Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

"Həm Azərbaycan, həm qardaş Türkiyənin ərazisi seysmik baxımdan aktiv bölgədir. Ümumilikdə region özü seysmik bölgədir. Bu səbəbdən də vaxtaşırı region ölkələrində maqnutidası 3-4, bəzən 5-6 və 6-dan yuxarı olan zəlzələlər qeydə alınır".

Sozcu.az bildirir ki, bu sözləri Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, qardaş Türkiyə ərazisində aktivlik son illər xeyli artıb:

"Bu baxımdan da 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdən sonra orda aktivlik müşahidə olunur. Bir müddət əvvəl Mərmərə dənizində də güclü zəlzələ qeydə alınmışdı və bu zəlzələ İstanbulda və ətraf ərazilərdə güclü hiss edilmişdi. Bu baxımdan da yenə hər zaman söylədiyimiz fikrə qayıtmaq istəyirəm ki, zəlzələnin dəqiq proqnozu yoxdur. Bu baxımdan da heç kim birmənalı şəkildə zəlzələnin dəqiq yeri, gücü və vaxtı ilə bağlı proqnoz verə bilməz. Sadəcə seysmoloqlar daimi aparılan müşahidələrin və kompleks tədqiqatların nəticəsi olaraq hansısa bölgədə aktivləşmənin artdığını müəyyən edə bilirlər. Amma yenə də bu aktivləşmə zəif zəlzələlərə səbəb olacaq, ya güclü hiss olunan zəlzələ baş verəcək kimi proqnozlaşdırmaq mümkün deyil. Ona görə də seysmik zonalarla bağlı heç kim dəqiq proqnozu vermək anlamında birmənalı şəkildə deyə bilməz ki, zəlzələ olacaq, yaxud zəlzələ olmayacaq".

O qeyd edib ki, seysmik bölgələrdə vaxtaşırı zəif və zəif hiss edilən zəlzələlərin qeydə alınması mümkündür və bu ərazinin geodinamik şəraiti ilə bağlıdı.

"Azərbaycana gəlincə isə deyə bilərəm ki, ölkəmizdə də seysmik bölgələr var və bu günə qədər maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınıb. Maqnitudası 4 və 4-dən yuxarı olan zəlzələlər arasında zəif hiss olunanlar da olub. Ümumiyyətlə zəlzələnin hiss olunması və yer səthinə təsiri ocağın yerləşdiyi dərinlik və gücündən asılıdır. Qardaş ölkədə baş verən zəlzələnin Azərbaycana təsirinə gəlincə isə, bu barədə narahatlığa əsas yoxdur. Həm məsafə baxımdan, həm də ərazinin geoloji quruluşu baxımdan hər hansı təsiri yoxdu",- deyə şöbə müdiri vurğulayıb.

Share on Facebook