Sərnişin avtobusu xəndəyə düşdü: 1 ölü, 32 yaralı

Türkiyənin Aydın vilayətinin Kuyucak rayonunun ərazisində sərnişin avtobusu xəndəyə düşüb. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 32 nəfər isə yaralanıb. Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım xidmətinin personalı cəlb olunub. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

İmamoğlu həqiqətən rüşvətxordursa diplomunu ləğv eləməyə nə ehtiyac var idi?

İstanbul böyük şəhər bələdiyyəsinə qəyyum təyin etmək riskinə getmədilər. Ayın 26-da bələdiyyə Məclisi toplaşaraq öz üzvlərindən birini bələdiyyə başqanı seçəcək. Çoxluq CHP-də olduğundan İmamoğlunun komanda üzvlərindən biri (yəqin ki, ilçə bələdiyyə başqanları arasından) böyük şəhər bələdiyyə başqanı olacaq.  Qəyyumdan vaz keçilməsində 2 amil rol oynadı: - Xalq etirazlarının gözləniləndən daha genişmiqyaslı, inadlı və coşğulu olması; - İqtisadiyyatın alt-üst olması riski. 19 mart əməliyyatı ilə iqtidarın nəyə nail olduğu zamanla əlbəttə ki, daha aydın ortaya çıxacaq. Mən şəxsən burada prezident Ərdoğan üçün bir uduş variantı görmürəm. Əməliyyat öncəsi Əkrəm İmamoğlu reytinqi yüksək olan ölkə siyasətçilərindən biriydi, əlavə olaraq onun əzabkeş obrazı da yarandı.  Korrupsiya iddialarına kimsə inanmır, zatən dosye də boşdur. Dəlil-sübut kimi təqdim olunan məsələlər gizli şahidlərin ifadələrindən ibarətdir, onlar isə gördüklərini yox, eşitdiklərini danışırlar. Vaxtilə "Ergenekon", "Balyoz" əməliyyatları da gizli şahidlərin ifadələrinə əsaslanırdı və türk ordusunun yüzlərlə zabiti həbs olunmuşdu. (Yeri gəlmişkən, Türkiyə işğal olunsa, düşmənin belə asanlıqla cəsarət etməyəcəyi bu boyda rəzalətə görə kimsə cavabdehlik daşımadı). Bu cinayət işlərinin aqibətinin nə olduğunu bilirsiniz. Ona görə də, gizli şahid ifadələrinə hər hansı ictimai etimaddan söhbət gedə bilməz.  Digər tərəfdən, indiyə qədər İstanbul bələdiyyəsində Daxili İşlər Nazirliyinin, Ticarət Nazirliyinin müfəttişləri və Hesablama Palatası (Sayıştay) tərəfindən 1019 dəfə yoxlama aparılıb. Dövlət müfəttişləri qanunsuz heç nə aşkarlamayıb, amma gizli şahidlər deyir ki, "eşitdiyimizə görə filan şey filan cür olub" və bunun əsasında nüfuzlu müxalifət lideri həbsə atılır.  İnsanlar axmaq deyil, təhsil səviyyəsindən asılı olmayaq hər kəs məntiqlə düşünə bilir. Aydındır ki, hakimiyyətin onun fəaliyyətini diqqət mərkəzində saxladığını çox yaxşı bilən prezidentliyə iddiaçı şəxs maksimum çalışar ki, boşluq buraxmasın. Məntiq mühakiməsi həm də onu deyir ki, İmamoğlu həqiqətən korrupsioner və rüşvətxordursa, onda diplomunu ləğv eləməyə nə ehtiyac var idi? Deməli, məsələ siyasidir. Bir sözlə, baltanı daşa vurdular. Şahin Cəfərli, politoloq

"İmamoğlunun əllərini qandallasanız belə, xalqın ürəyini qandallaya bilməzsiniz"

Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsi ilə bağlı açıqlama verib. Sozcu.az xəbər verir ki, partiyanın sosial şəbəkə hesabında yayılan açıqlamada “Ümidsizlik yox”, “Mübarizəyə davam” ifadələri yer alıb. CHP qrup başqan vəkili Əli Mahir Başarır da İmamoğlunun haqqında həbs qərarına etiraz edib. “Əkrəm İmamoğlunun əllərini qandallasanız belə, xalqın ürəyini qandallaya bilməzsiniz. Seçkidə məğlub edə bilmədiyiniz Əkrəm İmamoğlunu məhkəmə çevrilişi ilə dayandırmağa bu millət imkan verməyəcək! Halal səslə qazanılan bu kürsü haram göstərişlə qəsb oluna bilməz! Bu qərar etibarsızdır! Meydanlarda, küçələrdə, hər yerdə olacağıq!”, - Başarır bildirib.

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, martın 24-də bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Azərbaycanda pensiya ödənişləri ləğv edilir? – VİDEO

Azərbaycanda ildən-ilə pensiyaçıların sayında azalma müşahidə olunur. İddialara görə, yaşın artırılması da məhz buna xidmət edir. Yəni pensiya alanların sayı azalsın və gələcəkdə ödənişlər ləğv edilsin. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Yəni hazırda kişilərdə pensiya yaşı 65-dir, qadınlarda isə bu il 64 olacaq. Pensiya ödənişləri gələcəkdə ləğv oluna bilərmi? Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli iddiaların əsassız olduğunu deyib.

Rusların Donetskdəki mövqeləri darmadağın edildi

Ukrayna ordusu rusların Donetsk vilayətinin Toretsk şəhərindəki mövqelərini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, zərbələr martın 21-də Rusiyanın 103-cü motoatıcı alayının 1-ci əlahiddə qvardiya motoatıcı briqadasının qüvvələrinin cəmləşdiyi əraziyə endirilib. Nəticədə rus hərbçilərin yerləşdiyi yer tamamilə dağıdılıb, şəxsi heyət, xüsusən də desant-hücum qrupları və PUA operatorları məhv edilib.

Həbs edilən İmamoğludan ilk mesaj: “Hər cür uduzacaqsınız!”

Korrupsiya istintaqı çərçivəsində həbs edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu qərardan sonra diqqətçəkən mesaj paylaşıb. Sozcu.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib. “Qorxunun əcələ faydası yoxdur. Hər cür uduzacaqsınız. Haqlılığımıza, mərdliyimizə, təvazökarlığımıza, gülər üzümüzə məğlub olacaqsınız! Əziz millətim, heç vaxt kədərlənməyin, ümidinizi itirməyin. Əl-ələ verib demokratiyamıza vurulan bu zərbənin, qara ləkənin kökünü kəsəcəyik. Prosesi idarə edən insanların həm dünyada, həm də axirətdə hesab verəcəyi gün yaxındır”. O, həmçinin vətəndaşlara səslənib: “Sizi seçki qutusuna getməyə, demokratiya və ədalət uğrunda mübarizəmizi bütün dünyaya elan etməyə dəvət edirəm. Heç vaxt əyilməyəcəm, hər şey gözəl olacaq”.

Ukaryna ordusu bu kəndi azad etdi

Ukrayna ordusunun 3-cü hücum briqadası Luqansk vilayətinin Svatovsk rayonunun Nadejda yaşayış məntəqəsini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə briqadadan məlumat verilib. “Briqada, ilk növbədə 1-ci hücum batalyonu Nadejda yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib. Düşmən Nadejdanı iki aylıq hücumdan sonra işğal etmişdi. Nəticədə Rusiya Silahlı Qüvvələrinin 20-ci ordusunun 752 və 254-cü alayları böyük canlı qüvvə itkisi verib”, - məlumatda qeyd olunub.

Elektrik xətlərinin altında evləri olanlara MÜHÜM XƏBƏR - Video

Yüksək gərginlikli elektrikötürücü xətlərin altına düşən torpaq sahələri dəyərləndiriləcək. Sozcu.az bu barədə "Xəzər TV"yə istinadən xəbər verir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bunun müsbət tərəfləri var. Görülən bu işlər sayəsində sözügedən ərazilərdə  tikilmiş çoxsaylı evlər üçün çıxarış problemi də öz  həllini tapmış ola bilər. Ekspert bildirib ki, bundan başqa bir çox dövlət layihələri əsasında müxtəlif növ qiymətləndirmələr də aparılacaq. Eyni zamanda mütəxəssis rəyinin və AZURE, yəni bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi üçün müəyyən hesabatların hazırlanması xidmətləri də həyata keçiriləcək.

Bu gün üçüncü Qədr gecəsi olacaq

Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı xüsusi təqviminə görə, bu gün üçüncü Qədr gecəsini yaşayacağıq. Sozcu.az xəbər verir ki, təqvimə əsasən üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə keçən gecəyə (22 mart) təsadüf edir. Növbəti Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) olacaq. Xatırladaq Ramazanın ilk Qədr gecəsi mart ayının 18-dən 19-na keçən gecəyə, ikinci Qədr gecəsi isə Ramazan ayının 20-dən 21-nə keçən gecəyə (20 mart) təsadüf edib.  ​​​​​​​ İslam təqvimi ilə Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı qeyd olunacaq. Qədr gecəsi Allahın müqəddəs kitabı “Quran”ın nazil olduğu gecədir. Allah-Təala “Qurani-Kərim”də buyurur: “Həqiqətən biz onu (“Quran”ı) Qədr gecəsi nazil etdik!” Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar. Rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunub. Qədr gecəsi Allah insanların dualarını qəbul edir. Qədr gecəsin həm bərəkətli, həm də Allahın mərhəməti olan bir gecədir.  Qədr gecəsi əhya saxlamaq, yəni səhərədək oyaq qalmaq savab sayılır. Həmin gecədə təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir. Hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə, Allah-Təala ona min ay ibadətin savabından artıq savab yazar.

82 yaşlı qadın su kanalında boğuldu

İmişlidə 82 yaşlı qadının su kanalına düşərək boğulması ilə nəticələnən hadisə baş verib. Sozcu.az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə, hadisə ötən gün qeydə alınıb. İmişli şəhər sakini 1943-ci il təvəllüdlü Vəliyeva Məstan Hüseyn qızı evlərinin yaxınlığından keçən R-2 su kanalına düşərək boğulub. Günorta saatlarında onun cəsədi batdığı yerin yaxınlığında aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Kənd təsərrüfatı nazirinin çıxışı qeyri-peşəkarlıqdır - Ekspert

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bir müddət öncə bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. O, dana və quzuların erkən yaşda kəsilməsinin əleyhinə olduğunu qeyd edib. Deputatın təklifi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Modern.az-a bildirib ki, dünya praktikasında qeyri-peşəkarlar aqrar sahə ilə bağlı təkliflər vermir, qanunda dəyişikliklə bağlı çıxışlar etməkdən çəkinirlər: “Sahəni dərindən bilmədən sahə ilə bağlı nəsə danışmaq yersizdir. Bütün ölkələrdə qədim zamanlardan heyvanların kəsim zamanını sahibkarlar müəyyən edir. Heyvanın kəsim zamanı heç bir ölkədə dövlət qanunu ilə tənzimlənmir. Bunu kim uydurdu, kim dildən-dilə gəzdirdi bilinmir. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun da çıxışı olmuşdu. İndi də Aqrar siyasət komitəsinin sədrinin belə bir çıxış etməsi yalnızca qeyri-peşakarlıqdan irəli gəlir. Çünki heyvanlar ilk aylarda daha sürətlə inkişaf edirlər. Məsələn, quzular 6 ay müddətinə, eləcə də buzovlar 6-7 müddətinə sürətə inkişaf edirlər. Sonrakı etapda isə gündəlik yem tələbatı artır. Elə bil ki, bütün canlılar ilk etapda sürətlə inkişaf edir. Sonrakı etapda isə təbii inkişaf dayanır və ancaq qidalanma hesabına inkişaf mümkün olur”. V.Məhərrəmli bildirib ki, Azərbaycanda ot və yem çatışmazlığı var: “Biz tələbatımızdan 2.5 dəfə az ot, 15 dəfə az qüvvəli yem istehsal edirik. Belə bir halda heyvanları uzun müddətə saxlamaq mümkün olmayacaq. Olsa da, baş sayı azalacaq. Ölkəmizdə 1.8 milyon xırdabuynuzlu, 350 min iribuynuzlu heyvan sayı azalıb. Bunun səbəbi kifayət qədər yem olmamasıdır. Əgər yem olarsa, niyə sahibkarlarımız daha az heyvan saxlasınlar?! Azərbaycanda ətin qiyməti regionda ən yüksək dərəcədədir. Ət istehsal edib satmaq sahibkarlarımıza sərf etdiyi halda bunu etmirlər, çünki örüş əraziləri tükənib, məhsuldarlıq aşağı düşüb”. Müsahibimiz qeyd edib ki, kənd təsərrüfatı naziri və Aqrar siyasət komitəsinin üzvləri nə etdiyini bilmirlər: “Yaxşı olar ki, onlar nəsə deməzdən əvvəl mütəxəssislərlə məsləhətləşsinlər. Əgər imkan yaradılarsa, Aqrar siyasət komitəsinin üzvlərindən özünü ən hazırlıqlı hesab edənlərlə bu məsələni müzakirə etməyə hazıram. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi bu sahədə çalışan sahibkarlara ciddi problem yarada bilər. Məmurlar elə deməklə deyil, mən bilirəm ki, onların əksəriyyəti 4-5 aylıq quzu əti ilə qidalanırlar. Bu əgər qanun şəklində həyata keçirilərsə, fermerlərlə yanaşı, istehlakda da ciddi problemlər yaradacaq. Elə adamlar var ki, onlar quzu əti yeyə bilir, amma toğlu ətini yeyə bilmir. Yaxşı olar ki, hər kəs öz bildiyi sahə üzrə danışsın. Bu sahə olduqca mürəkkəbdir, onsuz da bərbad vəziyyət yaradıblar, daha da pis günə qoya bilərlər”.

Urmiyədə antiterror aksiyasına qatılan azərbaycanlı cütlük həbs edilib

Kürd terror qruplaşmalarının tərəfdarlarının siyasi toplantısına cavab olaraq Urmu xalqının etiraz eyləmində iştirak edən xanım Ulduz Qasimi və Əmir Səttari İran rejiminin təhlükəsizlik agentləri tərəfindən həbs edilib. Bu azərbaycanlı milli fəallar 2025-cü il martın 2-i şənbə günü bu mitinqə qatılmaq üçün Təbrizdən Urmiyəyə getmişdilər. Onlar evlərinə qayıdan zaman rejimin təhlükəsizlik agentləri tərəfindən nəzarət-buraxılış məntəqələrinin birində həbs edilərək naməlum bir yerə aparılıblar. İran rejimi açıq şəkildə kürd terror qruplarına dəstək verməklə, kürdlərə təşviq paketləri paylamaqla, o cümlədən pulsuz qaçaqmalçılıq yolu ilə gəlir əldə etmələrinə imkan yaratmaq və Qərbi Azərbaycanda əsas postları kürdlərə verməklə, Qərbi Azərbaycanı kürdləşdirmək, Güney Azərbaycan türkləri ilə Türkiyə və Azərbaycan cümhuriyətləri arasında sədd yaratmağa çalışır.

Urmiyəda keçirilən antiterror nümayişlərində türk qadınları fəal iştirak edirlər

Bu gün, 22 mart 2025-cü il, şənbə günü Urmiyədə kürd terror qruplaşmalarının tərəfdarlarının siyasi mitinqinə cavab olaraq keçirilən nümayişdə türk qadınları fəal iştirak ediblər. Urmu küçələrində kişilərlə yanaşı görünən türk qadınlar  “Azərbaycan var olsun istəmiyən kor olsun”, “Azərbaycan Yurdumuz, Urmiya Boz qurdumuz”, “Başqaları yalandır, Urmu Azərbaycandır”, “Azərbaycan oyaqdır, Kürdlər bizə qonaqdır” kimi şüarlar səsləndiriblər. Bəzi urmulu qadınların əllərində “Urmunun türk kimliyi müzakirə oluna bilməz” yazılmış plakatlar olub.

Külək, yağış, dolu... - Sabahın HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında martın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Etibar Cəbrayıloğluya ağır itki üz verib

Tanınmış jurnalist Etibar Cəbrayıloğluya ağır itki üz verib. Jurnalistin anası Rəisə xanım bu gün 84 yaşında vəfat edib. Bu barədə mərhumun nəvəsi Turan Etibaroğlu bildirib. Allah rəhmət eləsin.

AFFA-dan iki futbolçuya 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sozcu.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 17-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib. “Şəki Siti” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Şəki Siti” komandasının futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün meydan sahibi komanda daha 100 manat cərimə edilib. “Kür-Araz” – “Dinamo” oyununun 40-cı dəqiqəsində “Kür-Araz” komandasının futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra, eyni zamanda fasilədə hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

ABŞ-də parkda atışma olub, ölən və yaralanan var

ABŞ-nın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışma olub. Sozcu.az “CBS News”a istinadən xəbər verir ki, bu barədə yerli polis departamentindən bildirilib. Məlumata görə, silahlı insident nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə güllə yarası alıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Məsələnin təfərrüatları araşdırılır, atəş açan şəxsin axtarışları davam edir.

Rüstəm nişanlı idi, gəlməyinə 10 gün qalmışdı…

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusuyla vida mərasimi keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir, 2005-ci il təvəllüdlü Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib. Qeyd edək ki, Rüstəm Ruslan oğlu Həmidov nişanlı olub, tərxis olunmasına 10 gün qalmış hərbi xidmət yoldaşı İmanov Əli Tariyel oğlu İmanovla birlikdə qar uçqunu nəticəsində həlak olub. *** Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusu Bərdədə dəfn edilib. 2005-ci il təvəllüdlü Rüstəm Həmidov vida mərasimindən sonra rayonun Güloğlullar kənd məzarlığında torpağa tapşırılıb.

Təl-Əviv hava limanı hipersəs raketlə vuruldu

Ənsarullah hərəkatı (husilər) Təl-Əvivin Ben Qurion hava limanına səsdən sürətli raketlə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə hərəkat özü açıqlama yayıb. “Biz işğal altındakı Yaffa bölgəsində yerləşən Ben Qurion hava limanını Fələstin-2 hipersəs ballistik raketi ilə vurduq. Bütün aviaşirkətlərə xəbərdarlıq edirik ki, Ben Qurion hava limanı hava hərəkəti üçün təhlükəli hala düşüb və belə də qalacaq”, - Husilərin yaydığı bəyanatda bildirilib. Qeyd edək ki, hücumun nəticələri ilə bağlı məlumat yoxdur.

Fransa Azərbaycana birbaşa investisiyaları 25 dəfə artırdı

Ötən il Fransanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 121,91 milyon ABŞ dolları təşkil edib. Sozcu.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, il ərzində investisiyaların həcmi 25,11 dəfə və ya 117,056 milyon ABŞ dolları artıb. Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan yatırılan investisiyaların payı 1,7% təşkil edir. Öz növbəsində, Azərbaycan ötən il Fransa iqtisadiyyatına 19,224 milyon ABŞ dolları (-2,43%) sərmayə qoyub, birbaşa xarici investisiyaların ümumi həcmində bu Avropa ölkəsinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,1% təşkil edib. Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik müqayisədə 5,83% artım) təşkil edib. 2023-cü ildə Fransadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 4,854 milyon ABŞ dolları, ölkəyə yatırılan investisiyaların ümumi həcmi isə 6,658 milyard ABŞ dolları təşkil edib.

Bakıda 46 yaşlı qadın bayram günü faciəvi şəkildə öldü

Bakıda qadın bayram günü dəm qazından boğulub. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə martın 21-də Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 92B, mənzil 9-da qeydə alınıb. 1979-cu il təvəllüdlü Gülövşə Şaban qızı Maqsudova yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib. Araşdırma aparılır.

Türkiyə Ermənistan üçün “Alican”ı açdı - ABŞ alqışladı

Amerika Birləşmiş Ştatları Ermənistanın Suriya xalqına humanitar yardım göstərməsinə imkan yaratmaq üçün “Marqara”-“Alican” sərhəd keçid məntəqəsinin müvəqqəti açılmasına görə Ermənistan və Türkiyə arasında əməkdaşlığı alqışlayır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun əməkdaşı Lui Bono X sosial şəbəkəsində yazıb. “Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona necə fayda verdiyini göstərir”, - o əlavə edib. Qeyd edək ki, ötən gündən Ermənistan və Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi açılıb və Ermənistanın Suriyaya göndərdiyi 4 yük maşını Türkiyəyə daxil olub. “Marqara” keçid məntəqəsinin martın 31-dək açıq olacağı bildirilir.

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapıldı

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əli Tariyel oğlu İmanovun və əsgər Ruslan Rüstəm oğlu Həmidovun nəşləri aşkar edilib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb. Qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin! Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdir.