“O məni depressiyaya saldı, daim filmlərdə çəkilən aktyor üçün bu olduqca çətin idi...”
“Bütün rollarım mənim bir taleyimdir. Həmişə düşünmüşəm ki, yaxşı ki, o filmlərdə çəkilmişəm. Su gələn arxa bir də gələr. Bu barədə mən xoşbəxt aktyoram ki, qismətimə yaxşı rollar düşüb. Çox vaxt istedadlı aktyorlar olur, amma onlara yaxşı rollar rast gəlmir”.
Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevimli sənətkar Rasim Balayev deyib.
“Uğur qazanmaq üçün, yaxşı aktyor olmaq üçün 3 şey vacibdir. Təbii ki, birinci fitri istedadın olmalıdır. Zəhmətkeş, əməksevərlik də öz yerində. Bir də bəxt, şans. Bunların üçü birləşəndə müəyyən bir uğura nail olursan. Bunlardan biri olmayanda görürsən ki, çətindir. 40 il bilməmişəm ki, illərim necə keçib. Bir də ayılıb görürdüm ki, artıq ilin əvvəlidir. İki filmdə burada çəkilirdim, ikisinə xarici ölkədə, sonra gəlirdim burada dublyaj edirdim. O qədər iş-güc olurdu ki, zamanın necə keçdiyindən xəbərim olmurdu” deyə sənətkar bildirib.
Rasim Balayev deyir ki, aktyor filmə çəkilməyəndə də xəstələnir.
“Kinoya çəkilmək üçün aktyor sağlam olmalıdır. 6 il evdə oturdum, filmlərə çəkilmədim. Daim filmlərə çəkilən aktyor üçün bu çox çətin idi. Bu isə məni depressiyaya saldı. Sonra belimdə ağrılar başladı. "Babək" filmində iki dəfə atdan yıxılmışdım. O vaxt hiss eləmirdim, sonradan belimdəki ağrılar üzə çıxırdı. Belimdə yırtıq var. Gənclik illərimdə idmanla biləvasitə məşğul olmuşam. Daha çox futbol, voleybol oynamışam. Filmlərdə çəkilirdik, at çapırdıq, bunun özü elə bir idman idi də. “Babək”, “Dədə Qorqud”, “Nəsimi” filmlərində bu cür səhnələr daha çox idi. İndi müalicəvi idmanlar var ki, həkimin məsləhəti ilə onları edirəm. İmkanım və həvəsim olanda bir az təmiz havada gəzirəm. Artıq yaş da, o yaş deyil. Aktyor çəkilməyəndə də xəstələnir, sağlamlığı sözünə baxmır. Gənc ikən özümüzə qulluq etməliyik ki, yaşa dolanda səhhətimiz heç olmasa normal olsun” deyə sənətkar bildirib.
Sənətkar kino sahəsində hələ də çatışmazlıqların olduğunu bildirib.
“Bizim kinomuz hər zaman güclü olub, irəlidə olmuşuq. O vaxt Türkiyədə güclü senarilərlə filmlər çəkilmirdi. Onlarda bu sahə birdən-birə irəliyə getdi. Bizdə televiziya olanda heç Türkiyədə olmayıb. Bilirsiniz Türkiyədə kino və serial sahəsi niyə inkişaf etdi? Çünki gənclərini o illərdə xarici ölkələrə təhsil almağa, təcrübə toplamağa göndərdilər. O gənclər də öz ölkələrinə gəlib kinonu irəli apardılar. Bu gün ara-sıra bəzi baxımlı, maraqlı filmlər çəkilir, amma senariləri bir o qədər də güclü deyil. Bu sahədə naşi insanlar da çoxdur. Rejissorluqdan başı çıxmayan insan film çəkir. Toy operatorları serial çəkir. Çox təəssüf ki, bu sahədə peşəkarlardan, onların əməyindən istifadə olunmur. Aktyoru rejissor yetişdirir, o əsərlərdə parıldayıb, sevilir” deyə sənətkar bildirib.