Ermənistanda ehtiyada olan əsgər və zabitlər təlimlərə ÇAĞIRILDI

2024-cü il sentyabrın 15-dən dekabrın 15-dək Ermənistanda ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Təlimlərə sıravi əsgərlər, sıravi zabitlər və birinci və ikinci kateqoriyalar üzrə qeydiyyatdan keçmiş birinci qrup ehtiyatda olan zabitlər cəlb olunacaq. Məlumata görə, təlim-məşq toplanışlarının keçirilməsi hərbi vərdişlərin təkmilləşdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların sıradan, gizir və ehtiyatda olan birinci qrupa daxil olan zabitlərin yenidən hazırlanması zərurəti ilə əlaqədardır.

Rusiyanın itkiləri 580 minə yaxınlaşır

Ukrayna müharibənin 890-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 579 490 hərbçi, 8 399 ədəd tank, 16 203 ədəd zirehli döyüş maşını, 16 119 ədəd artilleriya sistemi, 1 132 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 907 hava hücumundan müdafiə sistemi, 363 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 21 816 ədəd avtomobil texnikası, 12 968 ədəd PUA, 2407 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 713 xüsusi avadanlıq itirib.

Əhaliyə XƏBƏRDARLIQ - Avqustun bu günlərində DİQQƏTLİ OLUN! - TARİXLƏR

Avqust ayında sağlamlıq üçün çox təhlükəli ola biləcək bir neçə maqnit qasırğası gözlənilir.  Günəş aktivliyinin artması Yerdə geomaqnit qasırğalarına səbəb ola bilər.  Ay maqnit qasırğası ilə başlayacaq. Avqustun 1-dən 3-dək günəş aktivliyinin artması gözlənilir. 1-də tufanın gücü 6 bal, yaxın iki gündə isə 4 bala qədər azalacaq. onlayn aptek Növbəti zəif maqnit qasırğası ayın ortalarında - avqustun 13-dən 16-dək proqnozlaşdırılır. 13-də fırtınanın gücü 5 bala çatacaq, sonra 4 bala düşəcək. Avqustun 22 və 23-də günəş aktivliyində qısamüddətli artım müşahidə olunacaq. Ayın sonu avqustun 25-dən 28-dək güclü maqnit qasırğası ilə əlamətdar olacaq. 25 və 26-da günəş aktivliyi çox yüksək olacaq və yalnız bundan sonra azalmağa başlayacaq. Nəzərə alın ki, bu proqnoz dəqiq deyil və günəş aktivliyini proqnozlaşdırmaq çətin olduğundan zamanlar dəyişə bilər. Maqnit qasırğalarının sağlamlığa təsiri: Maqnit qasırğalarının mənfi təsirini ən çox meteohəssas və yaşlı insanlar, hamilə qadınlar və xroniki xəstəlikləri olanlar hiss edirlər. Belə insanlarda yüksək günəş aktivliyi günləri sağlamlıqlarının pis olması ilə əlamətdardır. Maqnit qasırğasının ən çox görülən əlamətləri: Başgicəllənmə; Baş ağrısı; Ürəkbulanma; Yüksək və ya aşağı qan təzyiqi; Yuxusuzluq; Oynaqlarda və əzələlərdə ağrı; Halsızlıq; Xroniki xəstəliklərin kəskinləşməsi. Onu da nəzərinizə çatdıraq ki, insanların çoxu fırtınalı günləri heç bir sağlamlıq problemi olmadan keçirir. Özünüzü maqnit qasırğalarından necə qorumalısınız? Maqnit fırtınaları zamanı sağlam həyat tərzi qaydalarına əməl etməyinizə əmin olun: Daha çox göyərti, qoz-fındıq, balıq, mövsümi tərəvəz və meyvələr yeyin. Ədviyyatlı, yağlı, qızardılmış yeməklərdən və fast fooddan uzaq durun. Alkoqol, qəhvə, enerji içkiləri və tütün istehlakınızı məhdudlaşdırın. Açıq havada daha çox vaxt keçirin və otağı mütəmadi olaraq havalandırın. Fiziki fəaliyyətinizi artırın, məşqlər edin və daha çox gəzin. Stress və münaqişə vəziyyətlərindən qaçmağa çalışın, işdə həddindən artıq işləməyin. Səhhətiniz əhəmiyyətli dərəcədə pisləşibsə, həkimə müraciət etmək və mümkünsə xəstəlik məzuniyyəti almaq tövsiyə olunur./BAKU.WS

Azərbaycanda son 50 ilin rekordu

Qlobal iqlim dəyişməsinin əsas səbəblərindən biri də antropogen fəaliyyət zamanı istixana effekti yaradan qazların emissiyasının çox olmasıdır ki, bu da öz növbəsində temperaturun yüksəlməsinə səbəb olur. Ölkəmizdə də havanın temperaturu yüksələn xətt üzrə davam edir. Sozcu.az "Trend"ə istinadla xəbər verir bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji stansiya şəbəkələrinin məlumatlarına əsasən son illər havanın orta çoxillik temperaturunun artdığını demək mümkündür: “2007-ci ildən 2023-cü ilə qədər aparılan hidrometeoroloji müşahidələr əsasında deyə bilərik ki, ölkəmizdə havanın orta çoxillik temperaturu 1.3° normadan yüksək olub”. Xidmət rəisinin sözlərinə görə, son 50 il ərzində respublika üzrə ən isti gün 2000-ci il avqustun 2-də Naxçıvanın Culfa və Ordubad rayonlarında 46°, Bakı və Abşeron yarımadasında isə 2018-ci il iyulun 1-də Maştağada 44.5°, Bakıda 42.7° qeydə alınıb. Son 50 il ərzində ən soyuq günlər isə ölkə üzrə 2002-ci il dekabrın 28-də Naxçıvan şəhərində 30° şaxta, Bakı və Abşeron yarımadasında 2012-ci il fevralın 8-də 11° şaxta müşahidə olunub”. N.Mahmudov onu da qeyd edib ki, son dövrlərdə təhlükəli atmosfer hadisələrinin artım tendensiyası müşahidə olunur. Belə ki, sel-daşqın hadisələrinin sayının artmasını buna misal göstərmək olar. “Son dövrlərdə çaylarda baş verən sel hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınıbsa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb”, - deyə N.Mahmudov bildirib.

İsrail Haniyənin 12 qohumunu qətlə yetirdi - İran

İsrail Qəzza zolağında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin övladları və nəvələri də daxil olmaqla 12 qohumunu qətlə yetirib. Sozcu.az xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali Haniyənin qətlini şərh edərkən deyib. "Son hücum zamanı sionistlər qəsdən övladları və kiçik nəvələri də daxil olmaqla, Qəzzada Haniyənin ailəsinin 12-dən çox üzvünü qətlə yetiriblər. Əminik ki, terror aktları Fələstin xalqının işğal olunmuş torpaqlarını azad etmək əzminə təsir etməyəcək",- o bildirib.

FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi işləri davam etdirilir

Xəzər dənizində təchizat gəmisində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Sozcu.az xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. Əlavə məlumat veriləcək.

ABŞ səfirliyindən hərbçilərin ölümü ilə bağlı başsağlığı

ABŞ-nin Azərbaycandakı səfirliyi Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusun ölümü ilə əlaqədar onların ailələrinə və yaxınlarına başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Dörd Azərbaycan hərbçisinin faciəvi ölümü ilə bağlı onların yaxınlarına, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd olunub.

ATƏT-in müşahidə missiyası sabahdan fəaliyyətə başlayır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq. Sozcu.az xəbər verir ki, bunu Ceyhun Bayramovla ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati deyib. O, müşahidə missiyasının fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransının keçiriləcəyini qeyd edərək, növbəti 6 həftə ərzində missiya tərəfindən görüləcək işlərin xülasəsi barədə məlumat təqdim edib.

Bəzi Dairə Seçki Komissiyalarının sədrləri dilətutma, təhrik və təhdid usullarından istifadə edərək...

Hələlik Milli Məclisə növbədənkənar seçkilərə qatılmış 6 Müsavat təmsilçisinin namizədliyi qeydə alınıb.  Qeydəalma prosesi yaxın günlədə də davam edəcək.  Bu mərhələdə üzləşdiyimiz qanun pozuntularından biri də bəzi seçki dairələrində Müsavat namizədlərinin qeydiyyatına mane olmaq cəhdləridir.  Bəzi Dairə Seçki Komissiyalarının sədrləri dilətutma, təhrik və təhdid usullarından istifadə edərək namizədlərimizi seçki marafonundan çıxarmağa çalışır.  Bu hallar, həmçinin bəzi İcra Hakimiyyəti strukturları və seçki komissiyaları tərəfindən seçicilərə zəng vuraraq onların Müsavat namizədinin imza vərəqələrində imzası barədə sorğu etmələri seçicilərə təziq üsullarından biri olmaqla yanaşı ciddi qanun pozuntusudur.  Bizə dəqiq məlumdur ki, seçki marafonuna qoşulmuş namizədlərin əksəriyyəti, ümumiyyətlə imza toplamır və onlardan Müsavat namizədlərindən tələb olunan bürokratik prosedurlara əməl edilməsi tələb olunmur.  Biz ən bürokratik tələblədən xəbərdarıq və qanunun müxtəlif maddələrində qoyulmuş tələlərə düşməyəcək qədər təcrübəli seçki komandamız var.  Seçki komissiyalarının üzvləri hər kəsdən daha yaxşı bilir ki, bütün tələblərə əməl edərək imza və digər sənədləri DSK lara təqdim edən də bizim namizədlərimizdir.  Hər bir təmsilçilərimizin qeydə alınacağı ümidi ilə qeydə alınan və qeydiyyatını gözləyən bütün namizədlərimizə uğurlar arzulayıram. Arif Hacılı, Müsavat Partiyası Məclis sədri

Şəmkirdə şəhid anasının namizədliyi qeydə alınmadı

Şəmkirdə şəhid anası Xanımzər Əhmədovanın seçkilərdə namizədliyi qeydə alınmayıb. Şəhid Elbrus Hüseynovun anası, Çaparlı kənd sakini Xanımzər Əhmədova 103 saylı Şəmkir Kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. Şəhid anası 500 imzanı və digər müvafiq sənədləri toplayıb 103 saylı DSK-ya təqdim etsədə nigahda olduğu həyat yoldaşı ilə birgə mülkiyyəti bəhanə edərək onun namizədliyini qeydə almayıblar. Özü tərəfindən namizədliyi irəli sürülmüş şəhid anası Xanımzər Əhmədova bildirib ki, mən DSK-da bununla bağlı məlumat versəmdə mənə bildirmişdilər ki, heç bir problem yoxdur. Bunu mənə qarşı qanun pozuntusu hesab edib namizədliyimi qeydə almadılar.  Sözcü.az

Keçid ballarında dəyişiklik olacaq - Abituriyentlərin nəzərinə

Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, proses avqustun 19-na kimi davam edəcək: "Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq". V.Misirov qeyd edib ki, gələn həftə "Abituriyent 4" jurnalı çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq". DİM rəsmisi əlavə edib ki, builki keçid ballarında dəyişiklik gözlənilir: "Lakin hansı qruplar üzrə dəyişiklik olacağı ixtisas seçimindən sonra dəqiq bilinəcək".

Azərbaycan və Ermənistan razılığa gəldi

Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib.  Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsində "Avropanın Gələcəyi" barədə dinləmələr zamanı sualları cavablandırarkən deyib.  Diplomat daha sonra sözlərinə belə davam edib: "Hər iki tərəf sərhədin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib. Onlar sərhəd xətlərinin hara olması barədə razılığa gəliblər. Hər iki tərəfin hələ də nəzarətdə saxladığı bəzi ərazilər var. Ancaq yəqin ki, razılaşdırılmış sərhəd xəttlərinə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur. Amma bir daha vurğulayıram ki, bu, hər iki tərəfin üzərində işlədiyi bir prosesdir. Biz çox açıq şəkildə bildirdik ki, əgər sərhəddə hər hansı düzəliş olarsa, hər iki tərəf eyni fikirdə olmadığı müddətcə, razılaşdırılmış sərhəd tətbiq edilməlidir. Sülh sazişi ilə bağlı danışıqlar gedir və eyni zamanda sərhədlərin demarkasiyası ilə bağlı digər kanal vasitəsilə də danışıqlar davam edir." 

Dənizdə bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 10 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.  Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.  Əlavə məlumat veriləcək. 

Daha iki şəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Belə ki, hərbçi Məmmədov Surxay Rza oğlu avqustun 1-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Quliyev Camal Möhübbət oğlu isə avqustun 2-si Laçın şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.

İsraildən zərbə: Hizbullahın ikinci adamı öldürüldü

İsrail ordusunun dünən Beyruta zərbələri nəticəsində Hizbullahın ikinci adamı Hacı Möhsün (Fuad Şukar) öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilib ki, Möhsün Hizbullah lideri Həsən Nəsrullahın baş müşaviri və yüksək dəqiqlikli raket layihəsinin rəhbəri idi. O, 1983-cü ildə Beyrutdakı ABŞ dəniz piyadalarının kazarmasının partladılmasına və 200-dən çox dəniz piyadasının öldürülməsinə görə Vaşinqton tərəfindən axtarışda olub. ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat təyin etmişdi. Qeyd edək ki, İsrail tərəfi dünən Beyruta endirilən zərbələr nəticəsində Hizbullahın iki komandirinin öldürüldüyünü açıqlamışdı.

Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb

İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə "Əl Mayadin" məlumat yayıb. Məlumata görə, Haniyə Bakı vaxtı ilə təxminən saat 03:30-da Tehranın şimalındakı xüsusi hərbi iqamətgahda hava zərbəsi nəticəsində öldürülüb. “Nournyus”un (Nournews) verdiyi məlumata görə isə HƏMAS Siyasi Bürosunun rəhbəri "idarə olunan təyyarə mərmisi" ilə öldürülüb.

HƏMAS-ın öldürülən liderinin - Dosyesi

Xəbər verdiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə bu gün səhər saatlarında Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, Haniyə yanvarın 29-u 1962-ci ildə Qəzza zolağının Əl-Şati qaçqın düşərgəsində doğulub. O, 1987-ci ildə Qəzza İslam Universitetindən məzun olub. 1989-cu ildə HƏMAS üzvü olduğu əsas gətirilərək həbs olunan Haniyə 3 il sonra sərbəst buraxılır və İsrail tərəfindən Livanın cənubuna sürgün olunur. 1 il sonra isə Qəzzaya geri dönür. Haniyə 2006-cı ilin 19 fevralında Fələstin lideri Mahmud Abbas tərəfindən baş nazir təyin edilir. O, 2006-cı ilin oktyabrında FƏTH hərəkatı ilə HƏMAS arasında yaranan qarşıdurma fonunda karvanına təşkil edilən hücumdan, həmçinin İsrailin 2007-ci ildə onun evinə atdığı raket hücumundan da sağ qurtulub. 2007-ci ilin iyununda isə FƏTH və HƏMAS qarşıdurmasının gərginləşməsinə görə Mahmud Abbasın fərmanı ilə Haniyənin koalisiya hökuməti buraxılır. Lakin HƏMAS tərəfdarları Abbasın qərarını və yeni hökumətinin legitimliyini tanımadıqları üçün Haniyə kabineti işini davam etdirib. ABŞ Dövlət Departamenti onu 2018-ci ildə terrorçu elan edib. Haniyə evli olub, 13 övladı var. 2014-cü ildə dərc olunan məqaləyə görə, Haniyənin sərvəti Misirdən Qəzza zolağına tünellər vasitəsilə gələn bütün əşyalardan alınan 20 faiz vergi hesabına formalaşıb. Onun bir çox qohumları, bacı və qardaşı İsrailin himayəsi, bu ölkənin vətəndaşlığı altında yaşayır. İddia olunur ki, Haniyənin bacılarının övladları İsrail Müdafiə Qüvvələrində vəzifədə olub. Bacısı, qızı, nəvəsi və qayınanası İsrail xəstəxanalarında müalicə olunub. O, 2020-ci ildə Tehran şəhərinə səfər edərək Qasım Süleymaninin cənazəsinə qatılıb. Ömrünün son illərində Qətər və Türkiyədə yaşayıb.

Bakıda gəmi yanır: Heyət təxliyə edildi - Rəsmi

09:20 Bakıda gəmidə yanğın başlayıb. Sozcu.az Trend-ə istinadla xəbər verir ki, hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərrikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb. Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsiz yerə köçürülüb. Təxliyə prosesində digər bir gəmidən istifadə edilib. Yanğının səbəbləri hələlik məlum deyil, lakin müvafiq xidmətlər hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Eyni zamanda, gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır. *** Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-dən bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Beyruta zərbə: Bir nəfər öldü, 17-i yaralandı

İsrailin Livanın paytaxtı Beyruta zərbələri nəticəsində bir qadın həlak olub, 17 nəfər isə xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə “Əl Axbar” məlumat yayıb. Yaralılar arasında uşaqlar da var. Onlar Bahman xəstəxanasına çatdırılıb. Xatırladaq ki, İsrailin Beyruta zərbələri nəticəsində Hizbullahın iki komandiri öldürülüb.

Azərbaycanda GÜCLÜ istilər olacaq: 50 dərəcədən yuxarı… Bu tarixdə

Son bir neçə gündür dünyanın müxtəlif ölkələrində anormal istilər qeydə alınır. Hindistanın Uttar Pradeş ştatında parlament seçkisi üzrə səsvermənin son günündə istilər səbəbindən azı 33 nəfər seçki məntəqəsi işçisi ölüb. Bu barədə ştatın seçki komissiyasının rəhbəri Navdip Rinva jurnalistlərə bildirib. Ölənlər arasında seçki komissiyalarının əməkdaşları, sanitar xidmət işçiləri və mühafizəçilər var. Komissiya rəhbəri deyib ki, ölənlərin ailələrinə 1,5 milyon rupi (18 min ABŞ dolları) məbləğində pul kompensasiyası veriləcək. Ölkədə istilər nəticəsində azı 100 nəfər ölüb. Azərbaycanda da son günlər havanın temperaturu isti keçir. Bakıda və Abşeron yarımadasında temperatur 35 dərəcədən düşmədiyi halda bir sıra aran rayonlarında daha isti hava dalğası müşahidə olunur. Bəs bu il Azərbaycanda hava şəraiti ötən ilə nisbətən daha isti keçə bilərmi? Məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov News24.az-a bildirib ki, anormal istilər müşahidə olunmasa da, ölkənin əksər bölgələrində temperatur maksimuma qalxa bilər: “Ümumiyyətlə, Qafqaz regionundakı ölkələrin temperaturu yay aylarında bir qədər yüksək olur. Konkret Azərbaycanda hansısa ildə temperaturun yüksək və ya aşağı olacağını orta müddətli prespektivə görə demək mümkün deyil. Yaxın müddətli prespektivdə iyun ayı üçün proqnoz vermək olar. İndi nəzərə almalıyıq ki, may ayında yağışlar çox oldu, hava şəraiti qeyri-sabit keçdi. Buna görə də düşünmək olar ki, iyun ayı daha isti olacaq. İyul-avqust ayları isə iyuna nisbətən daha stabil keçə bilər”. Qurum rəsmisi qeyd edib ki, ümumilikdə son illər qlobal iqlim dəyişikliyi prosesi özünü doğrultmağa başlayıb. Onun sözlərinə görə, ölkə ərazisində yay aylarında ən güclü istilərin müşahidə olunduğu bir neçə bölgələr var: “Böyük və kiçik Qafqaz, Kür-Araz ovalığı, aran zonaları, Gəncə-Qazax, Qarabağ ərazisi və şimal sərhədlərdə hava isti ola bilər. Yay mövsümündə Kür-Araz ovallığında necə isti başlayırsa, sentyabra qədər də elə davam edir. İstənilən halda Azərbaycanda yay mövsümü isti keçir. Çox ciddi istilər ola bilər, amma bu nadir illərdə hiss olunur. Güclü istilər daha çox Naxçıvan ərazisində qeydə alınır. İstilər Kür araz ovalığında və aran zonasında çatsa, maksimum 43-44 dərəcəyə qədər çatar”. Amin Məmmədov əlavə edib ki, temperatur kölgədə qeydə alınan istiliyə görə ölçülür. Yəni önümüzdəki aylarda temperatur 44-45 dərəcəyə çatarsa, bu o deməkdir ki, günün altında 50 dərəcədən yuxarı isti olacaq.

Trampın qardaşı oğlu: Əmim dəlidir, ona səs verməyəcəm!

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qardaşı oğlu Fred seçkilərdə hazırkı vitse-prezident Kamala Harrisə səs verməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, o, bu barədə ABC televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, Trampa səs verməsə də, əmisi qalib gəlsə və o, dəvət edilərsə, inauqurasiyada iştirak etməyi planlaşdırır. “Ailələr mürəkkəbdir. Hər ailənin dəli əmisi olur. Mənim əmim Donald dəlidir”, - Fred Tramp deyib.

Həbsdə olan polkovniklə bağlı qərar verildi

Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri olmuş, polkovnik Samir Mətləb oğlu Həziyev barəsində seçilən həbs-qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayətinə baxılıb. Sozcu.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilib. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, onun barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir.

Bakıda bağçalarda 4 günə yer doldu - Nazirlik uşaqları təhsildən məhrum edir?

İyulun 26-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul başlanıb. Sozcu.az-ın məlumatına görə, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılsa da, 4 gün ərzində bütün yerlər dolub. Xeyli sayda uşaq bağçalara qəbul olmaq hüququndan məhrum edilib. Bunlar arasında jurnalistlərin övladları da var. Elm və Təhsil Nazirliyi isə bağçada oxumaq hüququndan məhrum olan uşaqlarla bağlı heç bir tədbir görmür. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağçalara qəbul oluna bilməyən uşaqların valideynlərinə “yer yoxdur” deməklə kifayətlənir. 2021-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra paytaxtda bağçalara qəbul planı bir qədər də artıb. Bağçalarda valideynlərdən əlavə “aylıq ödənişlər” tələbi ləğv edilməsə də, nədənsə qəbulda problemlər yaradılır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hər bağçada qəbul proseduruna uyğun olaraq say müəyyən edib. Həmin saydan bir nəfər də artıq şagird qəbul edilmir. Nəticədə 180 nəfər şagirdin təhsil almaq imkanı olan bağçalarda qəbul sayı kəskin azaldılıb. Valideynlər övladlarını daha çox özəl bağçalara yönəltməyə məcbur edilir. İllərdir Yeni Yasamalda yerləşən 98 saylı bağçada 150 nəfərdən çox şagird təhsil alırdısa, hazırda bu say həddi azaldılıb. Səbəbi isə guya bir sinifdə 30-32 uşaqdan artıq təhsil vermək imkanının olmamasıdır. (Qaynarinfo)

Bakıda DƏHŞƏT: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Bakıda ər arvadına işgəncələr verib. Hadisə Xəzər rayonunda baş verib. Rayon sakini olan 40 yaşlı A.C. Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinir. Məlumata əsasən, A.C. arvadı 41 yaşlı L.Q.-ni müxtəlif səbəblərlə döyərək işgəncələr verib. Belə ki, birinci dəfə qadın ərindən 100 manat pulu gizlədib. Bunu öyrənən ər arvadını təpikləyərək döyüb. Tərəflərin növbəti münaqişəsi telefona cavab verməmək üstündə yaranıb. Qadının zəngə cavab verməməsindən hiddətlənən kişi evə gələrək arvadını həyətdə görüb. Onu oradaca soyundurub və əllərini toyuq hininə bağlayıb. Soyundurduğu paltarı qadının ağzına basaraq, onu döyüb. Aldığı zərbələrin təsirindən qadının huşu özündən gedib. Ancaq ər yenidən onu ayıldaraq, döyməyə davam edib. Məlumata görə, cütlüyün bir övladı var. Qadın gördüyü işgəncələr barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayətdən sonra tədbirlər görülməyə başlanılıb və kişi barəsində "işgəncə, əzab vermə" maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı tərəflər arasında barışıq əldə olunub. Təqsirkar A.C. barəsində ev dustaqlığı haqqında qətimkan tədbiri seçilib. Hazırda iş üzrə Xəzər Rayon Məhkəməsində araşdırmalar davam edir.//Lent.az