Səfirdən Bakı və İrəvana çağırış: Sülh nə qədər tez imzalansa…

ABŞ 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmaların icrasına başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: Demokratiyanın möhkəmləndirilməsi və regional təhlükəsizlik” mövzusunda keçirilən diskussiyada bildirib. Diplomatın sözlərinə görə, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidir: “Sülh nə qədər tez imzalansa, onun üstünlükləri bir o qədər tez həyata keçiriləcək”. Səfir həmçinin qeyd edib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin daha da yaxşılaşması təkcə iki ölkəyə deyil, bütün regiona əhəmiyyətli fayda gətirəcək.

Mingəçevirdə maşın 13 yaşlı yeniyetməni vurdu

Mingəçevirdə maşın 13 yaşlı piyadanı vurub. Sozcu.az-ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib. Belə ki, İkram Yusifov idarə etdiyi "VAZ -21015" markalı avtomobillə 2012-ci il təvəllüdlü Yusif Rüstəmovu vurub. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 23-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. İfadə verən zərərçəkmiş şəxs Məmmədtağı Kərimov Kəlbəcərdə düşmənin təxribatı nəticəsində yaralandığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı bir neçə nəfərin həlak olduğunu və daha bir neçə nəfərin yaralandığını deyib. Zərərçəkmiş Ceyhun Məmmədli Kəlbəcərdə yaralıların təxliyəsi zamanı düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında sanitar avtomobilin üzərində fərqlənmə nişanının olduğunu, buna baxmayaraq atəşə tutulduqlarını bildirib. Hadisə zamanı yanında olmuş digər şəxslər də yaralanıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Nemət Abdullayev Xankəndidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandığını bildirib. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Bəxtiyar Səmədli isə Xankəndidə düşmənin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib. Ağahüseyn Hacıyev Xankəndidə düşmənin açdığı atəş nəticəsində özünün, Tərlan Cabbarovun və Sadiq Qasımlının yaralandığını bildirib. Məhəmməd Hüseynov ifadəsində Xankəndi istiqamətində düşmən təxribatı nəticəsində xəsarət aldığını bildirib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı Vaqif Salmanovun və Əli Mustafayevin də yaralandıqlarını deyib. Fərid İmaməliyev ifadəsində Xocavənd rayonu istiqamətində düşmən atəşi nəticəsində xəsarət aldığını bildirib. Əlavə edib ki, hadisə zamanı yanında Əvəz Abbasov həlak olub, bir neçə nəfər isə yaralanıb. Çingiz Paşayev ifadəsində Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını söyləyib. İlyas Mehdiyev Xocavənddə düşmənin təxribatı nəticəsində yaralandığını bildirib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ramal Rüstəmov Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarət aldığını deyib. İfadə verən Nəcəfəli Mövsümov Xocalı, Ramiz Süleymanov və Şahin Cəbiyev Xankəndi istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər. Ceyhun Həsənov Laçında qarşı tərəfdən açılan atəş nəticəsində yaralandığını bildirib. İfadə verən Hüseyn Axundov, Seymur Əliyev və Elvin Əhmədov düşmən təxribatı nəticəsində Ağdərə istiqamətində xəsarət aldıqlarını deyiblər. Musa Orucov ifadəsində Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Tural Quliyev Ağdamda düşmən təxribatı nəticəsində yaralandığını bildirib. Mahirəddin Namazov Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Hadisə zamanı bir neçə nəfər həlak olub, bir neçə şəxs isə müxtəlif xəsarətlər alıb. Sənan Fərzəliyev Laçında idarə etdiyi avtomobilin qarşı tərəfin atəşi nəticəsində xəsarət aldığını deyib. Hadisə zamanı yaxınlığında olan bir neçə nəfər isə yaralanıb. Murad Hacıyev Laçın rayonu ərazisində olan zaman düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib. Yaqubəli Səfərov Xankəndi istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Hadisə zamanı yaxınlıqda olan bir nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb. Cavanşir Xəlilov bildirib ki, Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində özü və yanında olan bir neçə nəfər yaralanıb. Nemət Nuri Ağdam-Ağdərə istiqamətində düşmənin açdığı atəşlər nəticəsində yaralandığını deyib. Fərhin Teymurov, Rüstəm Əliyev, Həsən Əliyev, Azər Qazaxov, Şükür Camalov, Cəfər Məlikov, Tural Xəlilov, Hüseyn Mehdizadə, Kamal Musayev, Səbuhi Əliyev, Seymur İbrahimov, Ramiz Nəzərov, Ülfət Alıyev, İmran Mürsəlov, Rəşad İsmayılov, Vüqar Abbasov və Kamran Kazımov ifadələrində suveren ərazilərimizin müxtəlif istiqamətlərində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər. Toğrul Hümbətzadə Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib. Əlavə edib ki, hadisə zamanı ondan başqa daha bir neçə nəfər xəsarət alıb. Əfqan Zeynalov Ağdam, Hüseyn Əmirov və Sənan Rzayev Ağdərə istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər. Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.(Mənbə Trend)

Boşanma zamanı uşaqlar əmlak bölgüsündə iştirak edir? - AÇIQLAMA

Nikaha xitam verildikdən sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur. Qanunvericilikdə ümumi birgə mülkiyyətə daxil olan əmlakların müəyyən dairəsi əks olunub. Bəs görəsən, boşanma prosesi zamanı əmlak bölgüsü prinsipi tərəflərin övladlarına da şamil edilirmi? Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Vüsal Cəfərov bildirib ki, boşanma zamanı əmlakın bölgüsü yalnız ər-arvad arasında aparılır və uşaqlara pay düşmür:  “Övladlar ancaq vərəsədir. Boşanma zamanı əmlakın bölgüsü yalnız ər-arvad arasında aparılır və uşaqlara pay düşmür. Valideynlər ayrıldıqdan sonra, hər biri övladlarına vərəsəlik verə bilər. Boşanma o demək deyil ki, ata yaxud ana valideynlik hüququndan məhrum edilir. Eyni qaydada, valideynlərdən hər hansısa biri heç bir səbəb göstərmədən vəsiyyətnamə yazıb övladlardan birini yaxud hamısını vərəsəlikdən məhrum edə bilər”.

“Belə qərar ciddi beynin məhsulu ola bilməz” – Taksilərlə bağlı qalmaqal böyüyür

"Taksi xidməti ilə bağlı bu kimi qərarlar, oyunlar, düşünürəm ki, ciddi beynin məhsulu deyil. Necə yəni, bir taksi burada xidmət göstərirsə, başqa yerdə göstərə bilməz? Bunun işi taksi xidmətidir. Belə çıxır ki, bir müəllim hansısa rayonda yaşayış qeydiyyatındadırsa, gəlib Bakıda dərs deyə bilməz?” Sozcu.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O bildirib ki, belə bir qərar insanların konstitusion hüquqlarının pozulmasıdır: “Belə bir qərar artıq insanların konstitusion hüquqlarının pozulmasıdır. Vətəndaş fiziki şəxs kimi akreditasiyadan keçib, sertifikat alıb taksi xidməti göstərirsə, Azərbaycan bütün hüdudlarında fəaliyyət göstərə bilər. Haradasa yazılmayıb ki, sürücü İmişli, Salyan yaxud Bakı şəhərində fəaliyyət göstərməlidir. Mənə elə gəlir ki, bu absurd qərardır. Ümumiyyətlə son zamanlar taksi ilə bağlı qəbul olunan qərarların əksəriyyəti absurddur. İstər hava limanında xidmətin məhdudlaşdırılması, istər də hazırki qərar”.   İlqar Hüseynli qeyd edib ki, sözügedən addım həm də inhisarçılığa, kiçik və orta biznesin sıxışdırılmasına gətirib çıxarır: “Taksi xidməti ilə bağlı bu kimi qərarlar, oyunlar, düşünürəm ki, ciddi beynin məhsulu deyil. Necə yəni, bir taksi burada xidmət göstərirsə, başqa yerdə göstərə bilməz? Bunun işi taksi xidmətidir. Belə çıxır ki, bir müəllim hansısa rayonda yaşayış qeydiyyatındadırsa, gəlib Bakıda dərs deyə bilməz? Bu məntiqlə bütün peşə sahələrinə bunu şamil etsək nə baş verəcək? Mən düşünmürəm ki, belə bir qərar qəbul olunsun. Həm iqtisadi, həm də insanların konstitusion hüquqları baxımından absurddur. Bu, həm də inhisarçılığa, kiçik və orta biznesin sıxışdırılmasına gətirib çıxarır”. Qeyd edək ki, Azərbaycanda taksilərlə bağlı daha bir qəribə qərarla bağlı məlumat yayılıb. Belə ki, bir şəhərdə olan taksi digərində xidmət göstərə bilməz. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, qanunvericiliyin tətbiqinə ehtiyac var: “Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri Gəncədə xidmət göstərməlidir. Bu, qanunvericilikdə var. Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır”. 

Bəzi rayonlara leysan yağacaq - Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun!

Rusiyada “Crocus City Hall”da törədilmiş terror aktı üzrə cinayət işində zərərçəkmişlər “Crocus Group”un sahibləri olan biznesmenlər Araz və Emin Ağalarovların əmlakının müsadirə olunmasını tələb edirlər. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, vəkillər bu tələbi hadisə baş verən zaman yanğınsöndürmə sistemləri, giriş-çıxış nəzarəti, təxliyə qapılarının açılması kimi təhlükəsizlik sistemlərinə cavabdeh olan strukturlardan birinin də Araz və Emin Ağalarovlara məxsus “Crocus” şirkətinin olması ilə əsaslandırıblar. Zərərçəkmiş tərəfin vəkili İqor Trunov bildirib: “Rusiya İstintaq Komitəsindən xahiş edirik ki, Crocus Group şirkətinin, “Crocus” ASC-nin, “Crocus Profi” mühafizə şirkətinin, həmçinin “Crocus International”un sahiblərinin əmlakına təcili şəkildə həbs qoyulsun. Bu, Rusiya Cinayət Məcəlləsinin 238.3-cü maddəsi üzrə (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) törədilmiş cinayətlə əlaqədar zərərçəkmişlərin hüquqlarının təmin edilməsi məqsədi daşıyır.” O, əlavə edib ki, vəsatət artıq qəbul olunub. Bildirilib ki, Ağalarovların bütün əmlakına mümkün qədər tez həbs qoyulmalıdır, çünki onlar hələ əmlaklarını tam şəkildə xaricə çıxarmamış ola bilərlər. Rusiyanın "RBK" nəşri Ağalarovlara mövzunu çərh etmələri üçün sorğu ünvanlayıb. Qeyd edək ki, Araz Ağalarov terror aktı ilə bağlı heç bir məhkəmə prosesində təqsirləndirilən şəxs qismində çıxış etmir. Eyni zamanda, hadisə baş verən gün zalda olan şəxslər “Antipanik” sisteminin və metal detektorların işləmədiyini, mühafizə xidmətinin isə öz vəzifələrini yerinə yetirməkdən yayındıqlarını bildiriblər. Buna cavab olaraq oliqarxın oğlu Emin Ağalarov bir sıra açıqlamalar verib ki, bütün xidmətlərin qaydasında olduğunu bildirib.

Tokayevlə Zelenski Nyu Yorkda görüşdü

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Dövlət başçıları ikitərəfli iqtisadi və humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - məlumatda qeyd olunub.

“Xankəndi” qara siyahıya salına bilər

Avropa Birliyi Azərbaycanın “Xankəndi” tankerini Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin layihəsinə daxil edib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Aİ bunu Rusiyanın “kölgə donanmasının” bir hissəsi hesab edir. Paket hələ AB-yə üzv dövlətlər tərəfindən qəbul edilməyib, lakin hazırlıq mərhələsindədir. Bundan əvvəl Azərbaycanın “Şuşa” və “Qarabağ” tankerləri AB-nin sanksiyalar paketinə daxil edilib.

Rus ordusu darmadağın: 23282 ədəd zirehli döyüş maşını məhv edilib

Ukrayna müharibənin 1308-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 103 580 hərbçi, 11 199 ədəd tank, 23 282 ədəd zirehli döyüş maşını, 33 052 ədəd artilleriya sistemi, 1 495 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 218 hava hücumundan müdafiə sistemi, 424 ədəd hərbi təyyarə, 345 ədəd helikopter, 62 486 ədəd avtomobil texnikası, 62 486 ədəd PUA, 3 747 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 969 xüsusi avadanlıq itirib.

Rus təyyarələrini vuracağıq - İsveç

İsveç onun sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq. Sozcu.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib. “İKFN adlanan sənəddə (İsveç ərazisinin pozulması zamanı hərbi hərəkətlər haqqında tənzimləmə) hökumət müdaxilə edən təyyarələrlə necə davranmaq barədə Silahlı Qüvvələrə göstərişlər verib. Bura zəruri hallarda xəbərdarlıqla və ya xəbərdarlıq etmədən güc tətbiq etmək hüququ daxildir”, - məlumatda qeyd olunub. Qeyd edək ki, dünən Danimarka və Norveçdə PUA hücumu xəbərdarlığı elan edilmişdi.

Erməni əsgərin Qarabağda nə işi var idi? - Paşinyan

Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan davamlı olaraq məni Ermənistanı müharibəyə sürükləməkdə iddia edirlər. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan, 18 yaşlı erməni əsgərinin 2018-ci ilə kimi Ermənistan Respublikasının suveren ərazisindən kənarda (Qarabağda) nə işi var idi? Üstəlik, onlar sizin nə övladlarınız, nə də nəvələriniz idi. Nə üçün nəvələrinizi və uşaqlarınızı ora göndərmədiniz? Cavab verin, Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryan. Cavab verin, övladlarınız o vaxt harada idilər və nə edirdilər?” - baş nazir qeyd edib.

Simonyan Bakıda bu 10 nəfəri xahiş etdi, əvəzində...

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan bu yaxınlarda Bakıya səfəri zamanı 10 erməni məhbusun siyahısını onların azad edilməsi xahişi ilə təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Məlumata görə, siyahıya Qarabağın keçmiş “hərbi-siyasi rəhbərliyinin” nümayəndələri daxil edilməyib: “İrəvan münasibətlərin normallaşması istiqamətində jest olaraq Erik Kazaryan, Levon Balayan, David Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lüdviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurgen Stepanyan və Mədət Babayanın geri qaytarılmasını istəyib. Bakı buna cavab olaraq 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərəfində vuruşan və Ermənistanda həbs edilmiş iki suriyalı Muxrab Məhəmməd əş-Şheri və Yusif Alabet əl-Hacinin azad edilməsini tələb edib. Milli Təhlükəsizlik Xidmətinin direktoru onların azadlığa buraxılmasına razılıq verib”. Qeyd edək ki, Simonyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 19-dan 21-dək Bakıda keçirilən təhlükəsizlik məsələlərinə dair üçüncü beynəlxalq konfransda iştirak edib.

Bakı aeroportunda həyəcanlı anlar - Rəsmi açıqlama verildi

Bu gün Ankara-Bakı müntəzəm reysini həyata keçirən Türkiyənin "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib. Sozcu.az bu barədə hava limanına istinadən xəbər verir. Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib. Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb. "Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Hadisə aeroportun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir", - deyə məlumatda qeyd olunub.

Bakı metrosunda problem - Qatarlar gecikir

Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Bu barədə Sozcu.az-a Bakı Metropolitenindən məlumat verilib. Qeyd edilib ki, qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb. Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.

Hərbi biletə görə 22 min verdim - Sabiq idarə rəisinin məhkəməsi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə şahid qismində Əhməd Əhmədov ifadə verib. O bildirib ki, hərbi xidmətə yararsız yazılmaq üçün 22 min manat pul verib. Şahidin sözlərinə görə, xarici ölkələrdən birində magistr təhsili alıb: "2024-cü ilin noyabrına qədər mənə hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdi. May ayında məni hərbi komissarlığa dəvət etdilər. Onlara hələ möhlət hüququmun olduğunu, xaricdə təhsil aldığımı, imtahanlarımın olduğunu desəm də xeyri olmadı. Daha sonra abituriyent vaxtında tanış olduğum Abdullaya müraciət etdim. Onun atası hərbi komissar olub. Birlikdə Xəzər rayon Hərbi Komissarlığında gəldik. Ramin Şükürovla görüşdük. Hətta belimdə və gözümdə olan problemləri də ona dedim. Söhbət əsnasında dedilər ki, vəziyyətə baxacağıq". Şahid qeyd edib ki, bir müddət sonra onu Sabunçu rayonudakı poliklinikaya dəvət ediblər və tibbi müayinələrdən keçib: "Qobuda Səfərbərlik xidmətinin müayinələridən də keçdim. Abdulla 22 min manat pula bu işin həll olunacağını dedi. Mən də 22 min manatı Bilgəh qəsəbəsində ona verdim. O, pulu Ramin Şükürova verəcəyini bildirdi. İyun ayında mənə hərbi xidmətə yararsız olan hərbi bilet verdilər". Daha sonra şahid qismində ifadə verən Araz Məmmədov bildirib ki, Yasamalda kafe işlədib: "Səfərbərlik xidmətində işləyən Bəhram Cəlilov kafeyə gəlirdi. Mənim də ofsiantım Rəhmanın qohumunun əsgərlik problemi var. Bəhramdan xahiş etdim ki, uşağı əsgərlikdən saxlamağa kömək eləsin. O da dedi danışaq. Bir neçə gün sonra gəldi ki, 8 min manat istəyirlər. Dedim, imkanları yoxdur. Bir müddət sonra 6 min istədi, razılaşdıq. Pulu Bəhrama mən verdim". Şahid sorğu-sual zamanı hərbi komissarın kim olduğunu, Bəhram Cəlilovun pulu kimə verdiyini bilmədiyini deyib. Araz Məmmədovun məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqa ifadəsi arasında ziddiyyətlər açkarlanıb. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Şahidin həmin ifadəsindən məlum olub ki, bu iş alınandan sonra ona qonaqlıq verilib: "Həmin qonaqlığa Bəhram gəlmədi. Mən, Fariz və işi düzəldilən oğlan olduq. İş həll olunandan sonra hamamda istirahət etmişik". Növbəti proses oktyabrın 1-də davam edəcək.

İranda dəhşət: Bir ailənin 5 üzvü öldürüldü

İranın Kirman əyalətinin Rudbar Cənub şəhərində bir ailənin 5 üzvü avtomat silahdan açılan atəş nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Cinayəti törədən və ya törədənlərin hadisə yerindən qaçdığı, onların saxlanılması üçün əməliyyat başlanıldığı bildirilib.

AB buna görə Azərbaycana 23 milyon ayırır

Avropa Birliyi (AB) Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib. Sozcu.az APA-ya istiandən xəbər verir ki, bu barədə Avropa Komissiyasının AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Azərbaycan və Ermənistan səfərlərinin nəticələrinə dair bəyanatında qeyd edilib. Marta Kos səfəri zamanı AB-nin Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib, Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə dəstəyi vurğulayıb. “Komissar AB-nin ticarət yolları, infrastruktur layihələri və insanlar arasında əlaqələr vasitəsilə regional əlaqənin gücləndirilməsindəki rolunu qeyd edib”, - bəyanatda qeyd edilib. Bildirilib ki, komissarın Azərbaycana səfəri çərçivəsində Aİ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi və "Global Gateway" təşəbbüsü çərçivəsində investisiyaların cəlbi məqsədilə Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun yaradılması barədə razılıq əldə olunub. O, eyni zamanda, AB-nin humanitar minatəmizləmə sahəsində dəstəyini davam etdirəcəyini təsdiqləyib. “AB və onun üzv dövlətləri “Team Europe” təşəbbüsü çərçivəsində 23 milyon avroya qədər vəsait ayırır. Səfərim zamanı verilən bəyanatlar bu baxışı konkret resurslarla dəstəkləyir, son diplomatik irəliləyişi bütün region üçün real nəticələrə çevirir. Mənim səfərim zamanı verilən elanlar bu baxışın arxasında konkret resurslar qoyur və son diplomatik irəliləyişləri bütün region üçün nəzərəçarpacaq nəticələrə çevirir”, - AB komissarı əlavə edib.

Tələbələr arasında dava: biri bıçaqlandı

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi bıçaqlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında yaranan mübahisə bıçaqlanma ilə bitib. Belə ki, hadisə nəticəsində rayonun Yalama kənd sakini 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş yaralar alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi xXəstəxanasına çatdırılıb, cərrahi əməliyyat olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Qusarın Laza kəndində yolu sel suları basdı - Foto

Qusarın Laza kəndində yolu sel suları basıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərtac-a kənd sakinləri məlumat verib. Güclü yağışlar nəticəsində sentyabrın 22-si səhər saatlarında Laza kəndinin yuxarı hissəsində yerləşən şəlalələrdən birindən daş-palçıq qarışıqlı sel suları axıb. Sel suları kənd ərazisində piyada körpüsünü və yolu basıb. Evlərə və istirahət məkanlarına ziyan dəyməyib. Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub və fəsadlar qısa müddətdə aradan qaldırılıb. Qeyd edək ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Laza kəndi əcnəbi və yerli turistlər arasında məşhurdur.

Həsənriz kəndinə növbəti köç karvanı yola salındı

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. Sozcu.az xəbər verir ki, Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə bu mərhələdə 29 ailə (115 nəfər) köçürülür. Bununla da kəndə köçürülən ailələrin sayı 118-ə (671 nəfər) çatacaq.

Tramp bu liderləri Qəzza üçün toplayır

Tramp Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Nyu Yorkda ərəb liderləri ilə sammit keçirmək istəyir. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. “ABŞ prezidenti Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində bir qrup ərəb və müsəlman liderlə görüşməyi planlaşdırır. İclasa dəvət olunanlar arasında Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə lideri də var. Danışıqların əsas mövzusu Qəzzada müharibəyə son qoymağın mümkün yollarının tapılması olacaq”, - məlumatda deyilib.

2600 manat müavinət kimlərə ödəniləcək? - QAYDALAR AÇIQLANDI

Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib. Yeni qaydalara əsasən, həmin vətəndaşlarımız təhsil pillərini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər. Deputat Vüqar Bayramov bildirib ki, əvvəllər həmin şəxslər mövsümi paltar və ayaqqabı, habelə ölkə üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Son Fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı, həmçinin vəsait də dəqiqləşdirilir. Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarln, habelə onların arasından olan şəxslərin sosial təminatını daha gücləndirməkdir. Vəsaiti necə almağa gəldikdə isə bu müavinət hər bir təhsil müəssisənin büdcəsinə daxil edilir. Bu o deməkdir ki, həmin vətəndaşlarımız təhsillərini başa vuran zaman həmin müəssisəyə müraciət etməklə bu müavinəti ala bilərlər. Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsili müəssisəni və ya universiteti təhsil alırsa, təhsilini başa vuran zaman yerində müraciət edərək həmin pulu ala bilirlər. Bu proses qısa müddət tələb edir və bir neçə gün ərzində müavinətin əldə edilməsi mümkündür.

Bu gün Azərbaycana payız gəlir

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq. Sozcu.az  xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.  Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.