“Hələ ki, indiki durumda respublikaçılar daha mütəşəkkil, daha əzmkar görünürlər. Və bu da ABŞ və bütövlükdə dünya üçün yaxşı heç nə vəd etmir...”
“Prezident Co Baydenlə son debatı zamanı Donald Trampın guya özünün həmin dövrdə prezident olacağı halda aparacağı siyasət sayəsində Ukrayna ilə Rusiya arasında savaşa imkan verməyəcəyi, guya Putinin Ukraynaya hücumuna səbəbin ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarmasının olması haqdakı, eləcə də ABŞ-dakı miqrant siyasəti və işsizliklə bağlı söylədiklərinə gəldikdə, əlbəttə, bunlar hamısı yalandır”.
Bunu Moderator.az-a açıqlamasında prezidentliyə mümkün namizəd Donald Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenlə son debatı zamanı Ukrayna savaşı və ABŞ-dakı daxili siyasətlə bağlı söylədiklərini şərh edərkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.
“Bilirsiz, Donald Tramp o siyasətçilərdəndir ki, utanmadan yalan danışır. Və həmişə də yalan danışıbdı. Yaxşı yadımdadır ki, o, prezident olduğu dövrdə ABŞ mediası hesablamışdı ki, Tramp bir ildə 10 min dəfə yalan danışıb. Bu isə Ginnesin Rekordlar Kitabına düşəcək bir səviyyədir. Ona görə də yalnız son debatların ardınca nəsə söyləmək çətindir. Lakin hələ ki, indiki durumda respublikaçılar daha mütəşəkkil, daha əzmkar görünürlər. Və bu da ABŞ və bütövlükdə dünya üçün yaxşı heç nə vəd etmir. Bu, mənim subyektiv fikrimdir. Şəxsən mən düşünmürəm ki, Trampın təkrar prezident seçilməsi nəinki ABŞ, planet üçün də hansısa bəhrələrini verə bilər. Ona görə hələ bir qədər gözləməliyik”, - deyə davamında ekspert diqqətə çatdırıb.