Yurdumuzda yer tapa bilmədik: Qarabağ kimə qismət oldu?

Qarabağ işğaldan azad edildi. Xalq elə başa düşdü ki, Qarabağ artıq bizimdir. 30 il həsrətini çəkəndən sonra, rahat şəkildə gedib orda  - həsrət qaldıqları ev-eşiklırində yaşayıb, hərə bir işin qulpundan yapışaraq ömrünü sürəcək. Amma çox təəssüf ki, arzu edilən kimi olmadı. Qarabağ ermənidən azad edilib, talançı oliqarxların , arxasında böyük vəzifəli məmurlar duran imkanlı şəxslərin girovuna çevrildi. Qədim tarixə malik olan kəndlərimiz "birləşdirmək" adı altında tarixdən silinir, yerində toyuq fermaları və digər obyektlər tikilir. Gözəl mənzərəsi olan diyarlarımız zəbt olunub. Qarabağın - o cümlədən Kəlbəcərin gözəl güşələrinə əl qoyulub. Yağşıdan sonra çıxan göbələk kimi, kimliyi məlum olmayan adamlar, o torpaqlarda hansı yollarlasa restoranlar, hotellər tikir, həmin torpaqların sakinləri isə  yurd-yuvalarına hələ də portalla gedirlər.

10 - larla Kəlbəcər sakini İqtisadi İnkişaf Nazirliyinə, Prezidentin nümayəndəliyinə iaşə obyektləri və digər biznes sahələri ilə bağlı layihələr veriblər. Hətta, bir çox Kəlbəcər sakini layihələrində dövlətdən heçbir maddi yardım istəmədiklərini, qurmaq istədikləri işləri özlərinin maddi  vəsaitləri hesabına edəcəklərini göstərsələr də, nümayəndəlikdən onlara şirin nağıllar danışıb, başdan edirlər. Gah bildirirlər ki, çay kənarında obyekt olmaz, gah deyirlər yol kənarında olmaz, gah da bəhanə edirlər ki, şəhərdə mümkün deyil. Amma,  necə olursa, bir də görürsən,  "olmaz" dedikləri yerlərdə artıq obyektlər tikilməyə başlayıb. Tikənlər necə etdilər, "olmazı" " necə "olar" etdilər, maraqlıdır. Biz kiçik bir iş qura bilmədiyimiz torpaqlarda gəlib obyekt açanlar bizdən artqıdırlar bəyəm?...

İşladan azad edilən torpaqların sakinləri öz torpaqlarında çarəsiz bir duruma düşüblər. Bilmirlər, sevinsinlər, yoxsa ağlasınlar.

Tam əminliklə deyirəm: Qarabağda çox böyük söz-söhbətlər düşəcək.

Bu günə qədər torpaqlarımız düşmən işğalında idi. İnsanlar düşünürdülər ki, erməni lobbisi güclüdür, erməninin arxasında rus dayanıb, hələki gücümüz çatmır. Yaxşı, torpaqlarımız Azərbaycan əsgərinin qanı bahasına azad edildi. Maraqlıdır,  bizi öz torpağımızda  aşağı səviyyəli insan kimi görən, bizləri ucuz qul əməyi kimi nəzərdə tutan işğalçı oliqarxların arxasında hansı lobbi dayanıb?  Bizlər nədən öz torpaqlarımızda kiminsə əlinin altında qul olmalıyıq?

Cavab versinlər görək, Kəlbəcərə hələ də arıya, mal-qaraya minnətçi düşüb, heyvan - qaranın hesabına portal götürüb yurd-yuvasına gedən kəlbəcərli, özünə kiçik bir toyuq hini də tikə bilmədiyi halda, Tərtər çayının kənarında tikilən restoranlar necə tikildi?  Bəlkə elə layihələr var ki, bizim ona savadımız çatmır?...

Bildiyim bircə budur ki, bu işğalın bədəli çox ağır olacaq.

Elşən Əlisoy, "Sozcu.az" saytının rəhbəri

Share on Facebook