Ukrayna Prezident Ofisi: "Putin uduzduğunu və qorxduğunu etiraf edir”

“Rusiya Prezidenti Vladimir Putin uduzduğunu və qorxduğunu etiraf edir”. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb. O bildirib ki, rəsmi Moskva proqnozlaşdırıla bilən siyasət həyata keçirir. M.Podolyak hesab edir ki, Rusiya lideri Belarusda taktiki nüvə silahının yerləşdirilməsini elan etməklə həm də cinayət törətdiyini boynuna alır: “O, nüvə silahının yayılmaması ilə bağlı müqaviləni pozur”. Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir./Report

Azərbaycanlı milyarder Putini tənqid etdi: “Ordu yoxdur...”

Azərbaycanlı milyarder Fərhad Əhmədovla rusiyalı prodüser İosif Priqojinə aid olduğu iddia edilən telefon danışığının səs yazısı üzə çıxıb. Sozcu.az xəbər verir ki, telefon danışığı zamanı hər iki şəxs Rusiya rəhbərliyi və Prezident Vladimir Putinin addımlarını dəyərləndirərək, onun fəaliyyətini tənqid ediblər. Üstəlik, Fərhad Əhmədov Priqojinə müraciətində ölkə rəhbərliyinin Rusiyanı bataqlığa atdığını və indiyə qədər gələcəklə bağlı normal açıqlama eşitmədiyini bildirib: “Onlar öz aralarında bir-birini qırırlar, bəyanatlar ziddiyyətlidir, konsolidasiya və koordinasiya olunmayıb. Vətəndaş qarşıdurması, hakimiyyət uğrunda mübarizə gedir. Onların kollektiv günahı var. O deyir ki, əsas ordudur, amma bəlli oldu ki, heç ordu da yoxdur. Bizdə respublikadır, prezident ölkəsidir. Prezident hər şeyə görə cavab verəcək. Hər şeyə görə! Ondan soruşacaqlar”. Həmsöhbətlər həmçinin Moskvanın Ukraynadakı işğalçılıq fəaliyyətindən də narazılığını ifadə ediblər. Belə ki, hər iki şəxs Putinin ətrafının yalan məlumatlar verərək, onu bəlanın içərisinə itələdiyini deyiblər. Əhmədov Priqojinə Rusiyanın gələcəyindən qorxduğunu və bundan sonra ölkədə vətəndaş müharibəsinin olub-olmayacağını təxmin edə bilmədiyini söyləyib. Milyarder Rusiyanın Ukraynadakı savaşını “qardaşın qardaşı öldürməsi” adlandırıb və Moskvanın bundan necə canını qurtaracağını bilmədiyini qeyd edib./Globalinfo.az

Yevlaxda süpürgəçi qadınları avtomobil vurdu

Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb. Onlardan biri - 1974-cü il təvəllüdlü Səbinə Rafiq qızı Əsgərova hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Bəsti Mirzəyeva ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Daha bir ölkə Ukraynaya helikopter verir

Şimali Makedoniya ordusu Ukraynaya 12 ədəd Mi-24 helikopterinin təhvil verilməsi barədə qərar qəbul edib. Sozcu.az xəbər verir ki, bu haqda Ukrayna mətbuatı məlumat yayıb. Bildirilib ki, Şimali Makedoniya 2001-ci ildə bu helikopterləri Ukraynadan alıb. Onlardan 4-ü modernləşdirilib, digərləri isə ümumiyyətlə istifadə olunmayıb.

Norveç Saakaşviliyə mükafat verdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Norveç Mühafizəkarlar Partiyasının həmtəsisçisi Sjur Lindebrekke mükafatına layiq görülüb. Sozcu.az xəbər verir ki, bu barədə Mixail Saakaşvili özünün Feysbuk səhifəsində yazıb. “İnsan hüquqları və demokratiya uğrunda mübarizədə insan haqları və demokratiyanın ən yüksək səviyyəsinə malik ölkədən mükafat almaqdan şərəf duyuram”, - Saakaşvili bildirib. Osloda keçirilən mükafatlandırma mərasimində keçmiş prezidentin anası Giuli Alasaniya və oğlu Nikoloz Saakaşvili iştirak edib.

Masallı sakini Bakıda döyüldü

Masallı rayonu, Şərəfə kəndində yaşayan 36 yaşlı Asif Abuşov Bakıda döyülüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanının qarşısında qeydə alınıb. Naməlum şəxs onu döyərək ağır xəsarət yetirib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

“Kalaşnikov” pulemyotunu saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə “Kalaşnikov” pulemyotunu əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Sozcu.az- a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib . DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Səyyaf Həsənov tutulub. Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı “PK” markalı pulemyot, həmin silaha məxsus 7,62 çaplı 98 ədəd patron və 1 ədəd patron lenti aşkar edilərək götürülüb. Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Ramazanın 4-cü gününün duası - İmsak və iftar vaxtı

Bu gün Azərbaycanda Ramazan ayının dördüncü günüdür. Sozcu.az xəbər verir ki, bu gün üçün imsak saat 05:07, iftar isə 19:13-ə təyin olunub. İmsak duası: “Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Allah orucunuzu qəbul etsin!

Ağ Evin baş iqtisadi müşaviri martın 31-də istefa verəcək

Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri Sesiliya Rouz martın 31-də istefa verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Qeyd olunub ki, Rouz əvvəllər İctimai və Beynəlxalq Əlaqələr Məktəbinin dekanı olduğu Prinston Universitetində işə qayıtmağa hazırlaşır. O, gələcəkdə Ağ Evə qayıda biləcəyini istisna etməyib. Cari ilin fevral ayında ABŞ Prezidenti Cozef Baydenin baş iqtisadi müşaviri Brayan Diz də vəzifəsini tərk edib. O da Prinston Universitetində işləməyi planlaşdırır.

"Kreml xalqımızı mənəvi əsarət altına almaq cəhdlərində uduzur" - Zelenski

Prezident Vladimir Zelenski axşam videomüraciətində ABŞ, Litva, Finlandiya, Almaniya, Yaponiyadan yeni yardım paketləri və dünyanın bütün sahələrdə Rusiyaya təzyiqi artırmaq üçün atdığı digər addımlardan danışıb. Sozcu.az-ın xəbərinə görə, bu barədə Ukrayna mətbuatı məlumat verib. “Biz addım-addım və hər yerdə mümkün olan hər şeyi edirik ki, rus revanşizmi Ukraynaya qarşı təcavüzünün hər bir elementində məğlub olsun. Rusiya döyüş meydanında, iqtisadiyyatda, beynəlxalq siyasətdə, tarixi həqiqəti öz imperiya mifləri ilə əvəz etmək cəhdlərində uduzmalıdır. Kreml xalqımızı mənəvi əsarət altına almaq cəhdlərində uduzur, məhz Rusiyanın tammiqyaslı itkisi yeni təcavüz və böhranlara qarşı etibarlı təminat olacaq”, - deyə Zelenski vurğulayıb.

"Rusiya Azərbaycana qarşı İranın əli ilə hərəkət edir" - Elxan Şahinoğlu

"Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın Qarabağ separatçılarını silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan “cəsarətləndi” və onun Qarabağsız sülh sazişinə marağı azaldı. Azərbaycan ordusunun bölgənin yollarını və yüksəkliklərini nəzarətə götürməsi əməliyyatlarının sayının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib. Bu Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır".  Bu arada, İrandan yeni təxribatlara hazır olmalıyıq. Azərbaycan ordusunun Qarabağda mövqelərinin möhkəmlənməsi nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. Rusiya Azərbaycanı sözdə də olsa tərəfdaş adlandırdığına görə, “qırmızı çizgiləri” tam aşmamağa çalışır. İranın isə Azərbaycanla münasibətlərdə belə dərdi yoxdur, bütün “qırmızı çizgiləri” aşıb. Rusiya Azərbaycana qarşı İranın əliylə hərəkət edir. Elxan Şahinoğlu, politoloq

Rusiyada güclü partlayış baş verdi

Rusiyanın Rostov vilayətinin Azov şəhərində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalı məlumat yayıb. Partlayışın səbəbi məlum deyil. Hadisənin səbəbləri araşdırılır.

Ermənilərdən Türkiyə ilə oyunda şok pankart - Foto

Türkiyə və Ermənistan milli komandaları arasında bu gün İrəvanda baş tutan oyun zamanı erməni azarkeşlər daha bir pankart açmaqla, öz mahiyyətlərini ortaya qoyublar. Sozcu.az xəbər verir ki, erməni azarkeşlər “NEMEZİS” yazılan iri pankartı oyun boyu nümayiş etdiriblər. Nemezis əməliyyatı – ASALA erməni terror təşkilatının Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinə qarşı planlaşdırılan terror hücumlarının adıdır. Əməliyyat öz adını yunan intiqam ilahəsi Nemezidanın adından götürüb. Guya ermənilər bununla “soyqırıma” cavab veriblər. Halbuki 1918-ci ildə ermənilərin Bakı da daxil olmaqla, Azərbaycanın bir çox ərazilərində dəhşətli soyqırım və qətliamlar törətmiş, minlərlə azərbaycanlını qətlə yetirmişdilər. Qeyd edək ki, oyun 2:1 Türkiyə millisinin qələbəsi ilə yekunlaşıb.

Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - SİYAHI

Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür. 1992-ci ilin bu günündə “Azərbaycan Milli Qəhrəmanı” adı rəsmiləşdirilib. Azərbaycan tarixinin şanlı səhifələrində qəhrəmanlar çox olub. Vaxtilə onlara “Xalq qəhrəmanı” deyirdilər. Sonralar isə bu ad Ali Dövlət mükafatı və Fəxri ad kimi rəsmiləşdi. 1991-ci ilin 18 oktyabr - Dövlət Müstəqilliyinin bərpasına qədər Azərbaycanın çoxlu sayda igid oğul və qızları keçmiş SSRİ-nin zamanında “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüblər. Onların ümumi sayı 42 nəfərdir. “Sovet İttifaqı Qəhrəmanı” adını alan ilk soydaşımız isə İsrafil Məmmədov olub. Bu ali adı iki dəfə qazanan isə tank diviziya komandiri general-mayor Həzi Aslanov olub. Müstəqilliyimizin bərpasının ikinci ilində -1992-ci ilin iyununda “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı təsis edilib. Bu tarixdən başlayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlər və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən şəxslərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməyə başlanılıb. Müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Məhərrəm Seyidovla birlikdə 1992-ci il iyunun 6-da imzalanan fərmanla bu ada 12 nəfər layiq görülüb. Sozcu.az Bizim.Media -ya istinadən həmin siyahını təqdim edir: 1. Məhərrəm Seyidov 2. Əlif Hacıyev 3. Valeh Müslümov 4. Mehdi Abbasov 5. Albert Aqarunov 6. Mikayıl Cəbrayılov 7. Vüqar Hüseynov 8. Səfəralı Məmmədov 9. Nofəl Quliyev 10. Yuri Kovalyov 11. Yusif Əliyev 12. İlham Əliyev Ümumilikdə isə müstəqillik dövründə 218 qəhrəman soydaşımıza bu fəxri ad verilib. Sonuncu Milli Qəhrəmanlarsa 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olan general-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyev olublar. Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 14 nəfəri sağdır: 1. Bəxtiyar Allahverdiyev 2. İntiqam Atakişiyev 3. İbad Hüseynov 4. Vahid Quliyev 5. Şahin Tağıyev 6. Fəxrəddin Cəbrayılov 7. Ehtiram Əliyev 8. Fariz Qəhrəmanov 9. Mədət Quliyev 10. Mirzə Quliyev 11. Zabit Quliyev 12. Fariz Mədətov 13. Mövsüm Məmmədov 14. Sahil Məmmədov

Brüsseldə İran rejiminə qarşı aksiya keçiirilib

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binasının qarşısında “Azadlıq və ədalət marşı” mitinqi keçirilib. Sozcu.az  xəbər verir ki, mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər. Bildirilib ki, onlar Fransa, AFR, Böyük Britaniya, Skandinaviya ölkələri, Benelüks və digər dövlətlərdən gəliblər. Mitinqin başlıca devizi “Azadlıq! Ədalət! Milli hökumət” olub. Qeyd edib ki, mitinq iştirakçıları İran rejimindən bu ölkənin çoxmilyonlu türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran KİV-lərində Azərbaycana qarşı informasiya hücumlarını dayandırmağı, həmçinin molla rejiminin zindanlarında əzab çəkən minlərlə azərbaycanlı türkün azad edilməsini tələb ediblər.

“Sülhməramlı”lar Azərbaycan torpağında ordumuza tələb qoymaq həddinə çatdı...

"Halbuki, ötən 2 ildən çox müddətdə Rusiya hərbi kontingenti həm faktiki, həm də gündəlik dislokasiya xəritələri üzərində həmin 1-ci bəndi pozmaqla günlərlə öz məsuliyyət  zonalarından kənara çıxmışlar.  Bundan əlavə, eyni sənədin 4-cü bəndinə də əməl etməyərək Azərbaycan ərazisindəki qanunsuz erməni birləşmələrinin tərksilah edilməsinə nail olmamışlar. Və üstəlik..."  İki il yarıma yaxındır ki, 10 noyabr bəyanatının bir sıra bəndlərini pozaraq Azərbaycan dövlətinin, o cümlədən Müdafiə Nazirliyinin haqlı tələblərini yerinə yetirməyən  Rusiya  “sülhməramlı”ları bu dəfə daha irəli gedərək Azərbaycan Silahlı Qüvvələri qarşısında tələb qoymaq həddinə gəlib çatıb. Moderator.az xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytının “sülhməramlı”lara aid bölməsində martın 25-i üçün yayılan bülletendəki məlumatda “sülhməramlı” kontingent komandanlığı Azərbaycan Silahlı Qüvvələrinə qarşı tələblə çıxış edir.  “2023-cü il martın 25-də Azərbaycan Silahlı Qüvvələrinin bölməsi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası prezidentinin 9 noyabr tarixli bəyanatının 1-ci bəndini pozaraq, 2020-ci il Şuşa rayonu ərazisində qoşunların təmas xəttini keçərək 2054,0 nişanlı yüksəkliyi (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) tutub və postda mühəndis-texniki işlərinə başlayıb. Rusiya sülhməramlılarının komandanlığı böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və qarşı duran tərəflərin qarşılıqlı təxribatlarının qarşısını almaq üçün tədbirlər görür. Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrinin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi barədə tələb çatdırılıb”. Göründüyü kimi, bundan öncə Azərbaycan Müdafiə Nazirliyinin  dəfələrlə 10 noyabr bəyanatına uyğun olaraq müəyyən olunmuş  Laçın-Şuşa yolundan başqa digər torpaq yollarla  Xankəndi-Xəlfəli-Turşsu yoluyla Ermənistandan Qarabağa silah-sursat daşınmasının və həmin marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin durdurulması tələblərini qulaqardına vuran Rusiya “sülhməramlı”ları hədlərini aşaraq Azərbaycan tərəfinə guya məlum bəyanatın 1-ci bəndini pozulmasıyla bağlı tələb qoymağa da cəsarət ediblər. Halbuki, öncə dediyimiz kimi, ötən 2 ildən çox müddətdə Rusiya hərbi kontingenti həm faktiki, həm də gündəlik dislokasiya xəritələri üzərində həmin 1-ci bəndi pozmaqla günlərlə öz məsuliyyət  zonalarından kənara çıxmışlar.  Bundan əlavə, eyni sənədin 4-cü bəndinə də əməl etməyərək Azərbaycan ərazisindəki qanunsuz erməni birləşmələrinin tərksilah edilməsinə nail olmamışlar. Və üstəlik, Ermənistandan Qarabağa əlavə canlı qüvvə və silah-sursat, bəlkə də zirehli texnika da  və s. daşınmasına şərait yaratmışlar. Və s. və i.a. Sultan Laçın

Türkiyənin Gənclər və idman naziri Ermənistana getdi -FOTO

Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu Ermənistanla Türkiyə arasında keçiriləcək 2024 Avropa Futbol Çempionatının (EURO 2024) seçmə turunun oyununu izləmək üçün Ermənistana gedib. APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə 2008-ci ildə Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Ermənistan - Türkiyə futbol qarşılaşması səbəbilə İrəvana səfər etmişdi. 15 ildən sonra, nazirlik səviyyəsində ilk ziyarət yenə iki ölkə arasındakı futbol qarşılaşması səbəbilə gerçəkləşdirilir. Sozcu.az

Ordumuz hərəkətə keçdi: XİN isə İrəvana xəbərdarlıq etdi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. Qeyd edək ki, Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bazir nümunəsidir. Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib. Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq. Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.

Prezidentdən Mişelə: Ermənistan hələ də silah daşıyır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü il martın 20-də Avropa Birliyi missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub.

"Mənə insanlığınızı göstərin, möminliyinizi, hacılığınızı axirətdə Allaha göstərərsiniz" - Fazil Mustafa

Beş nəfər tanınmış insan oruc tutur, digərləri tutmursa, bu, istər-istəməz digərlərinin sanki milli -mənəvi dəyərlərə laqeyd yanaşması düşüncəsini ortaya qoyur". Sozcu.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib. Deputat ona son günlər oruc tutması ilə bağlı sual ünvanlandığını qeyd edərək, sosial şəbəkə hesabında aşağıdakı sözləri yazıb: "Halbuki oruc tutmaq, namaz qılmaq, Həcc ziyarətinə getmək kimi ibadətlər insana imtiyaz deyil, daha artıq məsuliyyət yükləyir. Azərbaycanda insanların xeyli hissəsi məhz məsuliyyəti anlamadan bu ibadətləri edir. Çevrədə fərqliliyini göstərmək, hansısa icmaya mənsub olmaq, öz şəxsiyyətini dindar obrazda təqdim etməklə etibarlılq qazanmaq məqsədi güdürlər. Nə gözəl deyilmiş: Mənə insanlığınızı göstərin, dindarlığınızı, möminliyinizi, hacılığınızı axirətdə Allaha göstərərsiniz. Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır. Ali insan dəyərlərinə sahib olan hər kəs, fikrimcə, ibadətli-ibadətsiz olsun, İslam dininin yetişdirməyi hədəflədiyi insandır!".

Azərbaycan XİN Ararat Mirzoyana cavab verib: “Ermənistan sülh danışıqlarına qeyri-ciddi yanaşır”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə martın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə Ermənistanın təklifləri ilə bağlı açıqlamasını şərh edib. Sozcu.az-ın xəbərinə görə, mətbuat katibi deyib ki, A.Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi tamamilə qəbuledilməzdir. Ermənistan nazirinin bu açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir. Məlum olduğu kimi, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub. Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb. Digər tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm” ilə bağlı Ermənistan xarici işlər nazirinin iddialarına gəldikdə isə qeyd etmək istərdik ki, bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana məlumdur. Bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq. Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır. Bir daha Ermənistan tərəfini sülh sazişi üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa çağırırıq. Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır".

“Haber Global”: Qarabağda çirkin Rusiya-Ermənistan əməkdaşlığı - VİDEO

Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingenti qeyri-qanuni erməni birləşmələrinə dəstək verir, onların Qarabağa silah daşımalarına imkan yaradır. Bu barədə “Haber Global”ın hazırladığı süjetdə bildirilir. Vurğulanır ki, Azərbaycan Müdafiə Nazirliyi rusiyalı hərbçilərin erməni qruplaşmaları ilə çirkin əməkdaşlığını nümayiş etdirən kadrları yayıb. Ətraflı süjetdə:

Rusiyanın itkiləri 170 minə yaxınlaşır - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 169 890 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 580 tank, 6 932 zirehli maşın, 2 623 artilleriya sistemi, 520 reaktiv yaylım atəşi sistemi, 276 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 2 214 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 483 avtomobil texnikası və avtosistern, 279 xüsusi texnikadan ibarətdir.

Kremldən Arayikə qəti göstəriş: "atəşə atəşlə cavab, uzun, sərt müqavimətə hazır olmaq..."

O yaxın çevrəsinə deyib ki, "qarşımızda iki yol var: ya Qarabağı tərk etmək, ya da döyüşmək və lazım gələrsə, müstəqilliyimizi qorumaqla ölmək...” "Ukraynada strateji məğlubiyyətə məhkum olan Kreml var-gücü ilə Qarabağdan yapışır və nə yolla  olursa-olsun, burada geniş miqyaslı qarşıdurma törədib, sonra bunu bəhanə edərək əlavə silahlı qüvvələr yeritməklə Azərbaycanda yerini bərkitməyə çalışır..." 32-ci ildir ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində Kremlin himayəsində bəslənən  separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanın Putin rejimi rəhbərliyindən qəti göstərişlər aldığı bəlli olub. Moderator.az xəbər verir ki,  “Hraparak” nəşrinin  Qarabağdakı mənbələrindən əldə etdiyi məlumata görə, Arayik Arutyunyan bir neçə gün əvvəl bir sıra görüşlər keçirdiyi Moskvadan qayıdıb və artıq Xankəndindədir.  Xəbərdə deyilir ki, baş separatçı öz yaxın çevrəsini toplayıb və istefa mövzusunun hələlik qapalı olduğunu, yaxın gələcəkdə "seçki"lərin olmayacağını bildirib. Arayikə Moskvadan qəti göstəriş verilib ki, "uzun və sərt müqavimətə hazır olmaq, atəşə atəşlə cavab vermək, təxribat cəhdlərinin qarşısını almaq və təxribatçıları məhv etmək, Artsaxın normal həyatını bərpa etmək, alternativ yolla yaşamağa başlamaq və təpədən-dırnağa silahlanmaqla  yaxınlaşan müharibəyə hazırlaşmaq lazımdır”...  A.Arutyunyan deyib ki, "qarşımızda iki yol var: ya Qarabağı tərk etmək, ya da döyüşmək və lazım gələrsə, müstəqilliyimizi qorumaqla ölmək. Azərbaycanla inteqrasiya variantı isə istisnadır"... Bu arada “Johovurd” qəzetinin yaydığı digər məlumata görə, 1988-ci ildən bəri Azərbaycana qarşı separatçı hərəkatda və hərbi əməliyyatlarda aparıcı fiqurlardan olmuş, Qarabağdakı terrorçu qüvvələrin keçmiş komandanı, xüsusən 2020-ci il savaşından sonra orada “arzuolunmaz” sayılan və Paşinyanın adamı hesab edilən Samvel Babayan yüksək ictimai-siyasi aktivlik göstərməyə başlayıb.  O, əhalinin müxtəlif təbəqələri ilə görüşlər keçirir. Hətta məktəblərdən birində kollektiv onunla görüşmək istəmədiyindən insident yaşanıb...  Erməni nəşri hesab edir ki, Babayan "seçkilər"ə hazırlaşır və bu yolla özünə elektorat toplamağa çalışır. Hətta  ayrı-ayrı yaşayış məntəqələrində onun qərargahı kimi fəaliyyət göstərən ofisləri üç aylıq icarəyə götürüb... P.S.  Ukraynada strateji məğlubiyyətə məhkum olan Kreml var-gücü ilə Qarabağdan yapışır və nə yolla  olursa-olsun, burada geniş miqyaslı qarşıdurma törədib, sonra bunu bəhanə edib əlavə silahlı qüvvələr yeritməklə yerini bərkitməyə çalışır...