Qadının ölümünə görə həkimə cinayət işi açıldı

Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudova cinayət işi başlanılıb. Sozcu.az xəbər verir ki, 29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də qadın liposaksiya əməliyyatı üçün “Reo-Med” klinikasına müraciət edib və iyulun 2-də ölüb. Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib. Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmə Nazim Bəydəmirli ilə bağlı qərar verdi

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Apellyasiya şikayətində Nazim Bəydəmirli barəsində olan hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılması istənilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

Külək güclənəcək - 2 gün üçün sarı və narıncı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə 12-13-dekabr tarixlərində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdərə, Kəlbəcər, Qazax, Gəncə, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ucar, Ağdaş, Qax, Balakən, Şəki, Zaqatala, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Oğuz, Qəbələ, Salyan, Neftçala, Hacıqabul, Şirvan, Göyçay rayonlarında fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur. Goranboy və Naftalan rayonlarında isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Ən çox şikayət olunan 5 bank - SİYAHI

Bu ilin noyabr ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb. Sozcu.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ən çox şikayət edilən bank 3,46 indeksi ilə “Yapı Kredi Bank Azərbaycan” seçilib. Ötən ay bu rəqəm 2,08 bənd təşkil edib. Başqa sözlə, bir ayda bankdan şikayətlər 66% artıb.  “Yelo Bank” isə 2,56 indeksi ilə siyahıda ikinci, “Accessbank” isə 2,16 indeksi ilə üçüncü olub.  Son bir ayda şikayətlərin kəskin artan bankların siyahısında “Azər-Türk Bank” da var. Bankın şikayət indeksi bir ayda 0.67 bənddən 2.15 bəndə yüksəlib. Bu isə 3,2 dəfə artım deməkdir.  Top-5-liyi eyni indeksdə olan digər bir bank - “Unibank” tamamlayır. Son bir ayda bankın şikayət indeksi 1.77 bənddən 2.15-ə yüksəlib. Başqa sözlə, bankdan şikayətlər 21%-dən çox artıb.valyuta.az)

Onların əsgərlikdə 4 günü 1 gün sayılacaq

Milli Məclisdə "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişikliklər müzakirə olunub. Qanun layihəsinə əsasən, hərbi təhsil müəssisələrindən müvəffəqiyyətsizliyə, intizamsızlığa görə xaric edilən kursantlar hərbi hissələrə göndərilərək, müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib. O iddia edib ki, kursantların hansı əsaslarla tərxis ediləcəyi sual doğurur "Qanun layihəsinə görə, Ali Hərbi Məktəbdə oxuyan uşaq intizamsızlığa görə əsgərliyə göndərilməlidir və onun dörd günü bir gün sayılmalıdır. Sonra isə onu korpus komandirinə təqdim edib ordudan təxris etməlidirlər. Lakin bu qanunda Müdafiə Nazirliyi ilə yanaşı, Dövlət Sərhəd Xidməti (DSX) və Daxili Qoşunların (DQ) hərbi təhsil müəssisələrindən xaric edilən kursantlarının taleyi ilə bağlı boşluqlar mövcuddur. Belə ki, DSX və DQ-də korpus sistemi mövcud deyil və bu səbəbdən kursantların hansı əsaslarla tərxis ediləcəyi sual doğurur"./Axar.az

26 min manatlıq heyvan oğurlayan şəxs tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb. DİN-dən Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Kürdəmir rayonu Carlı kəndi ərazisində yerləşən otlaq sahəsindən iribuynuzlu heyvanlar oğurlayan Oğuz rayon sakini Şəmi Muradov saxlanılıb. Araşdırmalar zamanı adıçəkilən şəxsin kənd sakinlərinə məxsus 11 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 26 min manat maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir

Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb. Sozcu.az AYNA-ya istinadən xəbər verir ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir. Layihə xüsusi proqram təminatında simulyasiya edilib. Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq. Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Gəncədə ağır qəza - Xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Xudadat bəy Rəfibəyli küçəsi ilə Ozan küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "Kia" ilə "Audi" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən "Audi" yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Novruzda neçə gün qeyri-iş günü olacaq?

Baş nazir Əli Əsədov gələn ilin bayram günləri ilə bağlı Qərar imzalayıb. Sozcu.az xəbər verir ki, qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib. Gələn il 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq. Beləliklə, 2025-ci ilin Novruz bayramında ardıcıl 7 gün -20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində iş olmayacaq. Martın 27-si isə bayramdan sonra ilk iş günü olacaq.

Bakıda yağış, rayonlarda leysan - HAVA PROQNOZU

Azərbaycanın bəzi yerlərində dekabrın 12-də arabir yağış yağacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin 12-si gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Həftəsonu ilə bağlı XƏBƏRDARLIQ

Hər il 4-20 dekabrda təkrarlanan Geminidlər meteor selinin piki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir. Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Geminidlər ən intensiv dövri meteor sellərindən biridir: "Aysız səmada saatda 150-dək meteoru müşahidə etmək mümkündür. Meteor yağışı əsasən Şimal Yarımkürəsində daha aydın görünəcək, lakin Cənub Yarımkürəsində də daha az intensivliklə izlənə bilər. Selin radiantı Əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar. Selin ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər". Meteor selləri adətən komet mənşəli olurlar Lakin Geminidlər 3200 Faeton adlı göy cismi ilə əlaqələndirilir. 1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt Yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır. Faetonun asteroid yoxsa komet olduğu hələ də dəqiq bilinmir, çünki Günəşə yaxınlaşdıqda "quyruq" yaratmır. Bu səbəbdən onun daş tərkibli yeni tip obyekt və ya "sönmüş" komet olduğu ehtimal edilir. Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın tam fazaya yaxın olması səbəbindən işığı müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər. Ay 14 dekabrda saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq. Lakin 07:25-də artıq səhər alaqaranlığı başlayacaq və müşahidələr çətinləşəcək.

Bakıda Messi ilə görüşmək neçəyədir? - MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, dünya futbolunun ulduzu Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gəliblər. Messi və komanda yoldaşları bu gün Bakı Kristal Zalında keçiriləcək tədbirdə iştirak edəcək, pərəstişkarları ilə görüşəcək. Saat 13:00-da başlayacaq tədbir üçün biletlərin qiyməti 10 - 50 manat arasındadır. Tədbirdə Messinin futbol həyatını və mübarizəsini əks etdirən film nümayiş olunacaq, dünyaşöhrətli Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək. Qeyd edək ki, bilet satışından əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə ediləcək./Metbuat.az

İlham Əliyev Bernard Kaminetskini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Samuxda ev yandı: xəsarət alan var

Samuxda evdə yanğın olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonunun Köbər kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Neftçalada motosiklet su kanalına düşdü, ölən var

Neftçalada motosiklet su kanalına düşüb. Sozcu.az xəbər verir ki, Rəşad Hadıyev idarə etdiyi "Ural" markalı yedəkli motosikletlə hərəkətdə olarkən su kanalına düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 72,60 dollara, yüngül neftin bir barreli isə 69,01 dollara satılır.

Bu, Kremlə güclü zərbədir

Suriya Prezidenti Bəşər Əsəd rejiminin süqutu Rusiyanın Suriyadakı hərbi varlığını sual altına qoyub. Sozcu.az xəbər verir ki, bu barədə "Biznes İnsayder" (Business Insider) nəşri yazıb. Bildirilir ki, bu, Rusiyanın gücünü Yaxın Şərqdə və onun hüdudlarından kənarda genişləndirmək qabiliyyətini də təhdid edir. "Bu, onlara (ruslara - red.) güclü zərbədir. Suriya onların ən etibarlı ərəb müttəfiqi idi", - bunu Ekstremizmlə Mübarizə Layihəsinin baş məsləhətçisi Edmund Fitton-Braun deyib. Qeyd edək ki, 2017-ci ildə Suriya hərbi yardım qarşılığında Hmeymim aviabazasını və Tartusdakı dəniz bazasını 49 il müddətinə Rusiyaya icarəyə verib. Rusiya bu bazalardan Aralıq dənizi və Afrikadakı qüvvələri, həmçinin NATO-nun cənub cinahına qarşı çıxmaq üçün istifadə edib.

Azərbaycan ordusunun hərbi qulluqçusu odlu silahdan açılmış atəş nəticəsində həlak oldu

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilmişdir. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.

Suriyada strateji səviyyədə qazanan tərəf İsraildir

Səddam Hüseyn rejiminin məhvindən sonra İsrailə birbaşa təhdid yaradan daha bir ərəb rejimi çökdürüldü.  Suriyada bundan sonra nələr ola biləcəyini təxmin etmək üçün İraqda 2003-cü ildəki ABŞ işğalından sonra baş verənlərə nəzər salmaq lazımdır. Bənzər model Suriyada da tətbiq oluna bilər. İsrail xarici işlər naziri də məhz buna - federallaşmaya işarə edərək kürd faktorunun vacibliyini xüsusi vurğulayıb. Hələlik dəqiq bilinən budur ki, İraqdakı kimi, Suriyada da güclü mərkəzi hökumət mövcud olmayacaq.  İsrail hazırda Suriya ərazisində demilitarizasiya (Əsəd ordusunun bütün silah-sursat və hərbi texnika ehtiyatının məhvi) tədbirləri həyata keçirməklə bu hərbi potensalın istər yeni hökumətin, istərsə də ayrı-ayrı qrupların əlinə keçməsi ehtimalını aradan qaldırır. İsrail boşluqdan yararlanaraq Qolan təpələrində 1974-cü ildə razılaşdırılmış bufer zonasını, xüsusən Şamın ovuc içi kimi göründüyü strateji əhəmiyyətli Hermon dağını da nəzarətə götürüb. Bu da Suriyada istənilən perspektivə qarşı özünü sığortalamaq deməkdir.  Əsədin devrilməsi ilə İranın İraq və Suriya üzərindən Livana açdığı quru dəhlizi kəsilmiş oldu. İrandan Aralıq dənizi sahilinə uzanan "şiə ayparası" dağıldı. Xərclənən milyardlarla dollar, verilən itkilər boşa çıxmış oldu. Suriyanı itirən İranın bölgədəki qol-budaqlarının doğranması davam edəcək. "Hizbullah"ın darmadağın edilməsindən sonra növbənin Yəmən və İraqdakı "Ənsərullah" və "Haşdi Şabi" qruplaşmalarına çatdığını söyləmək mümkündür. Diplomatik müstəvidə hər hansı anlaşma əldə olunmasa, sonda isə yəqin ki, birbaşa İran özü hədəf alınacaq.   Xarici siyasət və təhlükəsizlik sahəsində əldə olunan bu uğurlar İsrail baş naziri Netanyahunu daxildə hüquqi təqibdən xilas edə bilməyib. Bu gün o, korrupsiya, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları üzrə məhkəmə qarşısında şahid qismində ifadə verib. Vəkillərin prosesin təxirə salınması barədə vəsatətini rədd edən hakimlər baş nazirin həftədə 3 dəfə məhkəməyə gəlib ifadə verməsi barədə qərar qəbul ediblər. Şahin Cəfərli, politoloq

Qərb Suriyanı Ukraynaya dəyişdimi?

Əsəd rejiminin çox qısa müddət ərzində müqavimətsiz düşməsi faktı insanlarda belə bir düşüncə yaratdı ki, guya Rusiya Suriyanı Qərb blokuna təslim etdi, əvəzində isə gələcək danışıqlarda Ukraynanın təslimiyyətini əldə edəcək. The Washington Post yazır ki, Suriya müxalif qüvvələrin hücumuna bir neçə həftə qalmış Bayden administrasiyası BƏƏ vasitəsilə Əsədə saziş təklif etmişdi. Əsəd İranın Suriya üzərindən "H*zbullah"ı silahlandırılmasının qarşısını almalıydı, əvəzində isə Bayden administrasiyası Suriyadan bəzi sanskiyaları ləğv edəcək idi. Əsəd bu təklifi rədd etdi.  Bundan əlavə, müxalif qüvvələrin hücumuna bir neçə gün qalmış Ərdoğan da Əsədə mesaj göndərmişdi. Ərdoğanın xahişlərindən biri, Türkiyəyə sığınmış suriyayalıların bir qisminin qayıdışı üçün şəraitin yaradılması idi. Əsəd bu təklifi də rədd etmişdi. Nəticə etibarı ilə Əsədin devrilməsində maraqlı olan bir neçə dövlətdən ibarət koalisiya formalaşdı: ABŞ, İsrail, Türkiyə. Türkiyənin dəstəklədiyi və ABŞ-ın dəstəklədiyi qüvvələrin irəliləməsilə yanaşı, İsrail da hərbi əməliyyatlardan kənar deyil idi. İsrail HHQ çox intensiv şəkildə "H*zbullah"a və əsədçilərə aid olan hədəflərə zərbələr endirirdi. WSJ xəbər verir ki, Əsədin köməkçiləri Əsədə ABŞ, Türkiyə və İsraillə razılığa gəlməyə məsləhət görürdülər, amma Əsəd Trampla daha əlverişli razılığa gələ biləcəyini düşünürdü, bu səbəbdən də gözləyirdi. Nəticə göz qabağındadır. Suriyanın Rusiya üçün xüsusi önəmi var idi. Rusiyanın Suriyadaki Hmeymim və Tartus bazaları vasitəsilə Əsəd rejiminə dəstəklə yanaşı, Rusiyanın Afrikada başqa qüvvələrə də dəstəyi həyata keçirilirdi. Söhbət Liviyada Xəlifə Həftar, Sahel regionunda bir neçə xunta, Mərkəzi Afrika Respublikası, Sudan və digər qüvvələrdən gedir. Rusiya üçün Hmeymin bazasının gələcəyinin naməlumluğu, onun Afrika və Yaxın Şərqdəki geosiyasi mövqelərinə bütövlükdə sarsıdıcı zərbədir. Bu gün Rusiya propaqandası Suriyada öz dağıdıcı fiaskosuna bəraət qazandırmaq üçün info məkana "Suriyanı Ukraynaya dəyişdik" kimi absurd tezisləri buraxır. Bunun ehtimalı 0.0%-dir ən azı ona görə ki, Suriya və Ukrayna məsələlərində geosiyasi oyunçuların koloriti fərqlidir. Suriyada bu oyunçular: İran, Rusiya, Türkiyə, ABŞ və İsraildir. Ukraynada geosiyasi oyunçular: ABŞ, Rusiya, Çin və Avropadır. Əsəd rejiminin bu dərəcədə sürətli çöküşünün 2 fundamental səbəbi var: 1) ABŞ, İsrail və Türkiyənin Suriyada maraqlarının üstə-üstə düşməsi. 2) Rusiya və İranın siyasi/hərbi/iqtisadi/geosiyasi mövqelərinin zəifləməsi nəticəsində Əsəd rejimini qoruya bilməməsi. Suriyada maraq dairələrin yeni bölüşdürülməsi olacaq, amma "pay bölücüləri" arasında Rusiya və İran olmayacaq. Kamran Cəfərov, politoloq

Yağıntıların miqdarı normadan yuxarı olub

Bu ilin payız aylarında Azərbaycan üzrə yağıntıların miqdarı sentyabrda normadan aşağı, oktyabr və noyabrda normadan yuxarı olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Bildirib ki, son on il ərzində Azərbaycan üzrə ən çox yağıntı 2016-cı ildə qeydə alınıb və iqlim normasından yuxarı olub: "2016-cı ildə ölkə üzrə düşən yağıntının miqdarı ümumilikdə orta hesabla 570.7 mm təşkil edib. Ən çox yağıntılar oktyabr ayında Bakı və Abşeron yarımadasında (iqlim normasının 509 faizi), noyabr ayında isə Mərkəzi Aran rayonlarında (iqlim normasının 179 faizi) qeydə alınıb".

Bu rayon və şəhərlərin pensiyaları ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib. Sozcu.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Respublikamızın digər bölgələri üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Hazırda Bakının sıxlıq müşahidə olunan küçələri - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Azərbaycanda 18 yaşlı ana doğuş zamanı körpəsini itirdi

Gədəbəydə doğuş zamanı ölən körpə ilə bağlı bəzi detallar məlum olub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Lent.az-a məlumat verilib. Bildirilib ki, 18 yaşlı Gədəbəy rayon sakini (qadın cinsli) ilk dəfə 26 avqustda 10-11 həftəlik hamiləlik diaqnozu ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Laborator müayinələr zamanı hamilə qadında orta-ağır anemiya aşkar olunub: "Anemiyanın aradan qaldırılması üçün pasiyentə daha ixtisaslı müayinə və müalicələrdən keçməsi tövsiyə edilib. Pasiyent 19 sentyabrda 13 həftəlik hamiləlik diaqnozu ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təkrar müayinə olunub. Onda yenə də orta-ağır anemiya halı təsdiqlənib. Ona zəruri müalicələr təyin edilərək ayda 1 dəfədən gec olmayaraq həkim qəbulunda olması tövsiyə edilib. Lakin pasiyent 18 noyabradək Gədəbəy RMX-ya müraciət etməyib. Qadın qeyd olunan tarixdə 22 həftəlik hamiləlik diaqnozu ilə təkrar müayinədə olub. Müayinələr nəticəsində xəstədə orta-ağır anemiya hamiləlik zamanı proteinuriya aşkar edilib. Yenə zəruri müalicələr təyin olunub və iki həftə sonra müayinə üçün gəlməsi tövsiyə edilib. Lakin pasiyent tövsiyə edilən tarixdə tibb müəssisəsinə müraciət etməyib". "Bundan sonra xəstə 9 dekabr saat 04:35-də ambulansla Gədəbəy RMX-nın Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 25-26 həftəlik hamiləliklə, vaxtından əvvəl doğuş, ölü döl, sağrı gəlişi, doğuşun ikinci dövrü aktiv faza diaqnozu təyin edilib", - deyə açıqlamada bildirilib.