MEDİA sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ ETDİ

Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Bildirilib ki, sosial şəbəkə fəalları insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək və ictimaiyyəti çaşdıracaq paylaşımlar etməməli, həmçinin davranışlarını təmsil olunduqları sosial şəbəkənin etik qaydalarına uyğun tənzimləməli, yalan, dezinformasiya xarakterli məlumatların yayılmasından çəkinməlidirlər. "Qeyd etməliyik ki, ümumiyyətlə son dövrlər peşəkar media subyektləri və jurnalistlər sosial mediada yayılan bu qəbildən olan məlumatlara jurnalistika prinsipləri baxımından yanaşaraq peşəkar davranış nümayiş etdirməkdədirlər. Qeyri-dəqiq, mənbəyi bilinməyən və ictimai fikri çaşdırmağa yönəlmiş dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyirik", - deyə məlumatda vurğulanıb.

Kürdə atası ilə batan uşağın meyiti tapıldı

Aprelin 12-də Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə Sozcu.az-a FHN Mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Vaqif Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gedib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub. Aprelin 19-da S.Süleymanlının atası Süleymanov Vaqif Tahir oğlunun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix

Azərbaycan telekanallarında hökm sürən biabırçı vəziyyət tezliklə aradan qalxa bilər. Ölkənin efir məkanı ciddi islahatlar ərəfəsindədir.  Bu barədə Yenisabah.az-a ATV-nin məsul əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, cəmiyyətin ən çox narazılıq etdiyi sosial məzmunlu verilişlərin ömrünün başa çatmasına lap az qalıb. O, bu qərarın təkcə təmsil etdiyi telekanala aid olmadığını bildirib. Qeyd edib ki, ATV-də Zaur Bəxşəliyevin “Bizimləsən”, ARB-də Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Elgiz Əkbərin “Elgizlə izlə”, Xəzər TV-də Lalə Azərtaşın “Təsir dairəsi”, Zaur Kamalın “Həmin Zaur” verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərar verilib.  Məlumatlı şəxs iddia edib ki, teleməkandakı islahatlar gələn aydan başlayacaq. Onun sözlərinə görə, bu sıraya ilk növbədə verilişlərin vaxtının qısaldılması daxildir. Bununla paralel olaraq, mövzu seçiminə, studiyaya qonaqların dəvət edilməsinə də nəzarət olunacaq. Cəmiyyətdə mənfi reputasiyaya sahib olan şəxslər bundan sonra qapı arxasında qalacaqlar.  Mənbə adıçəkilən verilişlərin efirdən tamamilə qaldırılacağı tarixi də açıqlayıb. Bildirib ki, cəmiyyətdə müntəzəm olaraq tənqid hədəfinə çevrilən bu verilişlər sezon sonunda - iyun ayının axırında birdəfəlik efirdən yığışdırılacaq. Sentyabr ayından efir məkanına daha səviyyəli verilişlərin “ayaq açması” gözlənilir.  Qeyd edək ki, özəl telekanalların rəhbərləri bir müddət əvvəl Prezident Administrasiyasına çağırılaraq, sosial yönümlü proqramların məzmunu ilə bağlı onlara ciddi xəbərdarlıq edilmişdi. 

Revanşist ermənilər Tavuşda etiraz aksiyası keçirdilər

Ötən gecə Ermənistanın Tavuş rayonunda vəziyyət gərgin olub: bir qrup yerli sakin Bağanis-Kirants kəndləri ərazisində Ermənistan-Gürcüstan dövlətlərarası yolunu bağlayıb. Sozcu.az xəbər verir ki, müxalifətin və revanşist qüvvələrin təhriki ilə yolu bağlayanlar Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının dünənki görüşünün nəticələrinə və işğal altındakı 4 kəndin Azərbaycana qaytarılmasına etirazlarını bildiriblər. Etirazçılar baş nazir Nikol Paşinyanla görüş tələb ediblər.

Azərbaycanı gözləyən böyük fəlakət: Çıxış yolu var?

Azərbaycan su resurslarından daha səmərəli istifadə etməlidir. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.  "Azərbaycanın şirin su ehtiyatlarının böyük hissəsi ölkə hüdudlarından kənarda formalaşır. Ölkə su qıtlığı səbəbindən təhlükə ilə üzləşə biləcək dünyanın ilk 20 ölkəsindən biri hesab olunur. Bu vəziyyətdə ən gözəl mexanizm mövcud resurslardan daha səmərəli istifadə etməkdir”, - deyə o qeyd edib.  Bəs görəsən yaxın gələcəkdə bizi gözləyən su qıtlığı təhlükəsinin qarşısı necə alınmalıdır?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, ölkəmizdə hazırda bir sıra səbəblərdən su itkiləri mövcuddur:  “Dünyada su problemi son illər ciddi şəkildə araşdırılır. Su qıtlığının fəsadlarının ciddi olması ilə bağlı fikirlər olduqca çoxdur. Su elə bir nemətdir ki, o olmadan məişətin heç bir sahəsində inkişaf mümkün deyil. Azərbaycan ərazisində olan su ehtiyatlarının böyük əksəriyyəti tranzit çaylardır. Digər tərəfdən, bu tip çayların su balansı yetərincə deyil. Biz bu məsələlərə diqqətimizi yönəltmişik. Azərbaycanda su adətən 2 istiqamətdə istifadə edilir. Bunlar məişətdə və təsərrüfatda istifadə olunan sulardır. Azərbaycanda ən intensiv kənd təsərrüfatı ərazisi olan Kür-Araz ovalığında su sistemləri demək olar ki, dağılıb. Suyun ən çox istifadə olunduğu kənd təsərrüfatı sahəsində su kanalları və suvarma sistemlərinin təzələnməyə ehtiyacı var. Çünki əlverişsiz suvarma sistemləri özlüyündə su israfının 1 nömrəli səbəblərindəndir. Burada əsas məsələ ondan ibarətdir ki, ölkəmizə daxil olan su ehtiyatlarının hər damcısından istifadə etməliyik”.  Coğrafiyaşünas qıtlığın qarşısının alınması üçün bəzi təkliflər irəli sürüb: “Məişətdə istifadə olunan suların daha səmərəli istifadəsi olduqca vacibdir. Bu mövzuda dövlət layihələri və tədbirləri hazırlanmalı və buna ciddi nəzarət edilməlidir. Hazırda Kür və Araz çayları üzərində yerləşən su anbarlarımızda 32-34 milyard kubmetr su var. Bu ehtiyatlardan düzgün və səmərəli istifadə edə bilsək, ciddi nəticələr əldə edə bilərik. Mənim təklifim budur ki, Mərkəzi Aran regionunda özünü daha kəskin göstərən su çatışmazlığını aradan qaldırmaq üçün Mingəçevir gölündə toplanan sular borular vasitəsi ilə bu ərazilərdəki əhaliyə çatdırılsın. Eyni zamanda vətəndaşlar sudan qənaətlə istifadə etməlidir”. 

Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Qardaşının həyətinə qumbara atan şəxsdən xəbər var

Bakıda qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 18-nə təyin edilib. Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi  Ramin İsakovun şikayətini təmin etməyib.  Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, Ramin İsakov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Rəşad İsakzadənin Maştağada yerləşən evinin həyətinə qumbara atıb. Evdə qardaşından əlavə, qardaşının azyaşlı iki uşağı və həyat yoldaşı olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ramin İsakova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı

Ötən gün Bakıda baş verən intiharla bağlı yeni faktlar üzə çıxıb.  Lent.az-ın əldə etdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Habil Sulduz oğlu Abbasov Nərimanov rayonu, Aşıq Alı küçəsi, 2B saylı 12 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən evin yataq otağının pəncərəsindən özünü ataraq öldürüb. İlkin araşdırma zamanı müəyyən edilib ki, Habil Abbasov 30 ildən çox müddət əsəb xəstəliyindən əziyyət çəkib, bununla əlaqədar 2 nömrəli Klinik Psixiatrik Xəstəxanasında müalicə də olunub. Lakin müalicələr nəticə verməyib. Evdə heç kim olmayan vaxt o özünü binadan atıb.

Sabirabadda maşın dərəyə aşdı: ölən var

Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində 1996-cı il təvəllüdlü Sabir Bayram oğlu Məmmədov hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllüdlü Dostu Əliyar qızı İsmayılova isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ermənilər Tovuzu atəşə tutdu: Ordumuz cavab verdi

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.

Mövqelərimiz yenə atəşə tutuldu

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

“ABŞ hazırda Rusiyanın atacağı nüvə silahlarının 98 %-ni vurmağa qadirdir...”-Hərbi ekspert

“Onun fikrincə, Rusiya nüvə sualtı donanması ən təhlükəli olaraq qalır...” Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Pyotr Çernik Rusiyanın nüvə silahlarının gerçək vəziyyəti və Rusiya Federasiyasının həqiqətən də onlardan istifadə etmək iqtidarında olub-olmaması barədə danışıb. Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, Çernik bu haqda “Kanal 24”-ə müsahibəsində danışıb. Onun fikrincə, Rusiyanın nüvə potensialı bir neçə hissəyə bölünməlidir. “ “R-36M” və “UR-100N” şaxta qurğuları şaxtalarda yerləşən Rusiya Federasiyasının əsas nüvə qüvvələridir. Onlardan 74-ü var və hamısı ABŞ-ə yönəlib”, ekspert belə deyib. "Müxtəlif kilotonajlı ayrıca döyüş başlıqları var. Hətta 20 meqatonluq da var. Bu, inanılmaz dərəcədə yüksəkdir. Məncə, bu haqda əlavə sözə ehtiyac yoxdur. Ukraynanın "Yujmaş" zavodu əvvəllər bütün bunlara xidmət göstərib. Çünki "Voyevoda" raketlərini yaradanlar məhz o zavodda olub. Mən onun adekvat vəziyyətdə olduğuna şübhə edirəm", - Çernik qeyd edir. Rusiyada həmçinin “RS-24 “Yars”” və “Topol-M” mobil qurğuları var. Analitik qeyd edib ki, onların sayı çoxdur. "Ruslar bəyan edirlər ki, əllərində 500-ə qədər belə buraxılış qurğusu var. Onların göyərtəsində çəkisi 300 kilotondan 500 kilotona qədər olan 3-6 ayrıca döyüş başlığı ola bilər. “X-101” raketi var. Bu barədə hamı eşidib, hamı bilir. Onun "bacısı"  da var: “X-102” nüvə variantında. "İsgəndər" 50 kilotona qədər nüvə başlığına malik ola bilər", - ekspert bildirib. Onun fikrincə, Rusiya nüvə sualtı donanması ən təhlükəli olaraq qalır. Ekspertin sözlərinə görə, rusların müxtəlif tipli və sinifli 28-ə qədər işləyən raketdaşıyıcısı var. "Ən uzun mənzilli və təhlükəlisi isə "Delfin" sinfindən olandır. R-29 tipli 16-ya qədər raket var. Onlar buna "Sineva" deyirlər. Bu, ciddi silahdır", - analitik bildirib. Çernik qeyd edib ki, amerikalılar hazırda rusların atacağı bütün nüvə silahlarının 98%-ni vurmağa qadirdir. "Həmin silahların yalnız 2% hədəfə çatacaq. Bu da çoxdur", - deyə hərbi ekspert də vurğulayıb.