Boris Conson NATO-nun Baş katibi olmaq istəyir

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson özünü NATO-nun baş katibi vəzifəsinə namizəd hesab etdiyini bildirib.  "Azərbaycan Reallığı" xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb. "Yaxşı fikirdir. Elan etməliyəm ki, belə bir fikir mövcuddur. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür", - deyə Conson bildirib. Qeyd edək ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər. Boris Conson isə 2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb.

“Azərlotoreya” cibimizə necə girir? - “Misli” və “Poz Qazan”-nın yeni cibəgirənlik üsulu

İnsan daim bəxtinin gətirməsi üçün çabalar edir, yarışlara qatılır, lotereya bileti alır, hansısa işə başlamaq üçün kimdənsə borc pul götürür və s. Bəxtsiz adamların isə sığınacağı heç bir liman yoxdur. Onların istədikləri dünyaya biletlər satılmır, heç bir təyyarə, avtobus, qatar o yerlərə gedib çıxmır. Bir də var bütün bu olanları sakitcə tamaşa edən adamlar: insanların bəxtinin açılmasında açar rolu oynayanlar.  "Azərbaycan Reallığı" xəbər verir ki, “Misli” mərc həvəskarlarını cəlb etmək üçün hər cür fırıldağa və şirnikləndirici yola əl atır.Bu oyunlarla “Misli” qumar aludəçilərini maaş aldıqları gün oyun oynamağa, qazandığı pulu oyuna qoymağa çağırış edir.  “Lotereya” Bəlkə də dırnaq içində yazıldığına görə orfoqrafik səhv axtaracaqsınız. Xalq zəhmətkeşdir.Niyə axı zəhmətkeşin cibindən onun öz əli deyil,tənbəl yaxud oyunbaz pulunu çıxartsın. Lotereya qumardır. Peşəsinə sadiq qalıb, onlarla sosial media hesabları hay-həşir salır. Hardasan “Misli” nə bilim “Poz Qazan”? Lotereya oyunları dünyanın bəzi ölkələri istisna olmaqla hər yerdə var. Dünya təcrübəsi göstərir ki, loto oyunlar nəticə etibarilə həm insanların boş vaxtlarının səmərəli və əyləncəli keçməsinə xidmət etməli, həm də iqtisadi fəaliyyət növü kimi dövlətə və cəmiyyətə sosial-iqtisadi fayda verməlidir. Azərbaycanda lotereya oyunları rəsmi olaraq 2001-ci ildə yaradılan “Azərlotereya” ASC tərəfindən keçirilir. 2021-ci ildə “Azərlotereya”nın xarici investor kimi Türkiyənin “Demirören Holding” şirkətinin idarəçiliyinə verilib. Lotereya qumardısa, qumarda tüfeyli həyat tərzidir. Qumarın leqallaşdırması, adına nə qoyur-qoysun – “Poz, qazan”, nə bilim, lotereya – məhsul eynidir. Bu, bütün dünyada var. Hamıya bəllidir ki, “Poz, qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar.  Vətəndaşlar müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Onlara külli miqdarda pul udacağı deyilsə də nəticə etibarilə burda tək bir udan var, o da bu xidməti göstərən təşkilatdır. Düzdür, burda uduşlar da olur, kimlərsə hansısa məbləği qazanırlar, amma ümumi götürdükdə vətəndaşlar kiçik həcmdə çoxlu sayda vəsait itirirlər. Təəssüflər olsun ki, onların ümidləri çox vaxt doğrulmur, nadir hallarda şans kimlərinsə üzünə gülür. Dayanacaqlarda, metro girişlərinin qarşısında, hətta marketlərin yanında belə satışa çıxarılan bu lotereyalara böyüklərlə yanaşı məktəblilərin də marağı böyükdür. Xırda uduşlarla iştirakçıların şirnikləndirildiyi həmin oyunda bu günə qədər nədənsə böyük məbləğli uduşlara rast gəlinməyib. Faktlar var ortada.Qurum özü 2022-ci ilin ən yüksək uduş məbləğinin 1000 AZN olduğunu açıqlayıb. Maraqlı olan bu deyil? Maraqlısı olan odur ki,ortada gəzən bəzi insanlar 25-30 min qazandığından dəm vurur. Bu insanlar kimlərdir? Təşkilatçı cibəgirənlərin 10-15 manatını cibində gəzdirənlər. “Misli” “Poz Qazan” və başqaları… Məlumatlar verilir ki, bu kimi təşkilatların sayı cari ildə dahada artacaq. Qoy artırılsın. Pozaq. Qazanmaq istəyən pozsun. Unutmayın pozanlar sadəcə kağız kirini pozmurlar,həmdə həyatlarını pozurlar. “Misli” kimilər uğurlu fəaliyyətləri ilə davam edir. O zaman bizdə davam edəcəyik.

Rusiya ilə ən azı bir əsr barışmayacağıq - Şmıqal

Ukrayna ən azı bir əsr Rusiya ilə barışıq və əməkdaşlığa razı olmayacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri olan suveren ölkədir, ona görə də işğalçı ölkə ilə güzəştə gedə bilməz. Yeganə kompromis Rusiya qoşunlarının Ukraynadan 1991-ci il sərhədlərinə tam çıxarılmasıdır. Ruslar atəşi və təcavüzü dayandırmalı və ərazimizi tərk etməlidirlər. İnanıram ki, sərhədlərin dəyişdirilməsi Avropa üçün də qəbuledilməz kompromis olardı”, - Şmıqal bildirib.

Erməni nəşrindən iddia: “Yaxın günlərdə Azərbaycan və Qarabağ nümayəndələrinin görüşü keçirilə bilər”

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti qəribə iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, qəzet yaxın vaxtlarda Azərbaycan nümayəındələri ilə Qarabağdakı separatçılar arasında görüş keçiriləcəyini yazıb.   Qəzet yazır ki, hazırda Qarabağdakı separatçılar arasında iki yanaşma var. Bu yanaşmadan biri Ruben Vardanyan tərəfdarlarıdır ki, onlar Azərbaycanla heç bir məsələnin müzakirə etməməyin tərəfdarıdırlar. Digər yanaşma isə Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın təklif etdiyi Azərbaycanla danışıqlar aparmaq, xırda məsələlərdə güzəştə getmək tərəfdarlarıdır. “Harutyunyan hesab edir ki, problemlərin həlli üçün Azərbaycanla danışıqlar masasına əyləşmək lazımdır. Hətta kiçik məsələlərdə güzəştlər də etmək olar. Əsas məsələ olan “müstəqillik” mövzusunda isə hər hansı güzəşt olmamalıdır”. “Hraparak” qeyd edir ki, dünən Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən çıxarılması ilə radikal yanaşma tərəfdarları Qarabağda məğlub olublar. “Nəticədə, dialoq tərəfdarları qalib gəldilər. Bu da onu güman etməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycan və Qarabağ nümayəndələr arasında görüş keçiriləcək”. Bildirək ki, ötən gün Qarabağdakı separatçıbaşı Arayik Harutyunyan çıxışı zamanı bu məsələyə dolayısı ilə toxunub. O deyib ki, danışıqlar aparan nümayəndə heyətlərinin tərkibini yalnız tərəflər həll etməlidir. “Bu isə o deməkdir ki, Azərbaycan Qarabağ nümayəndə heyətinin tərkibinin formalaşmasına müdaxilə edə bilməz”. Bu açıqlamanın özü görüşün ola biləcəyini güman etməyə əsas verir. Lakin rəsmi Bakı heç vaxt və heç bir separatçı ilə danışıqlar masası arxasında əyləşməyəcək. Bunu dəfələrlə bəyan da ediblər. Azərbaycan tərəfi bildirib ki, Qarabağdakı erməni icmasının nümayəndələri ilə danışıqlar aparmağa, təmaslar qurmağa hazırdır. Lakin buraya separatçılar daxil deyil. Ona görə də, görüş mümkündür, amma həmin şəxslər separatçıların təmsilçiləri olmayacaq. Digər tərəfdən, əgər Azərbaycan Qarabağdakı separatçılarla danışıqlar apararsa, bu Bakının onları tərəf kimi tanıması deməkdir. Halbuki 30 il davam edən münaqişə dövründə, ən çətin və təzyiqlərin ən çox olduğu vaxtlarda belə Azərbaycan separatçılarla bir masa arxasında əyləşməyib. Belə olan halda, böyük üstünlüklərə malik, habelə 44 günlük müharibədən sonra çarəsiz durumda olan separatçılarla masa arxasında heç oturmaz.

Bəxtiyar Hacıyevin aclıq aksiyası Azərbaycan tarixinin qara səhifəsinə yazılacaq

Azərbaycan tarixində çox sayda aclıq aksiyaları keçirilib.  Ancaq Bəxtiyarın aclıq aksiyası həm müddətinə, həm də keçirilmə şərtlərinə görə digər aclıq aksiyalarından fərqlənir.  Aydın görünür ki, Bəxtiyar Hacıyev tələblərinin yerinə yetirilməsi naminə hətta həyatına qəsd etməyə hazırdır.  Bu aksiyanı bəlkə də yalnız yüz il əvvəl müsavatçıların Solovkidə keçirdiyi aclıq aksiyası ilə müqayisə etmək olar.  O zaman aclıq aksiyası 40 gündən çox davam etdi. Aksiyada iştirak edən müsavstçıların bir çoxu həlak oldu və bu hadisə sovet-kommunist rejiminin tarixinə qara hərflərlə yazıldı.  İndi Bəxtiyar Hacıyevin aclıq aksiyasının letal nəticəsi və ya onun sağlamlığında dönməz fəsadların yaranması Aərbaycanın çağdaş tarixinin qara səhifəsinə Elmar Hüseynovun qətli ilə eyni səhifədə yazılacaq.  Azərbaycan hakimiyyəti digər bütün amillərlə yanaşı bu amili də nəzərə almalı, Bəxtiyar Hacıyevi dərhal azad etməlidir! Arif Hacılı, Müsavat Partiyasının başqanı

Ağsulu sahibkarlar etiraza qalxdı: ETSN onları niyə məhkəməyə verib? –VİDEO

Bu gün bir qrup Ağsu rayon sakini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında toplaşaraq, nazir Muxtar Babayevlə görüşmək istəyiblər. JAMAZ.İNFO xəbər verir ki, nazirin qəbul günü olsa da, onlara bildiriblər ki, nazir Muxtar Babayev hazırda iş yerində olmadığı üçün qəbul edə bilməzlər. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, hazırda olan obyektləri söküb, verilən layihəyə uyğun şəkildə tikmələri tapşırığı verilib. Prezidentin müşaviri Zeynal Nağdəliyev dövlət adından bildirib ki, layihə tikilib təhvil verildikdən sonra sahibkarlara müqavilə sənədi veriləcək. Sahibkarlar bildirirlər ki, verilən layihəni külli miqdarda kredit götürərək və digər formalarda borca düşərək tamamlasalar da, Ekologiya Nazirliyi onlarla müqavilə bağlamır. Sahibkarlar bildirirlər ki, layihəni bitirdikdən sonra onlara sənəd verəcəklərini bildirsələr də, nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.

Paşinyana "qaz" verən səbəb nədir?

Elşən Əlisoy  Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda olan seperatçılara "hörmətli Qarabağ vətəndaşları" deyərək müraciət edib.  Fevralın 18-də Münxendə keçirilən tədbirdən dönən kimi sosial şəbəkə hesabından Ağrı dağından bəhs edən şeir paylaşıb.  Bəzi hakimiyyət yönümlü politoloqların: "Qarabağ məsələsində beynəlxalq təşkilatlar və böyük dövlətlər Azərbaycan qarşı qərəzli mövqey sərgiləyirlər" fikrinin əksinə olaraq artıq hər kəsə bəllidir ki, Paşinyanın əlini gücləndirən əsas məsələ Azərbaycanda demokratik dəyərlərin sıradan çıxarılması, siyasi məhbusların azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların tələblərinin yerinə yetirilməməsidir.  Münxəndə keçirilən tədbirdə Paşinyanın ən əsas silahının da məhs demokratiya olduğunu hər kəs gördü. Azərbaycan telekanallarında Paşinyanın demokratiya ilə bağlı çıxışının yarımçıq kəsilməsi güclü bir həmlənin qarşısından qaçmaq və üz qarası məsələsini cəmiyyətdən gizlətmək cəhdi idi.  Paşinyan Azərbaycanın zəif yerini tapıb və bundan məharətlə istifadə edir. Cəmiyyət anlamalıdır ki, Paşinyana "qaz" verən və onu haqlı vəziyyətə gətirən ən əsas səbəb, demokratik dəyərlərə münasibətdə Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətidir.   Demokratik seçki keçirən, korrupsiyanın olmadığı, mətbuat və fikir azadlığı olan bir ölkə ilə, həbsxanasında siyasi məhbusun ölüm aclığından olduğu bir ölkə arasında ciddi fərqin olması və Qarabağ məsələsində dünyanın münasibətində özünü bunun özünü göstərməsi qaçılmazdır.  Məsələləri anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur, bir balaca araşdırma qabiliyyətin olsa, kiçik bir araşdırma aparsan görəcəksən ki, Paşinyanın "dəyirmanına su tökən" konkret qüvvə Azərbaycan hakimiyyətidir.  Günahı orda-burda axtarmaq lazım deyil.