Eyni şirkət, eyni markalı maşın, bənzər qəza: “Əsas məsuliyyət şirkətin üzərinə düşür”

Heydər Əliyev prospektində "JAC” markalı (BYD şirkəti - red.) avtomobilin sayca 3-cü qəzası baş verib. Bir xaric olmaqla, bu qəzaların eyni prospektdə və oxşar qızası, üstəlik, “Bolt” taksi xidmətinə məxsus olması müəyyən şübhələr və ehtimallar yaradıb. Mövzu ilə bağlı "Yeni Sabah" danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, məsuliyyəti birbaşa taksi şirkətlərinin üzərinə atıb:  “Öncə ondan başlayaq ki, avtomobilin məsələyə heç bir aidiyyəti yoxdur. Tam standarta uyğun nəqliyyat vasitəsidir. Əvvəllər, adətən, “Toyota Prius”ları adı daha çox hallanırdı, indi onları “BYD”lər əvəz edib. Bu nəqliyyat vasitələri, yəqin ki, taksi fəaliyyətində özlərini doğrultduğuna göə şirkətlər məhz həmin maşınlara üstünlük verirlər. Odur ki, əsas yük taksi şirkətlərinin üzərinə düşür. Sürücülərin iş rejimi, onlar avtomobilin sükanına oturmazdan öncə tibbi yoxlanışdan keçməsi, qeydiyyatda olan şəxsin nəqliyyat vasitəsini idarə etməsi məhz şirkətinin məsuliyyətindədir. Bütün hallarda, maşın kimə etibar olunursa, sima kimi şirkət cavabdehdir. İkincisi, klaviatura arxasında oturub, sosial şəbəkədə özünü qəhrəman hesab edənlər anlasınlar ki, onların özlərinin də məsuliyyəti var. Ən azı istifadəçi olaraq, sifariş etdiyimiz nəqliyyat vasitəsinin sürücüsü, maşının markası və digər məlumatlar tətbiqdə göstərilir. Bunlar uyğun olmadıqda, həmin nəqliyyat vasitəsinə oturmağın heç bir mənası yoxdur. Vətəndaşlar bu məsələyə ciddi yanaşmalıdır”. Ekspert qeyd edib ki, belə halların tez-tez baş verməsi taksi şirkətinin fəaliyyətinə xitam verilməsi ilə nəticələnə bilər: “Əsas məsuliyyət birmənalı olaraq, şirkətin üzərindədir. Buna nəzarət edən qurum Dövlət Yol Polis İdarəsidir. Onlar da mütəmadi olaraq reydlər keçirməlidir. Doğrudur, bunu müəyyən etmək nəzarət edən qurum üçün çox çətindir. Söhbət insan həyatından gedir. İnsanlar ödənişini etdiyi halda, qəzalarla rastlaşır. Bu kimi hallarda, əlbəttə, hər hansı taksi şirkəti ilə bağlı müəyyən tədbirlər görmək olar. Bir neçə xəbərdarlıqdan sonra aydın məsələdir ki, cərimələr və məhdudiyyətlərin tətbiq olunması ilə yanaşı, şirkətin fəaliyyətinə xitam da verilə bilər. Bu kimi qəzalar insan həyatı, xəsarət və maddi baxımdan yol infrastrukturuna dəyən ziyandır. Hər halda şirkətlər taksi fəaliyyətində məsuliyyətin altına giribsə, nəzarəti də yerinə yetirməlidir. Bunun başqa yolu yoxdur”.

Abşeronda əməliyyat: axtarışda olan 36 nəfər saxlanıldı

Abşeron Rayon Polis İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu polis bölmələrinin əməkdaşları hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirib. Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, “isti izlərlə” 37 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb. Həmçinin Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib. Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.

Qubada torpaq sürüşməsi: kəndin əsas yolu bağlandı

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub. Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır. Qeyd edək ki, uzun illərdir Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüsməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək, ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.

Kanaldan meyiti tapılan şəxsin oğlu da fəciəli şəkildə ölüb

10:58 İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb. Sozcu.az xəbər verir ki, meyiti tapılan şəxsin 1955-ci il təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Misirxan Nəsirov olduğu bildirilib. Meyit kəndin su keçidində aşkarlanıb. Qeyd edək ki, meyiti tapılan şəxsin psixoloji problemləri olduğu vurğulanır. *** Tircan kəndində su kanalından meyiti tapılan şəxs neçə gün idi ki yoxa çıxmışdı. Bu barədə Oxu.az-a kənd sakini məlumat verib. "Misirxanın bir oğlu, bir qızı vardı. Bir neçə il əvvəl oğlu təxminən 22-23 yaşında arı sancması nəticəsində həyatını itirdi. Oğlanın allergiyası olduğuna görə arı sancması onun həyatına son qoydu. Qızı da ailəlidir. Misirxanın əvvəldən də əqli geriliyi var idi, amma oğlu rəhmətə gedəndən sonra vəziyyəti bir az da ağırlaşmışdı. Dünən axşam meyiti tapılıb. Hazırda məsciddədir. Az sonra dəfn olunacaq", - deyə sakin bildirib.

Sülh mümkün deyil: Kiyev bizə arxalana bilər

Rusiya sülhə hazır deyil. Sozcu.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib. “Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü nəzərə alsaq, etiraf etməliyik ki, Ukraynada sülhün əldə olunması yaxın gələcəkdə mümkünsüz görünür. Zəmanət veririk ki, Ukrayna bizim birgə hərbi dəstəyimizdən faydalanmağa davam edəcək. Rusiya başa düşməlidir ki, Ukrayna mübarizəni davam etdirməyə qadirdir və biz onu dəstəkləyəcəyik”, - Pistorius bildirib.

Aytac Ağazadə həbs edildi

12:15 “QHT işi” üzrə saxlanılan Aytac Ağazadənin barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanın təqdimatına baxılıb. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanın təqdimatı təmin olunub. Aytac Ağazadə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır. "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib. Binəqədi Rayon Məhkəməsi hər 3 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.

Qəzada yaralanan sürücünün vəziyyəti ağırdır: Əməliyyat olacaq

Aprelin 10-da Heydər Əliyev prospektində baş verən qəza nəticəsində xəsarət alan BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov və sərnişin Sevda Həşimovanın son vəziyyətləri açıqlanıb. Sabunçu Tibb Mərkəzindən verilən məlumata görə, sərnişin müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb. Sürücü Anar Nəcəfovun vəziyyəti isə orta ağırdır. Müalicəsi xəstəxanada davam etdirilir, yaxın günlərdə əməliyyat olunması nəzərdə tutulur.

Şəhid oğlundan atasına təsirli şeir: “Gəl bir dəfə dərdləşək” - VİDEO

11 aprel Birinci Qarabağ savaşının şəhidi Əhməd Məmmədovun şəhadətə yüksəlməsinin 31-ci il dönümüdür.  Sozcu.az xəbər verir ki, şəhidimiz 1959-cu il aprelin 1-də Cəbrayıl rayonunun Hacılı kəndində doğulub. 1965-ci ildə orta məktəbə gedib, 1975-ci ildə məktəbi bitirib. Əmək fəaliyyətinə Sumqayıtda Sintez kauçuk zavodunda başlayır.  1993-cü ildə Cəbrayılın işğalından sonra könüllü olaraq, Milli Ordu sıralarına qoşulur. Elə yaşadığı Sumqayıt batalyonuna yazılır. Ailəli, üç övladı olmasını ona deyib arxa cəhbədə qalmasını təklif edirlər. Lakin o heç kimi eşitmir, “Qarabağ kişilər yurdudur və Qarabağı da oranın kişiləri qorumalıdır” deyib inad edir.  O, Ağdamın  Papravənd, Çəmənli, Güllücə kəndləri ərazisində gedən döyüşlərdə iştirak edir. Döyüş yoldaşlarının söhbətlərinə görə, onun xüsusi hərbi bacarığı nəticəsində onlarla düşmən əsgəri məhv edilib.  11 aprel 1994-cü ildə Ağdam rayonunun Çəmənli, Güllücə, Gültəpə yüksəklikləri və kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüş zamanı üç güllə yarası alır, lakin döyüş yerini tərk etmir və qəhrəmancasına həlak olur. Əhməd Məmmədov Sumqayıt şəhərində dəfn edilib. Qeyd edək ki, Əhməd Məmmədov Unikal Media Qrupun baş redaktoru Zaur Əhmədin atasıdır. Jurnalist atasının şəhadətə ucalmasının 31-ci il dönümü ilə bağlı təsirli şeir yazıb. Həmin şeiri təqdim edirik:  GƏL BİR DƏFƏ DƏRDLƏŞƏK... Yoxluğun dağdan ağır, Varlığın əlyetişməz. Səninlə nə yaşadıq - ki, nə də yuxu görək. Ata oğluyla bir yol söhbətləşməz, dərdləşməz? Nə olar ki, vaxt elə, gəl bir dəfə dərdləşək. Sən ucadan ucasan!  Hərdən göyə baxıram,  Görən sən ordasanmı? O masmavi səmadan, O ağappaq buluddan görən çoxmu yuxarı? İmkan yoxmu enəsən bircə dəfə yanıma, bircə dəfə aşağı? İmkan yoxsa, ta neynək, Məni yanına çağır. O dupduru diyarda gəl bir dəfə dərdləşək. Hər xoş, hər acı gündə hüzuruna gəlirik,  Səf bağlayıb şəhidlər - sıra-sıra baş daşı. Hərə öz şəhidiylə söhbətləşir, danışır.  Nə qədər dindirsəm də, dinmir axı baş daşı… Daşı tök ətəyindən, bircə dəfə din, danış. Demirəm başqa yerdə, gəl elə bu müqəddəs xiyabanda dərdləşək. Əminəm özüm kimi: Rahatlıq tapan ruhun hey dolaşır Vətəndə -  gah şəhərə üz tutur, gah da baş çəkir kəndə.  Narahatlıq bitdi tay!   Daha düşmənlər gəzmir  uğrunda can verdiyin o gözəlim Vətəndə. bu gözəlim Vətəndə gəl bir dəfə dərdləşək.  Uşaqdım sən gedəndə - Cavandın sən gedəndə. Getmək zərurətəndi,  ölmək bədahətəndi,  ölümün ən gözəli  elə şəhadətəndi.  İnsafın olsun, ata, bir igid ömrü keçdi,  Daha mən də böyüyəm. Heç olmasa bir dəfə gəl üz-üzə əyləşək... Heç harda olmasa da,  aşağıda olmasa da,  yuxarıda olmasa da,  gəl yuxuda dərdləşək…

Universitetdən işdən çıxarılan qadın damarını kəsdi

Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə universitet binasında baş verib. 1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan verilən məlumata görə, sözügedən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Tovuz məktəbində şok hadisə: 5 şagird xəstəxanaya aparıldı

Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib. Qazax-Tovuz Regional Təhsil İdarəsindən Sozcu.az-a verilən məlumata görə, məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. “Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.  Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır” – məlumatda bildirilib.

Ərdoğan azərbaycanlı alimi vəzifədən ÇIXARDI

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlar açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumat "Rəsmi Qəzet"də dərc olunub. Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinatlarda indiyə kimi bu qurumda yer alan azərbaycanlı alim - professor Aygün Attarın adı yoxdur. Xatırladaq ki, Aygün Attar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 fevral 2021-ci il tarixli əmri ilə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilmişdi. Professor Aygün Attar daha əvvəl Türkiyədə Giresun Universitetinin rektoru olub. Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasına təyinat almadığını Aygün Attarın özü də təsdiqləyib.

"Atamın epilepsiyası tutub" - Taksi sürücüsünün oğlu

Xəbər verdiyimiz kimi, Bakıda taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov metronun "Bakmil" stansiyası yaxınlığından sərnişin götürərək yüksək sürətlə hərəkət edib. O, avtomobili əvvəlcə körpünün beton dirəklərinə çırpıb, daha sonra isə prospektin əsas hissəsinə düşüb. Sozcu.az xəbər verir ki, onun oğlu Elvin Nəcəfovun sözlərinə görə, atasının sudurqa xəstəliyi var. Hadisə baş verən zaman onun sudurqası tutub və bu, qəzaya səbəb olub. "Atam Nəcəfov Anarın sudurqası var, sükan arxasında olarkən sudurqası tutub, qəza bu səbəbdən baş verib.Atam Sabunçu xəstəxanasındadır, vəziyyəti ağırdır, iki ayağı da sınıb.Evimizin tək çörək gətirəni atamdır. Atamın ayağındakı elektron qandal isə banka olan borcumuzu ödəyə bilmədiyimiz üçün məhkəmə qərarı ilə vurulub.Xahiş edirəm, kimin nəyə gücü çatsa, bizə kömək edin. 4098 5844 6019 9662ş Leo Bank. Oğlu: Nəcəfov Elvin", - deyə o qeyd edib.

“Bilmirsən, sabah işin olacaq, ya olmayacaq, maaş ala biləcəksən, ya bilməyəcəksən”

“Çox güman ki, birinci rübün nəticəsinə görə, artıq defisitlə üzləşə bilərik. Çünki neftin istehsalı və ixracı azalır”. Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib. O qeyd edib ki, neft qiymətlərinin aqibəti dünyada baş verəcək hadisələrdən asılı olaraq formalaşacaq: “Hədd deyərkən 2 məsələyə nəzər yetirməliyik: ticarət dövriyyəsi və büdcə gəliri. Ticarət dövriyyəsində artıq yanvarda müsbət saldo 25 milyon dolları bir qədər keçmişdi. Çox güman ki, birinci rübün nəticəsinə görə, artıq defisitlə üzləşə bilərik. Çünki neftin istehsalı və ixracı azalır. O ki qaldı neft gəlirlərinə, aprelin 2-dən sonra neftin qiyməti enmə nümayiş etdirir. Artıq 6 gündür ki, 1 barrel neft 70 dollardan aşağıdır. Bu, ümumən çox cüzi bir zaman kəsiyidir. Hələlik ciddi fikir yürütməyə və təşfişə əsas yoxdur. ÜStəlik, hələ hökumət birinci rübü necə başa vurduğunu açıqlamayıb. Cari ilin büdcəsi müzakirə olunarkən, Maliyyə Nazirliyi açıqlamışdı ki, neqatif 60, normal 65, pozitiv ssenari isə 70 dollardır. Büdcə məhz pozitiv göstəricilər əsasında tərtib edilmişdi. “Brend” markalı neftə əsaslansaq, qiymət birinci rübdə 75 dollardan bir qədər artıq idi. İkinci rübdə və ilin ikinci yarısında dünyada baş verə biləcək hadisələrdən çox şey asılıdır”.  Ekspert diqqətə çatdırıb ki, hazırda aktual olan “ticarət müharibələri” bazardakı vəziyyəti mürəkkəbləşdirir: “Heç kim “ticarət müharibələri”nin bu dərəcəyə çatacağını proqnozlaşdırmırdı. Bunun ciddi fəsadları olacaq. Həmin fəsadlar ən az 6 ay sonra tam üzə çıxacaq. Çox mürəkkəb bir dövrdə yaşayırıq. Proqnoz edilən və edilməyən hər bir ssenariyə hazır olmaq lazımdır. İstər hökumət, istərsə də vətəndaşlar özlərinin xərclərində, ailə büdcəsinin formalaşdırılmasında hər bir şeyi nəzərə almalıdırlar ki, onun neqativ təsirlərini yumşaltmaq mümkün olsun. Yoxsa bu cür şəraitdə bankların, yaxud digər qurumların boş vədlərinə inanıb kreditləşməni artırmaq, borclanmaq düzgün deyil. Bilmirsən, sabah işin olacaq, ya olmayacaq,  istədiyin maaşı ala biləcəksən, ya bilməyəcəksən”.

Şərurda 36 yaşlı kişi faciəvi şəkildə öldü

Şərur rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Yuxarı Yaycı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Rahib Valeh oğlu Əliyev elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

Oğuzda ağır qəza - 4 müəllim yaralandı

Bu gün Oğuz rayonu Qarabulaq kəndində yol qəzası baş verib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Söyüdlü kəndinə gedən yolda 1989-cu il təvəllüdlü Leyla Rzayevanın idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə orta məktəb müəllimi olan sürücü və onun həmkarları - 1977-ci il təvəllüdlü Aynurə Sərkərova, 1987-ci il təvəllüdlü ⁠Nuranə Rüstəmova və 1982-ci il təvəllüdlü ⁠Cəmalə İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.

Gəncə məktəbində insident: Şagirdlər müəllimə xəsarət yetirdi

Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb. Sozcu.az -ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb. Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb. Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib. Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

“Uçan” maşının sürücüsü - FOTO

Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəzadan sonra əks yola düşən avtomobilin sürücüsünün fotosu yayılıb. Sozcu.az ölkə.az-a istinadla xəbər verir ki, onun yüngül xəsarət aldığı, həyatı təhlükəsinin olmadığı bildirilir.

Azərbaycanda “Son zəng”lə bağlı qadağa olacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilməsi təkzib olunub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. "Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə "Son zəng"lə bağlı hər hansı təlimat göndərilməyib", - deyə məlumatda bildirilir.

Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edir

Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Sozcu.az xəbər verir ki, proses bu gün Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçiriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır. Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Bu gün keçirilən prosesdə təqsirləndirilən şəxslərə suallar veriləcək. Xatırladaq ki, ötən iclasda təqsirləndirilən şəxslər azərbaycanlılara qarşı cinayətlər törətdiklərini etiraf ediblər. Həmçinin vaxtı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə silahların Ermənistandan gətirilməsinə dair açıqlamalar verilib. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir. Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb. Məhkəmədə dövlət ittihamını müdafiə edən şəxslər aşağıdakılardır: Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev. Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova. Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar. Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib. Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir. Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir. Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

ABŞ-la görüş bu tarixdə ola bilər - Zelenski

Ukrayna münaqişəsinin nizamlanması məsələsinə dair Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü gələn həftə baş tuta bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşündə deyib. “Düşünürük ki, amerikalılarla görüşümüz gələn həftə ola bilər”, - o bildirib.

81 yaşlı qadın dərəyə yıxılaraq öldü

Gədəbəy rayonunda ahıl qadın dərəyə yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, Gədəbəy rayon sakini, 81 yaşlı Z.Hüseynova İnəkboğan kənd ərazisindəki dərəyə yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Sabirabadda güclü yanğın: 5 nəfər xəsarət aldı

09:10 Sabirabadda 3 otaqlı ev yanıb. Bu barədə Sozcu.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda temperatur 8 dərəcəyə düşdü

Ölkənin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat evrilib. Bildirilib ki, qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 28, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Daşkəsən, Şəki və Şərurda 20, Culfada 18, Kəlbəcərdə 15 m/s-dək güclənib. Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 15, Şəkidə 12, Zaqatala və Balakəndə 11, Şahdağda 9, Astara və Daşkəsəndə 8, Lerik, Gədəbəy, Yardımlı, Göygöl, Şahbuz, Xaltan, Gəncə, Kəlbəcər, Şəmkir, Tovuz, Oğuz, Mingəçevir, Sədərək, Ceyrançöl, Lənkəran, Quba, Naftalan, İsmayıllı, Ağstafa, Bərdə, Tərtər, Yevlax, Neftçala, Şərur, Göyçay, Sabirabad, Biləsuvar, Cəlilabad, Şuşa, Füzuli, Zəngilan, Laçın, Ağdam, Culfa, Ordubad, Altıağac, Goranboy və Naxçıvanda 7, Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Sumqayıt, Gədəbəy, Naftalan, Zaqatala, Şəki, Qəbələ, Qusar, Xaltan, Göyçay, Biləsuvar, Gəncə, Göygöl və Balakəndə duman müşahidə olunub. Dumanda görünüş 200-500 m-dək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 12, Naxçıvan MR-da 18, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.