Prezident daha bir sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: 1. Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci abzasında nəzərdə tutulmuş vəsait hesabına nizamnamə kapitalının artırılması yolu ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33.449.000,0 (otuz üç milyon dörd yüz qırx doqquz min) manat vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

TƏLƏNİ QURAN ZELENSKİ İDİ, YOXSA TRAMP?

Baxıram, çoxları, böyük əksəriyyət iddia edir ki, Ukrayna prezidenti Volodimir Zelenski guya diplomatiyada bacarıqsız və naşıdır.  Xüsusilə, ən son, ABŞ-da Ağ Evin Oval Kabinetdə Trampla görüşdən ortaya çıxan tablo əksər adamları çaşdırıb. Guya Tramp və Vens Zelenskini tələyə salıb və o da bu tələyə düşüb.  Hər kəsin fikirlərinə, versiyalarına sayğım var, amma... ...Məncə, tələni Zelenskiyə onlar yox, Zelenski Tramp və müavinləri üçün qurmuşdu: onları özündən çıxarmaq üçün aktyorluq məharətindən istifadə edərək, Trampı və komanda üzvlərini dünyaya fərqli obrazda təqdim etməyi bacardı. Belə bir məşhur deyim var: hər kəs öz şaxmat partiyasını oynayır.  Həmin söhbətdə təmkinini saxlayan və danışmayan yeganə şəxs Marko Rubio idi, o başa düşürdü nələr baş verir.. Dünya xalqları, elə Amerika xalqı bir daha ABŞ-nin indiki administrasiyasının nə miqyasda aşağılıq, naşı olduqlarını, dünyada qəbul olunmuş diplomatik davranış standartlarına tüpürdüklərini gördülər - məhz Zelenskinin qurduğu diplomatik oyunun timsalında.  Zelenski bütün dünyaya sübut elədi ki, Donald Tramp və dostları dövlət və dövlətçilik mədəniyyətindən, ərkanından, tərbiyəsindən, hətta ənənələrindən uzaq, təsadüfən buralara gəlib çıxmış, şəxsi çıxarlarını hər şeyin fövqündə tutan tiplərdir.  Zelenski bunu özbaşınamı etdi? Xeyr.  ABŞ səfərindən qabaq Avropa liderləri ilə Kievdə görüşəndə, artıq ona tövsiyə olunmuşdu ki, orada nəyin müzakirə olunmasına, hansı müqavilənin bağlanıb-bağlanmamasına baxmayaraq, nə edirsən et Trampı və Vensi özündən çıxart, əsəblərini tarıma çək, atmacalarla qarmaşıq dialoq görüntüsü yarat, görüşü bacardıqca maksimum gərginləşdir.  Zelenski də bu işin öhdəsindən rahatlıqla, ustalıqla gəldi. Çünki bu iş elə onun ən yaxşı bacardığı işdir, onun aktyorluq məharəti diplomatiya səhnəsində daha rəngli effekt verdi.  Məlum oldu ki, deyilənlərin əksinə, Zelenski diplomatiyada nə naşıdır, nə səriştəsizdir, nə də bacarıqsızdır.  Zelenski Ağ Evin Oval Kabinetində Tramp və Vensi çilədən çıxarmaq və dünyaya rəsmi Vaşinqtonun Kremllə birlikdə olduğu, Putinlə birlikdə olduğu görüntüsünü daha effektiv şəkildə nümayiş etdirmək işinin öhdəsindən elə diplomatik incəliklə də gəldi.  Həmin görüşdən sonra, Tramp və komanda üzvlərinin reytinqi bilirsiz nə qədər aşağı düşüb? Dəhşətli dərəcədə eniş var. İctimai rəylə hesablaşmaq ənənəsinin olduğu demokratik Amerikada, bu, çox ciddi faktordur.  ABŞ-nin bir çox ştatlarında artıq insanlar küçələrə çıxaraq etiraz etməyə başlayıb. Tramp administrasiyasında yüksək post tutan insanlara qarşı qıcıq, təhqir və şiddət elementləri artıb. Xüsusilə, Respublikaçılar Partiyasının üstün olduğu ştatlarda bu cür ayaqlanmaların geniş vüsət alması sıradan hadisə deyil.  Ən son, Hollivudun məşhur "Oskar" mükafatının verilməsi tədbirinin açılışında və gedişində baş verənlər göz qabağındadır. Dünyaca məşhur aktyorlar hər fürsətdə prezident Trampı və onun komandasını ələ salmağı, məsxərəyə qoymağı adiləşdiriblər. İctimai-siyasi qınaq maksimum həddə çatıb.  İstər-istəməz bu, ABŞ-da ictimai-siyasi şüurlarda, fikir və qənaətlərdə dəyişimə təsir edən amillərdir.  Hətta, siyasi kuluarlarda artıq Tramp administrasiyasına qarşı başqa mövzuların müzakirəsi ciddiləşib. Bunlar arasında impiçment məsələsi də istisna edilmir.   Bu isə, əlbəttə, Ukrayna prezident Volodimir Zelenskinin əməyinin məhsuludur. Haqqını vermək lazımdır.  Ən son yayılan xəbərlər isə budur ki, Tramp administrasiyası Ukraynaya bütün hərbi yardımları dayandırıb. Əlbəttə, bütün bunlar Zelenskiyə təsir etmək və onun mövqeyində kardinal dəyişikliklərə nail olmaqdan ötrüdür.  Sabah Ukrayna hardansa yaxşı pul tapıb ABŞ hərbi sənaye korporasiyalarından silahları pulla almaq istəsə, nə olacaq? Tramp ABŞ-a yüz milyardlar qazandırmış hərbi sənaye baronlarının işinə müdaxilə edə biləcək? Kim şirkətlərinə milyardlarla qazanc gətirən müqavilələrdən imtina edər?  Hərbi yardımların dayandırılması və bu istiqamətdə aparılan sərt propoqanda, sərt piar işi bəlkə də çoxlarında məyusluq yaradır, amma bu işlər belə olmur və yaxında Ukrayna-Rusiya müharibəsi ətrafında dönən qlobal proseslər tamamilə qeyri-adi xətt tutacaq.  Ona görə tələsməyək. Yaxında, hətta kimsənin ağlının ucundan belə keçirə bilmədiyi hadisələrə şahidlik edəcəyik.   Səbr edək, təmkinlə prosesləri izləyək. Mirzə Rəşad Orbey, siyasətçi

Müəllimlərin sertifikasiyasında hansı mövzulardan suallar düşəcək?

Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.   Sozcu.az xəbər verir ki, fizika fənni üzrə sertifikatlaşdırma imtahanında ümumilikdə 3 mövzudan ibarət 50 sual təqdim ediləcək. Fizika müəllimləri Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər, həmçinin Eksperimental fizika və müasir həyat mövzularından hər birindən 15 sual, Fiziki hadisələr, qanun və qanunauyğunluqlar mövzusundan isə 20 sual cavablandırmalı olacaqlar.   Qiymətləndirmə çərçivəsinə əsasən, fizika müəllimləri üçün məzmun sahələri və müvafiq mövzular aşağıdakılardır:   Mexanika:   - Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət   - Çevrə üzrə bərabərsürətli hərəkət   - Nyuton qanunları   - Statikanın əsasları   - Ümumdünya cazibə qanunu, ağırlıq qüvvəsi   - Elastiklik qüvvəsi, çəki   - Sürtünmə qüvvəsi   - Bir neçə qüvvənin təsiri altında hərəkət   - İmpuls, enerji, saxlanma qanunları   - Mexaniki iş, güc   - Mexaniki rəqslər   - Mexaniki dalğalar   - Bərk cisimlərin, mayelərin və qazların təzyiqi   - Arximed qanunu   Molekulyar fizika: - Molekulyar kinetik nəzəriyyə   - İdeal qaz qanunları   - Termodinamikanın əsasları   - Doyan və doymayan buxar   - Bərk cisimlərin xassələri   - Mayelərin xassələri   Elektrodinamika: - Elektrik yükü, elektrik sahəsi   - Elektrostatik sahədə görülən iş   - Elektrik tutumu, elektrik sahəsinin enerjisi   - Sabit cərəyan qanunları   - Müxtəlif mühitlərdə elektrik cərəyanı   - Maqnit sahəsinin induksiyası   - Yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti   - Elektromaqnit induksiyası   - Maqnit sahəsinin enerjisi   - Elektromaqnit rəqsləri   - Elektromaqnit dalğaları   - Dəyişən elektrik cərəyanı   Optika: - Həndəsi optikanın qanunları   - Müstəvi və sferik güzgülər, linzalar   - Dalğa optikası   Kvant fizikası: - İşıq kvantları və fotoeffekt   - Atom fizikası   - Nüvə fizikası   - Elementar zərrəciklər və onların təsnifatı   Qeyd edək ki, test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).   Xatırladaq ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Bütün fənlər həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və digər bacarıqları praktik və situativ suallarla ölçülür.

Dəm qazından ölən şəhid anası bu xəstəxananın əməkdaşı imiş

Ötən gün  Vətən müharibəsi şəhidi Vahid Ağayevin ata və anası dəm qazından vəfat ediblər. Sozcu.az xəbər verir ki, şəhid anası Gülnaz Əliyeva Sabunçu Tibb Mərkəzinin əməkdaşı olub. O, Mərkəzin Cərrahi profilli reanimasiya şöbəsində çalışıb. Qeyd edək ki, şəhid Vahid Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bakıda 14, bölgələrdə 16 dərəcə isti - Sabahın HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Martın 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

ABŞ ordusu icazəsiz vuracaq - Trampdan yeni qərar

Tramp administrasiyası yüksək rütbəli hərbçilərə Ağ Evin icazəsi olmadan rəsmi olaraq terrorçu kimi təyin edilmiş hədəflərə qarşı hava hücumları ilə bağlı qərar qəbul etməyə imkan verən yeni qaydaları təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə “Militari Tayms” portalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat yayıb. “Terrorizmlə mübarizənin effektivliyini artırmaq üçün silahlı qüvvələrin qərarların qəbul edilməsində səlahiyyətlərinin və müstəqilliyinin genişləndirilməsi zəruri idi”, - mənbə bildirib.

ABŞ Kiyevlə kəşfiyyat mübadiləsini də kəsir?

Hazırda ABŞ tərəfindən Ukraynaya kəşfiyyat məlumatlarının verilməsində heç bir dəyişiklik baş verməyib. Bu, fərqli əməkdaşlıq xəttidir. Sozcu.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” hərbi-siyasi dairələrdəki mənbələrə istinadla məlumat yayıb. “Kəşfiyyat məlumatlarının ötürülməsinə və ya mübadiləsinə gəlincə, Ukrayna hakimiyyəti burada hələlik heç bir dəyişiklik hiss etməyib, hər şey əvvəlki kimidir”, - məlumatda qeyd olunub.

Şəhid ataları vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası vəfat edib. Şəhidin atası Dadaş Quliyev yaşadığı Salyan rayonunda dünyasını dəyişib. 1992-ci il təvəllüdlü Kamran Quliyev 2020-ci ilin oktyabrın 5-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Vətən müharibəsi şəhidi Xəqani Cəmillinin atası Mənsuz Cəmilov isə Yevlax rayonunda xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Xəqani Cəmilli də Füzuli döyüşlərində şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixdə həlak olub və ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Moskvada azərbaycanlı həmyerlisini güllələdi

Rusiyanın Moskva şəhərində atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, dünən günorta saatlarında paytaxtın Verxniye polya küçəsində azərbaycanlı olduqları bildirilən iki şəxs “Hunday” avtomobilinin içində mübahisə ediblər. Onlardan biri tapança ilə həmsöhbətinə bir neçə dəfə atəş açıb. Yaralı maşından düşüb bacarıb. Daha sonra o, xəstəxanaya çatdırılıb. Şübhəli şəxs Moskva polisi tərəfindən isti izlərlə saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, eyniadlı qəsəbədə baş verib. Burada evlərdən birində 46 yaşlı S. Lukoninin meyiti tapılıb. İlkin ehtimala görə, onun texniki spirtdən zəhərlənərək öldüyü güman edilir. Mərhumun meyiti tapılandan 3-4 gün əvvəl öldüyü bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam metil spirtindən zəhərlənərək ölüb.

Paşinyandan Tramp-Zelenski davasına REAKSİYA

Ermənistanın baş naziri Nokol Paşinyan Vaşinqtonda keçirilən və qalmaqalla yekunlaşan Tramp- Zelenski görüşü barədə danışmaq istəməyib. Sozcu.az xəbər verir ki, erməni jurnalistlər baş nazirdən hadisə ilə bağlı fikirlərini bölüşməyi istəyiblər. Nikol Paşinyan bu haqda danışmaq istəməyərək, “məsələ bizlik deyil” söyləməklə kifayətlənib.

Hakan Fidan İranı sərt tənqid etdi - Səfir XİN-ə ÇAĞIRILDI

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İranın regional siyasətini tənqid edib. Sozcu.az-ın məlumatına görə, bu barədə Fidan "Əl-Cəzirə" kanalına müsahibəsində danışıb. Fidan İranın bölgədə milislər vasitəsilə apardığı xarici siyasətin böyük risklər daşıdığını bildirib. Onun sözlərinə görə, Tehran bu siyasət nəticəsində müəyyən qazanc əldə etsə də, həmin qazancı qorumaq üçün daha çox itki verməli olub. Nazir İran rəsmilərinə, o cümlədən ABŞ tərəfindən öldürülən general Qasım Süleymaniyə bu siyasətin uzunmüddətli perspektivdə ölkə və region üçün ağır nəticələr doğuracağını söylədiyini qeyd edib. O vurğulayıb ki, artıq bölgədə hökmranlıq etmək dövrü bitməlidir və bütün ölkələr əməkdaşlığa əsaslanan siyasət yürütməlidir. Türkiyə XİN başçısı, həmçinin bir ölkənin başqa dövlətlərdəki silahlı qrupları dəstəkləyərək üstünlük qazanmağa çalışmasının əks təsir yaradacağını bildirib: "Əgər siz başqasına daş atırsınızsa, unutmayın ki, sizə də daş ata bilərlər." Fidan İranın İraq və Suriya siyasətinə də toxunub, Tehran rəhbərliyindəki ağıllı şəxslərin bu məsələyə sadəcə qazanc və itki prizmasından baxmayacaqlarına inandığını söyləyib. O, bölgədə sabitliyin yalnız birgə əməkdaşlıqla mümkün olduğunu vurğulayıb və köhnə hegemonluq düşüncələrinin tərk edilməsinin vacibliyini qeyd edib. Qeyd edək ki, Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirib. O qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər.  “Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”, - o bildirib. Baqai həmçinin vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, İran Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir və Ankara ilə bir sıra ortaq maraqlara malikdir. Ötən gün isə İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb. Martın 3-ü axşam saatlarında keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin son bəyanatlarına istinad edən Heydəri vurğulayıb: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.

KİV: Fransa Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib

Fransa avropalı tərəfdaşlarına Rusiyanın Ukraynada atəşkəsi pozacağı təqdirdə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Paris Rusiyanın aktivlərinin müsadirə olunmasından Ukraynanın təhlükəsizliyinin təminatı kimi istifadə etmək istəyir. Qəzet onu da əlavə edib ki, təklif Fransanın Avropadakı müttəfiqləri tərəfindən isti qarşılanıb, lakin tərəflər hələ də bu barədə razılığa gəlməyiblər.

ABŞ Kanada, Çin və Meksikanın 1,5 trilyon dollarlıq mallarına rüsumları tətbiq edir

ABŞ administrasiyası Kanada və Meksikadan faktiki olaraq bütün idxal mallarına 25 % rüsum tətbiq edir və Çindən gələn mallara tarifləri artırır. Sozcu.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, illik ifadədə ümumi dəyəri təqribən 1,5 trilyon dollar olan idxal məhsullarına rüsum tətbiq olunacaq. Qeyd olunur ki, 25 % dərəcəsi Kanadanın enerji məhsullarına təsir etməyəcək və 10 % rüsum tətbiq ediləcək. Amerika hakimiyyəti bütün bu tədbirləri Vaşinqtonun fikrincə, ABŞ-yə narkotiklərin və qanunsuz mühacirlərin qəbuledilməz axını ilə əlaqədar həyata keçirir. 2023-cü ildə ABŞ-nin Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə fentanilin həddindən artıq dozası nəticəsində ölüm nisbətinin 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artdığını bildirib. Mərkəz ABŞ-də hər il təxminən 100 000 amerikalının ölümünə səbəb olan kütləvi opioid epidemiyası ilə üzləşdiyini qeyd edib.

ABŞ Ukraynaya hərbi yardımı dayandırır - Təcili

Ağ Evin sözçüsü Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. "Prezident Donald Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün yardımımızı dayandırırıq və nəzərdən keçiririk", - Ağ Ev sözçüsü bildirib. 03:46 ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya yeni silah tədarükünü maliyyələşdirməyi dayandırıb və Amerika ehtiyatlarından silah göndərilməsinin dondurulmasını nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb. Maliyyələşdirmənin dayandırılması qərarı Tramp administrasiyası tərəfindən xarici yardımın ümumi dondurulması fonunda verilib. Lakin əsas silah təchizatı kanalının bağlanması ABŞ Prezidenti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən gərgin görüşdən bir neçə gün sonra baş verib. "Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna uzun müddət dözməyəcək!" - Tramp bazar ertəsi əvvəllər “Truth Social” sosial şəbəkəsində yazıb. Tramp özü də etiraf edib ki, ölkəsi Ukraynaya hərbi yardımı dayandıra bilər.

Merts: Tramp-Zelenski mübahisəsi qəsdən edilmiş gərginlik idi

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mübahisə, yəqin ki, təsadüf deyildi, bu, əvvəlcədən planlaşdırıla bilərdi. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xristian Demokratik İttifaq (XDİ) Partiyasının lideri Fridrix Merts bildirib. “Fikrimcə, bu, Zelenskinin bəyanatlarına kortəbii reaksiya yox, açıq-aşkar düşünülmüş eskalasiya idi”, - o deyib. Almaniyanın potensial gələcək kansleri deyib ki, o, dialoqun tonundan təəccüblənir və bu, işin xeyrinə kömək etmir. Merts qeyd edib ki, Tramp və Zelenski arasında belə bir mübahisə Amerika hökumətinin hazırkı davranışına uyğun idi. Xatırladaq ki, fevralın 28-də Zelenski ilə Trampın Vaşinqtonda görüşü zamanı Ukraynaya ayrılan hərbi yardımla bağlı onlar arasında mübahisə yaranıb. Bundan sonra Zelenski Ağ Evi erkən tərk edib. Eyni zamanda, Ukrayna və ABŞ daha əvvəl planlaşdırıldığı kimi nadir faydalı qazıntılar üzrə saziş imzalamayıb.

Bakıda şəhidin valideynləri faciəli şəkildə həlak oldu

Bakıda 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri həlak olublar. Sozcu.az xəbər verir ki, bu barədə Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb. Hadisə ötən gün axşam saatlarında, Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Şəhidin anası Gülnaz Abdullayeva və atası Məcnun Abdullayev dəm qazından ölüblər. Qeyd edək ki, 1996-cı il təvəllüdlü Vahid Ağayev 2020-ci ilin sentyabrın 29-da II Qarabağ müharibəsinə yollanıb. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. Şuşada şəhid olub. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.

Müsavat Partiyası Divanının iclası keçirilib

Martın 3-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib. Fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Bakıdakı “Ana harayı” abidəsini ziyarət ediblər. Həmin gün Müsavat Partiyası Sumqayıt təşkilatının təmsilçiləri Sumqayıt şəhərində Şəhidlər Xiyabanında Xocalı şəhidlərini anıblar. Martın 2-də mərhum jurnalist, “Monitor” jurnalının əfsanəvi baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 20-ci ildönümü ilə əlaqədar Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Elmar Hüseynovun məzarını ziyarət ediblər. Məclisin sədri Arif Hacılı qurumun komissiya sədrlərinin iclası barədə məlumat verib. Qanunsuz olaraq həbs edilmiş Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi barədə məlumat dinlənilib. Qeyd edilib ki,  vəkilləri məhkəmədən Tofiq Yaqubluya bəraət hökmü çıxarılmasını istəyiblər. Jurnalist Fatimə Mövlamlının  həbsi Azərbaycanda söz azadlığının boğulması istiqamətində növbəti qanunsuz addım kimi qiymətləndirilib. Kanal 13 internet televiziyasının direktoru Əziz Orucovun qanunsuz ev tikmək ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilməsi pislənilib. Siyasi motivlərlə həbs edilən bütün şəxslərin azad olunması və ölkədə repressiyaların dayandırılması bir daha tələb edilib. İclasda regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ötən həftə Vaşinqtonda keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında mübahisə mütərəqqi dünyada ciddi narahatlıq doğurub. Müsavat Partiyası ümid edir ki, Ukrayna xalqının öz suverenliyi və ərazi bütövlüyü uğrunda haqlı mübarizəsinə Avropa İttifaqı, Türkiyə,  Böyük Britaniya və Kanada ilə yanaşı, ABŞ administrasiyası da sonadək dəstək verəcək. Sonda cari məsələlər müzakirə olunub.

Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə apardı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Qvi-Yop Son X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Britaniya Ukrayna səmasını bağlamağa hazırdır

Böyük Britaniya sülh razılaşmasını təmin etmək üçün Ukrayna üzərində hava məkanını bağlamağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu Britaniya Baş naziri Keyr Starmer deyib. Onun sözlərinə görə, bəzi Avropa ölkələri artıq təcili olaraq sülhməramlı missiyanın planlaşdırılmasını gücləndirirlər.

Başçının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və onunla birgə mühakimə olunan Təranə Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər iştirak etməyib. Hakim bildirib ki, bu səbəbdən proses təxirə salınır. Məhkəmənin növbəti iclası aprelin 20-da davam edəcək. Qeyd edək ki, bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılan Vəfa Allahverdiyeva tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir. İttihama görə, təqsirləndirilən xanımlar Cavanşir Məmmədəliyevi ədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Sabiq müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində polis nəzarətiinə vermə qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Vəfa Allahverdiyeva əvvəllər Gədəbəy Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.

Müəllimlərə pul yığılması yolverilməzdir - Rəsmi XƏBƏRDARLIQ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrə təlimat göndərib, müvafiq tapşırıqlar verib.  Sozcu.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.  Qeyd olunub ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məlumata görə, məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

Prezidentin yüksək vəzifə verdiyi 37 yaşlı şəxs kimdir?

Xəbər verdiyimiz kimi, dövlət başçısının müvafiq sərəncamı ilə Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib. Sozcu.az xəbər verir ki, Ş.Babayev 1988-ci ildə anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb. Bundan başqa, Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür. Bildirilib ki, Ş.Babayev əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib. Ş.Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olub.

“Qadınlara boşanmağa stimul verən alimentdir”

“Bu gün boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarının olmasıdır”. Sozcu.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib. “Qadınlara stimul verən alimentdir. Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınlar ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram.  Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib. Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın”, - deyə, millət vəkili bildirib.