“Devalvasiyanın yolu açılır” – Nemət Əliyev

İqtisadçı: “2019-cu ilin haqq-hesab kitabından 2 milyard dollar ölçüsündə kəsir əmələ gəlib”

“Gəlirlərin artım göstəricisi 2019-cu ildə 5 milyard dollar olub. Bu, o deməkdir ki, 80 faiz, yaxud da 6 dəfə azalıb. Deməli, devalvasiyanın yolu açılır”.

İqtisadçı Nemət Əliyev belə deyir.

Bildirir ki, Azərbaycan 2019-cu ildə 48, 2018-ci ildə 47, 2017-cı ildə isə 41 milyard dollarlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal edib. ÜDM üzrə gəlirlər 2018-ci ildə 6 milyard dollar artıbsa, 2019-cu ildə cəmi 1 milyard dollar artıb:

“Faktiki bazar qiymətləri ilə hesablanmış ÜDM-in artım göstəricisi ötən il 5 milyard dollar və ya 80 faizə yaxın azalıb. Artım göstəricisinin 6 dəfə aşağı düşməsi iqtisadi inkişafı şərtləndirən səbəblərin 2019-cu ildə təsirli dərəcədə zəifləməsi faktını ortaya qoyur”.

Nemət Əliyev deyir ki, 2019-cu il yalnız gəlirlərin artım tempinin əhəmiyyətli dərəcədə azalması ilə deyil, həm də yüksək idxal bahalaşması ilə diqqəti cəlb edib:

“Məhsul bazarları 15 faizdən çox, istehlak bazarları 12 faizə yaxın bahalaşıb. Belə bir şəraitdə dövlət başçısı İlham Əliyev, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi 2,6 faiz bahalaşma elan ediblər. Guya ötən il qiymətlər 2,6 faiz artıb. Doğrudanmı, bu belədir? Bəs bu göstərici reallığı nə dərəcədə əks etdirir?”

Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına görə, ölkəyə 2019-cu ildə 13,7 milyard dollar, 2018-ci ildə isə 11,5 milyard dollar həcmində mal idxal olunub.

Nemət Əliyev deyir, əgər bu 2 dövrə aid göstəriciləri müqayisəyə gətirsək məlum olur ki, faktiki bazar qiymətləri ilə hesablanmış idxalın həcmi 2019-cu ildə 2,2 milyard dollar və ya 19,2 faiz artıb:

“O biri yandan da Dövlət Statistika Komitəsi hesabat yayaraq açıqlama verib ki, 2019-cu ildə sabit qiymətlərlə hesablanmış idxal mallarının həcmi, 2018-ci ilə nəzərən 6,5 faiz azalıb”.

Nemət Əliyev əlavə edir ki, xaricdən ölkəyə gətirilən malların fiziki çəkisi, kütləsi artmayıb, azalıb. Başqa sözlə, idxal malları Azərbaycan bazarlarına 25,7 faiz (19,2+6,5=25,7%) səviyyəsində bahalaşaraq daxil olub.

“Ötən il idxalın 26 faiz bahalaşması səbəbindən Azərbaycanın xaricə ödənişləri 3 milyard dollar çoxalıb”.

İqtisadçı bildirir ki, bu səbəblə ölkə üzrə əldə edilən 1 milyardlıq əlavə gəlirin üzərinə 2 milyard da qoyub xaricə ödənib:

“Odur ki, 2019-cu ilin haqq-hesab kitabından 2 milyard dollar ölçüsündə kəsir əmələ gəlib. Hökumətin ötən il həyata keçirdiyi plandankənar xərcləmələri də buraya əlavə etsək, bu kəsir məbləğinin daha yüksək olmasına heç bir şübhə yeri qalmır. Deməli, ötən il əlavə xərcləmələr iqtisadi imkanlara adekvat həyata keçirilməyib”.

İqtisadçı deyir ki, belə bir durum iqtisadi zəmini zəiflədən hal kimi 2020-ci ilə nikbin perspektiv vəd eləmir. Çünki ilin əvvəlindən dünya birjalarında müşahidə olunan tendensiyalar ölkə üzrə gəlirlərin azalma riskini xeyli fəallaşdırıb:

“Birjalarda neft qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsi bu yöndəki pessimist proqnozları xeyli gücləndirib. Nəzərə almaq lazımdır ki, cari ilin əvvəlindən fevralın sonunadək “brent” markalı neft 24 faizdən çox dəyər itirib. Odur ki, ölkəmizin ümumi iqtisadi gəlirləri təsirli dərəcədə azala, cari ilin dövlət büdcə gəlirləri üzrə öhdəliklər yerinə yetirilməyə, maliyyələşmədə çətinliklər əmələ gələ və “çarəsiz” vəziyyətə düşən hökumət tərəfindən milli valyutamız olan manat növbəti dəfə devalvasiyaya uğradıla bilər. Bu səbəblərdən iqtisadiyyatı neftdən asılı vəziyyətə gətirilmiş ölkəmiz, ölkə əhalisi, sahibkarlar ciddi problemlərlə üz-üzədir”.

Sozcu.az

Facebook Comments