“Nikahdan əvvəl tibbi müayinə həm fərdi sağlamlıq, həm də gələcək ailənin rifahı baxımından son dərəcə vacibdir. Belə müayinələr zamanı əsasən cinsi yolla keçən xəstəliklər, müxtəlif infeksiyalar, hepatit növləri və HİV virusu daşıyıcılığı araşdırılır".
Bunu “Yeni Sabah”a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O qeyd edib: “Əgər bir tərəf özündə bu xəstəliklərdən birinin mövcudluğunu əvvəlcədən bilsə, həm də qarşı tərəfi yoluxdurmaq riskini aradan qaldıra bilər.
Bir çox infeksiya və virus təsadüfi müayinələr zamanı aşkar olunur ki, bu da profilaktik tədbirlərin vacibliyini bir daha göstərir.
İrsi xəstəliklər də nikahdan əvvəl aparılan tibbi yoxlamaların mühüm hissəsidir. Məsələn, Azərbaycanda talassemiya daşıyıcılarının sayı kifayət qədər yüksəkdir və bu xəstəlik nikahdan əvvəl məcburi yoxlama paketinə daxildir.
Bununla belə, genetik deformasiyalar, xromosom aberrasiyaları və digər irsi xəstəliklərin diaqnostikası hələlik bu paketdə yer almır. Çünki bu tip müayinələr daha mürəkkəb üsullarla həyata keçirilir, xüsusi avadanlıq və yüksək ixtisaslı mütəxəssis tələb edir. Hətta onların bəziləri Azərbaycanda demək olar ki, icra edilmir”.
Adil Qeybulla qeyd edib ki, hazırda tətbiq olunan əsas tibbi müayinə paketi gələcək nəsil üçün birbaşa təhlükə yaradan xəstəliklərin vaxtında aşkarlanmasına yönəlib:
“Daha geniş və dərinləşdirilmiş genetik analizlərin aparılması isə gələcəkdə icbari tibbi sığortanın imkanlarının genişlənməsi ilə mümkün ola bilər. Bu baxımdan, nikahdan əvvəl tibbi müayinənin tətbiqi həm fərdlərin sağlamlığını, həm də sağlam nəslin formalaşmasını təmin edən mühüm profilaktik addımdır”.