Son dəqiqə: Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü

Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb. O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir. Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. E.Tanrıverdiyev Goranboy rayon sakinidir. *** Kəlbəcərdə minaya düşən Azərbaycan hərbçilərin sayı beş nəfər imiş. Kəlbəcər rayonunun Vəng kəndində “Ural” markalı hərbi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində Emin Tanrıverdiyevlə yanaşı, digər hərbi qulluqçular – 1987-ci il təvəllüdlü Emin Əhmədov, 1996-cı il təvəllüdlü Nicat Nuruyev, 1983-cü il təvəllüdlü Rabil İsmayılov və 1996-cı il təvəllüdlü Muşfiq Qarayev də müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar

2021-ci ildən İcbari Tibbi Sığortanın bütün ölkə ərazisində tətbiqinə başlanılıb. Sozcu.az xəbər verir ki, müəyyən istisnaları nəzərə almasaq, ümumən əhali bu prosesdən razıdır: Birincisi, bu, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların vaxtında müayinə və müalicəsinə imkan yaradır, xərclər dövlət tərəfindən qarşılanır. Təbii ki, bu sistem səhiyyə xərclərinin yüksək olduğu ölkədə aztəminatlı əhali üçün şans kimi dəyərləndirilə bilər. İkincisi, zaman-zaman İcbari Tibbi Sığortanın xidmətlər zərfi genişləndirilir, bu da təbii olaraq, bu xidmətdən istifadənin əlçatanlığını, onun əhatə dairəsini genişləndirir. Əlbəttə, bütün bunlar yaxşı haldır. Amma İTS-in tətbiqi zamanı bir sıra nöqsanlara da yol verilir ki, bu, yalnız səhiyyə xidmətinin deyil, bütövlükdə cəmiyyətin maraqlarına zərbə vurur. Söhbət İTS və TƏBİB-in yaratdığı monopoliyadan gedir: a) İTS-ə ayrılan vəsaitlərdən yalnız bəlli klinikaların yararlanmasına yol açılır; b) özəl tibbi xidmət sahəsində rəqabət mühitinin pozulmasına, ayrı-seçkiliyə, İTS-dən pasiyent qəbul edə bilməyən özəl klinikaların müflis olması və sıradan çıxmasına səbəb olur; c) dövlət büdcəsindən ayrılan vəsaitlərin məqsədli şəkildə seçilmiş klinikalara yönləndirilməsi nəticəsində İTS və TƏBİB sistemində yüksək vəzifə tutan məmurların korrupsiyalaşmasına, fantastik məbləğlər əldə etməsinə şərait yaranır... Elə bir neçə ay əvvəl saytımızda “Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları” başlıqlı yazıda da bu problemdən bəhs olunurdu. Yazıda icbari tibbi sığortaya ayrılan böyük məbləğlərin bölüşdürülməsi uğrunda mübarizənin daha açıq müstəviyə keçdiyi, sığorta ilə müalicə alan və ya əməliyyat olunan xəstələrin yalnız bəlli, həm də İTS və TƏBİB sistemində müəyyən şəxslərə məxsus klinikalara yönləndirildiyi vurğulanırdı. Həmçinin yazıda İTS vəsaitlərinin kimlər tərəfindən və hansı klinikalara yönləndirildiyi barədə də ətraflı bəhs olunmuşdu. Bu günlərdə isə Hesablama Palatasının İcbari Tibbi Sığorta Fondunda apardığı auditin nəticələri Bakupost.az-ın xeyli əvvəl irəli sürdüyü iddiaları bir daha təsdiq edir. Belə ki, Palatanın İcbari Tibbi Sığorta Fondunun 2023-2024-cü illərdəki gəlir və xərclərinin icrasının, eləcə də sərbəst vəsaitinin idarə olunmasına dair hesabatında açıq-aydın qeyd olunur ki, bu dövr ərzində bahalı əməliyyatlar özəl klinikalara ötürülüb. Bu barədə bir qədər sonra və daha ətraflı bəhs edəcəyik... Hələliksə hesabat barədə bir neçə kəlmə: Öncə qeyd edək ki, Hesablama Palatasının hesabatı əhatəliliyi ilə diqqəti cəlb edir. Qurum yalnız audit aparmaqla kifayətlənməyib, onun geniş analitik təhlilini də təqdim edib. Digər diqqət çəkən məqamlar isə mənimsəmələrin fantastik olması və yalnız tibbi sığorta deyil, ən müxtəlif prosedur və əməliyyatlar zamanı maliyyə pozuntularına yol verilməsidir. Onu da vurğulayaq ki, audit obyektləri kimi Fondun vəsaitlərini idarə edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin təchizatı, təmiri və s. istiqamətdə tədbirləri həyata keçirən İnnovasiya və Təchizat Mərkəzi müəyyən edilib. Adıçəkilən qurumlar tərtəfindən təqdim olunmuş illik hesabatların auditi İTS və TƏBİB tərəfindən hesabatlılığın düzgün təşkil edilməməsi nəticəsində Fondun gəlir və xərclərinin, bununla da icmal büdcənin müvafiq parametrlərinin təhrifini müəyyən edib. Belə ki, gəlirlərin icrası ilə bağlı göstəricilər tam nəzərə alınmayıb, əvvəlki illərə dair bəzi istiqamətlər üzrə xərclər və öhdəliklər hesabatda doğru-düzgün əks olunmayıb. Həmçinin son iki il ərzində Fondun büdcəsinə nəzərdə tutulmayan istiqamətlərdən vəsait daxil olub, eləcə də qanunsuz olaraq müxtəlif istiqamətlərə vəsait yönəldilib. Bəzi sahələrə isə nəzərdə tutulduğundan artıq vəsait xərclənib. Bu əməliyyatlar zamanı qanunvericiliyin tələbləri açıq-aşkar pozulub. Maraqlıdır, bu cür özbaşına qərarların arxasında hansı niyyət dayanıb? Söhbət maliyyədən gedirsə, yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Amma bunlar adıçəkilən qurumların son iki ildə yol verdiyi nöqsan və qanunsuzluqların cüzi bir hissəsidir. Belə ki, əvvəlki illərdə istifadə olunmayan vəsaitlərin 2023-2024-cü ilin xərclərinə yönəldilməsi nəzərdə tutulsa da, bu da icra edilməyib. Əvvəlki illərdə formalaşmış gəlirlər isə dövlət gəlirləri kimi uçota düşməyib. Ümumiyyətlə, hesabatdan aydın olur ki, bu qurumlarda nəzarət, hesabatlılıq çox bərbad vəziyyətdədir. Mənzərənin aydın olması üçün bir faktı qeyd edəcəyik: Fondun 2021-ci il üçün maliyyə hesabatı nə az, nə çox, düz 4 ildən sonra - 2025-ci ilin may ayında kənar auditdən rəy alınmaqla təqdim olunub. Əhalinin sığortalanmasına ayrılan vəsaitlərə gəlincə, audit zamanı burada da qanun pozuntuları aşkarlanıb. Bu vəsaitlər proqnozlaşdırılan zaman əhalinin sayının rəsmi statistik məlumatlarla uyğunluq təşkil etmədiyi üzə çıxarılıb. Daha bir problem icbari tibbi sığorta haqqının adambaşına düşən məbləğinin necə müəyyən olunması ilə bağlıdır? Bu məbləğ hansı mexanizmlə, hansı hüquqi aktlar və sənədlər əsasında formalaşdırılır? Nə İTS, nə də TƏBİB bununla bağlı Hesablama Palatasına məlumat təqdim etməyiblər. Maraqlıdır, deyilmi? 5 ildir ki, icbari sığorta ilə məşğul olan qurumlar sığorta haqqını necə müəyyən etdiyini açıqlaya bilmir. Gəlirlərin idarə olunmasındakı səriştəsizlik özünü xərclərin müəyyən edilməsi və icrasında da göstərib. Belə ki, İTS və TƏBİB-in hesablatlarında 2023-2024-cü illər üçün 2 milyon 393,2 min manat və 2 milyon 850,3 min manat xərc nəzərdə tutulub. Ancaq bu vəsaitlərin 81,1% və 78,5%-i icra olunub. 2023-cü ilin may ayına qədər TƏBİB Agentliyin yaratdığı və tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurum kimi təyin edilib. Son illərdə isə inzibati islahatlar aparılaraq TƏBİB müstəqil bir qurum kimi müəyyənləşdirilib. Ancaq buna baxmayaraq, Agentliyin saxlanma xərclərinin 2%-lik yuxarı həddi dəyişməz qalıb. Yəni TƏBİB müstəqilləşdikdən sonra da Agentliyin saxlanılması üçün əvvəlki qədər vəsait ayırılıb. Hesablama Palatasının açıqlamasında o da qeyd olunur ki, qanunvericiliyin tələblərinin düzgün tətbiq olunmaması vergi və icbari ödənişlərin təkrar nəzərə alınmasına səbəb olub. Nəticədə tibbi xidmətlərin tarifləri 26% çox hesablanıb. İstifadə olunan avadanlıqların dəyəri isə bir sıra hallarda alış qiymətlərindən daha yüksək göstərilib. Bəzi tibbi məsrəflər isə tariflərdə təkrar nəzərə alınıb. Bu da öz növbəsində, bəzi xidmətlər üzrə tariflərin artımına səbəb olub. İndisə gələk icbari tibbi sığorta vəsaitlərinin bəlli klinikalara yönəldilməsi məsələsinə. Toplanmış audit sübutları ilə, eləcə də bir neçə tibb müəssisəsində aparılan yoxlamalar TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyələşmə mexanizminin sığorta prinsiplərinə uyğun təşkil edilmədiyini aşkara çıxarıb. Beləliklə, aydın olub ki, 2023-2024-cü illərdə cərrahiyə əməliyyatların, xüsusilə dəyəri daha yüksək olan əməliyyatların əsas hissəsi, o cümlədən dəyəri 5000 manat və ondan artıq olan əməliyyatların 90%-dən çoxu özəl tibb müəssisələrində icra edilib: “Agentliklə özəl tibb müəssisələri arasında bağlanılmış müqaviləyə əsasən tibb müəssisəsi göndəriş vərəqəsi olduğu hallarda sığortaolunanlara Xidmətlər Zərfində nəzərdə tutulmuş tibbi xidmətləri göstərmək hüququna malikdir. Audit olunan illərdə tibb müəssisəsinə vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda Agentlik 14 sayda tibb müəssisəsinə 2 ildə 4 milyon 273,6 min manat vəsait ödəyib". Maraqlıdır, göndəriş verilmədiyi halda, bu qədər vəsait niyə və hansı əsasla ayrılıb? Adıçəkilən qurumlarda satınalmalar məsələsi ilə də bağlı ciddi nöqsanlar aşkarlanıb. Maraqlıdır ki, iki ilin yekununa görə, satınalmaların 70%-i ilin son iki rübündə keçirilib. Olmaya, xərclər həddən çox nəzərdə tutulduğundan ilk 6 aydan sonra rəhbərlik xeyli artıq vəsiat qaldığını görüncə, onu necə “icra etmək” barədə düşünüb və satınalmaların həyata keçirilməsi qərara alınıb? O da maraqlıdır ki, 2 ildə 277 satınalma keçirilib, həmin satınalmalar nəticəsində 757 136,3 min manat dəyərində müqavilə bağlanılıb. Bütün satınalmaların 43%-i bir mənbədən keçirilsə də, bağlanmış müqavilə məbləğinin cəmi 6,7%-i bu satınalma metodunun payına düşüb. Yəqin ki, burada da geniş şərhə ehtiyac yoxdur. Çünki satınalmaların planlanması, satınalma prosedurları və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə yol verilmiş nöqsanlar, alınmış malların sifarişçiyə vaxtında çatdırılmaması, bağlanmış müqavilələrin icra faizlərinin bəzən çox aşağı olması, anbarda mal qalıqları olduğu halda həmin malların təkrar alışı, həmçinin 1 il ərzində eyni məhsulun eyni şirkətdən müxtəlif qiymətlərə, həm də real qiymətindən baha alınması özlüyündə çox mətləblərdən xəbər verir. Maraqlıdır, üzə çıxarılan və hüquqi məsuliyyət yaradan bu cür ciddi pozuntularla bağlı tədbirlər görüləcəkmi?

İxtisas seçimində dələduzluq - Onlara inanmayın!

Son illərdə ixtisas seçimi prosesi bəzi şəxslər tərəfindən kommersiya vasitəsinə çevrilib. Özünü “ekspert” elan edən, lakin bu sahədə nə peşəkar bilik, nə də psixoloji yanaşma qabiliyyəti olmayan şəxslərin təklif etdiyi yanlış istiqamətlər nəticəsində yüksək bal toplayan abituriyentlər bəzən istədikləri ixtisasa daxil ola bilmirlər və bu, onların həm təhsil, həm də gələcək karyerasına mənfi təsir göstərir. Bu sözləri Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. O qeyd edib ki, hazırda ölkəmizdə ixtisas seçimi üzrə rəsmi lisenziyalaşdırma və ya akkreditasiya mexanizmi mövcud deyil. Bu isə hər kəsin özünü "ekspert" kimi təqdim etməsinə zəmin yaradır: “Halbuki, beynəlxalq təcrübədə – məsələn, ABŞ, Kanada və Avropa ölkələrində – ixtisas yönləndirilməsi və təhsil məsləhətçiliyi yalnız müvafiq ixtisası olan, akkreditasiyadan keçmiş məsləhətçilər tərəfindən həyata keçirilir. Bu şəxslər həm təhsil proqramlarını, həm də əmək bazarını dərindən bilirlər və məsləhətlərini yalnız nəticə əsaslı deyil, həm də abituriyentin maraqları, şəxsiyyət xüsusiyyətləri və uzunmüddətli məqsədləri ilə əlaqələndirirlər”. G.Əkbərova onu da əlavə edib ki, düzgün informasiya və sadə təhlil bacarığı olan hər bir valideyn və abituriyent bu prosesi uğurla həyata keçirə bilər: “Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi elektron sistem kifayət qədər şəffaf və funksionaldır. Əsas məsələ düzgün məlumatı əldə etmək və emosional deyil, rasional qərar verməkdir. Düzgün ixtisas seçimi üçün valideynlər övladlarının ilk öncə maraq və bacarığına diqqət etməlidir. Yəni, Abituriyent hansı sahəyə maraq göstərir, hansı dərslərdə daha uğurludur? Bu, gələcəkdə davamlı motivasiyanın və peşəkar inkişafın əsasını qoyur”. O həmçinin vurğulayıb ki, ikinci əsas diqqət yetirilməli məqamlardan biri isə əmək bazarının tələbatıdır: “Hansı ixtisaslar əmək bazarında tələbat görür? Hansı sahələrdə artım, hansı sahələrdə isə durğunluq müşahidə olunur? Hətta düşünürəm ki, bu baxımdan əmək və əhalinin sosial müdafiəsi sahəsindəki statistika və beynəlxalq trendlər nəzərdən keçirilməlidir. Seçilən ixtisas gələcəkdə magistratura və ya iş imkanlarını genişləndirirmi? Beynəlxalq tanınma varmı? Yəni bu suallara valideyn və ya abituriyentlər özləri kiçik bir araşdırma edərək cavab tapa bilər və ya etibar etdiyi, məsləhət ala biləcəkləri biri ilə danışa bilərlər. Təbii ki, bunların hamısının əsasında isə abituriyentin topladığı bal ilə həmin ixtisasa keçid balı arasında uyğunluq varmı? Gələcəkdə qəbul ola bilməmək riski nə qədərdir? Bunları da bilmək vacibdir”.  Günay Əkbərova onu da diqqətə çatdırıb ki, valideyn və abituriyentlər bir neçə sadə göstərici ilə düzgün qərar verə bilərlər, sadəcə bu kontekstdə doğru məlumat mənbələrindən istifadə etməlidirlər: “Əgər məsləhət almaq ehtiyacı varsa, bu zaman ya universitetlərin rəsmi məsləhət xidmətlərinə, ya da tanınmış təhsil ekspertlərinə müraciət olunmalıdır. Unutmayaq ki, ixtisas seçimi bir insanın həyat yolunu formalaşdıran əsas addımlardan biridir və bu qərarın qeyri-peşəkar “ekspertlərə” həvalə olunması olduqca risklidir. Ən sonda isə bir tövsiyə: beynəlxalq təcrübədə uğur qazanmış abituriyentlər çox zaman valideyn təzyiqindən uzaq, öz güclü tərəflərini və maraqlarını anlayaraq qərar verənlərdir. Azərbaycanda da bu yanaşmanın yayılmasını arzulayıram”,- deyə o bildirib.

Azərbaycanda bu evlər bərpa ediləcək

Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş 21 ədəd fərdi yaşayış evində əlavə bərpa işləri aparılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi iqtisadiyyat.az-a bildirib. Məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqları başa çatdırıb. Qurum bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tikinti şirkətlərinin biri ilə müqavilə bağlayıb. Müqaviləyə əlavə bərpa işlərinə yarım milyon manat vəsait sərf olunacaq.

“Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib

Rusiya Prezidenti Vladimir Putinin qeyri-rəsmi qızı olduğu iddia edilən, sosial şəbəkələrdə Luiza Rozova təxəllüsü ilə tanınan Yelizaveta Rudnova (Krivonoqix) atasını dolayı yolla tənqid edib. Sozcu.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 21 yaşlı Yelizaveta bir neçə ildən sonra ilk dəfə sosial şəbəkədə açıq selfilərini paylaşaraq bu qeydi yazıb: “Dünyaya üzümü yenidən göstərmək çox gözəldir. Hər gün mənə kim kimi doğulduğumu və həyatımı kimin məhv etdiyini xatırladır. Milyonlarla insanın həyatına son qoyan və mənimkini dağıdan adam…” O, bu sözləri ilə konkret olaraq Vladimir Putinin adını çəkməsə də, sosial şəbəkə istifadəçiləri bunu Rusiya Prezidentinə ünvanlanmış ismarıc kimi qəbul ediblər. Rozova həmçinin Paris qalereyalarında ukraynalı rəssamlarla əməkdaşlığı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Onun ünvanına “müharibənin ortasında rejimdən faydalanan ailənin üzvü ilə rejimin qurbanlarının bir yerdə olması yolverilməzdir” kimi ittihamlar səsləndirilib. Yelizaveta bu tənqidlərə belə cavab verib: “Məni eşitməyən ailəmin hərəkətlərində doğrudanmı mən günahkaram?” O, daha əvvəl də Ukraynadakı müharibəyə mənfi münasibətini açıq şəkildə ifadə edib. Bildirib ki, “hər şeyi dəyişmək imkanım yoxdur” və bəzi insanların onu bu proseslərdə “iştirakçı” hesab etməsi ona təəccüblüdür. Paylaşımlarında o, dünya müharibəsinə səbəb olan bir şəxsin sadəcə valideyn hisslərinə görə fikrindən dönəcəyini düşünmədiyini bildirib: “Gəlin bir yerdə düşünək və bu suala cavab verək: Bütün dünyaya sözün əsl mənasında müharibə elan edəcək qədər dəli bir insan valideyn hisslərinə görə qərarlarından əl çəkərmi?” Yelizaveta Rozova hələ müharibənin əvvəlində “Instagram”da “No war” (“Müharibəyə yox”) sözləri yazılmış qara kvadrat paylaşaraq Rusiyanın Ukraynaya qarşı işğalını açıq şəkildə pisləyib. Daha sonra Rusiyanı tərk etdiyini, bütün sosial əlaqələrini kəsdiyini bildirib. O, hazırda “sevimli Peterburqumu gəzə, sevimli yerlərimə və müəssisələrimə baş çəkə bilmədiyim qızıl qəfəsdə yaşayıram” deyə əlavə edib. 2024-cü ildə Rozova Parisdəki ICART İdarəetmə və İncəsənət Məktəbini bitirib və Fransada yaşamaq qərarı verib. Hal-hazırda Ukraynadan olan rəssamlar da daxil olmaqla müharibə əleyhinə sənətçilərin iştirak etdiyi “Albatros” və “L Galerie” studiyalarında çalışır. Müharibədən əvvəl Rozova sosial şəbəkələrdə dəbdəbəli həyat tərzini nümayiş etdirib. O, bahalı dizayner geyimlərində fotolar paylaşır, şəxsi təyyarələrdə səyahət etdiyini qeyd edirdi. Bu paylaşımlara görə Rusiya müxalifəti onu sərt şəkildə tənqid etmişdi. Rozovanın anası Svetlana Krivonoqix Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu olan Yuri Kovalçukun rəhbərlik etdiyi “Rossiya” bankında pay sahibidir. O, həmçinin “İqora” xizək kurortunun 75 faizi, Tavriçeski bağındakı “Leninqrad Mərkəzi” adlı şou məkanının 75 faizi, Sankt-Peterburq və Soçidə bir sıra daşınmaz əmlaklara sahibdir. Bundan başqa, Krivonoqixin Monakoda, Monte Karlo kazinosunun yaxınlığında Aralıq dənizinə mənzərəsi olan mənzili də var. 2010-cu ildə onun sərvəti 7,7 milyard rubl (həmin dövrün məzənnəsi ilə təxminən 100 milyon dollar) olaraq qiymətləndirilib. Krivonoqix Putinlə tanış olmamışdan əvvəl Sankt-Peterburqda kommunal mənzildə yaşayır və təmizlikçi kimi işləyirdi. Qeyd edək ki, daha əvvəl rəsmi Kreml  Svetlana Krivonoqixlə Vladimir Putin arasında hər hansı əlaqənin olduğunu inkar edib.

Qəzzada hər gün 28 uşaq ölür - BMT rəsmisi dəhşətli faktları açıqladı

BMT-nin Uşaq Fondunun (UNICEF) açıqlamasına görə, Qəzza zolağında davam edən hücumlar nəticəsində gündə orta hesabla 28 uşaq həyatını itirir. Sozcu.az xəbər verir ki, UNICEF-in sözçüsü Ceyms Elder Qəzzada yaranan vəziyyətlə bağlı xəbərdarlıq edib. O bildirib ki, bölgədəki uşaqların həm fiziki, həm də psixoloji həyatı təhlükə altındadır: “Qəzzada ortalama olaraq hər gün 28 uşaq öldürülür. Bu, sadəcə bir statistika deyil, bir insan faciəsidir. Uşaqların gələcəyi əlindən alınır, ailələr darmadağın olur”. Elder həmçinin qeyd edib ki, Qəzzada uşaqların həyat şəraiti dözülməz hal alıb. Qida, su və tibbi yardım çatışmazlığı kritik həddədir. “Əgər beynəlxalq ictimaiyyət dərhal tədbir görməzsə, bu fəlakət daha da dərinləşəcək”. BMT rəsmisinin sözlərinə görə, bölgəyə humanitar yardımın artırılması və uşaqların qorunması üçün təcili mexanizmlərin tətbiqi həyati əhəmiyyət daşıyır.

Zelenski ilə Tramp arasında telefon danışığı oldu

Ukrayna Prezidenti Vladimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Teleqram hesabında yazıb. "Prezident Trampla məhsuldar söhbət oldu. Əsas məsələ, əlbəttə ki, müharibəyə son qoymaqdır. Biz vicdanlı və davamlı sülh üçün göstərdiyi bütün səylərə görə ABŞ prezidentinə minnətdarıq. Ölümləri ən qısa zamanda dayandırmaq həqiqətən lazımdır, biz bunu tam dəstəkləyirik. Ruslar bunu uzatmasaydılar, müharibə çoxdan bitmiş olardı", - Zelenski vurğulayıb.

İranda hakimiyyətə qarşı çıxan dörd gənci ASACAQLAR

İran Sistan və Bəlucistan əyalətində dörd yerli sakin barəsində edam hökmü çıxarılıb. Sozcu.az xəbər verir ki, məlumatı “İran İnternational” yayıb. Bildirilib ki, Məhəmməd Dərvişnaravi, Yasin Kabadani, Fərhad Baranzehi və İmran Ağa hakimiyyətə qarşı siyasi və “Ceyşül Ədl” silahlı qruplaşması tərkibində mübarizə aparmaqda təqsirli bilinərək barələrində ölüm hökmü çıxarılıb. Məlumata görə, onlar 22-24 yaşlarındadır və işgəncəyə məruz qaldıqlarını etiraf ediblər. Vurğulanıb ki, onlar Sistan və Bəlucistan əyalətinin Rask şəhərindəndir. Hazırda Zahidan mərkəzi həbsxanasında saxlanılırlar. Məlumata görə, son aylarda İranda edam sayının artması, həmçinin siyasi məhbuslara ölüm hökmünün verilməsi və təsdiqlənməsi həm ölkə daxilində, həm də xaricində etirazlara səbəb olub. Ölüm hökmlərinə qarşı etirazın son nümunələrindən birində siyasi məhbus Mehdi Mahmudian avqustun 3-də Böyük Tehran həbsxanasından yazdığı məktubda bildirib: “Bu ölkədə dar ağacı olduğu müddətcə hamımız bir az ölüyük”. O, məktubunda Böyük Tehran həbsxanasındakı siyasi məhbus Babək Şahbaziyə ölüm hökmünün verilməsini də açıqlayıb. Şahbazi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin rəhbəri Abulqasim Salavati tərəfindən ölüm cəzasına məhkum edilib.

Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: “İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”

İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, Zəngəzur dəhlizini təklif etməklə, bəzi dövlətlərin qeyri-qanuni məqsədləri barədə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, o, "X" də qeyd edib: “Bir daha öz maraqlarına dayaqlanıb regiona biganə olan bəzi dövlətlər Zəngəzur dəhlizi məsələsini gündəmə gətirib və Cənubi Qafqazda qeyri-qanuni məqsədlərə nail olmaq üçün hər qapını döyürlər.  Sizə xatırladıram ki, regionda və ya ondan kənarda əvvəlki uğursuz təcrübəni təkrarlamaq istəyən istənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”.

ABŞ konqresmeni: Tezliklə Azərbaycan və Ermənistan...

Tramp Sülh üzrə Nobel mükafatına layiqdir. Sozcu.az xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından olan konqresmen Co Vilson X hesabında yazıb. “Tramp qədər sülhə xidmət edən başqa prezident olmayıb. - Konqo və Ruanda - Tailand və Kamboca - Pakistan və Hindistan Tezliklə Azərbaycan və Ermənistan!” - paylaşımda deyilir.

Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

ABŞ Dövlət katibi Marko Rubio və Fransa xarici işlər naziri Jan Noel Barro arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, Rubio fransalı həmkarı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə edib.

Son 5 ildə iyulda havanın orta aylıq temperaturu...

2025-ci ilin iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, bölgələrdə isə 41 dərəcəyədək isti olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, havanın orta aylıq temperaturu 28 dərəcə isti təşkil edib, bu da iqlim normasından 2 dərəcəyədək yuxarıdır. Eyni zamanda vurğulanıb ki, son beş ildə iyul ayında havanın orta aylıq temperaturu iqlim normasından 5-8 dərəcə yuxarı olub.

"Qarabağ kimindir?" - Arif Hacılı yazır

Azərbaycanda torpaq islahatı keçirilib.  Bu islahata görə hər kənd sakininin  həyətyanı sahə və torpaq payı almaq hüququ var.  Qarabağ işğal olunduğu üçün bu islahatdan faydalanmaq köçkün düşən 700 mindən çox Qarabağ əhalisinə və onların törəmələrinə nəsib olmadı.  Qarabağ işğaldan azad ediləndən sonra ilk növbədə bu islahatın sürətlə yerli əhaliyə aid olunmasını, üstəlik uzun illər köçkün həyatından əziyyət çəkmiş bu insanlara əlavə üstünlüklər verilməsini təklif etdik.  Ərazilərimizin azad edilməsindən 5 il keçir.  Qarabağlılar bu günə qədər torpaq islahatında almalı olduqları halal payı almayıb, ata-baba yurdlarına isə yalnız portaldan icazə almaqla, kənardan tamaşa etmək hüququ ilə gedə bilir.  Onların yurdları əsasən birinci Qarabağ müharibəsindən özləri yayınan, ikinci Qarabağ müharibəsindən isə övladlarını yayındıranlar, Qarabağı ilk dəfə 44 günıük müharibədən sonra görənlər tərəfindən mənimsənilib.  Yerli əhaliyə bu “sahibkarların” təsərrüfatlarında, obyektlərində işləmək, öz ata torpaqlarını onlardan icarəyə götürmək təklif olunur.  Qarabağ Azərbaycandır! - deyirdik.  Gerçəkdə belə də oldu.  İndi də deyiyik:  Qarabağ hakim zümrənin deyil,  QARABAĞ AZƏRBAYCANINDIR❗️ Arif  Hacılı, Müsavat Partiyası Məclisinin sədri. 

Bakıdan İran XİN rəsmisinin sözlərinə sərt cavab

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin iranlı həmkarının Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına dair şərhində bildirilib. Qeyd edilib ki, “Konsulluq əlaqələri haqqında” 1963-cü il tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, ölkədə saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib: "Azərbaycanın Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə video görüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb. Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb". Vurğulanıb ki, yalnız 2025-ci ildə İran səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrində cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə 31 iyul tarixində baş tutub. "Azərbaycan tərəfinin həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 may 2025-ci il tarixli Sərəncamı ilə 5 nəfər İran vətəndaşı əfv olunub. Bu tədbirlərə baxmayaraq, İran İslam Respublikasında saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı diplomatik missiyalarına təqdim edilmir, vətəndaşlarımıza əksər hallarda İran İslam Respublikasındakı Azərbaycan Respublikasının diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir. Eyni zamanda, sorğu olunmasına baxmayaraq Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir. Ölkəmiz hər zaman bu kimi məsələlərin siyasiləşdirilmədən, ikitərəfli müstəvidə, diplomatik kanallarla müzakirəsinin tərəfdarı olub. Digər məsələlərlə yanaşı bu istiqamətdə danışıqlar 15 aprel 2025-ci il tarixində Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri zamanı aparılıb", - XİN-in mətbuat katibi diqqətə çatdırıb.

Tozlu hava neçə gün davam edəcək?

Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib. O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır. R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub: "Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir".

Sinaqoq işi: Başqa yerləri də partladacağını dedi...

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid M.A. ifadə verib. "Mən 2024-cü ilin noyabr ayında İnstaqram sosial şəbəkəsi vasitəsilə Abdulla ilə tanış oldum, daha sonra onunla mütəmadi yazışmağa başladıq. O, mənə İŞİD-lə bağlı danışdı. Hətta orada tanışının olduğunu da dedi. Bir həftə sonra mənə qrup göndərdi, ora daxil oldum. Sonra başqa gizli qrup göndərdi, üzv olmağımı istədi. Bir müddət sonra mənə sinaqoqa hücum edəcəyini dedi və məndən balta, bıçaq, molotov kokteyli, əlcək istədi. Bildirdi ki, buradan sonra vaxtı çatanda başqa yerləri də partladacaq. Dedi, mən öləndən sonra işimi davam elətdir. Mənə məkan göndərdi, getdim. Maşına mindi və biz sinaqoq istiqamətində hərəkət etdik. Yolda bizi DTX əməkdaşları saxladı. Baxış keçirilən zaman maşından və Abdullanın üzərindən ona məxsus əşyalar və yandırıcı maddələr aşkar olundu”, - şahid bildirib. Növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin edilib. Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə ittiham olunur. İttihama görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman DTX əməkdaşları tərəfindən saxlanılıb. Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb. O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb. Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.

Azərbaycan Ordusu ermənilərə atəş açıb? - Rəsmi açıqlama

Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin istiqamətdə atəş açılmayıb.

Departament rəisləri işdən çıxarılıb? - "Bakı Metropoliteni"

"Bakı Metropoliteni" QSC iki departament rəisinin işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qurumdan Axar.az-a verilən məlumata görə, Bakı Metropoliteninin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli karyerasında yeni mərhələyə başlamaq məqsədilə fəaliyyətini öz ərizəsi əsasında dayandırıb. Qurumun Təchizat departamentinin rəisi Tərlan Həsənli ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir. O, hazırda vəzifəsinin icrasını davam etdirir.

Ərdoğan Kiyevə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Hazırda rəsmi Kiyev bu səfərə hazırlaşır. Sozcu.az xəbər verir ki, bunu “RBK-Ukrayna” portalına müsahibəsində bu ölkənin səfiri Nəriman Cəlal deyib. O bildirib ki, səfər Ukraynanın Prezidenti Vladimir Zelenskinin dəvəti ilə reallaşacaq: “Tərəflər arasında onun reallaşmasına mane olan çoxsaylı məsələlər var. Ona görə də bu səfər əhəmiyyətli səylərin göstərilməsini tələb edir”.

Azərbaycanda 6 aylıq körə infarktdan öldü

Sumqayıtda dəhşətli hadisə yaşanıb. Sozcu.az lent.az-a istiandən xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən Uşaq Xəstəxanasında qeydə alınıb. Sumqayıt şəhər sakini, 6 aylıq körə Alparslan Elməddin oğlu Cəfərli infarktdan ölüb. Faktla bağlı araşdırma aparılır.

Yevlaxda dava: yeniyetmə 37 yaşlı kişini öldürdü

Yevlax şəhərində şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən 1988-ci il təvəllüdlü Zahid Mahmudov kürək nahiyəsindən bıçaqlanıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Zahid Mahmudov Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətdən ölüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Fakt araşdırılır.

Ultimatumun son günü: Tramp Rusiyanı hədələdi...

Avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Sanksiyalar olacaq, lakin görünür, Rusiya onlardan qaçmaqda kifayət qədər uğurludur. Bilirsiniz, onlar hiyləgər insanlardır və sanksiyalardan qaçmağa müvəffəq olurlar”, - Tramp bildirib. Qeyd edək ki, avqustun 8-i Trampın verdiyi on günlük ultimatumun son günüdür.

Bu rayonlarda 41 dərəcə isti…

Azərbaycanda avqustun 4-ü saat 9:00-a olan məlumata əsasən isti hava şəraiti davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1258-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 057 140 hərbçi, 11 069 ədəd tank, 23 079 ədəd zirehli döyüş maşını, 31 053 ədəd artilleriya sistemi, 1 452 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 203 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 57 244 ədəd avtomobil texnikası, 49 451 ədəd PUA, 3 553 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 935 xüsusi avadanlıq itirib.