Qafan 3 gündür yanır

Martın 12-də Qafan şəhərinin Bağaberd məhəlləsinə bitişik dağın ətəyində baş verən yanğın hələ də söndürülməyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, Qafanda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Muğanlı müəllim Zeunəb Həmrəng Tehranda həbs edilib

Əslən Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərindən olan fəal Zeynəb Həmrəng Seyidbəyli təhlükəsizlik məmurları tərəfindən Tehranda həbs edilib. Bu barədə onun yaxınları məlumat veriblər. Xanım fəalın hara aparıldığı və həbs səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, müəllimlərin sinfi təşkilatında fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün bundan əvvəldə saxlanılıb.  Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilib.  Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib.  O, 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.

Yenidən milyonlarla insan ölə bilər – DƏHŞƏTLİ PROQNOZ

Planetin demək olar ki, bütün çaylarının sularını çirkləndirən antibiotiklər "superbakteriyaların" yaranmasına səbəb ola bilər. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, alimlər çay sularının yüksək səviyyədə antibiotiklərlə çirklənməsini aşkar ediblər. Bu, bütün dünyada insanların kütləvi ölümünə səbəb ola bilər. Tədqiqatçılar 72 ölkədən axan çayların suyunu sınaqdan keçiriblər. Məlum olub ki, onlardan 65-də ən populyar 14 antibiotikin izləri aşkarlanıb. Ən çox antibiotik Asiya və Afrika çaylarında tapılıb. Eyni zamanda Banqladeşdə çayda dərmanların konsentrasiyası yol verilən həddi 300 dəfə keçib. Alimlər qeyd edirlər ki, dərmanların qalıqları kanalizasiya ilə birlikdə çay sularına düşür. Bu, antibiotiklərin daimi təsiri altında mikroorqanizmlərin mutasiyaya uğrayaraq "superbakteriyalara" çevrilməsi ilə nəticələnir ki, bu da öz növbəsində 2050-ci ilə qədər milyonlarla insanın ölümünə səbəb olacaq.

Azər: “Mən bu işi 5 manata görürəm“

“Telekanal rəhbəri var idi, seiral çəkirdi. 10 ilin söhbətidir. Gözəl aktrisamız var idi, indi də sağdır. Onların adlarını çəkmirəm. Bir məkan yaratmışdıq, serialı çəkirdik. O vaxt qonorarlar çox az idi. İçi mən qarışıq bütün heyətə günə 50 manat qonorar verirdilər”. Sozcu.az Olay-a istinadla xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində aktyor-aparıcı Azər Aydəmir deyib. Onun sözlərinə görə, adını çəkmək istəmədiyi aktrisa kanal rəhbərinə qonorara görə etiraz edib: “Həmin aktrisa kanal rəhbərinə dedi ki, bizi adam yerinə qoymursuz, 50 manata seriala çəkilərlər? Heç olmasa qonorarı artırın, yaxşı iş görək. Bu kanal rəhbəri utanmadan-qızarmadan hər kəsin içində aktrisaya dedi ki, mən sizə 500 manat da versəm, belə oynayacaqsız, 50 manat da. Qonorarla yaradıcılığın heç bir əlaqəsi yoxdur. Qonorar texniki hissəyə aiddir. Mən bədii təxəyyülümü ortaya qoymuşam, rejissor da həmçinin. Mənə operator lazımdır. Məsələn, Əhməd 3 min istəyir, Məmməd 500.  Burada pul lazımdır ki, o filmi Əhməd çəksin, çünki Hollivud görüntüsü yarada bilər. Məmməd isə maksimum Türkiyə görüntüsü verəcək. Yaradıcılıq, içdən gələn işlərdə qonorar vacib deyil. Əlbəttə insanın beyin məhsuluna pul vermək lazımdır. Bu da imic məsələsidir, mən bu işi 5 manata görürəm, ya 105 manata. Əgər özünü 105 manata sata bilmirsənsə, bu, sənin problemindir”.

“Azərbaycan yeni hərbi əməliyyatlara hazırlaşır” - Ermənistan və İran mediası

Erməni Telegram kanalları Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Qarabağla sərhəddə toplanması barədə iddialar yayırlar. Dünən baş nazir Paşinyan da öz çıxışında sərhəddə yenidən eskalasiya ehtimalının yüksək olduğunu bildirib. Məsələnin maraqlı tərəfi budur ki, İran mediası da heç bir əsas olmadan eyni iddialarla çıxış edir. Bu da İran və Ermənistan dayanışmasının növbəti sübutu sayıla bilər. Məsələn, İranın molla mediası iddia edir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) "...Bakı Respublikasının (molla rejimi Azərbaycan adını çəkməyi də öz kirli mahiyyətinə yaraşdırmır-Red.) böyük qoşun kolonlarının hərəkətini qeydə alır". İran adlanan molla respublikasının saytları iddia edir ki, rəsmi Bakı "...Qafqazda regional müharibəyə başlamaq niyyətindədir". Arxasınca da heç bir əsası olmayan bu yalançı iddiaya guya cavab verərək, Azərbaycanı "düşmən" adlandırır və təhdid edir. Sitatı yazaq ki, oxucularımız bu həyasızlıqla tanış olsunlar və bir az da gülsünlər: "İran İslam Respublikası Qafqazın təhlükəsizliyinə cavabdehdir və düşmənlərin istənilən niyyətini kökündən məhv etmək fikrindədir". Öz xalqını təmin və idarə edə bilməyən, xalqlar həbsxanasına çevrilən İran Qafqazın təhlükəsizliyinə cavabdehmiş. Başlarına haradan gəldiyini hələ də müəyyən edə bilmədikləri dronlar yağır, ərazisində yaşayan xalqlar aclıqdan və səfalətdən, haqsızlıqdan və zülümdən bezərək, üsyana qalxıb, rejimi devirmək istəyir, bunlar da özlərini "Qafqazın təhlükəsizliyinə cavabdeh" sayırlar. Ölkənin hakim zümrəsi olan mollalar ictimai yerdə xalqın qorxusundan əmmamə ilə gəzə bilmirlər. Yanlarından keçən hər kəs dərhal onların əmmamələrini vurub, başlarından salır. Bu bədbəxtlərsə görün nələrə iddia edirlər. Yazının sonunda İranda yeni trend olan əmmaməsalma hobbisinə dair videoları təqdim edirik! Başında sarığı qoruya bilməyın molla rejimi Qafqazı Azərbaycandan qoruyacaqmış.Müsavat.com

Separatçılar etiraf etdi ki, Ermənistanla alternativ əlaqə yaradıblar

"Qarabağ Daxili İşlər Nazirliyi" etiraf edib ki, Laçın dəhlizindən yan keçərək Ermənistanla alternativ əlaqə qurulub və fəaliyyət göstərir. Azərbaycan tərəfi rusiyalı sülhməramlıların müşayiətilə erməni avtomobil karvanının alternativ yol ilə hərəkət etməsinə dair videonu yaydıqdan sonra separatçılar aşağıdakı etirafı ediblər: Azərbaycan tərəfinin yaydığı videoda hərbi texnika deyil, Fövqəladə Hallar Nazirliyinə məxsus maşınlar yer alıb. Xilasedicilər Şuşadan yan keçərək dağ yoluyla Rusiya sülhməramlılarının müşayiətilə Qarabağda qalan vətəndaşları Ermənistana aparıblar, "Daxili İşlər Nazirliyi"nin məlumatında deyilir. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, erməni tərəfi Şuşadan yan keçməklə Xankəndidən Qeybalı və Xəlfəli kəndləri vasitəsilə Zarıslıya, daha sonra Laçın yoluyla nəqliyyatın hərəkətini təşkil ediblər. Bu vəziyyətdə Rusiya sülhməramlılarının baş verənlərdə rolu ilə bağlı sual yaranır. Qeyd edək ki, bundan öncə ermənilər Ermənistanla alternativ əlaqə faktını inkar edərək bildirirdilər ki, martın 5-də həlak olan polislər hərbi postlardan birində "rotasiya" həyata keçirirmişlər.

Bu universitetdə yoxlamalara başlanıldı

Naxçıvan Dövlət Universitetində yoxlamalara başlanılıb. Yoxlamalar ötən həftədən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilir. Kafedra və dekanlıqların iş prinsipləri, bölmələrin, şöbələrin iş fəaliyyəti, il ərzində görülən işlər və hesabatların yoxlaması aparılır. Yoxlamaların nə vaxta kimi davam edəcəyi məlum deyil.APA

Novruz bayramı ilə bağlı tətil günləri açıqlandı

Təhsil müəssisələrində Novruz bayramı ilə bağlı tətil günləri açıqlanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 mart; altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir. Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Biləsuvarda azyaşlının əlində pirotexniki vasitə partlayıb, gözündən xəsarət alıb

Biləsuvar rayonunda İlaxır çərşənbə günü azyaşlının əlində pirotexniki vasitə partlayıb və o xəsarət alıb. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Y.Haqverdiyevin əlində pirotexniki vasitə partlayıb. O, gözündən və göz ətrafı nahiyədən ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb.

Polis İmran Xanı həbs etmək istəyir, tərəfdarları müqavimət göstərir

Bu gün səhər saatlarından etibarən Pakistanın Lahor şəhərində müxalifət fəalları sabiq Baş nazir İmran Xanın evinə yaxınlaşan polis avtomobillərini yandırıb, toqquşmalar baş verib. Bu barədə yerli “Dawn” nəşri yazıb. Nəşrin məlumatına əsasən, polis və təhlükəsizlik qüvvələri əməkdaşları sabiq Baş naziri iqamətgahında həbs etmək üçün yenidən cəhd ediblər, onun tərəfdarları isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına ciddi müqavimət göstəriblər və xüsusi təyinatlılar nümayişçilərə qarşı gözyaşardıcı qaz qumbaralarından istifadə edib. Hazırda iğtişaşlar baş verən əraziyə təcili tibbi yardım maşınları və xüsusi polis texnikası cəlb edilib. Həmçinin əlavə olunub ki, İmran Xan “Twitter“də tərəfdarlarına onun müdafiəsinə qalxmağa çağırış edib, bildirib ki, polis qüvvələri onu oğurlamaq və ya öldürmək niyyətindədir.

Bibisini qəbiristanlıqda döyərək öldürən şəxsə hökm oxunub

Ali Məhkəmədə Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, hadisə 2018-ci ildə Quba rayonu ərazisində baş verib. İttihama görə, Qırmızı Qəsəbə sakini M.Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə 1931-ci il təvəllüdlü bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq onu döyüb. 87 yaşlı Ş.Sumxayeva hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib. M.Migirov zorlama və qəsdən adamöldürmə maddəsi ilə ittiham edilib. Məlum olub ki, M.Migirov 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra Azərbaycana deportasiya edilib. Doğulduğu qəsəbəyə qayıdan, spirtli içki aludəçisi olan M.Migirov sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub. Bibisini öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 17 ilə endirib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və iş həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.(pravda.az)

“Gəmiqaya Holdinq”də daha bir parçalanma

Ölkənin aparıcı şirkətlərindən olan “Gəmiqaya Holdinq”ə bağlı “Gəmiqaya Avtonəqliyyat” MMC-dən (VÖEN - 0201375131) ayrılma olub. “Gəmiqaya Avtonəqliyyat” MMC tərkibindən "Ofis Hold-75" MMC-nin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edib. Məlumat üçün bildirək ki, son zamanlar “Gəmiqaya Holdinq”ə bağlı şirkətlərdə nizamnamə kapitalının dəyişikliyi və çoxsaylı parçalanmalar həyata keçirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub. Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur. Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.(yeniavaz.com)

Rusiya ordusu müdafiəyə keçdi - artıq məğlub olub

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna qədər artıq müdafiəyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib. Onun sözlərinə görə, ruslar xüsusilə Krımda səngərlər qazır, istehkamlar hazırlayır: “Əgər onlar öz xüsusi əməliyyatlarında müdafiəyə keçiblərsə, deməli, bu müharibədə artıq məğlub olublar”.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 78,52 dollara, yüngül neftin bir barreli isə 72,39 dollara təklif olunur.

ÇL: Son 1/4 finalçılar məlum olur

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Sozcu.az xəbər verir ki, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaqlar. UEFA Çempionlar Liqası 1/8 final, cavab oyunları 16 mart 00:00. “Real Madrid” (İspaniya) - “Liverpul” (İngiltərə) İlk oyun – 2:5 00:00. “Napoli” (İtaliya) - “Ayntraxt” (Frankfurt, Almaniya) İlk oyun – 0:2 Daha əvvəl Almaniyanın “Bayern”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, İtaliyanın “Milan” və “İnter” klubları 1/4 finala vəsiqə qazanıblar.

Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 385-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 161 520 hərbçi, 3492 ədəd tank, 6799 ədəd zirehli döyüş maşını, 2528 ədəd artilleriya sistemi, 502 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 262 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5377 ədəd avtomobil texnikası, 2 132 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 257 xüsusi avadanlıq itirib.

Qəhrəmanmaraşda yenə zəlzələ baş verdi

Türkiyənin Qəhramanmaraş vilayətinin Nurhak rayonunda 4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 7,72 kilometr dərinliyində qeydə alınıb. Qeyd edək ki, ötən gün Qəhrəmanmaraşda 4,7 və 4,9 bal gücündə zəlzələ baş vermişdi.

Casusluq edən xarici ölkə vətəndaşı həbs edildi - DTX

Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşı həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Bildirilib ki, istintaq olunan cinayət işi üzrə aparılan araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur. Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə araşdırmalar davam edir.

AB Mişa üçün təyyarə, heyət hazırladı

Mixail Saakaşvilinin durumundan xəbərdarıq, artıq rəsmi sənədlərdə və Avropa Parlamentinin qətnamələrində bir sıra bəyanatlar vermişik. Ümid edirik ki, AB və üzv dövlətlər onun azad edilməsi prosesini sürətləndirmək üçün dərhal addımlar atacaq. Sozcu.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Anna Fotıqa deyib. Onun fikrincə, Mixail Saakaşvili ilə bağlı vəziyyətdə zaman həlledici əhəmiyyət kəsb edir: “Yüksək səviyyəli hərbi tibb ekspertlərindən ibarət qrup hazırdır; nəqliyyat məsələləri də həll edilib, xüsusi təyyarə də hazırdır, lakin hələlik Gürcüstan tərəfdən sükut hökm sürür. AB qurumlarından dəstək var. Beləliklə, hər şeyi Polşa və AB hazırlayır. Bu işdə vaxt çox vacibdir və Saakaşvili lazımi müalicə üçün dərhal istənilən Avropa və ya Avroatlantik ölkəyə köçürülməlidir. Onun həyatı təhlükədədir”.

Tikinti obyektlərinin sökülməsi qaydası dəyişdirilir

Azərbaycanda Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək. Sozcu.az xəbər verir ki, bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir.

Bunu edən şəxslər 2 ilədək həbs olunacaq

Azərbaycanda qaydaları pozaraq mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulanlar 2 ilədək həbs ediləcək. Sozcu.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni 314-4-cü maddə (Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulma) əlavə olunur. Yeni maddəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və istilik enerjisi müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması 2 000 manatdan 4 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Prezident su problemindən danışdı

Suyun paylanması ilə bağlı görülməli çox iş olacaq. Hazırda biz su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir çox şəhərdə layihələr həyata keçiririk. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir: “Sözsüz ki, bunu etmək çətin olacaq, çünki görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Bunun vaxtı gəlib çatıb. Hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir Qeyd etdiyim kimi, Xəzər dənizi dayazlaşır, həmçinin çaylarımızda, transsərhəd çaylarında və mənbəyini Azərbaycandan götürən çaylarda sululuq azalıb. Əfsuslar olsun ki, biz bunu görürük. Beləliklə, su ehtiyatlarının idarə olunması, su ehtiyatlarından səmərəli istifadə sözsüz ki, qarşıdakı illər üçün prioritetlərdən biri olacaq”.

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Çağlayancerit ilçəsində 4,9 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 5,34 km dərinliyində qeydə alınıb. Əlavə məlumat verilmir

Sabunçuda əl qumbarası aşkarlanıb - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.