Bayden və Makron bu gün görüşəcək

İyunun 8-i ABŞ Prezidenti Co Bayden ilə Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, prezidentlər görüş zamanı Qəzza və Ukrayna məsələsi də daxil olmaqla bir sıra regional və qlobal məsələləri müzakirə edəcəklər. Tərəflər Kiyevə kömək məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə planı ilə bağlı hələlik razılığa gəlməsələr də, ölkələrinin Ukraynaya dəstəyinə söz veriblər. Bayden və Makronun NATO-nun gücləndirilməsi mövzusunu da müzakirə edəcəyi gözlənilir.

Bakıda oğul atasını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub. Sozcu.az Lent.az -a istinadla xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb. 25 yaşlı Ömər Soltanovla yaşadıqları evdə atası Famil Soltanov arasında münaqişə yaranıb. Münaqişə zamanı oğul atasına bıçaqla zərbə endirib. Daxil olan məlumat əsasında polis əməkdaşları hərəkətə keçiblər. Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ö.Soltanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qəzzada ölən fələstinlilərin sayı 36,8 min nəfəri keçib

İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 36 min 800-ü keçib. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən ilin oktyabr ayının əvvəlindən İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 36 min 801 nəfərə çatıb, 83 min 680 nəfər isə yaralanıb. Məlumata görə, son 24 saat ərzində İsrail hərbçilərinin fəaliyyəti nəticəsində 70 fələstinli ölüb, daha 150 nəfər isə yaralanıb.

Bu rayonlarda şimşək çaxır, güclü yağış yağır

11:13 İyunun 8-i saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazda yağıntılar leysan xarakterli intensiv olub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Zaqatalada 85 mm, Qaxda 65 mm, Şəkidə 33 mm, Balakəndə 21 mm, Gədəbəydə 12 mm, Tərtərdə 9 mm, Şahdağ, İsmayıllı, Qəbələ, Oğuz, Daşkəsən, Quba, Qusar, Qrız, Şamaxı, Xınalıq, Xaltan, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Kürdəmir, Goranboy, Naftalanda 4 mm-dək olub. İyunun 07-si saat 19:55 radələrində Zaqatala rayonu Kəbalaba kəndinə diametri 8 mm, Zaqatala rayonuna saat 20:20 radələrində 13 mm, Zaqatala rayonu Axaxdərə kəndinə isə 30 mm olan dolu düşüb. Şimal-şərq küləyi arabir Zaqatalada 23-28 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 36, Aran rayonlarında 39 dərəcəyədək, dağlıq rayonlarda 22-27 dərəcə isti olub. *** İyunun 8-i saat 17:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 8-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Qrız, Şahdağda duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 32, Aran rayonlarında 34, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub. *** İyunun 8-də saat 17:00-a olan məlumata əsasən, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Qrız, Şahdağda duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32°, Naxçıvan Muxtar Respublikasında 32°, Aran rayonlarında 34°, dağlıq rayonlarda 17°-dək isti olub.

İsveçrə Ukrayna üçün 60 milyon ayırdı

İsveçrə Federal Şurası Ukraynaya 60,52 milyon avro (58,7 milyon İsveçrə frankı) ayırmaq qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, maliyyə yardımı 4 il ərzində həyata keçiriləcək. “2024-2028-ci illər ərzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Ukrayna üçün 58,7 milyon İsveçrə frankı ayıracaq”, - məlumatda deyilir. İsveçrə 11-12 iyun tarixlərində Berlində keçiriləcək Ukraynanın Yenidənqurulması Konfransında yardımı rəsmi şəkildə elan edəcək.

Ərdoğanı belə qarşılayacağam, bunu tələb etdik – Özəl

CHP sədri Özgür Özəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qurban bayramından əvvəl planlaşdırılan görüş barədə danışıb. Sozcu.az xəbər verir ki, partiya sədri bu barədə ölkə mediasına açıqlama verib. “Masanın yanında iki oturacaq olacaq. Prezident Türkiyə bayrağı tərəfdə, mən isə CHP bayrağının olduğu tərəfdə əyləşəcəyəm. Prezident gəldiyi üçün Türkiyə bayrağında prezident nişanı olacaq. Qanuna əsasən belə bayraq tələb etdik. Ən fundamental qazanc əldə olunub, onu itirmək olmaz. Əl sıxışmaq, müzakirələr aparmaq lazımdır”, - Özəl bildirib.

Rusiyanın itkiləri 518 minə yaxınlaşır

Ukrayna müharibənin 836-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 517 290 hərbçi, 7 843 ədəd tank, 15 105 ədəd zirehli döyüş maşını, 13 533 ədəd artilleriya sistemi, 1 095 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 834 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 484 ədəd avtomobil texnikası, 10 945 ədəd PUA, 2 277 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 248 xüsusi avadanlıq itirib.

Obrayen İrəvana gəlir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen 10-12 iyun tarixləri arasında Ermənistana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Səfər çərçivəsində C.Obrayen Ermənistan rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Eyni zamanda o, İrəvan və Bakı arasında sülh müqaviləsi məsələləri barədə fikir mübadiləsi aparacaq.

“Maşın alverçisi” 15 nəfərin 60 min manatını mənimsədi

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində vətəndaşları aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Azər Əliyev saxlanılıb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Adıçəkilən şəxs avtomobil elanı saytlarında müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək dəyərindən ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Ona zəng edən vətəndaşlara "beh" göndərmələri üçün bank hesab nömrəsini təqdim edib, pulları əldə etdikdən sonra isə telefon zənglərinə cavab verməyərək əlaqəni kəsib. Ümumilikdə 15 zərərçəkəni aldadan A.Əliyev onların 60 000 manata yaxın pulunu ələ keçirib. Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Türkiyədə əməliyyat: 4 mafiya lideri saxlanıldı

Türkiyə polisi beynəlxalq narkotik ticarəti və 4 ayrı mütəşəkkil cinayət qruplaşmasına qarşı “Quyu-4” əməliyyatlarını keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib. “Əməliyyatlar çərçivəsində mütəşəkkil cinayət qruplaşmaların liderləri – Mərt (Orxan) Ünğan, İbrahim Qurdar, Aydın Razaki, və Rəcəb Özyıldız saxıanlıb”, - nazir bildirib.

"Avrointeqrasiya Azərbaycan xalqının tarixi seçimidir" - Arif Hacılı

Bu günlərdə yaradılmasının 106 illiyini Müstəqillik Günü, dövlət bayramı kimi qeyd etdiyimiz Azərbaycan Xalq Cümhiriyyəti dövlət quruculuğu siyasətində xalqımızın gələcək inkişafı və milli mənafelərimiz naminə avrointeqrasiya xəttini əsas götürürdü.  1991 ci il oktyabrın 18 də Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” na görə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.  Bu sənədin əsas müddəaları sonradan ümumxalq referendumu vasitəsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyana daxil edilib.  Avrointeqrasiya xəttinin milli mənafelərimizi əks etdirən əsas siyasi istiqamət olduğu həm ölkə Konstitusiyasında, həm də “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası” nda öz əksini tapıb.  Milli bayrağımızın üç rəngirdən biri belə seçdiyimiz bu yolun simvoludur.  Demokratik azadlıqlar və insan haqlarına, bərabər imkanlar prinsipinə əsaslanan bu yol M.Ə. Rəsulzadə və onun silahdaşları tərəfindən irəli sürülərək xalqın iradəsi ilə qəbul edilmiş, 70 illik fasilədən sonra Ə. Elçibəyin, onun silahdaşlırının təşəbbüsü və təşkilatçılığı, xalqın iradəsi ilə yenidən bərpa olunmuş bir yoldur.  Avrointeqrasiya Azərbaycan xalqının tarixi seçimidir və bu seçimi xalqın iradəsinin ziddinə olaraq heç kim dəyişdirə bilməz❗️ Arif Hacılı, Müsavat Partiyası Məclis sədri

İstirahət mərkəzinə gedən avtobus qəzaya düşdü: ölənlər var

Cəlilabadda dəhşətli yol qəzası baş verib. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb. Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul etdi

Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.

İsti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi muxtar respublika ərazisində isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, 6-7 iyun tarixlərində Naxçıvan şəhərində və Şərur rayonunun Arazboyu düzənlik ərazilərində havanın temperaturunun 34-38 dərəcə isti olacağı gözlənilir. Muxtar respublika ərazisində gözlənilən yüksək temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil. Qeyd edək ki, 8-9 iyun tarixlərində isə muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Bakı metrosunda bunu da ETDİLƏR - FOTO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub. Bakı metrosunda vaqonda stul qoyub oturan gənc diqqət çəkib. Onu digər sərnişinlər mobil telefonla lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

"Onlar portaldan icazə alır”-günorta saatlarında şəhərdə hansı yük maşınları hərəkət edə bilər?

“Günün müəyyən saatlarında yük avtomobillərinin şəhər mərkəzində hərəkəti məhdudlaşdırılıb. Yalnız axşam saat 10-dan sonra şəhərə girə bilirlər. Səhər saat 7:30-dan axşam saat 10-na qədər şəhərdə olmalı deyillər. Əgər olarlarsa bu artıq qanun pozuntusudur” Bunu Moderator.az-a açıqlamasında ekspert Elməddin Muradlı deyib. O daha sonra bildirib ki, burada da istisnalar var. “Şəhərdə gördüyünüz yük maşınları isə xüsusi icazə ilə, portal vasitəsilə hərəkət edir. Bura bəzi şirkətlər, müəssisələr və idarələrin bəzi avtomobilləri daxildir. Başqa hallarda onların şəhərdə hərəkəti qayda pozuntusu sayılır, nəqliyyat vasitəsi saxlanılır, duracağa qoyulur. Yalnız axşam saat 10-dan sonra sürücü gedib maşını götürə bilər. Nişanın tələbini pozub şəhərə girdiyinə görə isə 40 manat məbləğində cərimə olunurlar” deyə ekspert bildirib.

Ərdoğan Akşenerlə görüşdü - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ partiyanın keçmiş sədri Meral Akşeneri qəbul edib. Sozcu.az xəbər verir ki, görüş dünən baş tutub. 40 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib. Görüşdən sonra açıqlama verilməyib. Qeyd edək ki, Meral Akşener İYİ Partiyasının qurucusu və ilk sədridir. O,  aprel ayının əvvəlində partiya sədrliyinə namizəd olmayıb.

Xaricdə təhsil alan daha 55 nəfərin diplomu tanınmadı

May ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Sozcu.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan ixtisas səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, dövlət nümunəli olmayan diplom səbəbilə 2, təhsil forması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 264, Ukraynadan 243, Türkiyə Respublikasından 118, Belarus Respublikasından 63, Gürcüstandan 29, Birləşmiş Krallıqdan 28, Çin Xalq Respublikasından 9, Macarıstandan 9, Polşa Respublikasından 6, Qazaxıstan Respublikasından 6, Amerika Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 5, Niderland Krallığından 5, Çex Respublikasından 3, Almaniya Federativ Respublikasından 2, Fransa Respublikasından 2, Özbəkistan Respublikasından 2, Türkmənistandan 2, Avstraliya İttifaqından 1, Avstriya Respublikasından 1, Banqladeş Xalq Respublikasından 1, Belçika Krallığından 1, Estoniya Respublikasından 1, İran İslam Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, İsveçrə Konfederasiyasından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38, tibb üzrə 32 müraciətçi qeydə alınıb.

Müsahibədən keçə bilməyən müəllimlərin sayı AÇIQLANDI

Ötən il müəllimlərin işə qəbulu müsabiqəsində 30 müəllim müsahibə mərhələsindən keçə bilməyib. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada deyib. O bildirib ki, müsahibə mərhələsindən keçə bilməyənlərin əksəriyyəti orta yaş qrupuna aid təhsilverənlərdir. Eşqi Bağırov adətən gənc namizədlərin müsabiqədə uğurlu nəticə göstərdiyini vurğulayıb: "Burada aydın görünən problem öyrətmə metodu ilə bağlıdır".

Agentlikdən yaşı 65-dən yuxarı olan müəllimlərə XƏBƏRDARLIQ

Çalışma yaş həddi əmək müqaviləsinə xitam verilməsi üçün əsas verir. Lakin onların əksəriyyəti peşəkar müəllimlərdir. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sesiyada deyib. O bildirib ki, bir çox hallarda yaşı 65-dən yuxarı olan müəllimlər əmək müqaviləsinin uzadılması üçün müraciət edirlər: "65 yaşdan yuxarı olan müəllimlər üçün sertifikasiya könüllü olduğu üçün qeyd edim ki, onların əgər sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq".

Ukrayna bu neft zavodunu üçüncü dəfə vurdu

Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərində neft emalı zavodunda partlayışlar olub və güclü yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumatı Rostov vilayətinin qubernatoru Vasili Qolubev də təsdiqləyib və bildirib ki, “Novoşaxtinsk” neft emalı zavodu Ukrayna PUA-ları tərəfindən vurulub: “PUA hücumu nəticəsində “Novoşaxtinsk” neft emalı zavodunda yanğın baş verib. Aidiyyəti qurumlar hadisə yerindədir. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir”. Qeyd edək ki, bu, Ukrayna PUA-larının “Novoşaxtinsk” neft emalı zavoduna üçüncü zərbəsidir.

İsrail Livanı vurdu: Çoxlu itki var

İyunun 6-na keçən gecə İsrail ordusu Livan boyu bir neçə hədəfə zərbələr endirib, nəticədə çoxlu itki var. Sozcu.az xəbər verir ki, bu barədə “Al Mayadin” məlumat yayıb. “Livanın cənubundakı Vadi Hilo bölgəsində yuyucu toz fabrikinə zərbə nəticəsində 4 nəfər yaralanıb. Bundan bir neçə saat əvvəl Livanın cənubundakı Bint-Ceybel şəhəri yaxınlığında Beyt Yahunuya edilən hava hücumu nəticəsində isə 7 nəfər yaralanıb. İsrail aviasiyası Siddiqin, Adçit, Odayse və Kunin şəhərlərini də hədəf alıb”, - məlumatda deyilir.

Bu gün faciəli şəkildə həlak olan hərbçimizin FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nürəddin oğlu Əhmədovun paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. Faciəli şəkildə həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçumuzun fotoları yayılıb. Sozcu.az Oxu.Az-a istinadən həmin fotoları təqdim edir:

Nəcməddin Sadıkovun oğlunun şəriki məhkəməyə verildi - STOP QOYULUR

Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlunun biznes ortağı Akimov Kamal Akimoviç məhkəməyə verilib. Sozcu.az-ın məlumatına görə, onun sahibi olduğu “Keystone” şirkətinin dövlət büdcəsinə vergi borcları yaranıb. Lakin o, nəzərdə tutulan vaxt ərzində həmin borcları ödəməyib. Nəticədə K. Akimoviç barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. İddia tərəfi isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir. Dövlət qurumu borclar ödənmədiyi təqdirdə Akimovun Azərbaycandan kənara çıxışına məhdudiyyət qoyulmasını xahiş edib. Qeyd edək ki, uzun illərdir mətbuatda Kamal Akimoviç Akimovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır. Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir. (lent.az)