“Şəhərdə şütüyən bütün “012”lər mənim deyil” – Hacı Madər

“Heç kim tənqiddən sığortalanmayıb. Təəssüf ki, bizim cəmiyyət o həddə gəlib çatıb ki, tanıdığını da, tanımadığını da tənqid edir və adını da qoyur demokratiya. Olsun, bunu da normal hesab edirəm, amma qəbul etmədiyim məqamlar da var. Bu da səni kimin və niyə tənqid etməsidir”.

Sozcu.az xəbər verir ki, bunu Report-a müsahibəsində son 30 ildə eyni seçki dairəsindən deputat seçilən Madər Musayev deyib.

O, bildirib ki, bəzən tənqid edənlərin kimliyi ilə maraqlanır: “Baxıram ki, 30-40 yaşı var, bu qısa ömründə elə 30-40 dəfə də siyasi mənsubiyyətini, əqidəsini dəyişib. Yaxud da ümumiyyətlə qarşısındakını tanımır, fəaliyyətilə də tanış deyil, sadəcə söz demək xatirinə, mətbuatın gündəmində qalsın deyə səhərdən-axşama kimi ağzına gələni danışır. Baxın, bu artıq demokratiya deyil, bu, demokratiyadan sui-istifadədir.

Konkret mənə qarşı olan tənqidlərə gəlincə, yazırdılar ki, niyə təkrar namizədliyini irəli sürür. Mən də cavab verirdim ki, bu mənim konstitusion hüququmdur. Və yaxud da bəziləri deyirdilər ki, guya namizədliyimi irəli sürdüyüm dairədə məni heç kim tanımır. Bu, artıq ağ yalan kim bir şeydir. Bəziləri isə ümumiyyətlə Binəqədi qəsəbəsində anadan olduğumu, hazırda orda yaşadığımı belə bilmədən yazırdı ki, Hacı Madəri Binəqədi kəndində heç kim tanımır.

Mən kifayət qədər səbrli və dözümlü insanam, lakin haqsız tənqidi də qəbul etmirəm. Bəzi namizədlər isə sosial şəbəkələrdə məni oliqarx adlandırır, etikadankənar hərəkətlər edirdilər. Mən oliqarx deyiləm axı… Əvvəla oliqarxın zavodu, fabriki olar. Mənim isə nə zavodum var, nə də fabrikim. Heç bir biznes fəaliyyəti ilə də məşğul deyiləm. Deməli, belə şeyləri məqsədli yayırdılar”.

M. Musayev şəhərdə “012” ilə olan bütün avtomobillərin ona məxsus olması haqda iddialara da cavab verib: “İdarə etdiyim avtomobilin nömrə nişanı “012”dir. Amma şəhərdə şütüyən bütün “012”lərin mənə və yaxınlarıma məxsus olması iddiası doğru deyil. Bu, heç fiziki cəhətdən də mümkün deyil axı. Yəni iddialar həmişə var və bundan sonra da olacaq. İnsanların ağzını tikə bilmərik, qoy yazsınlar, danışsınlar, yəni açığını deyim ki, bu söz-söhbətin mənə heç ziyanı yoxdur, əgər bu yalanları yazmaqla onlar xoşbəxt olurlarsa, qoy olsunlar, niyə mane olaq ki? Amma gəlin etiraf edək ki, ağlı başında olan adam necə deyə bilər ki, şəhərdə “012” nömrə nişanı ilə olan bütün avtomobillər Hacı Madərə məxsusdur?!”

Facebook Comments