Türkiyədə cərəyan vuran bələdiyyə sədri vəfat etdi

Türkiyədə elektrik cərəyanı vuran Manisa bələdiyyə sədri Ferdi Zeyrek vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu "X"də paylaşım edib. "Hadisədən sonra xəstəxanaya aparılan və bir müddətdir reanimasiyada müalicəsi davam edən Manisa böyükşəhər bələdiyyə başçımız Ferdi Zeyrek bütün müdaxilələrə baxmayaraq, xilas ola bilməyib. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün sevənlərinə səbir diləyirəm", - nazir yazıb.

Erməni gömrüyü Azərbaycanla sərhədlərin açılmasına hazırdır

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan Azərbaycanla sərhədlərin açılması halında gömrük prosedurlarının hazır olduğunu bildirib. Sozcu.az Musavat.coma-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanın əsas ərazisindən Naxçıvana yüklərin tranziti zamanı gömrük nəzarəti digər ölkələrlə olduğu kimi həyata keçiriləcək. Hazırda Ermənistanın Gürcüstan və İranla sərhədlərində sadələşdirilmiş tranzit rejimi tətbiq olunur. Bu da müəyyən hallarda malların daha sürətli və az bürokratik əngəllərlə daşınmasına şərait yaradır. Lakin Akopyan Naxçıvana yönələcək yüklər üçün konkret olaraq hansı sadələşdirilmiş prosedurların nəzərdə tutulduğunu açıqlamayıb. Məsələ ilə bağlı danışıqların davam etdiyi və dəqiq mexanizmlərin razılaşdırılma mərhələsində olduğu ehtimal edilir.

Avropa güclü olmalıdır, çünki ruslar yalnız güc dilini anlayır – Orban

Ukraynadakı müharibə qlobal münaqişəyə çevrilməyəcək. Bunun səbəbi Rusiyanın kifayət qədər zəif olmasıdır. Sozcu.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. “Ruslar bunun üçün çox zəifdirlər. Onlar heç Ukraynanı məğlub edə bilmirlər, ona görə də NATO-ya qarşı ciddi hücum etmək gücündə deyillər”, – Orban bildirib. Orban əlavə edib ki, Avropa güclü olmalıdır, çünki ruslar yalnız güc dilini anlayır.

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

II Qaregin könüllü olaraq subaylıq andını pozub və övladı var. Bu faktdır və əgər II Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edəcəm. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol paşinyan sosial şəbəkə hesabında erməni katolikos II Qaregin haqda qeyd edib. “Buna əsasən, Erməni Apostol Kilsəsinin Kanon Qanununa görə II Qaregin yepiskop, arxiyepiskop ola bilməz, seçilə bilməz, katolikos ola bilməz. Ktriç Nersisyan patriarxlığı boşaltmalıdır. Erməni Apostol Kilsəsinin sadiq davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər bir yadigarı, hər bir surətinə və daşına hörmətlə yanaşan şəxs kimi qeyd edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yeni seçilmiş katolikosu olmalıdır, onun yaxşı davranışı katolikosluq seçkilərinə qədər yoxlanılaraq təsdiqlənəcək. Mən Erməni Apostol Müqəddəs Kilsəsinin sadiq davamçılarını patriarxlığın məhəbbətlə və xristian tərzdə azad edilməsi və bütün erməni katolikosu olaraq həqiqətən müqəddəs bir ruhanini seçmək gündəmi ətrafında birləşməyə çağırıram”, - Paşinyan bildirib. Qeyd edək ki, erməni mediası bu postu “Paşinyan kilsəyə qarşı müharibəyə çağırdı” başlığı ilə yayıb. Bundan öncə Paşinyan kilsə xadiminin “subaylıq andını” pozduğunu bildirsə də, onun kimliyini açıqlamamışdı.

Tramp etirazçılarla bağlı göstəriş verdi

ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdəki iğtişaşçıların həbsinə göstəriş verib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, qanunsuz mühacirlərin kortəbii etirazları şəhərin hər yerini bürüyüb: "İnsanlar avtomobilləri yandıraraq polisə müqavimət göstəriblər. İğtişaşları yatırmaq üçün Milli Qvardiya və 500 dəniz piyadası cəlb edilib, hətta kütləni izləmək üçün "MQ-9 Reaper" pilotsuz təyyarələri və "Black Hawk" helikopterləri də gətirilib".

Əfqanıstan susuz qala bilər

Əfqanıstanın paytaxtı Kabil şəhəri 2030-cu ilə qədər susuz qala bilər. Sozcu.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb. "Son on ildə Əfqanıstan paytaxtının sulu təbəqələrində suyun səviyyəsi 30 metr aşağı düşüb və şəhərdəki quyuların təxminən 50 faizi quruyub", - məlumatda deyilib.

Rusiyanın Krasnoyarsk şəhərinin meri saxlanıldı

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli media hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Bildirilib ki, Krasnoyarsk meri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır. Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya aparılacağı bildirilib. Qeyd edək ki, Krasnoyarsk Rusiyanın altıncı, Sibir regionunun isə ən böyük şəhəridir.

Bu hücum Rusiyanın zəifliyini göstərdi - Qaleotti

İyunun 6-na keçən gecə Ukraynaya edilən kütləvi hücum Kiyevin “Hörümçək toru" xüsusi əməliyyatına cavab idi. Bununla belə, o, Rusiya lideri Vladimir Putinin gücünü nümayiş etdirmək əvəzinə, yalnız zəifliyini vurğuladı. Sozcu.az xəbər verir ki, bunu britaniyalı politoloq Mark Qaleotti deyib. "Hörümçək toru” əməliyyatı zamanı 40-dan çox Rusiya təyyarəsinin məhv edilməsindən sonra rusiyalı təbliğatçılar Ukraynaya qarşı “cavab zərbəsi” tələb etməyə başladı. Putin Rusiya aerodromlarına edilən hücuma məhəl qoymaya bilərdi, lakin cavab vermək qərarına gəldi. Ukraynanın uğurlu xüsusi əməliyyatı ilə müqayisədə Rusiyanın hücumu yalnız Kreml rəhbərinin məhdudiyyətlərini göstərdi", - o bildirib.

Kaliforniya qubernatoru Trampa qarşı çıxdı

Kaliforniya qubernatoru Qevin Nyusom Trampın ştatda Milli Qvardiya qoşunlarını yerləşdirmək qərarını “məqsədyönlü şəkildə təxribatçı” adlandırıb. Onun sözlərinə görə, yerli hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir, federal hakimiyyət isə sadəcə tamaşa yaradır. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Ağ ev qoşunların yerləşdirilməsini “qanunsuzluğun qarşısını almaq və qeyri-qanuni cinayətkarların müdaxiləsini dayandırmaq” zərurəti ilə əsaslandırır. Ağ evin mətbuat katibi Karolayn Livitt bildirib ki, Kaliforniyanın demokratları “vətəndaşları qorumaq vəzifəsini tamamilə nəzərə almayıblar”. Bununla belə, Los-Anceles polisinin məlumatına görə, şənbə günü etirazlar dinc xarakter daşıyıb. Paramaunt şəhərətrafı ərazisində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və səs-işıq qumbaraları tətbiq edilib. Dörd nəfər həbs olunub. Etirazlar immiqrasiya xidmətinin reydləri zamanı 44 miqrantın saxlanılmasından sonra baş qaldırıb. Hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr Milli Qvardiyanın yerləşdirilməsini əks-təsir göstərə biləcək həddini aşmış tədbir adlandırırlar. Bu, 1992-ci ildən bəri ştat hakimiyyətinin sorğusu olmadan Los-Ancelesə qoşunların məcburi göndərilməsinin ilk halıdır. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp etiraz aksiyaları zamanı maska taxmağa qadağa qoyub.

Ağstafada ailə faciəsi...

Ağstafada uşaq ölümü faktı qeydə alınıb. Sozcu.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində baş verib. Kənd sakini 2024-cü il təvəllüdlü N.İsmayılova valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Onun ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, ötən ilin avqustunda İsmayılovların böyük övladları 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olub. Xatırladaq ki, bu ailədə baba və nənənin də faciəvi ölümü diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.

Kolumbiyada zəlzələ

Kolumbiyanın mərkəzində 6,8 maqnitudada zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, zəlzələnin episentri Villavitensio şəhərindən 73 kilometr şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ episentrdəki intensivliyə əsasən “dağıdıcı” olaraq qiymətləndirilir. ABŞ-nin Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib.

Zelenski: Rusiyanı buna məcbur edən bilərik!

Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcəyimiz məqama çox yaxınlaşmışıq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Biz bunu hiss edirik. ABŞ-ın köməyi olmasa, Rusiyanın qələbə şansı daha yüksəkdir, Ukrayna isə daha böyük itkilərə məruz qalacaq", - o bildirib.

Fidan NATO baş katibi ilə Ukrayna savaşını müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və NATO Baş katibi Mark Rutte arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında deyilir. Tərəflər Rusiya-Ukrayna müharibəsinə son qoyulması səylərini müzakirə ediblər. Fidan və Rutte iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitinə hazırlıq mövzusuna da toxunublar.

Bakı üçün zəlzələ ANONSU – Təhlükə buradan gəlir!

Son günlər Türkiyə və Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanlar əhali arasında ciddi narahatlığa səbəb olub. Seysmoloji aktivliyin artması ilə bağlı yayılan məlumatlar insanlar arasında təşvişi artırır və yaxın gələcəkdə baş verə biləcək təbii fəlakətlərlə bağlı suallar doğurur. Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev sözügedən məsələni belə şərh edib: “Əvvəlki müsahibələrimdə də qeyd edirdim ki, Azərbaycanda seysmik və tektonik aktivlik artmaqdadır. Nəinki Azərbaycanda, bütün dünya miqyasında bu davamlı şəkildə baş verir və belə davam edəcək. Egey dənizində hiss olunan, güclü zəlzələlər baş verir. Bu yaxında hətta Türkiyədə də bir neçə zəlzələ oldu və yenə də davamlı şəkildə olacaq. Çünki Türkiyə ərazisi mürəkkəb tektonik ərazidə yerləşir və mürəkkəb tektonik qırılmalar var və aktivdirlər. Gördüyünüz kimi, Etna vulkanı da püskürdü. Tektonik və seysmik aktivlik dünya miqyasında artır və getdikcə artmaqdadır. Azərbaycanı Türkiyə ilə müqayisə etsək, dərinliklərdə baş verən geodinamik proseslər və yerdəyişmələr o dərəcədə intensiv deyil, aktivdir. Özünə görə bir neçə nəhəng plitənin qovşağında yerləşirik. Amma seysmik və tektonik baxımdan o dərəcədə aktiv ərazi deyil. Azərbaycan seysmik zona sayılsa da, yerdəyişmə prosesləri çox da aktiv olmadığından güclü, dağıdıcı zəlzələ ölkə ərazisində baş vermir. Hiss olunan zəlzələ isə qaçılmazdır. Qonşu dövlətlərin, Türkiyə, İran və Gürcüstan ərazilərində tektonik aktivlik davam edirsə, Azərbaycanda da sabitliq gözləmək olmaz.  Bu fizika qanunlarına ziddir. Azərbaycanda da daima ocaqlar hərəkətdə olacaq. Onsuz da hər gün hərəkətdədirlər və hər gün hiss olunmayan zəlzələ qeydə alır. Amma əsas məsələ hiss olunan yeraltı təkanlardır. Bir seysmoloq kimi hər zaman qeyd edirəm ki, dərinlik burada çox böyük rol oynayır. Hansı nöqtədə toqquşma baş verdi və qırılma müşahidə olundusa, bu əsasdır. Çünki deyək ki, 30-35 kilometr dərinlikdə 4-4,5 maqnitudalı zəlzələ baş veribsə, səthə zəif təkanla gəlib çatacaq. Ancaq həmin maqnituda olan zəlzələ səthə yaxın olsa, bu təbii ki, daha intensiv şəkildə özünü göstərəcək. Ona görə də dərinlik əsas rol oynayır”. Ekspert bildirib ki, Abşeron yarımadası və Bakı şəhəri isə əsas seysmik təhlükəni Xəzər dənizində olan ocaqlardan görür: “Üstəlik Şamaxı və İsmayıllı ocaqlarından da seysmik təhlükə ilə üzləşir. Amma həmin ocaqlarda elə bir hiss olunan zəlzələ baş verməlidir ki, o gəlib Bakı şəhərinə çıxsın. Tarixdə belə hadisələr var. Şamaxıda 5,5 maqnitudalı zəlzələ Bakıda hiss edilib. Xəzər dənizinin bütün hissələrində yerləşən ocaqlar paytaxt ərazisi üçün təhlükə mənbəyidir və mürəkkəb tektonik ocaqlar aktivlik təşkil edir. Bu səbəbdən dağıdıcı olmasa da hiss olunan zəlzələ qaçılmazdır. Seysmik və tektonik aktivliyin fəsillə heç bir əlaqəsi yoxdur. Bu dərinliklərdə baş verən proseslərin nəticəsində meydana gəlir”.yenisabah)

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1201-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 996 150 hərbçi, 10 911 ədəd tank, 22 748 ədəd zirehli döyüş maşını, 28 892 ədəd artilleriya sistemi, 1 410 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 183 hava hücumundan müdafiə sistemi, 414 ədəd hərbi təyyarə, 337 ədəd helikopter, 51 225 ədəd avtomobil texnikası, 39 651 ədəd PUA, 3 315 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 911 xüsusi avadanlıq itirib.

Paşinyan: Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı...

Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçki saxtakarlığı praktikasının banisidir və o, təbii ki, özü kimi populist fırıldaqçı və fırıldaqçının yanında olmalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın ötən gün II Qareginlə görüşməsi və ona “tam dəstək” ifadə etməsi haqda sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Paşinyanla erməni kilsəsi arasında gərginlik yaşanır. Paşinyan bəzi yepiskopları subaylıq andını pozmaqda, doğmalarının ailəsinə qarşı əxlaqsızlıqda ittiham edib.

Tramp Vensə Maskı tənqid etməyi yasaqladı

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Di Vensə milyarder İlon Maskı tənqid etməyi yasaqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb. “Tramp vəziyyəti gərginləşdirməmək üçün Vensin sərt cavabını istəmədi, bu strategiya körpülərin yenidən qurulması üçün imkan saxladı”, - nəşr bildirib.

Mingəçevirdə 41 yaşlı kişinin meyiti tapıldı

Mingəçevirdə küçədə 41 yaşlı kişinin meyiti tapılıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Kür çayının sağ sahilində qeydə alınıb. Küçədə meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü şəhər sakini Ramin İsmayılov olduğu müəyyən edilib. Əldə edilən ilkin məlumata görə, ölən şəxs həm də içki düşkünü olub. Faktla bağlı araşdırma aparılır.

DSX-nin hərbçisi vəfat etdi

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!

Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etdiyi söylənilir. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, sosial şəbəkədə edilən paylaşımda Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəlliməsinin özünə təmtəraqlı tədbir təşkil etdiyi bildirilir. Görüntülərdə bir neçə qadının sıraya düzüldüyü, onlardan birinin müəllimənin barmağına qızıl üzük taxdığı əks olunub. Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.

Tramp İlon Maskın narkoman olduğunu AÇIQLADI

ABŞ prezidenti Donald Tramp sahibkar İlon Maskın “dəli” davranışını narkotik istifadəsi ilə əlaqələndirib. Sozcu.az "Unikal"a istrinadən xəbər verir ki, “The New York Times”da may ayında dərc olunan məqalədə Maskın Trampın ən yaxın müttəfiqlərindən birinə çevriləndə aktiv olaraq ketamin qəbul etməyə başladığı qeyd edilib. Lakin narkotiklərlə bağlı məlumatı iş adamı özü təkzib edib. "Tramp son 24 saat ərzində köməkçilərinə Maskın “dəli” davranışının onun narkotik istifadəsindən qaynaqlandığını bildirib”, – nəşr qeyd edib. Biznesmenin Ağ Evi tərk etmək qərarından sonra ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Mask arasında ictimai mübahisə yaranıb. Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verib, bundan sonra Trampın vergilərlə bağlı qərarını tənqid edib. Sahibkarın sözlərinə görə, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsi ABŞ-nin büdcə kəsirinin artmasına səbəb olacaq.

Kürdə 45, Qarasuçayda isə 63 santimetr artım oldu

Bölgələrdə davam edən intensiv yağıntılarla əlaqədar bəzi çaylarda suyun səviyyəsi artıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63 sm, Vəlvələçayda 12 sm, Qudyalçayda 5 sm, Katexçayda 3 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4 sm, Kürəkçayda 3 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım olub. Bundan başqa, Tərtərçayda 5 sm, Tutqunçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surra və Kür-Bankədə 11 sm, Kür-Şirvanda 20 sm, Kür-Salyanda isə 45 sm artım qeydə alınıb.

Türk ölkəsi Leninin 25 metrlik heykəlini gecə ilə sökdü

Qırğızıstanın ikinci böyük şəhəri olan Oşda sovet lideri Vladimir Leninin abidəsi sökülüb. Sozcu.az xəbər verir ki, söküntü işləri iyunun 6-dan 7-nə keçən gecə aparılıb. Şəhərin mərkəzində - Sevgi və Toktoqul Satılganov parklarının yanında yerləşən abidənin hündürlüyü təqribən 25 metr idi ki, bu da onu təkcə regionda deyil, həm də dünyada Leninin ən hündür abidələrindən birinə çevirmişdi.

Şahdağa qar yağdı, Qazaxa dolu düşdü

İyunun 7-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, düşən yağıntının miqdarı Oğuzda 59, Qəbələdə 42, Şamaxıda 37, Qaxda 35, Şəkidə 24, Zaqatala və Balakəndə 13, Tərtər, Quba və Qobustanda 12, Bakıda və Abşeron yarımadasında 11, Şahdağda 10, İsmayıllı, Xınalıq, Ordubad, Mingəçevir, Zərdab, Zəngilan, Qusar, Şahbuz, Beyləqan, Sabirabad, Göyçay, Altıağac, Göygöl, Kürdəmir, Xaltan, Naftalan, Lerik, Şirvan, Beyləqan, Şabran, Yevlax, Füzuli, Kəlbəcər, Goranboy, Gədəbəy, Neftçala, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Ağdam, Yardımlı və Culfada 1-9 mm-dək olub. Şahdağda isə qar yağıb. Vurğulanıb ki, iyunun 7-si saat 00:55 radələrində Qazaxda diametri 15 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 31, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınıb. Qeyd olunub ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti 7-si axşam əksər rayonlarda tədricən kəsiləcək, 8-də əsasən yağmursuz keçəcək.