İsrailin Baş naziri Benyamin Netanyahu orduda ciddi kadr çatışmazlığı yarandığını nəzərə alaraq məcburi hərbi xidmət müddətinin uzadılmasının planlaşdırıldığını bildirib.
Sozcu.az xəbər verir ki, bu barədə İsrailin ictimai yayımçısı "KAN" məlumat yayıb.
Netanyahu bu fikirləri təhlükəsizlik kabinetinin iclasında səsləndirərək, Baş Qərargah rəisi Eyal Zamirin böhranın aradan qaldırılmayacağı təqdirdə ordunun “çökə biləcəyi” ilə bağlı xəbərdarlığına cavab olaraq hökumətin addımlar atacağını deyib.
Baş nazir qeyd edib ki, Pesax (yəhudi Pasxa) bayramından sonra hərbi çağırış qanunvericiliyinə dəyişiklik edilməsi və xidmət müddətinin artırılması istiqamətində addımlar atılacaq.
Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin hüquq müşavirinin ultra-pravoslav yəhudilər (haredilər) üçün hərbi xidmət tələblərinin yumşaldılmasına etirazına münasibət bildirən Netanyahu deyib: “Onun işi məsləhət verməkdir, qərarı isə biz veririk”.
Nazirlər Kabinetinin katibi Yossi Fuks da bildirib ki, bayramdan dərhal sonra həm xidmət müddətinin uzadılması, həm də yeni çağırış qanununun irəli aparılması məsələsinə baxılacaq.
İsrail ordusunun sözçüsü Effi Defrin isə açıqlayıb ki, hazırda orduda təxminən 15 min hərbçi çatışmır, onların 8 mini döyüşçüdür.
Hərbi rəsmilər bu vəziyyəti artan əməliyyat yükü ilə izah edirlər. Bildirilir ki, Qəzzada davam edən əməliyyatlar, İran və Livana qarşı hücumlar, həmçinin İordan çayının qərb sahilində yerləşən yaşayış məntəqələrinin qorunması ordunun yükünü artırır.
Rəsmilər qeyd ediblər ki, tapşırıqlar artsa da, şəxsi heyətin sayı azalır.
Ultra-pravoslav yəhudilərin hərbi xidmətə cəlb olunması məsələsi isə ölkədə siyasi böhrana səbəb olub. Netanyahu hökumətinin haredi tərəfdaşları təklif olunan qanuna etiraz olaraq parlament səsvermələrini boykot edirlər.
Hazırda İsraildə kişilər üçün məcburi hərbi xidmət 32 ay, qadınlar üçün isə 24 ay davam edir. Təkliflərə görə, bu müddət 36 aya qədər artırıla bilər.
Bu müzakirələr İsrailin Livanın cənubunda quru əməliyyatlarını genişləndirdiyi bir dövrə təsadüf edir. Ordu Litani çayının şimalına doğru mövqelərini genişləndirməyə çalışır, eyni zamanda Livana hava zərbələri və martın 2-də Hizbullahın sərhəd hücumundan sonra başladılan quru əməliyyatları davam etdirir.
Gərginlik ABŞ və İsrailin İrana qarşı birgə hücumları fonunda daha da artıb. Məlumata görə, fevralın 28-dən bəri bu hücumlar nəticəsində 1340-dan çox insan həlak olub.
İran isə buna cavab olaraq İsrailə, ABŞ bazalarına və Körfəz ölkələrinə qarşı pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.
