Putin görüşə razı olmasa... - Zelenski

Vladimir Putin görüşə razı olmasa, ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirməlidir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski deyib. “Liderlərin görüşü olmasa və ya məsələn, atəşkəs olmasa, sanksiyalar gözləyirik. Yəni bu, tərəflərin iradəsindən asılıdır. Biz bu fikri dəstəkləyirik. Bunu bilirsiniz, heç kimə sirr deyil. Müharibə davam edərsə və sülhə doğru hərəkətlər olmasa, sanksiyalar gözləyirik”, - Zelenski əlavə edib.

Müharibəni bitirdiyim üçün təşəkkür etdilər, şoka düşdüm

2021-ci il seçki kampaniyasının ilk günlərindən bu, mənim üçün bir nömrəli sual oldu: niyə bu analar, bizə qayğı göstərən analar bizim seçkiqabağı mitinqimizə gəlirlər - bəzən ev paltarında və aydın görünürdü ki, son anda qərar veriblər. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının bu gün keçirilən qurultayındakı çıxışında deyib. O bildirib ki, onların gəlişi işartı idi, çünki onların deyəcək sözləri vardı: “Kampaniyanın ilk günlərindən anladım ki, mənim əsas vəzifəm onları dinləmək və bunu praktiki siyasətə çevirməkdir. Onlardan eşitdiklərim məni şoka saldı. Onlar yalnız iki şey dedilər: birincisi, 9 noyabr 2020-ci il tarixli sənədi imzaladığım və müharibəni bitirdiyim üçün mənə təşəkkür etdilər. Bu mənim üçün əsl şok idi. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham edirdi, onlara süd verən analar isə eyni şeyə görə mənə təşəkkür etdilər. Bu analardan soruşdum: nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni bitirdiyinə, Ermənistanı xilas etdiyinə görə. Bizə dedilər: sülhə doğru gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, bu, xalqın, o cümlədən kişilərin səsidir”.

Bacı-qardaşın öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Lənkəran rayonunda məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Sozcu.az "Report"a istinadən xəbər verir ki, faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Qeyd edək ki, ötən gün Quluzadə Vurğun Asif oğlu Lənkəran-Lerik magistral avtomobil yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi 10-SV-620 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz C230" markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar - 2017-ci il təvəllüdlü Əlizadə Günay Şamid qızı və 2014-cü il təvəllüdlü Əlizadə Ramid Şamid oğlunu vurub. Sonuncular xəstəxanaya aparılarkən yolda ölüblər.

Kəlbəcər və Laçına QAR YAĞIB

Ölkənin bəzi ərazilərinə leysan yağır, güclü külək əsir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, sentyabrın 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər yerlərdə leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Zaqatalada 49, Qusarda 41, Oğuzda 40, Daşkəsən, Balakəndə 37, Qubada 36, Qax (Sarıbaş), Xaltanda 32, Şəki, Gədəbəy, Qrızda 28, Tovuz, Xınalıqda 27, Göygöldə 23, Şamaxıda 22, Qəbələdə 21, Altıağac, Mingəçevirdə 20, Şəmkirdə 19, Gəncədə 18, Sədərəkdə 17, Şabranda 13, Goranboy, Bərdədə 11, Yevlax, Göyçay, Naftalanda 9, Şərur, Bakıda və Abşeron yarımadasında 8, Ağdam, Ağstafada 7, Tərtər, Şahbuzda 6, Qobustanda 5, Zərdab, Ceyrançöl, Sabirabad, Ordubadda 4, İmişli, Kürdəmir, Culfada 3, Ceyrançöl, Beyləqan, Lənkəranda 2, Biləsuvar, Astara, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lerikdə 1 mm-dək olub. Yüksək dağlıq ərazilərə - Şahdağ (14 sm), Gədəbəy, Daşkəsən (Qoşqardağ), Göygöl (Hacıkənd-Kəpəz Murovdağ), Kəlbəcər, Laçına qar yağıb. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28, Culfa, Xızıda 25, Bakıda və Abşeron yarımadasında, Mingəçevirdə 23, Naxçıvan, Naftalanda 22, Şərur, Sabirabadda 20, Qobustan, Goranboyda 19, Bərdə, Sədərək, Kürdəmirdə 18, Qusarda 17, Ağdam, Tərtərdə 16 m/s-dək güclənir. Göyçay, Lerik, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qrız, Şahdağda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Adnanın həbs xəbəri yayıldı - Sensasion səbəb

SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. Sozcu.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb. Bildirilib ki, məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib. Xəbərlərə görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq, “Azəri Layt” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. Mənbələrin bildirdiyinə görə, bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur. Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-da rəhbər vəzifələrdə çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub. Xatırladaq ki, iyul ayında məlum oldu ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb. Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi. Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib. Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub. Qeyd edək ki, zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqli də dayandırılmışdı. Nəql ötən həftə bərpa olunub. A.Əhmədzadənin həbsi ilə bağlı irəli sürülən iddialar həbsin məhz bu hadisə ilə əlaqədar olması ehtimalını yaradır. Qeyd edək ki, A.Əhmədzadə 2024-cü ildə dünyaca məşhur futbolçular Lionel Messi və Ronaldinyonu Azərbaycana gətirməsi ilə geniş rezonansa səbəb olmuşdu.

Azərbaycanla aramızda sülh bərqərar olub - Paşinyan

Bir il 7 aydır ki, Ermənistan-Azərbaycan sərhədində heç bir əsgər ölməyib və yaralanmayıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” partiyasının qurultayında çıxışı zamanı bəyan edib. "Müstəqillik əldə etdikdən sonra elə bir dövrümüz olmayıb ki, bir il yeddi ay sərhəddə açılan atəş nəticəsində heç bir əsgərimiz həlak olmasın və yaralanmasın. Bu, sülhdür. Azərbaycanla sülh imzalanıb", - Paşinyan vurğulayıb. O, Ermənistanın tarixi məqam qarşısında dayandığını da bildirib: “Bu gün biz birlikdə Ermənistan Respublikasında gələcək əsrlər boyu həyatın əsas xüsusiyyətlərini müəyyən edəcək qərarlar qəbul edəcəyik”. Baş nazir bu nailiyyət münasibətilə hər kəsi təbrik edib.

SÜKUTUN DƏNİZ DƏRİNLİYİ

İsti bir yay günü idi. Çimərlik adamla dolub-daşırdı. İnsanlar dalğalara qaçaraq sərinləməyə çalışırdılar. Uşaqlar qumdan qala tikir, gülüş səsləri sahili bürüyürdü. Bəzən bu şən səs-küyün arasından xilasedici qülləsindən gələn Yusifin səsi eşidilirdi. O, arabir səsgücləndirici ilə insanlara qadağan olunmuş ərazilərə girməməyi xatırladırdı. Birdən hamının diqqətini sahildən xeyli uzaqda boğulan bir adam cəlb etdi. Dalğalar onu gah üzüaşağı, gah üzüüstə çevirir, dənizin dərinliyinə aparmaq istəyirdi. O, ümidsizcə əllərini yelləyir, suyun üzündə qalmaq üçün çabalayırdı. Hər dəfə başını sudan çıxaranda sanki son nəfəsini alırdı. İnsanların baxışları xilasedicinin qülləsinə dikilmişdi. Hamı həyəcanla Yusifi köməyə çağırırdı. Ancaq Yusif sanki onları eşitmirdi — sakitcə durbinlə uzaqları müşahidə edir, arabir su içirdi. Bu laqeyd görkəm kütlənin qəzəbini artırır, bəziləri əsəbdən qışqırır, onu söyürdülər. Yusifin baxışları dənizdə ilişib qalmışdı. Durbinin arxasında sanki bu günün dənizini yox, keçmişin dalğalarını görürdü. Keçmişin yükündən qurtulmaq, o günü bir daha yaşayıb bu dəfə xilas edə bilmək üçün içində qəfil dərin bir istək yarandı. Bir anlıq yadına o dəhşətli gün düşdü – dənizin qara-boz rəngi, qorxunc qışqırıqlar, suyun üstündə köməyə uzanan əllər və sonra dərin sükut… Yusif arvadının dənizdə boğulduğu günü xatırladı. İndi də dənizdə boğulan adam artıq taqətdən düşmüşdü. Əlləri zəifləyir, bədəni yavaş-yavaş dərinliyə çəkilirdi. Elə bu anda Yusif qüllədən yerə hoppandı. Gözlərində qəribə bir ciddilik vardı. Mənə tərəf dönüb sakit, amma qətiyyətli səslə dedi: — Getdik. Motorlu qayığa minib sahildən uzaqlaşanda qışqırıq səsləri arxada qaldı. Qayıq gurultu ilə irəliləyir, dalğaları yarırdı. Boğulan adama yaxınlaşanda Yusif tərəddüd etmədən suya atıldı. Mən də onun ardınca tullandım. Dalğalar bizi sağa-sola itələsə də, adama çatdıq. Yusif onu belindən tutub suyun üzünə çıxardı, mən isə qolundan yapışdım. Onu güclə qayığa qaldırıb uzatdıq. Oğlanın bədəni ağır idi, sanki bütün dəniz içindəydi. Dodaqları göyərmişdi. Vaxt itirmədən ilk yardıma başladıq: sinəsini masaj edib, süni nəfəs verdik. Bir neçə dəqiqəlik gərgin mübarizədən sonra oğlan öskürüb suyu qusmağa başladı. Sahilə qayıtdıq. Təcili tibbi yardım maşını bizi sahildə gözləyirdi. Tibb işçiləri oğlanı xərəkdə maşına apardılar. Qısa yoxlamadan sonra onun həyatının xilas edildiyi təsdiqləndi. Bu xəbərindən sonra bir az əvvəl Yusifi təhqir edən insanlar onu alqışa tutdular. Hamının üzündə minnətdarlıq ifadəsi vardı. Oğlanın valideynləri göz yaşları içində Yusifin əllərini sıxaraq təşəkkür etdilər. Yusif isə sadəcə başını aşağı salıb sakitcə gülümsədi. Yenidən qülləsinə qalxdı. Çimərlikdə səs-küy yenidən başladı, amma hamı anlayırdı ki, o qüllədə oturan adam sadəcə bir nəzarətçi deyil — həyatların keşikçisidir. Yusif dənizə baxaraq dərin bir nəfəs aldı; dalğaların səsi bu dəfə ona keçmişi yox, xilas etdiyi yeni bir həyatı xatırladırdı. Əbil Həsən

Şəhriyarın anım gününün keçirilməsinə icazə verilmədi

İran hökumətinin yerli icraçıları sentyabrın 18-də Məhəmməd Hüseyn Behcət Təbrizinin (Şəhriyar) ildönümü münasibətilə keçirilməsi planlaşdırılan anım mərasiminə icazə verməyiblər. Sozcu.az xəbər verir ki, bu haqda Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb. Bildirilib ki, Şəhriyarın ata yurdu Xoşkənab kəndində keçirilməsi nəzərdə tutulan tədbir ləğv edilib, şairin ata evinin qapıları bağlanıb və qonaqların ziyarətininin qarşısı alınıb. Tədbir təşkilatçıları və mədəniyyət xadimlərinin tədbirin qarşısının alınmasının səbəbləri barədə əlaqədar dövlət qurumlarına ünvanladıqları müraciət cavabsız qalıb. Qeyd edək ki, bununla eyni vaxtda İranın müxtəlif şəhərləri ilə yanaşı Təbrizdə də “Fars dili və ədəbiyyatı günü” ilə bağlı təntənəli mərasimlər keçirilib. Xatırladaq ki, İran Ali Mədəni İnqilab Şurası 18 sentyabrı (27 şəhrivər) Şəhriyarın ölüm günü münasibətilə İranda "Fars dili və ədəbiyyatı günü" elan edib.

AB Rusiyaya qarşı 19-cu sanksiya paketini elan etdi

15:27 Avropa Komissiyası Rusiyaya qarşı yeni 19-cu sanksiyalar paketini təsdiqləyib. Sozcu.az xəbər verir ki, Avropa Komissiyasının lideri Ursula fon der Leyen 19-cu sanksiya paketinin əsas məqamlarını açıqlayıb. Yeni tədbirlər çərçivəsində: - Rusiyanın LNG idxalı AB bazarlarına qadağan ediləcək; - “Kölgə donanmasına” aid 118 gəmi sanksiya siyahısına əlavə olunacaq (ümumi 560 gəmi); - “Rosneft” və “Qazpromneft” şirkətləri tam əməliyyat qadağasına məruz qalacaq; - Üçüncü ölkələrdəki neftayırma, neft treyderləri və neft-kimya şirkətləri, o cümlədən Çindəki qurumlar da hədəf alınacaq; - Rusiya və üçüncü ölkələrin əlavə banklarına əməliyyat qadağası tətbiq edəcək; - Kripto platformaları və kriptovalyuta əməliyyatları sanksiyalara daxil ediləcək; - Xüsusi iqtisadi zonalardakı şirkətlərlə əməliyyatlar məhdudlaşdırılacaq; - Hərbi sahədə istifadə olunan texnologiyalara ixrac qadağaları gətiriləcək, 45 şirkət sanksiya siyahısına salınacaq.

Nazirli əhaliyə müraciət etdi - Peyvənddə iştirak edin

“Havaların soyuması ilə əlaqədar hava-damcı üsulu ilə ötürülən virus infeksiyalarının yayılmasında artımlarım olması epidemioloji qanunauyğunluq olaraq hər il təkrarlanır. Hazırda, hələ ki, epidemioloji durum sabit olaraq qalır, keçən illə müqayisədə yoluxma sayında artımlar qeyd olunmur”. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edilir: “Əhali arasında respirator və ümumi əlamətlərlə müşayiət edilən hallar müxtəlif kəskin respirator viruslar tərəfindən törədilir. Bu tip infeksiyalar arasında daha çox fəsadlaşa bilən qrip infeksiyasıdır ki, buna qarşı sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edirik”. Təyyar Eyvazov qeyd edib ki, bundan başqa xəstələnmiş insanların aktiv aşkarı və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplaşmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə, əl gigiyenasına riayət olunması, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalması üçün önəm daşıyır. (Mənbə APA)

Trampla Szinpin arasında telefon danışığı baş tutdu

Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Çinin yerli mətbuatı məlumat yayıb. Danışıqların təfərrüfatı hələlik məlum deyil.

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq...

Sentyabrın 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək. Sarı xəbərdarlığa uyğun olaraq isə əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

ABŞ-nin yəhudi senatoru İsrailin Qəzzada törətdiklərini “soyqırımı” adlandırdı

ABŞ-nin yəhudi senatoru Berni Sanders İsrailin Qəzzada törətdiyi qətliamları ilk dəfə olaraq “soyqırımı” adlandırıb. Sozcu.az xəbər verir ki, İsrailin Qəzzada törətdiyi cinayətlərə qarşı çıxması ilə tanınan, lakin indiyədək “soyqırımı” ifadəsini işlətməkdən çəkinən senator ilk dəfə olaraq yazılı açıqlamasında mövqeyini dəyişib. ABŞ senatoru açıqlamasında təxminən 65 min fələstinlinin İsrail tərəfindən öldürüldüyünü, bunların ən azı 18 mininin uşaq olduğunu qeyd edib. “İki il ərzində İsrailin Baş naziri Benyamin Netanyahunun ifrat sağçı hökuməti Qəzzaya icazə verilən humanitar yardımın miqdarını ciddi şəkildə məhdudlaşdırıb və Birləşmiş Millətlər Təşkilatı, həmçinin digər yardım qrupları üçün hər cür maneə yaradıb”, - deyə Sanders bildirib. O, İsrail ordusunun xeyli sayda mətbuat nümayəndəsini qətlə yetirdiyini də vurğulayıb. “Niyyət aydındır. Nəticə qaçılmazdır: İsrail Qəzzada soyqırımı törədir”, - deyə Sanders əlavə edib. Müstəqil Vermont senatoru, həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasını İsrailin Baş naziri Binyamin Netanyahunun etnik təmizləmə siyasətini dəstəklədiyinə görə tənqid edib. Digər tərəfdən, Sanders Trampın qonşu ölkələrə könüllü Fələstin miqrasiyasını təşviq etdiyini qeyd edib.

Trampın oğlu Türkiyəyə gəldi: Ərdoğanla gizli görüş…

Kiçik Donald Tramp ötən həftə İstanbulda Dolmabağça sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl deyib. “Middle East Eye” nəşri də ABŞ prezidentinin oğlunun Ərdoğanla görüşdüyünü bildirib. Kiçik Donald Trampın bir neçə iş adamı ilə birlikdə Türkiyəyə səfər etdiyi qeyd edilib.

Belçika parlamenti azərbaycanlı alimə görə İran səfirini çağırdı

Belçika parlamentinin Xarici siyasət komitəsi İran səfirini həbsdə olan Azərbaycan əsilli İran-İsveç vətəndaşı olan tədqiqatçı Əhmədrza Cəlalinin vəziyyəti ilə bağlı izahat vermək üçün parlamentə çağırıb. Sozcu.az xəbər verir ki, bu haqda Cəlalinin həyat yoldaşı Vida Mehranniya məlumat yayıb. “Parlament və komitə rəhbərləri bildiriblər ki, üç ay səssizlikdən, alimin harada saxlanılması barədə məlumatsızlıqdan sonra Əhmədrza Cəlali ilə bağlı narahatlıqlar həmişəkindən daha çox artıb”,- o bildirib. Xatırladaq ki, İsrail hərbi hava qüvvələri iyunun 23-də Tehranın Evin həbsxanasına zərbə endirdikdən sonra Əhmədrza Cəlali və çox sayda başqa məhbus digər həbsxanalara köçürülüb. O gündən bu yana azərbaycanlı alimin harada saxlanılması və sağlıq durumu ilə məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Rusiyanın əhalisi kəskin azalacaq

XXI əsrin sonunda Rusiya əhalisi demək olar ki, yarıya qədər azalaraq 81 milyon nəfərə, miqrantlarsız isə 68 milyon nəfərə düşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Daha dəqiq olsaq” layihəsinin araşdırmasında qeyd olunub. Məlumata görə, miqrasiya əhalinin azalmasının qarşısını alan əsas amil olaraq qalır. Bunsuz Moskva şəhəri və vilayəti 2,5 dəfə, Sankt-Peterburq isə iki dəfədən çox insan itirərdi. Qeyd olunub ki, 2100-cü ilə qədər rusların dörddə biri 65 yaşdan yuxarı olacaq və uşaqların nisbəti 13%-ə qədər azalacaq.

Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü

Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Şovu kəndində qeydə alınıb. Belə ki, "Mersedes" markalı avtomobil məktəbə gedən Gülay Əlizadə və onun qardaşı Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyada hicabı qadağan etmək lazımdır - Boroday

Rusiyada ictimai yerlərdə hicab və niqab taxmağı qadağan etmək lazımdır. Niqab taxan miqrantların ailələri Rusiyadan yenidən ölkəyə giriş imkanı olmadan çıxarılmalıdır. Sozcu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday deyib. "Bu tədbir vətəndaşlar arasında məyusluq və qorxu səviyyəsini azaltmaq üçün lazımdır. Ölkəmizdə müsəlman paltarı geyinməyi qadağan edən qanun yoxdur. Amma ən azı niqablara qəti qadağa tətbiq etməyin vaxtı çatıb", - o bildirib.

İranın Azərbaycandakı səfiri: "Sərhədlərin açılması ilə bağlı danışıqlar aparılır"

Sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir. Səfir bildirib ki, Ərdəbil əyalətinin rəsmiləri ilə keçirilən görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən dəmiryolu, sərhəd bazarları və müştərək iqtisadi zonaların yaradılması kimi layihələr müzakirə olunub. Kənd təsərrüfatı məhsullarının ixracı, tranziti və daşınması da diqqət mərkəzində olub. "Ümid edirik ki, prezidentlər səviyyəsində razılaşdırılmış əməkdaşlıq davam etdiriləcək və Ərdəbil iki ölkə arasında dostluğun inkişafında daha aktiv rol oynayacaq", - deyə Dəmirçilu vurğulayıb. Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və iki ölkə arasında nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. "Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq", - deyə Müctəba Dəmirçilu qeyd edib.

Bəzi direktorların yenidən qiymətləndirilməsi mütləq tələb olmayacaq

Şagird sayı 500-ə qədər olan müəssisələrdə fəaliyyət göstərən direktorların MİQ, sertifikasiya və ya diaqnostik qiymətləndirilməsi 70 faiz və daha yüksəkdirsə, fəaliyyətlərini davam etdirə biləcəklər. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin imtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib. “Şagird sayı 500-dən çox olan məktəblərdə isə direktorların göstəricisi 85 faizdən yuxarıdırsa, elə həmin məktəbdə direktor olaraq qalacaqlar. Onların hazırda idarəetmə prosesində çalışdığı nəzərə alınaraq yenidən qiymətləndirilməsi mütləq tələb olaraq göstərilməyəcək”, - o bildirib.

"Həkimlə söhbətdən sonra xəstə özünü gümrah hiss etməlidir" - Könül Alıyeva

Bu sözləri kardioloq həkim Könül Alıyeva müxbirimizə deyib. Həkim kardioloq Könül Alıyevanı "ŞIX" sanatoriyasında müalicə olunarkan tanıdım, onun xəstələrə diqqət və qayğı ilə yanaşmasının şahidi oldum. Bundan sonra həkim-kardioloq Könül Alıyeva həkimlik fəaliyyətilə daha yaxından maraqlandım. Həkimin müalucə etdiyi xəstələrlə söhbət edərkən məlum oldu ki, Könül həkim-kardioloq kimi ona müraciət edən xəstələrə diqqət və qayğı ilə yanaşır. O, ürəyindən şikayət edən xəstələri ətraflı müayinə edir, onlara hərtərəfli yardım edir, bəzi hallarda ürəyində ciddi qüsur olan xəstələrə "ŞIX" sanatoriyasında ağır presedurlar qəbul etmələrinə imkan vermir. Həkim-kardioloq Könül Alıyevanın bir neçə xəstəsi arasında apardığımız anonim sorğuya görə, həkim heç bir xəstəyə təmannalı münasibət bəsləmir, qazilərə, müharibə veteranlarına, şəhid ailələrinə daim diqqət, qayğı ilə yanaşır. Covid-19 pandemiyasının tüğyan etdiyi dövlərdə həkim-kardioloq Könül Alıyeva həkim kimi üzərinə düşən işin öhdəsindən layiqincə gəlmiş, ağır vəziyyətdə müraciət edən xəstələrin şəfa tapmasına və həyata qaytarılmasına kömək edib. Hazırda dərmanların, o cümlədən ürək-damar xəstəlikləri dərmanlarının təminatı ilə bağlı xəstələr, xəstə sahibləri şikayət edir, dərmanların bahalığından və keyfiyyətsizliyindən gileylənirlər. Könül həkim ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin bu şikayət və gileylərini nəzərə alan azsaylı həkimlərdən biri hesab olunur. Tibb üzrə fəlsəfə doktoru Könül Rafıq qızı Alıyeva 28 mart 1982-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2006-cı ildə Azərbaycan Tıbb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub və universiteti bitirdikdən sonra akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda kiçik laborant vəzifəsinə təyinat alıb. 2019-cu ildən indiyədək akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda baş laborant vəzifəsində çalışır. Elmi-Tədqiqat Bərpa İnstitunda ixtisaslaşma kursu keçib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İstitutunda “elektro-kardioqrafiya” (EKQ) tsikli üzrə ixtisaslaşma kursu keçib. 2017-ci il Ankara şəhərində Qazi Universitetinin Tibb Fakultəsində rotasiya keçib. Könül Alıyeva 18 ildir ki, Elmi-Tədqiqat Kardiologiya İnstitunda həkim-kardioloq vəzifəsində çalışır. Bununla yanaşı, 2016-cı ildən "ŞİX" Artroloji Sanatoriyasında həkim-kardioloq vəzifəsində işləyir. “Xroniki ürək çatışmazlığı olan xəstələrin furosemid və torasemid ilə müalicəsi zamanı ürək ritminin dəyişkənliyi və qanın elektrolit tərkibinin müqayisəli öyrənilməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdaifə edib, alimdir. Könül xanım apardığı tədqiqatlar üzrə 20-dən çox elmi işin müəllifidir. Bir çox yerli və xarici konfranlarda elmi məruzələrlər çıxış edib. Avropa Kardioloqlar Cəmiyyətinin üzvüdür. Ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr sağalıb, şəfa tapmaq üçün Könül Alıyevaya müraciət edə bilərlər. Həkim- kardioloqa müraciət edən xəstələrin tezliklə sağalacağına və sağlamlığına qovuşacağına şübhə etmirəm. Abbas

Aeroportda "Bakı Taksi Xidməti"nin MONOPOLİYA dövrü başladı, qiymətlər KƏLLƏ-ÇARXA qalxdı

Artıq Hava limanında dövlətə məxsus taksi şirkətinin – “Bakı Taksi Xidməti”-nin hökmranlığı prosesi uğurla başa çatıb. Digər taksilər, özəl sektora məxsus olanlar Aeroport ərazisindən şəhərə sərnişin apara bilməyəcəklər. Dövlət taksiləri üçün tarifləri də təsdiqləyiblər . Əvvəlki 10-15 manatlıq gediş haqqı indi dövlət taksilərilə şəhər ərazisinədək məsafədən asılı olaraq 25-30 manat müəyyən edilib. Azərbaycan Hava Yolları öz açıqlamasında bu addımı, müvafiq təlim keçməyən taksi sürücülərinin olmasının, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsinin onun işgüzar nüfuzuna mənfi təsir göstərməsilə izah edib. Düşünürəm ki, rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir. Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir. Həm Azərbaycan Hava Yolları, həm də “Bakı Taksi Xidməti” şirkəti AZCON Holdinq tərkibinə daxildir. Biz AZCON Holdinqdən gözləyirdik ki, Aztelecom-a təsir edərək minimal internet qiymətlərini dəyişdirəcək və heç olmasa regionlar üçün seçim imkanları yaradacaq. Amma bu gözləntinin əvəzinə AZCON özünün bir qurumu vasitəsilə digər qurumuna - – “Bakı Taksi Xidməti”nə biznes üçün üstün şərait yaradıb və ona bazarda hökmran mövqe qazandırıb. Görünən budur ki, AZCON öz tərkibində olan dövlət şirkətlərinin bazarda üstün , hökmran mövqe tutmasında maraqlıdır. Aeroport rəhbərliyi digər özəl taksi şirkətlərindən istifadə üçün, onlara sifariş vermək üçün Aeroport ərazisində heç bir xüsusi yer müəyyən etməyib. Ümid edirəm Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də baş verənlərin fərqindədir. Osman Gündüz

Fırtına yaxınlaşır: Sarı və narıncı xəbərdarlıq verildi!

Sentyabrın 19-dan 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sarı xəbərdarlığa uyğun olaraq, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Narıncı xəbərdarlığa uyğun olaraq isə Naxçıvan MR, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bu yolla övladlarını evləndirməyə çalışanlar qanunu pozmuş sayılacaq - XƏBƏRDARLIQ

Ölkəmizdə bu ildən qohum evlilikləri rəsmən qadağan olunub. Lakin bəzi ailələr bu qaydanı yan keçməyin yollarını axtarır. Məsələn, övladını yaxın qohumla evləndirmək istəyən valideynlər “övladlıqdan imtina etdikdə bunun mümkün olub-olmayacağını” düşünürlər. Amma belə halda bu nikah yenə də qayda pozuntusu sayılmırmı? Qanun bu barədə nə deyir? Mövzunu “Yeni Sabah”a şərh edən hüquqşünas Ramil Vəliyev bir sıra məqamlara toxunub: “2025-ci ildən etibarən Azərbaycanda birinci dərəcəli qohumlar arasında nikah qadağan olunub. Bu qərar genetik risklərin, irsi xəstəliklərin qarşısını almaq, həmçinin cəmiyyətin sağlam inkişafını təmin etmək məqsədi daşıyır. Yeni ailə qanunvericiliyi artıq yalnız formal deyil, həm də faktiki qohumluq bağlarını nəzərə alır.  “Övladlıqdan imtina” ilə məhdudiyyəti yan keçmək mümkündürmü? Bəzi ailələrdə belə bir fikir var: övladlığa götürülən uşaqdan və ya doğma övladdan rəsmi sənədlə imtina edildikdə, sonradan onunla nikaha daxil olmaq hüquqi baxımdan mümkün ola bilər”. Müsahibimiz vurğulayıb ki, lakin qanunvericilikdə qohumluq faktı yalnız hüquqi sənədlə deyil, qan bağı ilə müəyyən olunur: “Yəni valideynin övladlıqdan imtina etməsi həmin şəxslərin bioloji qohumluğunu aradan qaldırmır. Hüquqi qeyd ləğv olunsa da, qan qohumluğu qalır və bu səbəbdən belə nikah yenə də qadağandır. Ailə Məcəlləsi qohum evliliklərini açıq şəkildə qadağan edir və bu zaman qohumluğun həm hüquqi, həm də bioloji əsasları nəzərə alınır. Məhkəmə təcrübəsi və beynəlxalq hüquq da göstərir ki, övladlıqdan imtina vasitəsilə bu qadağanı yan keçmək mümkün deyil. Bundan əlavə, belə bir addım cəmiyyətin mənəvi dəyərlərinə ziddir və etik baxımdan da qəbul edilmir. Övladlıqdan imtina yolu ilə qohum evliliyinə şərait yaratmaq hüquqi cəhətdən mümkün deyil və belə cəhdlər qanunun pozulması sayılacaq. Dövlət bu sahədə nəzarəti gücləndirir və qanunun tətbiqinə xüsusi diqqət yetirilir”.