İsrail Haniyənin 12 qohumunu qətlə yetirdi - İran

İsrail Qəzza zolağında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin övladları və nəvələri də daxil olmaqla 12 qohumunu qətlə yetirib. Sozcu.az xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali Haniyənin qətlini şərh edərkən deyib. "Son hücum zamanı sionistlər qəsdən övladları və kiçik nəvələri də daxil olmaqla, Qəzzada Haniyənin ailəsinin 12-dən çox üzvünü qətlə yetiriblər. Əminik ki, terror aktları Fələstin xalqının işğal olunmuş torpaqlarını azad etmək əzminə təsir etməyəcək",- o bildirib.

FHN: Xəzərdə təchizat gəmisindəki yanğının söndürülməsi işləri davam etdirilir

Xəzər dənizində təchizat gəmisində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Sozcu.az xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. Əlavə məlumat veriləcək.

ABŞ səfirliyindən hərbçilərin ölümü ilə bağlı başsağlığı

ABŞ-nin Azərbaycandakı səfirliyi Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusun ölümü ilə əlaqədar onların ailələrinə və yaxınlarına başsağlığı verib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Dörd Azərbaycan hərbçisinin faciəvi ölümü ilə bağlı onların yaxınlarına, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd olunub.

ATƏT-in müşahidə missiyası sabahdan fəaliyyətə başlayır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq. Sozcu.az xəbər verir ki, bunu Ceyhun Bayramovla ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati deyib. O, müşahidə missiyasının fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransının keçiriləcəyini qeyd edərək, növbəti 6 həftə ərzində missiya tərəfindən görüləcək işlərin xülasəsi barədə məlumat təqdim edib.

Bəzi Dairə Seçki Komissiyalarının sədrləri dilətutma, təhrik və təhdid usullarından istifadə edərək...

Hələlik Milli Məclisə növbədənkənar seçkilərə qatılmış 6 Müsavat təmsilçisinin namizədliyi qeydə alınıb.  Qeydəalma prosesi yaxın günlədə də davam edəcək.  Bu mərhələdə üzləşdiyimiz qanun pozuntularından biri də bəzi seçki dairələrində Müsavat namizədlərinin qeydiyyatına mane olmaq cəhdləridir.  Bəzi Dairə Seçki Komissiyalarının sədrləri dilətutma, təhrik və təhdid usullarından istifadə edərək namizədlərimizi seçki marafonundan çıxarmağa çalışır.  Bu hallar, həmçinin bəzi İcra Hakimiyyəti strukturları və seçki komissiyaları tərəfindən seçicilərə zəng vuraraq onların Müsavat namizədinin imza vərəqələrində imzası barədə sorğu etmələri seçicilərə təziq üsullarından biri olmaqla yanaşı ciddi qanun pozuntusudur.  Bizə dəqiq məlumdur ki, seçki marafonuna qoşulmuş namizədlərin əksəriyyəti, ümumiyyətlə imza toplamır və onlardan Müsavat namizədlərindən tələb olunan bürokratik prosedurlara əməl edilməsi tələb olunmur.  Biz ən bürokratik tələblədən xəbərdarıq və qanunun müxtəlif maddələrində qoyulmuş tələlərə düşməyəcək qədər təcrübəli seçki komandamız var.  Seçki komissiyalarının üzvləri hər kəsdən daha yaxşı bilir ki, bütün tələblərə əməl edərək imza və digər sənədləri DSK lara təqdim edən də bizim namizədlərimizdir.  Hər bir təmsilçilərimizin qeydə alınacağı ümidi ilə qeydə alınan və qeydiyyatını gözləyən bütün namizədlərimizə uğurlar arzulayıram. Arif Hacılı, Müsavat Partiyası Məclis sədri

Şəmkirdə şəhid anasının namizədliyi qeydə alınmadı

Şəmkirdə şəhid anası Xanımzər Əhmədovanın seçkilərdə namizədliyi qeydə alınmayıb. Şəhid Elbrus Hüseynovun anası, Çaparlı kənd sakini Xanımzər Əhmədova 103 saylı Şəmkir Kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. Şəhid anası 500 imzanı və digər müvafiq sənədləri toplayıb 103 saylı DSK-ya təqdim etsədə nigahda olduğu həyat yoldaşı ilə birgə mülkiyyəti bəhanə edərək onun namizədliyini qeydə almayıblar. Özü tərəfindən namizədliyi irəli sürülmüş şəhid anası Xanımzər Əhmədova bildirib ki, mən DSK-da bununla bağlı məlumat versəmdə mənə bildirmişdilər ki, heç bir problem yoxdur. Bunu mənə qarşı qanun pozuntusu hesab edib namizədliyimi qeydə almadılar.  Sözcü.az

Keçid ballarında dəyişiklik olacaq - Abituriyentlərin nəzərinə

Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, proses avqustun 19-na kimi davam edəcək: "Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq". V.Misirov qeyd edib ki, gələn həftə "Abituriyent 4" jurnalı çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq". DİM rəsmisi əlavə edib ki, builki keçid ballarında dəyişiklik gözlənilir: "Lakin hansı qruplar üzrə dəyişiklik olacağı ixtisas seçimindən sonra dəqiq bilinəcək".

Azərbaycan və Ermənistan razılığa gəldi

Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib.  Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsində "Avropanın Gələcəyi" barədə dinləmələr zamanı sualları cavablandırarkən deyib.  Diplomat daha sonra sözlərinə belə davam edib: "Hər iki tərəf sərhədin demarkasiyası prosesi ilə bağlı razılığa gəlib. Onlar sərhəd xətlərinin hara olması barədə razılığa gəliblər. Hər iki tərəfin hələ də nəzarətdə saxladığı bəzi ərazilər var. Ancaq yəqin ki, razılaşdırılmış sərhəd xəttlərinə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur. Amma bir daha vurğulayıram ki, bu, hər iki tərəfin üzərində işlədiyi bir prosesdir. Biz çox açıq şəkildə bildirdik ki, əgər sərhəddə hər hansı düzəliş olarsa, hər iki tərəf eyni fikirdə olmadığı müddətcə, razılaşdırılmış sərhəd tətbiq edilməlidir. Sülh sazişi ilə bağlı danışıqlar gedir və eyni zamanda sərhədlərin demarkasiyası ilə bağlı digər kanal vasitəsilə də danışıqlar davam edir." 

Dənizdə bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 10 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.  Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.  Əlavə məlumat veriləcək. 

Daha iki şəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Belə ki, hərbçi Məmmədov Surxay Rza oğlu avqustun 1-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Quliyev Camal Möhübbət oğlu isə avqustun 2-si Laçın şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.

İsraildən zərbə: Hizbullahın ikinci adamı öldürüldü

İsrail ordusunun dünən Beyruta zərbələri nəticəsində Hizbullahın ikinci adamı Hacı Möhsün (Fuad Şukar) öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilib ki, Möhsün Hizbullah lideri Həsən Nəsrullahın baş müşaviri və yüksək dəqiqlikli raket layihəsinin rəhbəri idi. O, 1983-cü ildə Beyrutdakı ABŞ dəniz piyadalarının kazarmasının partladılmasına və 200-dən çox dəniz piyadasının öldürülməsinə görə Vaşinqton tərəfindən axtarışda olub. ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat təyin etmişdi. Qeyd edək ki, İsrail tərəfi dünən Beyruta endirilən zərbələr nəticəsində Hizbullahın iki komandirinin öldürüldüyünü açıqlamışdı.

Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb

İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə səbəb olan raket xarici ölkədən buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə "Əl Mayadin" məlumat yayıb. Məlumata görə, Haniyə Bakı vaxtı ilə təxminən saat 03:30-da Tehranın şimalındakı xüsusi hərbi iqamətgahda hava zərbəsi nəticəsində öldürülüb. “Nournyus”un (Nournews) verdiyi məlumata görə isə HƏMAS Siyasi Bürosunun rəhbəri "idarə olunan təyyarə mərmisi" ilə öldürülüb.

HƏMAS-ın öldürülən liderinin - Dosyesi

Xəbər verdiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə bu gün səhər saatlarında Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, Haniyə yanvarın 29-u 1962-ci ildə Qəzza zolağının Əl-Şati qaçqın düşərgəsində doğulub. O, 1987-ci ildə Qəzza İslam Universitetindən məzun olub. 1989-cu ildə HƏMAS üzvü olduğu əsas gətirilərək həbs olunan Haniyə 3 il sonra sərbəst buraxılır və İsrail tərəfindən Livanın cənubuna sürgün olunur. 1 il sonra isə Qəzzaya geri dönür. Haniyə 2006-cı ilin 19 fevralında Fələstin lideri Mahmud Abbas tərəfindən baş nazir təyin edilir. O, 2006-cı ilin oktyabrında FƏTH hərəkatı ilə HƏMAS arasında yaranan qarşıdurma fonunda karvanına təşkil edilən hücumdan, həmçinin İsrailin 2007-ci ildə onun evinə atdığı raket hücumundan da sağ qurtulub. 2007-ci ilin iyununda isə FƏTH və HƏMAS qarşıdurmasının gərginləşməsinə görə Mahmud Abbasın fərmanı ilə Haniyənin koalisiya hökuməti buraxılır. Lakin HƏMAS tərəfdarları Abbasın qərarını və yeni hökumətinin legitimliyini tanımadıqları üçün Haniyə kabineti işini davam etdirib. ABŞ Dövlət Departamenti onu 2018-ci ildə terrorçu elan edib. Haniyə evli olub, 13 övladı var. 2014-cü ildə dərc olunan məqaləyə görə, Haniyənin sərvəti Misirdən Qəzza zolağına tünellər vasitəsilə gələn bütün əşyalardan alınan 20 faiz vergi hesabına formalaşıb. Onun bir çox qohumları, bacı və qardaşı İsrailin himayəsi, bu ölkənin vətəndaşlığı altında yaşayır. İddia olunur ki, Haniyənin bacılarının övladları İsrail Müdafiə Qüvvələrində vəzifədə olub. Bacısı, qızı, nəvəsi və qayınanası İsrail xəstəxanalarında müalicə olunub. O, 2020-ci ildə Tehran şəhərinə səfər edərək Qasım Süleymaninin cənazəsinə qatılıb. Ömrünün son illərində Qətər və Türkiyədə yaşayıb.

Bakıda gəmi yanır: Heyət təxliyə edildi - Rəsmi

09:20 Bakıda gəmidə yanğın başlayıb. Sozcu.az Trend-ə istinadla xəbər verir ki, hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərrikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb. Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsiz yerə köçürülüb. Təxliyə prosesində digər bir gəmidən istifadə edilib. Yanğının səbəbləri hələlik məlum deyil, lakin müvafiq xidmətlər hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Eyni zamanda, gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır. *** Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-dən bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Beyruta zərbə: Bir nəfər öldü, 17-i yaralandı

İsrailin Livanın paytaxtı Beyruta zərbələri nəticəsində bir qadın həlak olub, 17 nəfər isə xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə “Əl Axbar” məlumat yayıb. Yaralılar arasında uşaqlar da var. Onlar Bahman xəstəxanasına çatdırılıb. Xatırladaq ki, İsrailin Beyruta zərbələri nəticəsində Hizbullahın iki komandiri öldürülüb.

Azərbaycanda GÜCLÜ istilər olacaq: 50 dərəcədən yuxarı… Bu tarixdə

Son bir neçə gündür dünyanın müxtəlif ölkələrində anormal istilər qeydə alınır. Hindistanın Uttar Pradeş ştatında parlament seçkisi üzrə səsvermənin son günündə istilər səbəbindən azı 33 nəfər seçki məntəqəsi işçisi ölüb. Bu barədə ştatın seçki komissiyasının rəhbəri Navdip Rinva jurnalistlərə bildirib. Ölənlər arasında seçki komissiyalarının əməkdaşları, sanitar xidmət işçiləri və mühafizəçilər var. Komissiya rəhbəri deyib ki, ölənlərin ailələrinə 1,5 milyon rupi (18 min ABŞ dolları) məbləğində pul kompensasiyası veriləcək. Ölkədə istilər nəticəsində azı 100 nəfər ölüb. Azərbaycanda da son günlər havanın temperaturu isti keçir. Bakıda və Abşeron yarımadasında temperatur 35 dərəcədən düşmədiyi halda bir sıra aran rayonlarında daha isti hava dalğası müşahidə olunur. Bəs bu il Azərbaycanda hava şəraiti ötən ilə nisbətən daha isti keçə bilərmi? Məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov News24.az-a bildirib ki, anormal istilər müşahidə olunmasa da, ölkənin əksər bölgələrində temperatur maksimuma qalxa bilər: “Ümumiyyətlə, Qafqaz regionundakı ölkələrin temperaturu yay aylarında bir qədər yüksək olur. Konkret Azərbaycanda hansısa ildə temperaturun yüksək və ya aşağı olacağını orta müddətli prespektivə görə demək mümkün deyil. Yaxın müddətli prespektivdə iyun ayı üçün proqnoz vermək olar. İndi nəzərə almalıyıq ki, may ayında yağışlar çox oldu, hava şəraiti qeyri-sabit keçdi. Buna görə də düşünmək olar ki, iyun ayı daha isti olacaq. İyul-avqust ayları isə iyuna nisbətən daha stabil keçə bilər”. Qurum rəsmisi qeyd edib ki, ümumilikdə son illər qlobal iqlim dəyişikliyi prosesi özünü doğrultmağa başlayıb. Onun sözlərinə görə, ölkə ərazisində yay aylarında ən güclü istilərin müşahidə olunduğu bir neçə bölgələr var: “Böyük və kiçik Qafqaz, Kür-Araz ovalığı, aran zonaları, Gəncə-Qazax, Qarabağ ərazisi və şimal sərhədlərdə hava isti ola bilər. Yay mövsümündə Kür-Araz ovallığında necə isti başlayırsa, sentyabra qədər də elə davam edir. İstənilən halda Azərbaycanda yay mövsümü isti keçir. Çox ciddi istilər ola bilər, amma bu nadir illərdə hiss olunur. Güclü istilər daha çox Naxçıvan ərazisində qeydə alınır. İstilər Kür araz ovalığında və aran zonasında çatsa, maksimum 43-44 dərəcəyə qədər çatar”. Amin Məmmədov əlavə edib ki, temperatur kölgədə qeydə alınan istiliyə görə ölçülür. Yəni önümüzdəki aylarda temperatur 44-45 dərəcəyə çatarsa, bu o deməkdir ki, günün altında 50 dərəcədən yuxarı isti olacaq.

Trampın qardaşı oğlu: Əmim dəlidir, ona səs verməyəcəm!

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qardaşı oğlu Fred seçkilərdə hazırkı vitse-prezident Kamala Harrisə səs verməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, o, bu barədə ABC televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, Trampa səs verməsə də, əmisi qalib gəlsə və o, dəvət edilərsə, inauqurasiyada iştirak etməyi planlaşdırır. “Ailələr mürəkkəbdir. Hər ailənin dəli əmisi olur. Mənim əmim Donald dəlidir”, - Fred Tramp deyib.

Həbsdə olan polkovniklə bağlı qərar verildi

Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri olmuş, polkovnik Samir Mətləb oğlu Həziyev barəsində seçilən həbs-qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayətinə baxılıb. Sozcu.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilib. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, onun barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir.

Bakıda bağçalarda 4 günə yer doldu - Nazirlik uşaqları təhsildən məhrum edir?

İyulun 26-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul başlanıb. Sozcu.az-ın məlumatına görə, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılsa da, 4 gün ərzində bütün yerlər dolub. Xeyli sayda uşaq bağçalara qəbul olmaq hüququndan məhrum edilib. Bunlar arasında jurnalistlərin övladları da var. Elm və Təhsil Nazirliyi isə bağçada oxumaq hüququndan məhrum olan uşaqlarla bağlı heç bir tədbir görmür. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağçalara qəbul oluna bilməyən uşaqların valideynlərinə “yer yoxdur” deməklə kifayətlənir. 2021-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra paytaxtda bağçalara qəbul planı bir qədər də artıb. Bağçalarda valideynlərdən əlavə “aylıq ödənişlər” tələbi ləğv edilməsə də, nədənsə qəbulda problemlər yaradılır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hər bağçada qəbul proseduruna uyğun olaraq say müəyyən edib. Həmin saydan bir nəfər də artıq şagird qəbul edilmir. Nəticədə 180 nəfər şagirdin təhsil almaq imkanı olan bağçalarda qəbul sayı kəskin azaldılıb. Valideynlər övladlarını daha çox özəl bağçalara yönəltməyə məcbur edilir. İllərdir Yeni Yasamalda yerləşən 98 saylı bağçada 150 nəfərdən çox şagird təhsil alırdısa, hazırda bu say həddi azaldılıb. Səbəbi isə guya bir sinifdə 30-32 uşaqdan artıq təhsil vermək imkanının olmamasıdır. (Qaynarinfo)

Bakıda DƏHŞƏT: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Bakıda ər arvadına işgəncələr verib. Hadisə Xəzər rayonunda baş verib. Rayon sakini olan 40 yaşlı A.C. Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinir. Məlumata əsasən, A.C. arvadı 41 yaşlı L.Q.-ni müxtəlif səbəblərlə döyərək işgəncələr verib. Belə ki, birinci dəfə qadın ərindən 100 manat pulu gizlədib. Bunu öyrənən ər arvadını təpikləyərək döyüb. Tərəflərin növbəti münaqişəsi telefona cavab verməmək üstündə yaranıb. Qadının zəngə cavab verməməsindən hiddətlənən kişi evə gələrək arvadını həyətdə görüb. Onu oradaca soyundurub və əllərini toyuq hininə bağlayıb. Soyundurduğu paltarı qadının ağzına basaraq, onu döyüb. Aldığı zərbələrin təsirindən qadının huşu özündən gedib. Ancaq ər yenidən onu ayıldaraq, döyməyə davam edib. Məlumata görə, cütlüyün bir övladı var. Qadın gördüyü işgəncələr barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayətdən sonra tədbirlər görülməyə başlanılıb və kişi barəsində "işgəncə, əzab vermə" maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı tərəflər arasında barışıq əldə olunub. Təqsirkar A.C. barəsində ev dustaqlığı haqqında qətimkan tədbiri seçilib. Hazırda iş üzrə Xəzər Rayon Məhkəməsində araşdırmalar davam edir.//Lent.az

“London taksiləri”nin çürüdüyü yerdən FOTOLAR

2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ərəfəsindən etibarən Azərbaycana gətirilən "London taksiləri"nin Lökbatan qəsəbəsindəki qarajda baxımsız və yararsız halda toplanması uzun müddətdir müzakirə edilir. 2016-2017-ci illərdən etibarən taksi parkında yığılan minik avtomobilləri tamamilə yararsız hala düşüb və yüzlərlə "London TX4" modelli avtomobil məhvetməyə göndəriləcəyi günü gözləyir. Bəzi məlumatlara görə, bu avtomobillərin ehtiyat hissələri çox baha olduğundan və ölkəyə çətin idxal edildiyindən, həmçinin bu avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı yaranan bəzi problemlər mövcud vəziyyətin yaranmasına gətirib çıxarıb. Sozcu.az  "Photo Stock"un "taksi qəbiristanlığı"ndan lentə aldığı fotoları təqdim edir:

Yasamal polisindən şok qərar - Təcili yardım maşınları cərimə meydançasına aparılır -FOTO

Ölkədə əhalinin narazı qaldığı dövlət qurumlarından birinin də Baş Dövlət Yol Polisi İdarəsinin ayrı-ayrı strukturları olduğunu desək, yəqin, səhv etmərik. Düzdür, son illər aparılan islahatlar, kadrların yenilənməsi yol polisinin də fəaliyyətində müsbət dəyişikliklərə səbəb olub. Ancaq paytaxtda və rayonlarda yolların, küçələrin böyük ölçüdə kamera ilə təmin edilməsinə baxmayaraq, Yol Patrul Xidməti (YPX) əməkdaşlarının sürücüləri müxtəlif bəhanələrlə saxlaması hallarına hələ də rast gəlinir. Son vaxtlar isə bunun artması müşahidə olunur. Hətta bəzən YPX əməkdaşı sürücünü niyə saxladığını izah etməkdə belə çətinlik çəkir. Belə faktlar sosial şəbəkələrdə dəfələrlə yayılıb. Bu və digər hallara görə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cəzalandırılan, xidmətdən kənarlaşdırılan YPX əməkdaşları kifayət qədərdir. Ancaq qayda pozmadığı halda sürücülərin müxtəlif adlar altında saxlanılması halları, hətta avtomobillərinin cərimə meydançasına aparılması faktları yenə də azalmır. “AzPolitika”-ya daxil olan məlumata görə, bu məsələdə Yasamal rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları həmkarlarından bir qədər də “irəli gediblər”. Belə ki, nə qədər təəccüblü olsa da, təcili tibbi yardım xidməti göstərən avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Bu barədə saytımıza məlumatı cərimə meydançasında təcili tibbi yardım maşınını görən vətəndaşlardan biri verib. Vətəndaşın həmin vaxt çəkdiyi fotodan belə məlum olur ki, cərimə meydançasına aparılan “90 JZ 989” dövlət nömrə nişanlı təcili tibbi yardım maşını “Diamed” klinikasına aiddir. Bunun səbəbini öyrənmək üçün əvvəlcə Yasamal rayon Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq. Ancaq zənglərimizə cavab verən olmadı. Bundan sonra təcili tibb yardım maşınlarının hansı səbəbdən cərimə meydançasında olduğunu öyrənmək üçün “Diamed” klinikası ilə əlaqə saxladıq. Klinikanın Baş həkimi Leyla Abdullayeva faktı təsdiqləyərək bildirdi ki, həqiqətən, Yasamal rayon yol polisinin əməkdaşları tərəfindən “Diamed” klinikası təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq cərimə meydançasına aparılıb. “Həmin vaxt təcili tibbi yardım avtomobilində tibb bacısı da olub. Xəstə çağırışına gedirdilər. Buna baxmayaraq, yol polisi əməkdaşları təcili tibbi yardım avtomobilimizi xidmətdən ayırıblar, heç bir qanuni əsas olmadan cərimə meydançasına aparıblar” – deyə, L. Abdullayeva bildirdi. L. Abdullayeva qeyd etdi ki, Yasamal rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları bunun səbəbi kimi də avtomobilin üzərində mənsub olduğu klinikanın adının “DİAMED” yazılmasını göstərirlər: “Yasamal rayon yol polisi əməkdaşları bunun bir reklam olduğunu iddia edərək təcili tibbi yardım avtomobilimizi xidmətdən çıxarıblar və cərimə meydançasına aparıblar. Halbuki, qanunvericiliyə görə, klinikanın adının və nişanlarının özünün nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam sayıla bilməz. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əvvəla, operativ və xüsusi təyinatlı vasitələrdə reklamın yerləşdirilməsi qadağandır (25.4.1-ci maddə). İkncisi və ən əsası isə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur (25.5. maddə). Ona görə də, “Diamed” klinikasının təcili tibbi yardım avtomobilinin üzərində klinikanın adının yazılması təbiidir və bu, reklam hesab edilə bilməz. Ancaq görünür, Yasamal rayon yol polis əməkdaşları ya qanunun bu tələbini bilmirlər, ya da başqa məqsəd güdürlər”. L. Abdullayevanın sözlərinə görə, son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, Yasamal rayon yol polisinin əməkdaşları tərəfindən “Diamed” klinikasının təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq cərimə meydançasına aparılır. “Eyni rayonun yol polisi tərəfindən klinikamıza aid təcili tibbi yardım avtomobilinin qanuni əsası olmayan bir iddia ilə təkrar-təkrar saxlanaraq cərimə meydançasına aparılması bizi bunun arxasında hansısa qərəzin dayandığını düşünməyə vadar edir. Buna görə də, Yasamal rayon Dövlət Yol Polis İdarəsinin bununla bağlı müvafiq izahat verməsini və avtomobili xidmətə qaytarmalarını gözləyirik. Ancaq Yasamal rayon yol polisi bundan imtina edir. Buna görə də, qanuni tədbirin görülməsi üçün Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etmişik. Nəticəni gözləyirik.” – deyə, L.Abdullayeva sonda bildirdi. Qeyd edək ki, hüquqşünas, yol hərəkəti və nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol patrul xidməti əməkdaşı sürücünü yalnız “Yol hərəkəti haqqında” Qanunda göstərilən əsaslardan biri olduqda saxlaya bilər. “O, ürəyi istəyəndə, yaxud xoşuna gələn və ya gəlməyən istənilən avtomobili saxlaya bilməz. Yol patrul xidməti haqqında təlimatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin təsdiqlədiyi sənədə bütün daxili işlər orqanlarının əməkdaşları əməl etməlidir. Səbəb olmadan kimisə saxlamaq olmaz” – deyə, ekspert bildirib. Daha sonra ekspert YPX əməkdaşının sürücüləri hansı hallarda saxlamaq hüququnun olduğunu qanuni müddəalarla izah edib. O bildirib ki, Yol hərəkəti haqqında Qanunun 85-ci maddəsinə əsasən, YPX əməkdaşı aşağıdakı hallarda sürücülərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilər: “Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə; Törədilmiş inzibati xətaya görə tətbiq olunan inzibati cərimənin ödənilməsi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində həmin qərarın icra olunmamasına görə nəqliyyat vasitəsinin saxlanılması barədə sistemdə qərar olduqda; Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda; Nəqliyyat vasitəsi axtarışda olduqda; Nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; Qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda (bu hallara təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə, yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, hərbi vəziyyət elan edildikdə)”. Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin (sürücülük vəsiqəsi, etibarnamə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, icbari tibbi sığorta şəhadətnaməsi və s) yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Beləliklə, qeyd olunanlar Yasamal rayon Dövlət Yol Polis İdarəsi tərəfindən “Diamed” klinikasına aid təcili tibbi yardım xidməti göstərən avtomobilin saxlanılmasının qanuni əsaslarının olmadığını söyləməyə əsas verir. Elə isə məqsəd nədir?

Boğulmaların artmasına səbəb Xəzərdəki zəlzələlərdir?-baş seysmoloq AÇIQLADI

 Ölkə çimərliklərində batanların sayı günü-gündən artır. Hava şəraiti nə qədər dəniz üçün əlverişsiz olsa da, müşahidələrimiz onu göstərir ki, küləkli havada da çimərliyə üz tutanlar var. Əksər ekspertlər iddia edir ki, Xəzərdə batmalara səbəb orada zəlzələ nəticəsində əmələ gələn yarğanlardır. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Moderator.az-a danışıb. O iddiaları kökündən yalanlayıb. “O boğulmaların heç birinin Xəzər dənizində baş verən zəlzələ ilə əlaqəsi yoxdur. Xəzərdə il ərzində götürəndə 4-5 təkan baş veriR. Ən güclüsü 3,9 bal olub. Bu da Türkmənistan tərəfə, cənubi-şərqə doğru daha yaxındır. Bizdən məsafə etibarı ilə 140-150 kilometr uzaqdır. Heç biri də hiss olunmayandır. Ekoloqlar bilmirəm hansı fikirdədirlər, amma mənim fikrim belədir ki, Xəzərdə dalğalar olur. İstər-istəməz dalğa sahilə gəlir. Suyun dibi də gilli, qumlu qarışıqlardan ibarətdir. Burada da çuxurlar əmələ gəlir. Su burulğan kimi dibə çəkilir. Çimənlər də gedib düşür həmin burulğana, orada da boğulma hadisəsi baş verir. 2000-ci ildən sonra Xəzərdə güclü zəlzələ baş verməyib. Dekabrda, fevralda da Xaçmazda zəlzələ baş vermişdi, Bakıda da 3 bala kimi hiss edilmişdi. Ondan sonra 6 ay keçib. Müəyyən bir dəyişiklik olsa belə, istər-istəməz dalğa onu yuyub, hamarlayıb. Siz özünüz də dənizə gedəndə fikir verin ki, bir balaca külək olanda dalğa gəlir, çəkilir arxaya, qumu yuyub aparır. Çuxurlar orada əmələ gəlib. Yoxsa zəlzələnin heç bir təsiri yoxdur. Xırda təkanlardır. 9 ballıq zəlzələ baş vermiş olsaydı, bütün Bakını silkələsəydi deyərdik ki, bəli səbəb budur” deyə Qurban Yetirmişli deyib.

Rusiyanın Ukraynadakı itkiləri 577 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1060 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 577 060 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 25 tank, 38 zirehli döyüş maşını, 46 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.