Xəbər verdiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə bu gün səhər saatlarında Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində öldürülüb.
Sozcu.az xəbər verir ki, Haniyə yanvarın 29-u 1962-ci ildə Qəzza zolağının Əl-Şati qaçqın düşərgəsində doğulub.
O, 1987-ci ildə Qəzza İslam Universitetindən məzun olub. 1989-cu ildə HƏMAS üzvü olduğu əsas gətirilərək həbs olunan Haniyə 3 il sonra sərbəst buraxılır və İsrail tərəfindən Livanın cənubuna sürgün olunur. 1 il sonra isə Qəzzaya geri dönür.
Haniyə 2006-cı ilin 19 fevralında Fələstin lideri Mahmud Abbas tərəfindən baş nazir təyin edilir.
O, 2006-cı ilin oktyabrında FƏTH hərəkatı ilə HƏMAS arasında yaranan qarşıdurma fonunda karvanına təşkil edilən hücumdan, həmçinin İsrailin 2007-ci ildə onun evinə atdığı raket hücumundan da sağ qurtulub.
2007-ci ilin iyununda isə FƏTH və HƏMAS qarşıdurmasının gərginləşməsinə görə Mahmud Abbasın fərmanı ilə Haniyənin koalisiya hökuməti buraxılır. Lakin HƏMAS tərəfdarları Abbasın qərarını və yeni hökumətinin legitimliyini tanımadıqları üçün Haniyə kabineti işini davam etdirib.
ABŞ Dövlət Departamenti onu 2018-ci ildə terrorçu elan edib.
Haniyə evli olub, 13 övladı var.
2014-cü ildə dərc olunan məqaləyə görə, Haniyənin sərvəti Misirdən Qəzza zolağına tünellər vasitəsilə gələn bütün əşyalardan alınan 20 faiz vergi hesabına formalaşıb.
Onun bir çox qohumları, bacı və qardaşı İsrailin himayəsi, bu ölkənin vətəndaşlığı altında yaşayır. İddia olunur ki, Haniyənin bacılarının övladları İsrail Müdafiə Qüvvələrində vəzifədə olub. Bacısı, qızı, nəvəsi və qayınanası İsrail xəstəxanalarında müalicə olunub.
O, 2020-ci ildə Tehran şəhərinə səfər edərək Qasım Süleymaninin cənazəsinə qatılıb. Ömrünün son illərində Qətər və Türkiyədə yaşayıb.