Haaland Sulşerin uğurunu təkrarladı

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland yeni uğura imza atıb. Sozcu.az xəbər verir ki, o, buna ötən gün "Arsenal"la matçda bacarıb. 24 yaşlı hücumçu Premyer Liqadakı qollarının sayını 91-ə çatdırıb. Bununla da o, Ole Qunnar Sulşerin göstəricisini təkrarlayıb. Haaland 1 qol daha vurarsa Premyer Liqada norveçli oyunçular arasında rekorda sahib olacaq. Xatırladaq ki, sözügedən matç 1:1 hesabı ilə yekunlaşıb.

Rayonlarda ev və torpaq bahalaşıb - SƏBƏB

Azərbaycanda daşınmaz əmlaka, xüsusilə torpaq sahələrinə maraqda artım müşahidə olunur. Əvvəllər alıcılar əsasən Bakı və ətraf ərazilərə üstünlük versələr də, son illər regionlara yönələn maraq əhəmiyyətli dərəcədə artıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fəzəliyev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın müxtəlif turistik bölgələrində daşınmaz əmlak, fərdi yaşayış evləri və torpaq sahələrinin satış qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Onun sözlərinə görə, bu artımın əsas səbəblərindən biri, 2020-ci ildə pandemiyanın başlanmasından sonra ölkənin quru sərhədlərinin bağlanması ilə bağlıdır. “Beləliklə, əhalinin əksəriyyəti turist qismində xarici ölkələrə səfər etmək əvəzinə, Azərbaycanın müxtəlif turistik bölgələrinə üz tutmağa başladı. Bu isə ölkədaxili turizmin sürətli inkişafına səbəb oldu. Daxili turizmin canlanması həmin bölgələrdə torpaq sahələrinə və daşınmaz əmlaka olan tələbatı artırdı ki, bu da qiymətlərin artmasına birbaşa təsir göstərdi. Hazırda Azərbaycanın aparıcı turistik məkanlarına nəzər salsaq, bu ərazilərdə torpaq sahələrinin satış qiymətlərində əhəmiyyətli artım qeydə alınır. Eyni zamanda, turizm mövsümündə həmin bölgələrdə mənzillərin gündəlik kirayə qiymətləri minimum 50 manatdan başlayaraq 500-600 manat arasında dəyişir”. Ekspert qeyd edib ki, bu qiymətlər bəzi hallarda paytaxt Bakı ilə müqayisədə daha yüksək olur: “Bütün bu amillər investorlar, iş adamları və digər maraqlı şəxslərin diqqətini cəlb edir. Onlar turistik bölgələrdə torpaq sahələri alaraq villa tipli və ya kiçik fərdi yaşayış evləri tikir, daha sonra isə bu evləri icarəyə verərək gəlir əldə edirlər. Digər tərəfdən, turistik bölgələrə insan axınının artması nəticəsində yeni iaşə obyektlərinin – otel, kafe və restoranların inşası da geniş vüsət alıb. Bu proseslər də əmlak bazarındakı qiymət artımına əlavə təsir göstərir”. Əmlak eksperti onu da əlavə edib ki, hazırda Azərbaycanın şimal bölgələrinə, xüsusilə Quba və Qusar, həmçinin Qəbələ, Şəki və digər turistik regionlara nəzər salsaq, torpaq sahələrinin qiymətlərində davamlı artım müşahidə olunur: “Quru sərhədlərin hələ də bağlı olması da insanları daxili turizmə yönəlməyə məcbur edib. Bu da öz növbəsində turistik zonaların sürətli inkişafına səbəb olub”,- deyə E.Fərzəliyev bildirib.

Paşinyan “Yerkrapa” döyüşçülərinin rəhbərini “vurdu”

Şənbə günü Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının qurultayında yeni İdarə Heyəti seçilib. Sozcu.az xəbər verir ki, yenidən partiya sədri seçilən Ermənistanın baş naziri Nikol Paşinyan İdarə Heyətini bəzi şəxslərdən “təmizləyib”. Belə ki, “Yerkrapa” Könüllülər Birliyinin rəhbəri Sasun Mikaelyanın hakim partiyanın İdarə Heyətindən kənarda qalması diqqət çəkib. Ermənistanda bəzi ekspertlər Sasun Mikaelyanın hakim partiyanın İdarə Heyətinə daxil edilməməsini onun “vurulması” kimi qiymətləndiriblər. Qeyd olunur ki, Nikol Paşinyan hər il büdcədən milyonlarla dram vəsait alan “Yerkrapa” Könüllülər Birliyindən tədricən qurtulmaq istəyir. 2020-ci ildəki müharibədə çoxlu sayda üzvü ölən (74 nəfər) və yaralanan (114 nəfər) “Yerkrapa” Könüllülər Birliyi əsasən veteranları öz ətrafında birləşdirir. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə təşkilatın 4000-dən çox könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirib. “Yerkrapa” təşkilatı 1993-cü ildə yaradılan, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur. “Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur və dövlətdən qrant alır. Hazırda terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir. Erməni ekspertlər bildirilər ki, baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasını nəzərə alaraq “Yerkrapa” təşkilatının buraxılmasında maraqlıdır.

Təqaüdçü və tələbələr üçün “yol pulu”nda GÜZƏŞT EDİLƏCƏK - RƏSMİ

Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi mümkün olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib. O qeyd edib ki, yeni qaydalar hər bir daşıyıcını sürətli şəkildə nağsız ödəniş sisteminə təşviq edəcək. “Böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq, tıxac yaradır və bununla yanaşı şəhərin bir çox yerində ümumi hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə, mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır, ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyi artırır. Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll etməyə yönəlmiş beynəlxalq təcrübədir”,- deyə o bildirib.

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Lənkəran-Astara zonasında yağıntılar intensiv və güclü olub. Düşən yağıntının miqdarı Astarada 113, Yardımlıda 62, Lerikdə 42, Lənkəranda 33, Biləsuvar, Cəlilabad, Beyləqanda 19, Qəbələdə 17, Ordubadda 16, İmişlidə 15, Neftçalada 14, Oğuzda 13, Ağdamda 11, Quba, Qax, Tərtər, Naxçıvan, Gədəbəy, İsmayıllı, Sabirabad, Şahbuz, Cocuq mərcanlı, Şahdağ, Qusar, Tovuz, Şirvan, Hacıqabul, Qrız, Balakən, Altıağac, Xaltan, Ağstafa, Culfa, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Şəmkir, Xınalıq, Zaqatala, Şamaxı, Qobustan, Şabran, Bərdə, Zərdab, Kürdəmirdə 9 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin sentyabrın 22-si axşamadək davam edəcəyi, 23-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ağdərədə partlayış səsləri eşidiləcək - MN-dən xəbərdarlıq

Pirəkəşkül və Ağdərədə 22-26 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - MN-dən bildirilib.

1307-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1307-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 102 570 hərbçi, 11 194 ədəd tank, 23 282 ədəd zirehli döyüş maşını, 32 999 ədəd artilleriya sistemi, 1 493 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 218 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 344 ədəd helikopter, 62 363 ədəd avtomobil texnikası, 62 001 ədəd PUA, 3 747 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 969 xüsusi avadanlıq itirib.

Britaniya İsrailə çağırış etdi: İşğaldan əl çək!

Biz açıq şəkildə bildirmişik ki, bu qərar (Böyük Britaniyanın Fələstin dövlətini tanıması) həm İsrailin, həm də fələstinlilərin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri İvette Kupe BBC-yə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkəsinin Fələstin dövlətini tanımasına cavab olaraq İsrailin Qərb sahilinin bir hissəsini ilhaq etməsi yolverilməzdir və bu barədə Təl-Əvivə xəbərdarlıq edilib. “Bu, sülhü, ədaləti və ən əsası Yaxın Şərqdə təhlükəsizliyi qorumaq üçündür. Biz bölgədəki bütün tərəflərlə bu istiqamətdə işləməyə davam edəcəyik. Ən asan yol sadəcə geri çəkilib “bu çox çətindir” demək olardı, lakin bu qədər dağıntı və əzab gördükdən sonra bunun doğru olmadığını düşünürük. Biz İsrail dövlətini tanıdığımız kimi, fələstinlilərin də öz dövlətlərinə sahib olmaq hüququnu tanımalıyıq”, – deyə Kupe əlavə edib. Qeyd edək ki, Böyük Britaniya ötən gün Fələstin dövlətini tanıyıb.

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Avtobuslar gecə saat 12-yə kimi işləyəcək – Rəsmi

Bir çox hallarda ictimai nəqliyyat saat 24:00-a kimi işləyəcək. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib. O bildiribki, hazırda yetərli sayda avtobusun daşımalara cəlb edilməsi üçün müəyyən tədbirlər görülsə də, mövcud model məsələnin sistemli həllinə imkan vermir: “Bu da marşrutda işləyən avtobuslar arasında intervalın artmasına və ya günün müxtəlif saatlarında ümumiyyətlə avtobusların işləməməsi ilə nəticələnir. Xüsusən, axşam saatlarda bəzi marşrutlar sərnişin sayı az olduğuna və nəticədə rentabelli olmadığına görə xəttdən çıxarılır və və depoya yönləndirilir”. O əlavə edib ki, yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq: “Bir çox hallarda marşrutlar gecə saat 24:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər də xidmətin göstərilməsi imkanları qiymətləndiriləcək”.

Ursula fon der Leyen Almaniya prezidenti olur? - Açıqlama

Almaniyada 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırmıram. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib. O, seçkilərlə bağlı düşünmədiyini deyib: “Mən Komissiya prezidenti kimi vəzifələrimə tam sadiqəm və digər vəzifələr üçün namizəd deyiləm”, - Leyen vurğulayıb. Qeyd edək ki, Fon der Leyen 2019-cu ildən bəri Avropa Komissiyasına rəhbərlik edir və ötən il bu vəzifəyə yenidən təyin olunub. Almaniya mediasında onun 2029-cu ildə başa çatacaq mandatından əvvəl istefa verərək ölkəsinin prezidentliyinə namizəd ola biləcəyi barədə məlumatlar yayılmışdı.

4 gün ardıcıl İŞ OLMAYACAQ

2025-ci ilin noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq. Sozcu.az xəbər verir ki, 8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günüdür. Hər iki gün müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir. Bu səbəbdən noyabrın 10 və 11 tarixləri qeyri-iş günü olacaq.  Beləliklə, 8-11 tarixlərində iş olmayacaq.

Özgür Özel yenidən CHP sədri seçildi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayı keçirilib. Sozcu.az xəbər verir ki, qurultayda partiya sədrliyinə seçkilər baş tutub. Səsvermənin nəticələrinə əsasən, hazırkı sədr Özgür Özel 917 seçicidən 835-nin (82 səs keçərsiz sayılıb) səsini qazanaraq yenidən partiyanın lideri seçilib. O, seçkiyə yeganə namizəd kimi qatılmışdı.

Leysan, şimşək... - FAKTİKİ HAVA

Sentyabrın 21-i saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Zaqatala, Balakən, Oğuz, Qrız, Quba, Qusar, Xınalıq, Qəbələ, Qobustan, Zərdab, Beyləqan, İmişli, Neftçala, Salyan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağdamda arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Bu üç ölkə Fələstin dövlətini tanıdı

Kanada Fələstin dövlətini tanıdı. Sozcu.az xəbər verir ki, bunu Kanada Baş naziri Mark Karni deyib. “Kanada Fələstin dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyə ümid yaratmaqda tərəfdaşlığını təklif edir”, - Karni bildirib. Avstraliya da Fələstin dövlətini tanıyıb. Bu barədə Avstraliya Baş naziri Entoni Albaneze bəyanatında deyib. Kanada və Avstraliya ilə yanaşı, Böyük Britaniya da Fələstin dövlətini tanıyıb.

Dalğanın hündürlüyü 4 metri keçdi - FAKTİKİ HAVA

Sentyabrın 21-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 91, Şamaxıda 55, Qobustanda 34, Lənkəran və Şəkidə 26, Qəbələdə 24, Şahdağ və İsmayıllıda 23, Daşkəsəndə 19, Qrız, Ağstafa, Qaxda (Sarıbaş) 18, Altıağacda 16, Oğuz və Xaltanda 15, Qusarda (Laza) 14, Xınalıqda 13, Qubada 8, Bakıda və Abşeron yarımadasında, eləcə də Göygöl, Gəncə, Naftalan, Xaçmaz, Tərtər, Göyçay, Zaqatala, Mingəçevir, Beylaqan, Sabirabad, Neftçala, Biləsuvar, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Lerik, Şabran, Tovuz, Balakən, Gədəbəy, Şahbuz, Şirvan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 7 mm-dək qeydə alınır. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25, Naftalan və Altıağacda 22, Mingəçevir və Gəncədə 20, Culfa, Sabirabadda 17, Şabranda 16 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir. Sentyabrın 20-si Qəbələ rayonunun Kiçik Əmili kəndinə saat 20:08-20:15 radələrində diametri 8-10 mm, İsmayıllı rayonuna isə saat 21:30-21:35 radələrində diametri 2-3 mm olan dolu düşüb. Qrız, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1306-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 101 610 hərbçi, 11 193 ədəd tank, 23 281 ədəd zirehli döyüş maşını, 32 952 ədəd artilleriya sistemi, 1 492 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 218 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 62 245 ədəd avtomobil texnikası, 61 598 ədəd PUA, 3 747 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 969 xüsusi avadanlıq itirib.

Kamçatkada növbəti güclü zəlzələ baş verdi

Kamçatkada 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Məlumata görə, zəlzələ 25 km dərinlikdə, Petropavlovsk-Kamçatskidən 180 km şərqdə baş verib.

Mİ6-nın rəhbəri İstanbulda istefa verdi - Dünyaya mesaj

Dünyanın ən güclü siyasi kəşfiyyat xidməti hesab olunan Böyük Britaniyanın əfsanəvi Mİ6 kəşfiyyat idarəsinin rəhbəri Riçard Mur özünün dediyi kimi, “plaşını asıb, xəyali xəncəri qınına qoyuraraq, məşhur yaşıl qələmi təhvil verdi”. “Plaş, xəncər və yaşıl qələm” Mİ6-nın simvollarından sayılır. Mİ6-da rəsmi sənədlər yaşıl yazan qələmlə imzalanır. Rəsmi adı Hərbi Kəşfiyyat (Military Intelligence) olsa da, Mİ6 siyasi kəşfiyyat hesab olunur. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərov qeyd edib. “Riçard Murun 1987-ci ildən işlədiyi Mİ6-nın rəhbərliyindən ayrılması ilə bağlı vida tədbirinin İstanbulda keçirilməsi, eləcə də verdiyi mesajlar bölgəmizin çox mühüm mərhələyə daxil olduğunun göstəricisidir. Türkiyənin Qərblə əlaqələrinin qorunmasının əsas dəstəkçisi olan Böyük Britaniyanın bu mövqeyinin formalaşmasında Riçard Murun böyük xidməti var. Riçard Mur Türkiyə türkcəsini o qədər mükəmməl bilir ki, 2016-cı ildə Türkiyənin “Hürriyyət” qəzeti onu ölkədə ilin ən nüfuzlu üç blogerindən biri adlandırmışdı. Mİ6-dakı xidmətindən ayrılmasına həsr olunmuş vida tədbirində Riçard Murun səsləndirdiyi fikirlərdən ilk qənaətim ondan ibarətdir ki, Böyük Britaniyanın Rusiyanı məğlub etmək siyasəti tam gücü ilə işləyir. Riçard Murun İstanbulda təqdim etdiyi Mİ6-nın yeni layihəsi “Səssiz Kuryer” adlı məxfi məlumat platforması Putinin cinayətkar rejiminin devrilməsini sürətləndirməlidir. Belə görünür ki, qarşıda bizi çox maraqlı tarixi hadisələr gözləyir”, - politoloq vurğulayıb.

Niderlandda kütləvi aksiyalar: 30 nəfər saxlanıldı

Niderlandın Haaqa şəhərində miqrasiya əleyhinə kütləvi etiraz aksiyaları keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, etirazçılar şəhərin əsas avtomobil yolunu bağlayıblar. Aksiya zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Toqquşmalar zamanı 30 nəfər saxlanılıb, 2 polis əməkdaşı xəsarət alıb. Hadisə zamanı bir polis avtomobili yandırılıb. Bildirilib ki, etiraz aksiyalarını sağçı fəallar təşkil edib və aksiyada sərt miqrasiya siyasəti tələb olunub.

Maşın bazarı ilə bağlı VACİB XƏBƏR - Yeni ildən sonra…

Son vaxtlar maşın bazarında nəzərəçarpacaq durğunluq müşahidə olunur. İkinci əl avtomobillərə olan maraq əvvəlki illərlə müqayisədə azalıb. Bəs bunun səbəbi yalnız yüksək qiymətlərdir, yoxsa alıcıların seçimlərinə təsir edən başqa amillər də var? Nəqliyyat məsələləri üzrə ekspert Eldar Bəşirov mövcud vəziyyətin səbəblərini “Yeni Sabah”a belə açıqlayıb: “Son aylarda avtomobil bazarında əsas tendensiya Çindən gətirilən yeni maşınların artmasıdır. Bu avtomobillər həm qiymət baxımından münasibdir, həm də müasir texnologiyalar və komfort imkanları ilə seçilir. Məhz buna görə də alıcıların çoxu artıq köhnə maşınlara deyil, təzə modellərə üstünlük verir. Əksinə, köhnə avtomobillərin qiymətləri bazarda hələ də yüksək olaraq qalır. Bu da alıcıları daha sərfəli və yeni modellərə yönəldir”. Ekspert bildirib ki, yeni ildə vəziyyət dəyişəcək: “İlin sonuna qədər xaricdən gətirilən elektromobillərə və bəzi avtomobil növlərinə tətbiq olunan vergi güzəştləri qiymətlərin nisbətən aşağı qalmasına şərait yaradıb. Lakin bu güzəştlərin yalnız ilin sonuna qədər qüvvədə olacağı açıqlanıb. Yeni ildən etibarən həmin imkanlar aradan qalxacaq”.

Ukraynanın keçmiş prezidenti Moskvaya hücum etməyə çağırdı

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko ölkənin 1991-ci il sərhədlərinə qayıtması ilə kifayətlənməyəcəyini bildirib və Ukraynanın Silahlı Qüvvələrini Moskvaya hücuma çağırıb. Sozcu.az xəbər verir ki, Yuşşenko bu barədə "Apostrof TV" "YouTube" kanalına müsahibəsində deyib. "Mən artıq elə yaşdayam ki, deyə bilərəm: mənim öz təsəvvürüm var və mənəvi cəhətdən, öz millətimin mənafeləri üçün hərəkət edə bilərəm. Kimsə deyir - gəlin Xutor-Mixaylovskiyə qədər irəliləyək.  Mən isə deyirəm - vəssalam? Siz ən böyük problemi övladlarınıza və nəvələrinizə buraxırsınız. Moskvaya hücum!" - deyə Yuşşenko bildirib./Oxu.az

Naxçıvanda avtobus dərəyə aşdı: 15-dən çox yaralı

Naxçıvanda avtobus qəzaya düşüb. Sozcu.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb. Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunublar.

Adnan Əhmədzadəni ömürlük həbs gözləyir - məşhur vəkildən SENSASİON AÇIQLAMA

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. Bakı şəhəri Səbail Rayon Məhkəməsində keçirilən iclasda Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində o, iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Məhkəmədə elan edilən ittihamda bildirilib ki, Adnan Əhmədzadənin fəaliyyəti dövlətin maliyyə maraqlarına ciddi ziyan vurmaqla yanaşı, həm də iqtisadi sabitliyi hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişi üçün zəruri addım kimi qiymətləndirilir. Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. Daha da sensasion iddiaya görə, Əhmədzadənin bu hərəkəti Rusiya kəşfiyyatı ilə birgə törətməsinə dair şübhələr mövcuddur. Mənbələr bildirir ki, bu hadisə ilə Azərbaycan dövlətinə həm maliyyə, həm də siyasi ziyan vurulması hədəflənib. Sozcu.az xəbər verir ki, tanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a deyib ki, ittihamlar təsdiqlənərsə, Adnan Əhmədzadəni ağır cəza gözləyir: “Xaricə kəmərlər vasitəsilə ötürülən Azərbaycan neftinin xlorid maddəsi ilə qarışdırılması çox ciddi bir cinayətdir. Bu cinayətin Rusiyanın törətdiyi barədə də məlumatlar dolaşırdı. İndi isə bu cinayətin SOCAR-da yüksək vəzifə tutmuş, Azərbaycan neftinin xaricdə satışını təşkil edən şəxs tərəfindən törədilməsi haqda çox gözlənilməz bir detal üzə çıxıb. Azərbaycanda dövlət məmurları, onların ətrafı tərəfindən oğurluq və sui-istifadə halları tez-tez baş verir. Bilirik ki, korrupsiya adiləşməsə də, yanaşma belə olur ki, əksəriyyət belədir və bu adamları yola verirlər. İndi isə Azərbaycan dövləti üçün ən strateji bir məhsula – neftə xlorid qatılması kimi bir cinayət ortalıqdadır. Bu, ölkənin strateji əhəmiyyətli bir məhsulunun sıradan çıxarılmasına, ölkənin etibarlı tərəfdaş kimi imicinin zədələnməsinə və nəticə etibarilə Azərbaycanın əsas gəlirlərini hədəf alan bir addımdır. Bu əməli törətmiş şəxs kimliyindən asılı olmayaraq çox ağır ittihamlarla üz-üzə qalacaq. Bu, sıradan bir cinayət deyil ki, ona bağışlasınlar. Belə bir əməli törətmiş şəxsi ömürlük cəza gözləyir”. Ə.Həsənov Adnan Əhmədzadənin Rusiyanın maraqları çərçivəsində belə bir addımı təkbaşına atmasının inandırıcı görünmədiyini bildirib: “Yəqin ki, neftin ötürüldüyü ölkələrdə də onunla əlbir olan şəxslər var. Yoxsa o, təkbaşına bu cinayəti törədə bilməz. Ehtimal edirəm ki, bu cinayətin arxasında daha böyük qüvvələr də var. Aydındır ki, Adnan Əhmədzadə nefti xaricə satsa da, neftin birbaşa kəmərlərə vurulması ilə məşğul olmur. Nəticə etibarilə onun neftə xlorid qatması da mümkün deyil. Mümkündürmü ki, Adnan Əhmədzadənin özü də bir qurbandır? Məsələn, indiki halda Rusiya xüsusi xidmət orqanları elə bir əməliyyat qura bilərlər ki, Əhmədzadə cinayətin təşkilatçısı kimi görünsün” – sualına Əkrəm Həsənov belə cavab verib: “Bəli, əlbəttə ki, baş vermiş cinayət 1 nəfərin əməli deyil, böyük bir cinayətkar dəstənin əməlidir. Doğrudur ki, Adnan Əhmədzadə nefti satsa da, birbaşa kəmərlərə vuran şəxs deyil. Ona görə də Adnan Əhmədzadə ilə yanaşı digər şəxslərin də məsuliyyət məsələsi həll edilməlidir. Başqa cür mümkün də deyil ki, Azərbaycan neftinə xlorid və ya digər maddə qatılsın və bunu aşağılarda kimsə özbaşına etsin. Burada mütəşəkkil qaydada törədilən cinayətin əlamətləri var. İstintaq yəqin ki, mütəşəkkil dəstənin bütün üzvlərini müəyyən edəcək”. “Adnan Əhmədzadənin həbsi xəbərinə qədər həyat tərzi haqda mətbuatda yazılanları nəzərə alsaq, onun milyonlar xərcləyib dünya şöhrətli futbolçuları ölkəyə gətirməsindən tutmuş özünün son dərəcə dəbdəbəli həyatını ortaya qoyan məlumatlar var. Aydındır ki, Adnan Əhmədzadə dəbdəbəli həyatını Azərbaycan neftinin satışından əldə etdiyi milyonlar hesabına təmin edir. Belə bir halda onun Azərbaycan neftinə haram qatmasının məntiqi nədir? Niyə belə bir şəxs gedib Rusiya xüsusi xidmət orqanlarının buyruqçusuna çevrilir?” – sualına isə Əkrəm Həsənov belə cavab verib: “Ötən il Adnan Əhmədzadə dünya şöhrətli futbolçuları Azərbaycana gətirəndə əksəriyyət onun kimliyi haqda məlumatlı oldu. Hamı da başa düşür ki, Adnan Əhmədzadənin sağa-sola xərclədiyi pulların mənbəyi haradır. Aydındır ki, Messi və digərlərinin Azərbaycana gətirilməsi 100-200 minə başa gəlmir. Amma bu işə pul xərcləmək də pulları küçəyə atmaq kimi bir şeydir. Azərbaycanda bu tip xeyli dələduz adam var. Amma insanlar onları xeyriyyəçi kimi tanıyır. Bilmir ki, xərclənən pullar şəxsin halal pulu deyil, kimlərinsə mənimsənilmiş haqqıdır. Ölkədə 1 milyon oğurlayıb 10 min xərcləməklə xeyriyyəçi, yaxşı oğlan, çörəkverən kişi statusu qazanan xeyli dələduz var. Bu addımlar böyük oğurluqları pərdələmək üçündür. Oğurladıqca da, iştah artır. Pul azaldıqca da, hər bir cinayətə qol qoymaqdan da çəkinmirlər. Belə adamların Rusiya ilə yanaşı Ermənistana da işləməsinə təəccüb etmərəm”. Əkrəm Həsənov deyib ki, Adnan Əhmədzadənin törətdiyi iddia olunan cinayəti 10 il öncə Azərbaycan Beynəlxalq Bankında törədilən cinayətlə müqayisə etmək olar: “Azərbaycan Beynəlxalq Bankı sistem xarakterli bir bank idi və günlərin birində məlum olmuşdu ki, bankdakı pulları bank rəhbərliyi yoxa çıxarıb. Devalvasiya zamanı üzə çıxan bu oğurluq dövlətin iqtisadi durumunu son dərəcədə ağırlaşdıran bir əməl idi. Ona görə də həbsə alınmış digər korrupsioner dövlət məmurlarını bir müddət sonra həbsdən azad etsələr də, Azərbaycan Beynəlxalq Bankının sabiq prezidentini azad etmirlər. Çünki Cahangir Hacıyev həddini aşmışdı, ölkə miqyaslı, ölkənin iqtisadi durumunun birdən-birə pisləşməsinə gətirib çıxaran əmələ yol vermiş, ölkəyə ziyan vurmuşdu. Bu adamların törətdikləri cinayətlər ölkə miqyaslı bir cinayətdir. Bu adamlar hansısa rayonun korrupsioner başçısı deyil ki, 3-5 milyon oğurlasınlar və tutulandan az sonra onları bağışlasınlar. Belə əməllərə görə Azərbaycan neftinin alıcıları sıradan çıxa bilər və bu, ölkəmiz üçün çox fəlakətli iqtisadi durumun yaranmasına gətirib çıxara bilər”. “Ortada olan iddialardan belə nəticə çıxır ki, Adnan Əhmədzadə Azərbaycan neftinə xlorid qatıb və atıb. Bu adama bir nəzarət olmayıb ki, belə bir əməli törədə bilib” – sualına Əkrəm Həsənovun cavabı belə oldu: “Azərbaycan Beynəlxalq Bankı Azərbaycanın 1 nömrəli bankı idi və bu gün də belədir. O zaman Samir Şərifov bankda Müşahidə Şurasının sədri idi. Birbaşa Azərbaycan Beynəlxalq Bankına nəzarət etməli vəzifəli şəxs idi. Amma real nəzarət etmirdi. Çünki oğru oğruya nəzarət etmir, düşünür ki, gedib desə ki, oğurluq edib, özünün oğurluqları da ortaya çıxacaq. Bu, adi korrupsiya münasibətləridir və Adnan Əhmədzadənin törətdiyi əməllər də davamlı korrupsiya münasibətlərinin nəticəsi olaraq törədilib. Yəqin ki, bütün suallara istintaqın sonunda aydınlıq gətiriləcək. İnanıram ki, ittihamlar təsdiqlənsə, Adnan Əhmədzadə müttəhimlər kürsüsündə tək olmayacaq”.