Ölkə çimərliklərində batanların sayı günü-gündən artır. Hava şəraiti nə qədər dəniz üçün əlverişsiz olsa da, müşahidələrimiz onu göstərir ki, küləkli havada da çimərliyə üz tutanlar var. Əksər ekspertlər iddia edir ki, Xəzərdə batmalara səbəb orada zəlzələ nəticəsində əmələ gələn yarğanlardır.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Moderator.az-a danışıb. O iddiaları kökündən yalanlayıb.
“O boğulmaların heç birinin Xəzər dənizində baş verən zəlzələ ilə əlaqəsi yoxdur. Xəzərdə il ərzində götürəndə 4-5 təkan baş veriR. Ən güclüsü 3,9 bal olub. Bu da Türkmənistan tərəfə, cənubi-şərqə doğru daha yaxındır. Bizdən məsafə etibarı ilə 140-150 kilometr uzaqdır. Heç biri də hiss olunmayandır. Ekoloqlar bilmirəm hansı fikirdədirlər, amma mənim fikrim belədir ki, Xəzərdə dalğalar olur. İstər-istəməz dalğa sahilə gəlir. Suyun dibi də gilli, qumlu qarışıqlardan ibarətdir. Burada da çuxurlar əmələ gəlir. Su burulğan kimi dibə çəkilir. Çimənlər də gedib düşür həmin burulğana, orada da boğulma hadisəsi baş verir. 2000-ci ildən sonra Xəzərdə güclü zəlzələ baş verməyib. Dekabrda, fevralda da Xaçmazda zəlzələ baş vermişdi, Bakıda da 3 bala kimi hiss edilmişdi. Ondan sonra 6 ay keçib. Müəyyən bir dəyişiklik olsa belə, istər-istəməz dalğa onu yuyub, hamarlayıb. Siz özünüz də dənizə gedəndə fikir verin ki, bir balaca külək olanda dalğa gəlir, çəkilir arxaya, qumu yuyub aparır. Çuxurlar orada əmələ gəlib. Yoxsa zəlzələnin heç bir təsiri yoxdur. Xırda təkanlardır. 9 ballıq zəlzələ baş vermiş olsaydı, bütün Bakını silkələsəydi deyərdik ki, bəli səbəb budur” deyə Qurban Yetirmişli deyib.