Türkiyədə 2 hərbçi qızdırmadan öldü

Türkiyədə İsgəndərun Dəniz Alay Təlim Komandanlığında ibtidai hərbi hazırlıq keçən 7 hərbçi qızdırma səbəbindən xəstəxanaya yerləşdirilib, onlardan ikisi bu gün vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, digər 5 nəfərin müalicə davam etdirilir.

HƏMAS razılığa gəlmək istəmir, liderləri də... - Tramp

HƏMAS atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəlmək istəmir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, HƏMAS liderləri təqib edilməlidirlər. Qeyd edək ki, ötən gün həm ABŞ, həm də İsrail Qətərdə HƏMAS-la danışıqlar aparan vasitəçiləri geri çağırıb.

Ruhunuz şad olsun, dövlət quran babalarımız

Bir yaz günü Kəlbəcərə gedirdim. Tərtərdən Ağdərəyə keçəndə, yolun kənarından bir az aralıda, yeni tikilən bir evin həyətində yaşlı bir kişinin böyük bir həvəslə ağac əkdiyini gördüm. Maşını saxlayıb bir müddət onu izlədim. Əlləri torpağa bulaşmışdı, amma üzündə qəribə bir rahatlıq, bir sevinc vardı. Yaxınlaşıb dedim: – İçin avand olsun, əmi. O da gülümsəyərək cavab verdi: – Çox sağ ol, bala. Keç bəri, gedək evə, qonağım ol. Təşəkkür edib, maraqla soruşdum: – Əmi, Allah sizə ömür versin, çox həvəslə ağac əkirsiniz. İnşallah, bəhrəsini görərsiniz. Ağsaqqal dayanıb mənə baxdı. Gözlərində dərin bir fikir vardı. Sakitcə dedi: – Bala, bu yurdu övladım üçün qururam. Bu ağacları da onun və onun övladları üçün əkirəm. Bax o çinarları yurdun kənarına əkirəm ki, bir neçə nəsil onların kölgəsində oturub mənim ruhuma dua etsin. O an hiss etdim ki, bu sadə ağsaqqal dediyi sözlə bir fəlsəfə, bir həyat anlamı söylədi. Onun dediklərini yazı ilə ifadə etmək çətindir. Hər sözündə bir nəsil, dərin bir məna yatırdı. Dövlət də həmin o çinar kimidir. Onu əkənlərin çox zaman ömrü kölgəsində sərinləməyə çatmaz. Amma nəsillər onun bəhrəsini görər. Bəziləri anlayar, bəziləri isə “belə ağac əkərlər? ” deyə, qınayar... Dövlətin nə olduğunu həqiqətən anlayan, onun varlığı üçün canını fəda edən insanlar bilirlər ki, bəzən qurduqları dövlətin nemətini görməyə ömürləri çatmayacaq. Bəlkə də adı onların, dadı başqalarının olacaq. Amma yenə də canla-başla qururlar o dövləti. Həyatlarını, nüfuzlarını, bəzən də ailələrini övladlarını qurban verirlər. Çünki dövlət beş illik, on illik söyüd ağacı deyil. Dövlət yüz illər, min illər üçün qurulan yurddur. Bu kişilər nə qurduqlarını çox gözəl bilirlər.  O, fədakar insanlar bilirlər ki, dövləti risqə atmadıqları üçün  cəmiyyət onları anlamayacaq, hətta bəzən daş-qalaq edəcəklər. Amma onlar yenə də "təki dövlət yaşasın" deyib, sinələrini daşların qabağına verirlər. Əbülfəz Elçibəy kimi... Bu gün anlayanlar da var, hələ düzgün başa düşməyənlər də. Amma əminəm ki, çox tezliklə bu xalq o çinarların kölgəsində oturub “ruhunuz şad olsun, biz sizi anlamamışıq, dövlət quran babalarımız” deyəcəklər. Onu da deyim ki, yol kənarında əkilən çinarları quruduğunu görüb, onların dibinə su tökməyən hər kəs, çinarların qurumasında günahkardır.   Ruhunuz şad olsun, dövlət quran babalarımız. Elşən Əlisoy, "Sozcu.az" saytının rəhbəri

Şamaxıda ana və qızını maşın vurdu

Şamaxıda magistral yolun şəhər ərazisindən keçən hissəsində yol qəzası olub. Sozcu.az xəbər verir ki, maşın yolu keçmək istəyən piyadalar 46 yaşlı Kəmalə Rəfiyeva və onun 18 yaşlı qızı Leyla Rəfizadəni vurub. Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyadalar şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

20 yaşlı oğlan kanalda batdı

Sabirabadda 20 yaşlı oğlan kanalda batıb. Sozcu.az xəbər verir ki, hadisə Qaragüney kəndində qeydə alınıb. Kənd sakini Səfərağa Musayev suvarma kanalında boğulub.  Hazırda onun axtarışları davam edir. 

Sənədi var, amma satıla bilməz – Bu torpaq elanlarına ALDANMAYIN!

“Bəzən torpaq sahələrinin qeydiyyatında və hüquqi sənədləşmələrində ciddi uyğunsuzluqlar müşahidə olunur. Bu uyğunsuzluqlar, əsasən, illər öncə aparılmış natamam və ya qeyri-dəqiq sənədləşmələrin nəticəsində meydana çıxır. Vaxtilə buraxılmış texniki qüsurlar bu gün torpaq sahələrinin yenidən araşdırılmasına və təkrar yoxlanmasına səbəb olur. Məhz bu səbəbdən bir çox vətəndaşın əlində olan torpaq sənədləri, torpağın faktiki mövcudluğu ilə uyğun gəlmir və nəticədə ciddi narazılıqlar yaranır”. Bu fikirləri Yenisabah.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib. Qeyd edib ki, bəzi hallarda kadastr sənədləri vətəndaşlara verilsə də, həmin sənədlərdə koordinatların yanlış göstərilməsi, ölçülərin qeyri-dəqiq olması və torpağın yerləşdiyi real coğrafi mövqeyin düzgün müəyyənləşdirilməməsi nəticəsində ərazilərdə 200-400 metrə qədər fərq qeydə alınır: “Bu cür uyğunsuzluqlar, əsasən, köhnə sənədlərdə daha çox müşahidə olunur. Nəticədə bir çox ərazidə torpaq sahəsi kiçik olsa da, həmin sahəyə bir neçə vətəndaşın iddiası yaranır, çünki torpağın sərhədləri bir-birinin ərazisinə düşür. Belə vəziyyətlərdə torpaq sahiblərinin hüquqları pozulur, bəzən isə bir şəxsin torpaq sahəsi həm yola, həm də qonşulara aid ərazilərə düşür.  Bu cür hallarla qarşılaşan vətəndaşlar aidiyyəti qurumlara müraciət etdikdə, onlara bildirilsə də ki, məsələ araşdırılır və uyğunsuzluq var, praktiki olaraq bu işlər illərlə uzanır və problem öz həllini tapmır. Ərazilərin yenidən ölçülməsi, kadastr xəritələrinin yenilənməsi və müvafiq hüquqi dəqiqləşdirmələrin aparılması isə kifayət qədər vaxt və resurs tələb edir”. E.Azadov vurğulayıb ki, bəzi hallarda torpaq sahələrinin koordinatları o qədər uyğunsuzluqla göstərilib ki, nəticədə həmin sahələr faktiki olaraq bir neçə kilometr sürüşmə ilə başqa bir əraziyə düşür: “Bu sürüşmə torpaq sahəsinin yolun kənarında, meyilli ərazidə və ya çətin relyefli yerdə yerləşməsinə görə daha da dəyişkən ola bilir. Belə hallarda 4-5-6 sotluq fərdi sahələrin sərhədləri bir-birinin ərazisinə qarışır, bəzən isə tamamilə digər şəxslərə məxsus torpağın üzərinə düşür. Bütün bu səbəblər nəticəsində bir çox vətəndaşlar aldıqları torpaq sahəsində ev tikmək, sənədləşmə işlərini tamamlayaraq hüquqi mülkiyyətlərini rəsmiləşdirməkdə ciddi çətinliklərlə qarşılaşırlar. Bu isə onların illərlə yığdığı vəsaiti risk altına atır, eyni zamanda sosial və hüquqi münaqişələrin yaranmasına səbəb olur”.

Məhbus azərbaycanlı alim yoxa çıxdı

Tehrada həbsdə saxlanılan İsveç-İran ikili vətəndaşı Əhmədrza Cəlali barədə 1 aydır məlumat əldə etmək mümkün olmayıb. Sozcu.az xəbər verir ki, bu haqda onun həyat yoldaşı Vida Mehranniya özünün X səhifəsində paylaşım edib. Əhmədrza barədə son dəfə 1 ay əvvəl məlumat əldqılarını deyən Mehranniya Tehran hökumətinin alimə qarşı münasibətini qeyri-insani adlandırıb: “Onun taleyi barədə suallarımz qarşısındakı bu susqunluq qəddar və qeyri-insanidir. Cavab tələb edirik: Əhməd Rza haradadır? O necədir?” Tehranın Evin həbsxanasında saxlanılan Ə.Cəlali iyunun 23-də İsrailin həbsxananın inzibati binasına zərbəsindən sonra oradan naməlum yerə köçürülüb. Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən təsdiq olunub.

Universitetlərdə təhsil haqqı artırılır? - Rəsmi cavab

Təhsil haqlarının artırılması ilə bağlı hər hansı məsələ hazırda gündəmdə deyil. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, təhsil haqları Nazirlər Kabinetinin müvafiq qərarı əsasında təsdiqlənir.

Göranboyda öldürülən ana və qızının FOTOSU

Xəbər verdiyimiz kimi, Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində iki qadın - 1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızı bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən Lalə İsmayılovanın 15 yaşlı S.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib. Bakupost.az qətlə yetirilən ana və qızının fotosunu təqdim edir.

Goranboyda məktəbli anasını və nənəsini öldürdü

Goranboyda iki qadın qətlə yetirilib. Sozcu.az bildirir ki, "Unikal"ın məlumatına görə, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində baş verib. İki qadın - 1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızı bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qətli törədən şəxs tutulub. Belə ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? - AÇIQLAMA

Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq. Amma sənədsiz evlərin leqallaşdırılması bəzi tikililərə şamil olunmayacaq. Belə ki, bəzi sənədsiz evlər yüksək təzyiqli qaz kəmərlərinin, neft boru xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında yerləşir. Həmçinin, sənədi olmayan, dövlət və ya bələdiyyə torpaqlarının zəbt olunması yolu ilə inşa edilən evlərin də qeydiyyatı mümkün deyil və bu tikililərə hüquq tanınmayacaq.  Bəs görəsən, bu evlərlə bağlı hansı addımlar atıla bilər? Sozcu.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Unikal"a açıqlamasında bildirib ki, yaxın gələcəkdə bələdiyyə və digər qurumların ayırdığı torpaqlarla bağlı problemlər öz həllini tapacaq.  Onun sözlərinə görə, ilkin mərhələdə fərman təxminən 2000-ci ilin əvvəllərinə qədər ayrılmış torpaq sahələrində tikilən evlərə şamil olunur: "Yəqin ki, növbəti mərhələdə bələdiyyə və digər təyinatlı torpaqlarla da bağlı olacaq. Bəzi ərazilər var ki, oralar qadağan olunub. Qadağan olunmuş ərazilərdə inşa olunmuş yaşayış evlərinə çıxarışların verilməsi mümkünsüzdür. O zamana qədər ki, həmin əmlak üzərindən qadağan olunma statusu götürülsün. Yəni, əmlak üzərindən hər hansı yüksək gərginlikli elektrik naqilləri və yaxud digər kommunikasiya xətləri keçirsə, onların yeri dəyişdirilərsə, bu halda əmlaklar çıxarışla təmin oluna bilər. Əks halda onlara çıxarışların verilməsi mümkün deyil. Ən böyük problemlərdən biri də neft ərazilərində tikilmiş fərdi yaşayış evləri ilə bağlıdır. Onlar neft buruqlarının ətrafında olduğuna görə bu tip ərazilər çıxarışla təmin oluna bilməyəcək. Bu da böyük sayda əmlakları özündə əks etdirir. Düşünürəm ki, gələcəkdə bununla bağlı hər hansı tədbirlər planı görülə bilər. Ya həmin əmlakların sökülməsi və yaxud çıxarış verilməsə də, vətəndaşlara yaşamaq hüququ verilərsə, yaşama hüququ bir sənəddir. Vətəndaş həmin sənədlə ən azından qeydiyyat və digər problemlərini həll edə bilər".

Müharibə 2034-cü ilədək uzanacaq - Zalujnı

Mövcud hərbi strategiya dəyişməz qalsa, Rusiya ilə Ukrayna arasında müharibə 2034-cü ilə qədər uzana bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna ordusunun keçmiş baş komandanı, ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə - tükənmə mərhələsinə qədəm qoyub: “Ukrayna müharibənin yeni mərhələsinə qədəm qoyub, uzunmüddətli müdafiənin qayğısına qalmasaq, silahlı qarşıdurma onilliklərlə davam edə bilər. Ukrayna müdafiə strategiyasını və resursların səfərbər edilməsinə yanaşmalarını dəyişməsə, müharibə 2034-cü ilə qədər davam edə bilər”.

Uşaqlar arasında yayılan xəstəliklər... - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, nazirlikdən APA-ya bildirilib ki, hazırda ölkə üzrə yoluxucu xəstəliklərlə bağlı səhiyyə müəssisələrinə edilən müraciətlərin sayında nəzərəçarpacaq artım qeydə alınmayıb. Bildirilib ki, uşaqlarda rast gəlinən hallar əsasən, yüngül simptomlarla müşayiət olunur və qısa müddətdə sağalma ilə nəticələnir: “Dövlət Sanitariya Nəzarəti müəssisələri epidemioloji durumu daim nəzarətdə saxlayır və zəruri profilaktik tədbirlər görülür. Valideynlərdən xahiş olunur ki, uşaqların gigiyenası, qidalanması, uzun müddət qızmar günəş altında qalmasına və immun sistemini dəstəkləyən rejimlərinə diqqət yetirsinlər”. Qeyd edək ki, bir müddətdir uşaqlar arasında yüksək qızdırma, halsızlıq, iştahasızlıq müşahidə olunur.

Rusiyada təyyarə qəzası: Axtarışlar başladı

Amur vilayətində baş verən təyyarə qəzasından sonra "Anqara" aviaşirkətində axtarışlara başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko məlumat yayıb. O bildirib ki, müstəntiqlər qəzanın baş verdiyi ərazidə işləyir, hava nəqliyyatı təşkilatlarında axtarış və sənədlərin müsadirəsini həyata keçirirlər. Qeyd edək ki, bu gün An-24 təyyarəsinin qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 49 nəfər – 43 sərnişin, 6 heyət üzvünün hamısı həlak olub.

Suriyada dəhşətli partlayış: ölənlər var

15:29 Suriyanın İdlib şəhərində güclü partlayış baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, ən azı 70 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, "Əl-Ərəbiyyə" mənbələrinin məlumatına görə, partlayış Maarrat Misrin bölgəsində baş verib. Partlayışın səbəbi hələ müəyyən edilməyib. Bəzi mənbələrə görə, partlayış silah anbarına PUA hücumunun nəticəsidir. *** Suriya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İdlib vilayətinin şimal kənarında yerləşən Maarrat Misrin kəndi yaxınlığındakı sursat anbarında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 116 nəfər yaralanıb.

İki ölkə arasında toqquşma - Əhaliyə çağırış edildi

Kamboca hakimiyyəti Tailandla hərbi toqquşmadan sonra Oddarmeantyey əyalətindən təxminən 5 min nəfəri təxliyə edib. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Əhaliyə sərhəddən ən azı 50 kilometr uzaqlaşmaq tövsiyə edilib. Qeyd edək ki, iki ölkə arasında münasibətlər mübahisəli ərazilərdə baş verən toqquşmalardan sonra gərginləşib.

Sabah bütün sosial müavinətlər ödəniləcək

İyulun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Temperatur enəcək, leysan yağış yağacaq - Sabahın havası

Azərbaycanda iyulun 25-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhərdən bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.

Rusiyada qəzaya uğrayan təyyarədəki 49 nəfərin hamısı ölüb – Yenilənib

Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsi zərbə zamanı yanıb və təyyarəsinin bütün sərnişinləri, həmçinin ekipaj üzvləri həlak olub. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bu barədə Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yanan təyyarənin qalıqları “Mi-8” helikopterinin ekipajı tərəfindən Tında şəhərindən 16 km aralıda, Kuvıqta kəndi istiqamətində, dağın yamacında aşkar edilib. Təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib. ***10:56  Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğradığı yer tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. “Axtarış tədbirləri zamanı Federal Hava Nəqliyyatı Agentliyinin Mi-8 helikopteri yanan təyyarənin gövdəsini aşkar edib. Xilasedicilər hadisə yerinə getməyə davam edir”, - məlumatda deyilir. ***10:25 Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqə kəsilib. Sozcu.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, “Anqara” aviaşirkətinin “An-24” təyyarəsi Tında hava limanından bir neçə kilometr aralıda radardan itib. Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin, o cümlədən 5 uşaq və 6 ekipaj üzvü var. “Blaqoveşenskdən Tındaya uçan “An-24” sərnişin təyyarəsi bu gün radarlardan itib. İlkin məlumatlara görə, göyərtədə 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü olub. Təyyarənin axtarışı üçün bütün lazımi qüvvə və vasitələr cəlb olunub”, - qubernator “Telegram” kanalında yazıb. Rusiya Fövqəladə Hallar Nazirliyi də Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqənin kəsildiyini təsdiqləyib. Təyyarənin axtarışı üçün xilasedicilər göndərilib. Pilotlar havada problem olduğuna dair heç bir siqnal verməyiblər.

Rusiyanın Ermənistana hücumu kəskinləşdi: Qaz nəqli dayandı

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təbii qazın nəqli 60 saat müddətinə, yerli vaxtla iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək dayandırılacaq. Qaz nəqlinin dayandırılmasına “Şimali Qafqaz - Zaqafqaziya” magistral qaz kəmərinin Gürcüstan ərazisindən keçən “Qazax-Sağuramo” hissəsində aparılan təmir işləri səbəb olub. Şirkət vurğulayıb ki, istehlakçılar qaz təchizatında fasilə hiss etməyəcəklər. Tələbat daxili ehtiyatlar və İrandan əlavə tədarüklər hesabına təmin ediləcək.

Bakıda 161 ev sökülür: KONPENSASİYA yoxdur

“Əslində qanun ikitərəflidir. Qanunvericiliyə görə, hər bir vətəndaşın yaşadığı yer toxunulmaz sayılır. Sadəcə vətəndaşlar vaxtilə məlumatsız olub. Görüblər ki, başqaları tikir, onlar da başlayıblar tikməyə. Yəni qanundan xəbərdar olmadıqlarına yaxud vaxtilə belə bir qanun olmadığına görə, bu məsələyə laqeyd yanaşıb. Buna baxmayaraq, hansısa vətəndaş hər hansı bir yerdə uzun müddət məskunlaşırsa, məskunlaşma məsələsi digər qanunlara istinadən tənzimlənir. Amma ən üst qanun odur ki, sən qanunsuz əmlak tikmisən və tikintinin aparıldığı yer qadağan olunmuş ərazidir”. Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.  Bildirək ki, Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında qanunsuz tikilən evlər sökülür. Hazırda ərazidə 161 qeyri qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Dördpendirli pizza Durumu şərh edən ekspert bildirib ki, qanunvericiliyə əsasən, dəmiryolu xətlərinə 60 metrdən yaxın hər hansı bir tikintinin aparılması yolverilməzdir: “Dəmiryolu xətlərinə 60 metrdən yaxın hər hansı bir tikintinin aparılması yolverilməzdir. Yalnız dəmiryolu xətti ilə əlaqədar olan və qanunla tənzimlənən tikililərin inşa olunmasına yol verilir. Sırf buna görə də, gələcəkdə vətəndaşlar hər hansı bir iddia irəli sürməsinlər deyə, çox güman ki, iddianı həmin dövlət təşkilatının özü qaldırıb.  Ona görə də, təhlükə zonasından həmin evlərin sökülməsi ilə bağlı hökumət tərəfindən işlər aparır. Evlərin qanunsuz tikili olmasına görə də sakinlərə təzminat verilmir. Zamanla bələdiyyələrə Nazirlər Kabineti tərəfindən müəyyən sahələr ayrılmışdı. Bələdiyyələr bu torpaqları satdıqdan sonra, başladılar onlara aid olmayan digər ərazilərin də satışına”.  Ekspert vurğulayıb ki, Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma qanunvericiliyə uyğun olaraq, hər 5 ildən bir respublikada olan ərazilərin planlaması aparılmalıdır: “Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma qanunvericiliyə uyğun olaraq, hər 5 ildən bir respublikada olan ərazilərin planlaması aparılmalıdır. Təəssüflər olsun ki, bunu heç kim etməyib. Bu o deməkdir ki, yerli icra qurumları öz ərazilərində olan yeni salınan yaxud salınacaq yaşayış massivləri ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər. Bu kimi boşluq isə Azərbaycanın bütün rayonlarında var.  Torpaq təyinatlarının dəyişdirilməsi ilə bağlı keçən il ölkə başçısı tərəfindən fərman verildi. Bu fərmanla vətəndaşlar istifadəsi uyğun olmayan torpaqların təyinatını dəyişə bilərlər. Amma qanunla vətəndaş kənd təsərrüfatı zonasında yaxud sənaye zonasında inşa olunmuş əmlakın yerləşdiyi torpağın təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) müraciət edir. Amma ərazinin planlaması düzgün olmadığına görə vətəndaşa mənfi cavab gəlir. Yəni qanun var, tənzimləyici mexanizm var, amma vətəndaş fərdi müraciət etdikdə ona mənfi cavab verilir. Bu icra hakimiyyətinin işidir. Geci-tezi qanunsuz tikililər leqallaşmalıdır. Amma leqallaşdırılacaq o ərazilər ki, orada ziddiyət yoxdur. Yəni kommunikasiya xətlərinin üzərində deyil, dəmiryolu xətlərinə 60 metrdən yaxın deyil və s”.

Dövlət xadimləri adından növbəti saxta açıqlamalar

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb. Bu barədə Sozcu.az-a MEDİA-dan məlumat verilib. Qeyd olunub ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Füzulidə açıq ərazi yanır - Helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Dəniz daha bir can aldı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.