“Əslində qanun ikitərəflidir. Qanunvericiliyə görə, hər bir vətəndaşın yaşadığı yer toxunulmaz sayılır. Sadəcə vətəndaşlar vaxtilə məlumatsız olub. Görüblər ki, başqaları tikir, onlar da başlayıblar tikməyə. Yəni qanundan xəbərdar olmadıqlarına yaxud vaxtilə belə bir qanun olmadığına görə, bu məsələyə laqeyd yanaşıb. Buna baxmayaraq, hansısa vətəndaş hər hansı bir yerdə uzun müddət məskunlaşırsa, məskunlaşma məsələsi digər qanunlara istinadən tənzimlənir. Amma ən üst qanun odur ki, sən qanunsuz əmlak tikmisən və tikintinin aparıldığı yer qadağan olunmuş ərazidir”.
Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
Bildirək ki, Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında qanunsuz tikilən evlər sökülür. Hazırda ərazidə 161 qeyri qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Dördpendirli pizza
Durumu şərh edən ekspert bildirib ki, qanunvericiliyə əsasən, dəmiryolu xətlərinə 60 metrdən yaxın hər hansı bir tikintinin aparılması yolverilməzdir:
“Dəmiryolu xətlərinə 60 metrdən yaxın hər hansı bir tikintinin aparılması yolverilməzdir. Yalnız dəmiryolu xətti ilə əlaqədar olan və qanunla tənzimlənən tikililərin inşa olunmasına yol verilir. Sırf buna görə də, gələcəkdə vətəndaşlar hər hansı bir iddia irəli sürməsinlər deyə, çox güman ki, iddianı həmin dövlət təşkilatının özü qaldırıb.
Ona görə də, təhlükə zonasından həmin evlərin sökülməsi ilə bağlı hökumət tərəfindən işlər aparır. Evlərin qanunsuz tikili olmasına görə də sakinlərə təzminat verilmir. Zamanla bələdiyyələrə Nazirlər Kabineti tərəfindən müəyyən sahələr ayrılmışdı. Bələdiyyələr bu torpaqları satdıqdan sonra, başladılar onlara aid olmayan digər ərazilərin də satışına”.
Ekspert vurğulayıb ki, Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma qanunvericiliyə uyğun olaraq, hər 5 ildən bir respublikada olan ərazilərin planlaması aparılmalıdır:
“Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma qanunvericiliyə uyğun olaraq, hər 5 ildən bir respublikada olan ərazilərin planlaması aparılmalıdır. Təəssüflər olsun ki, bunu heç kim etməyib. Bu o deməkdir ki, yerli icra qurumları öz ərazilərində olan yeni salınan yaxud salınacaq yaşayış massivləri ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər. Bu kimi boşluq isə Azərbaycanın bütün rayonlarında var.
Torpaq təyinatlarının dəyişdirilməsi ilə bağlı keçən il ölkə başçısı tərəfindən fərman verildi. Bu fərmanla vətəndaşlar istifadəsi uyğun olmayan torpaqların təyinatını dəyişə bilərlər. Amma qanunla vətəndaş kənd təsərrüfatı zonasında yaxud sənaye zonasında inşa olunmuş əmlakın yerləşdiyi torpağın təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq quruma (Əmlak Məsələləri Dövlət Xidməti) müraciət edir. Amma ərazinin planlaması düzgün olmadığına görə vətəndaşa mənfi cavab gəlir. Yəni qanun var, tənzimləyici mexanizm var, amma vətəndaş fərdi müraciət etdikdə ona mənfi cavab verilir. Bu icra hakimiyyətinin işidir. Geci-tezi qanunsuz tikililər leqallaşmalıdır. Amma leqallaşdırılacaq o ərazilər ki, orada ziddiyət yoxdur. Yəni kommunikasiya xətlərinin üzərində deyil, dəmiryolu xətlərinə 60 metrdən yaxın deyil və s”.