Bu yolla övladlarını evləndirməyə çalışanlar qanunu pozmuş sayılacaq - XƏBƏRDARLIQ

Ölkəmizdə bu ildən qohum evlilikləri rəsmən qadağan olunub. Lakin bəzi ailələr bu qaydanı yan keçməyin yollarını axtarır. Məsələn, övladını yaxın qohumla evləndirmək istəyən valideynlər “övladlıqdan imtina etdikdə bunun mümkün olub-olmayacağını” düşünürlər. Amma belə halda bu nikah yenə də qayda pozuntusu sayılmırmı? Qanun bu barədə nə deyir?

Mövzunu “Yeni Sabah”a şərh edən hüquqşünas Ramil Vəliyev bir sıra məqamlara toxunub:

“2025-ci ildən etibarən Azərbaycanda birinci dərəcəli qohumlar arasında nikah qadağan olunub. Bu qərar genetik risklərin, irsi xəstəliklərin qarşısını almaq, həmçinin cəmiyyətin sağlam inkişafını təmin etmək məqsədi daşıyır. Yeni ailə qanunvericiliyi artıq yalnız formal deyil, həm də faktiki qohumluq bağlarını nəzərə alır. 

“Övladlıqdan imtina” ilə məhdudiyyəti yan keçmək mümkündürmü?

Bəzi ailələrdə belə bir fikir var: övladlığa götürülən uşaqdan və ya doğma övladdan rəsmi sənədlə imtina edildikdə, sonradan onunla nikaha daxil olmaq hüquqi baxımdan mümkün ola bilər”.

Müsahibimiz vurğulayıb ki, lakin qanunvericilikdə qohumluq faktı yalnız hüquqi sənədlə deyil, qan bağı ilə müəyyən olunur:

“Yəni valideynin övladlıqdan imtina etməsi həmin şəxslərin bioloji qohumluğunu aradan qaldırmır. Hüquqi qeyd ləğv olunsa da, qan qohumluğu qalır və bu səbəbdən belə nikah yenə də qadağandır.

Ailə Məcəlləsi qohum evliliklərini açıq şəkildə qadağan edir və bu zaman qohumluğun həm hüquqi, həm də bioloji əsasları nəzərə alınır.

Məhkəmə təcrübəsi və beynəlxalq hüquq da göstərir ki, övladlıqdan imtina vasitəsilə bu qadağanı yan keçmək mümkün deyil.

Bundan əlavə, belə bir addım cəmiyyətin mənəvi dəyərlərinə ziddir və etik baxımdan da qəbul edilmir.

Övladlıqdan imtina yolu ilə qohum evliliyinə şərait yaratmaq hüquqi cəhətdən mümkün deyil və belə cəhdlər qanunun pozulması sayılacaq. Dövlət bu sahədə nəzarəti gücləndirir və qanunun tətbiqinə xüsusi diqqət yetirilir”.

Share on Facebook