Nikaha xitam verildikdən sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur. Qanunvericilikdə ümumi birgə mülkiyyətə daxil olan əmlakların müəyyən dairəsi əks olunub.
Bəs görəsən, boşanma prosesi zamanı əmlak bölgüsü prinsipi tərəflərin övladlarına da şamil edilirmi?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Vüsal Cəfərov bildirib ki, boşanma zamanı əmlakın bölgüsü yalnız ər-arvad arasında aparılır və uşaqlara pay düşmür:
“Övladlar ancaq vərəsədir. Boşanma zamanı əmlakın bölgüsü yalnız ər-arvad arasında aparılır və uşaqlara pay düşmür. Valideynlər ayrıldıqdan sonra, hər biri övladlarına vərəsəlik verə bilər. Boşanma o demək deyil ki, ata yaxud ana valideynlik hüququndan məhrum edilir. Eyni qaydada, valideynlərdən hər hansısa biri heç bir səbəb göstərmədən vəsiyyətnamə yazıb övladlardan birini yaxud hamısını vərəsəlikdən məhrum edə bilər”.