Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 86,81, yüngül neft isə 83,52 dollara satılır.

860-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 860-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 545 090 hərbçi, 8 107 ədəd tank, 15 566 ədəd zirehli döyüş maşını, 14 655 ədəd artilleriya sistemi, 1 114 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 874 hava hücumundan müdafiə sistemi, 360 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 19 787 ədəd avtomobil texnikası, 11 641 ədəd PUA, 2 335 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 452 xüsusi avadanlıq itirib.

Ronaldo antirekorda imza atdı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo XXI əsrdə antirekorda imza atıb. Sozcu.az xəbər verir ki, bu barədə "Sofascore" nəşri məlumat yayıb. Bildirilib ki, bu, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Sloveniya ilə oyununda gerçəkləşib. Əlavə vaxtda (105-ci dəqiqə) penaltidən yararlana bilməyən 39 yaşlı hücumçu bir yığmanın heyətində üç turnirdə 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən ilk avropalı futbolçu olub. O, Avro-2016-da Avstriya, DÇ-2018-də isə İran millisi ilə matçlarda penaltini qaçırıb. Qeyd edək ki, penaltilər seriyasında rəqibini 3:0 hesabı ilə üstələyən Portuqaliya millisi 1/4 finalda Fransanın rəqibi olub.

Heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik var?

Hazırda Azərbaycanda heyvanlar arasında hər hansı kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil. Sozcu.az xəbər verir ki, bunu Report-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev deyib. Onun sözlərinə görə, Azərbaycan regional olaraq bir sıra xüsusi təhlükəli heyvan xəstəliklərinə görə endemik qeyri-sağlam zonada yerləşir: "Dövlətin dəstəyi ilə müəyyən qanunvericilik çərçivəsində xüsusi təhlükəli xəstəliklərə qarşı planlı tədbirlər həyata keçirilir. Tədbirlərin planlaşdırılması və onların icrasına nəzarəti AQTA, tətbiqi isə Kənd Təsərrüfatı Nazirliyi və onun aidiyyatı qurumları tərəfindən aparılır".

“O, utanmadan yalan danışan siyasətçilərdəndir…”

“Hələ ki, indiki durumda respublikaçılar daha mütəşəkkil, daha əzmkar görünürlər. Və bu da ABŞ və bütövlükdə dünya üçün yaxşı heç nə vəd etmir...” “Prezident Co Baydenlə son debatı zamanı Donald Trampın guya özünün həmin dövrdə  prezident olacağı halda aparacağı siyasət sayəsində Ukrayna ilə Rusiya arasında savaşa imkan verməyəcəyi, guya Putinin Ukraynaya hücumuna səbəbin ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarmasının olması haqdakı, eləcə də ABŞ-dakı miqrant siyasəti və işsizliklə bağlı söylədiklərinə gəldikdə, əlbəttə, bunlar hamısı yalandır”. Bunu Moderator.az-a açıqlamasında  prezidentliyə mümkün namizəd Donald Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenlə son debatı zamanı Ukrayna savaşı və ABŞ-dakı daxili siyasətlə bağlı söylədiklərini şərh edərkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib. “Bilirsiz, Donald Tramp o siyasətçilərdəndir ki, utanmadan yalan danışır.  Və həmişə də yalan danışıbdı. Yaxşı yadımdadır ki, o, prezident olduğu dövrdə ABŞ mediası hesablamışdı ki, Tramp bir ildə 10 min dəfə yalan danışıb.  Bu isə Ginnesin Rekordlar Kitabına düşəcək bir səviyyədir. Ona görə də yalnız son debatların ardınca nəsə söyləmək çətindir. Lakin hələ ki, indiki durumda respublikaçılar daha mütəşəkkil, daha əzmkar görünürlər. Və bu da ABŞ və bütövlükdə dünya üçün yaxşı heç nə vəd etmir. Bu, mənim subyektiv fikrimdir. Şəxsən mən düşünmürəm ki, Trampın təkrar prezident seçilməsi nəinki ABŞ, planet üçün də hansısa bəhrələrini verə bilər. Ona görə hələ bir qədər gözləməliyik”, - deyə davamında ekspert diqqətə çatdırıb.

Ermənistan hava limanında bomba HƏYƏCANI

Ermənistan polisinə Gümrü şəhərində yerləşən Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi xəbər yayıb. Qeyd edilib ki, hava limanının əməkdaşları təxliyə edilib, ərazidə istehkamçılar və polis işləyir, ərazi mühasirəyə alınıb.

İyunda ölkə ərazisində mürəkkəb sinoptik şərait müşahidə olunub

2024-cü ilin iyun ayında ölkə ərazisində mürəkkəb sinoptik şərait müşahidə olunub. Ay ərzində xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışlar yağıb və tez-tez təkrarlanıb. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub. Abşeron yarımadasında isə ay ərzində maksimal yağıntı iyunun 27-də qeydə alınıb, Sumqayıta 25 mm-ə qədər yağıntı düşüb. Son 10 ilin müşahidə məlumatlarına əsasən belə intensiv yağış 2011-ci ilin iyunun 9-da qeydə alınıb, Bakıya 14 mm, Sumqayıta isə 26 mm yağıntı düşüb. “Son dövrlər ölkə ərazisində ildırım-dolu prosesinin baş vermə intensivliyi artıb, həmçinin əhatə dairəsi genişlənib. Ötən ilin iyun ayında 43 dəfə dolu düşdüyü halda, bu ilin iyununda 59 dəfə dolu hadisəsi qeydə alınıb”. Xidmət rəisi qeyd edib ki, iyun ayı yüksək temperatur rejimi ilə də fərqlənib. Ay ərzində havanın temperaturu 28 gün normadan yüksək olub. Lakin ayın sonuna doğru soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində ötən günlərlə müqayisədə temperatur bir qədər enib və 2 gün normadan aşağı olub. İyun ayı ərzində havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib. Orta aylıq temperatur 27.4 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 4.4 dərəcə yüksək olsa da, rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən ən isti hava 2021-ci ilin iyun ayında qeydə alınıb, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib. “İyun ayının ayrı-ayrı günlərdə küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında iyun ayında sürəti 15 m/s-dən çox olan küləkli günlərin sayı 6 olub, şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-dək güclənib. Bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin sürəti 15 m/s-dən çox olub, maksimal sürəti arabir 30 m/s-yə çatıb”.

Şəmkirdə qəzalı vəziyyətdə olan elektrik dirəyi - fotolar

Fotolar Şəmkir rayon Düzqışlaq kənd sakini Məmmədov Vüqar Əli oğlu tərəfindən göndərilib. Fotolardan göründüyü kimi elektrik dirəyi qəzalı vəziyyətdədir. Hər an vətəndaşlara təhlükə yarada bilər. Şikayətçi bildirir ki, qəzalı vəziyyətlə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Elektirik Şəbəkəsini məlumatlandırıb. Çox təəssüf ki, nə vəziyyətlə maraqlanan olub, nədə ki, qəzalı vəziyyətlə bağlı tədbir görən. Sözcü.az

Qərbi Azərbaycan əyalətində iş qəzaları - Ölən və yaralananların sayı açıqlandı

Son iki ay ərzində Qərbi Azərbaycan əyalətində iş qəzalarında ölən və yaralananların sayı açıqlanıb. Bu barədə "İlna" xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilib ki, bu müddət ərzində 7 işçi həyatını itirib, 203 işçi isə yaralanıb. Əyalətin Tibbi Ekspertiza Mərkəzinin məlumatına görə, ölən və yaralananların əksəriyyəti tikinti sahəsində çalışanlardı və onlar hündürlükdən yıxıldıqlarına görə ölüb və yaralanıblar. Müstəqil həmkarlar ittifaqları və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini deyirlər. Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur. Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasındakı əsas səbəblərdən biri kimi göstərirlər.

"Səni bundan sonra heç kim sevməyəcək, evini istəyəcək"

"Cavan Zeynallı, səni bundan sonra heç kim sevməyəcək. Hamı evini sevəcək. Özünə baxır. Dedim ki, yaxşı bir qulluqçu tap. Gördün o da yaxşı deyil, dəyiş". Sozcu.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" verilişində deyib. Aktrisa Xalq artisti Cavan Zeynalının evlənmək istəyinə münasibət bildirib. K.Əliyeva deyib ki, xanımlar cazmenin yalnız evini istəyir. C.Zeynallı isə aktrisanın sözlərini təsdiqləyib: "Təmiz, düz söhbətdir. Mən cavan olanda qastrollara gedirdim. Orada mən özümə tək baxırdım, evlənməmişdim. O, mənə həyat verirdi. İndi şiri çıxarmışam, cavan qalmışam, yaxşı etmişəm. Mənim yaxşı psixoloq dostum var. Dedi ki, sən pianinoda ifa edəndə ağlayıram. Zən etdi ki, istəyirsən özünü düzəldəsən, 3 dəfə 15 dəqiqə sevimli mahnılarını ifa et. Tək ol. Bir ay keçdi, gördüm ki, gözlərim açıldı, ayaqlarım möhkəmləndi".

Argentina millisinin rəqibi müəyyənləşdi

Bu gün futbol üzrə Amerika Kubokunda 3-cü turun 2 oyunu keçirilib. Sozcu.az xəbər verir ki, B qrupunda əvvəlcə Meksika Ekvadorla qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 0:0. Qrupun digər oyununda Venesuela Yamaykanı  böyük hesabla məğlub edib - 3:0. 49-cu dəqiqədə Eduard Bello hesabı açıb. Solomon Rondon 56-cı, Erik Ramirez isə 85-ci dəqiqədə fərqlənib.  B qrupunda Venesuela (9 xal) və Ekvador (4 xal) 1/4 finala vəsiqə əldə edib. Ekvador 1/4 finalda Argentinaya rəqib olub. Kanada isə bu mərhələdə Venesuela ilə qarşılaşacaq.

Bakıda qardaş bacısını boğaraq öldürdü

İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Binəqədi rayon Prokurorluğundan bildirilib. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Gömrük Komitəsinin əməkdaşları qəzaya düşdü - Ölən və yaralılar var

Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb. Sozcu.az-ın məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib. Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda hərbçi toyda öldü

Goranboyda 40 yaşlı Yardımlı sakini dünyasını dəyişib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib. 1984-cü il təvəllüdlü Yardımlı sakini Pərviz Əliqulu oğlu Şərbətovun toy məclisində vəziyyəti qəfil pisləşib və o ölüb. Məlumata görə, ürəktutmasından ölən şəxs hərbçidir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda 15 yaşlı oğlan 2 nəfəri bıçaqladı

Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib.  Sozcu.az xəbər verir ki, hadisə "Ceyranabatan bağları" adlanan ərazidə qeydə alınıb.  Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Qasımov Elgün Vüsal oğlu, münaqişə zəminində, eyni təvəllüdlü İsmayılov Əli Faiq oğluna və 2007-ci il təvəllüdlü Manıyev Rasif Sabit oğluna bıçaqla xəsarətlər yetirib.  Fakt araşdırılır. 

Ata və 6 yaşlı oğlu ağır qəzaya düşdü, biri öldü

İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində ata ölüb, övladı isə yaralanıb. Sozcu.az xəbər verir ki, hadisə İmişli şəhər Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Xəlil Akif oğlu Quliyevin idarə etdiyi "Mersedes" markalı minik avtomobili hasara çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü ölüb, avtomobildə olan 6 yaşlı oğlu Akif Quliyev isə xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Tərtərdə minik avtomobili yandı

Tərtər rayonunda minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, rayonun Hacıqərvənd kəndində ümumi sahəsi 175 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə və talvarın altında dayanan VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ərdoğan Azərbaycana gəlir

İyulun 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ərdoğanın iyul ayı üçün diplomatik proqramında yer alıb. Qeyd olunub ki, Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.

Kreml başa düşür ki, NATO-ya hücum etsə... - Conson

Kreml başa düşür ki, Rusiya Şimali Atlantika Alyansına (NATO) üzv olan ölkələrə hücum etsə, müharibəni uduzacaq. Sozcu.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Conson "Bild" nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, hakimiyyətin Rusiya ilə qarşıdurma kursu götürməsinə baxmayaraq, ölkədə NATO-ya üzvlüklə bağlı ictimai dəstək hələ də çox yüksəkdir və demək olar ki, 70%-dir. “Əlbəttə, İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın davranışının nəticəsidir. Əgər Rusiyanın İsveç və Finlandiya ilə bağlı bir məqsədi var idisə, bu, bizim NATO-ya daxil olmağımıza mane olmaq idi”, - nazir qeyd edib.

İtaliyada yolları su basdı, kəndlərlə əlaqə kəsildi

İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib. Sozcu.az xəbər verir ki, aramsız leysan yağışları Valle De Aosta və Piedmont bölgələrdə daşqınlara səbəb olub. Kiçik çayların məcrasından çıxması nəticəsində bəzi evləri su basıb, yollar və küçələr su altında qalıb. Valle De Aostadakı dövlət əhəmiyyətli avtomobil yolu Dora Baltea çayının daşması səbəbindən nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb. Bəzi körpülər yararsız vəziyyətə düşüb. Bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Torpaq sürüşməsi nəticəsində dağlıq ərazilərdəki kəndlərlə əlaqə kəsilib. Mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Regiona dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb.

Türk ordusu Suriya və İraqda daha 7 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriyanın və İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. Vurğulanıb ki, Suriyanın şimalında 3 PKK-çı, İraqın şimalında isə 4 terrorçu məhv edilib. Qeyd edək ki, ötən gün də Suriya və İraq ərazisində 10 terrorçu zərərsizləşdirilib.

Mirzoyan və Kuleba Azərbaycandan DANIŞDI

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba erməni həmkarı Ararat Mirzoyanla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan tərəfi yayıb. Onlar Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forum çərçivəsində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazirlər ikitərəfli siyasi dialoq məsələlərini müzakirə ediblər. Bu kontekstdə Kiyevdə keçirilən müxtəlif formatlarda siyasi məsləhətləşmələr və s. qeyd olunub. Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyət məsələlərinə dair fikir mübadiləsi aparılıb. Regional mövzulara toxunulub. Mirzoyan Azərbaycanla münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə toxunub, regional təhlükəsizliyin təmin edilməsi üçün sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Qəzzada ölən fələstinlilərin sayı açıqlandı

Ötən ilin 7 oktyabrından bəri Qəzza zolağında 37,8 mindən çox fələstinli ölüb. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralananların sayı 86 858 nəfər olub. Məlumata görə, son 24 saat ərzində İsrail hərbçilərinin fəaliyyəti nəticəsində 40 fələstinli ölüb, daha 224 nəfər isə yaralanıb.

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib. Qeyd edilib ki, seçkilərin yekunlaşması və nəticələrin elan edilməsi prosesi ən geci sentyabrın 22-də başa çatdırılacaq.