bacarığı, empatiya və innovativ yanaşma ilə fərqlənir. Təəssüf ki, bu keyfiyyətlər mövcud sistemdə nəzərə alınmır. Təhsilin keyfiyyətini artırmaq üçün yalnız texniki yox, həm də mənəvi islahatlara ehtiyac var. Təhsil təkcə bilik deyil, həm də dəyərlərdir. Şagirdləri cəzalandırmaqla deyil, onları qazanmaqla uğurlu bir gələcək qurmaq mümkündür. Kamran Əsədov, təhsil eksperti 

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycanda qış fəsli 21 dekabr saat 13:20-də başlayacaq. Bu zaman Şimal yarımkürəsində ən qısa gündüz (9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (14 saat 42 dəqiqə 38 saniyə) müşahidə olunacaq. Sozcu.az xəbər verir ki, alimlərin hesablamalarına görə, dekabrın 21-i bu ilin ən qısa günü olacaq. 21 dekabr qış gündönümü günüdür. Alimlər bildiriblər ki, 21dekabrda gecənin müddəti maksimum, gündüzün müddəti isə minimum olacaq. Sonra gün tədricən uzanmağa başlayacaq.

Azərbaycanda abituriyent məhkum edilib: İmtahana görün nə ilə gəlib...

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarını qaydalarla bağlı diqqətli olmağa çağırıb. Sozcu.az DİM-ə istinadən xəbər verir ki, imtahanlarda əsasən mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, öz yerinə başqasını göndərmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Qeyd olunub ki, istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları DİM əməkdaşları, zərurət olduqda isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır: "Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Xatırlayırsınızsa, bir neçə il bundan öncə saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmə faktları aşkar olunub və cinayət işi başlanılaraq həmin şəxslər barədə müvafiq qərarlar qəbul olunub. Bu yaxınlarda isə ötən il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında baş verən qayda pozuntuları ilə bağlı Dövlət İmtahan Mərkəzinin hüquq mühafizə orqanlarına müraciəti əsasında başlanılan cinayət işinə lazımi hüquqi qiymət verilib. Belə ki, 2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunub. Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq mühafizə orqanlarına təqdim olunub və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onun müxtəlif sosial şəbəkə hesablarında imtahanlarda istifadə etmək üçün satışı qadağan olunmuş mikroqulaqlıqlarla bağlı iştirakçılara çoxsaylı müraciətlər etdiyi müəyyən olunub. Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib". Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək.