"Halbuki, ötən 2 ildən çox müddətdə Rusiya hərbi kontingenti həm faktiki, həm də gündəlik dislokasiya xəritələri üzərində həmin 1-ci bəndi pozmaqla günlərlə öz məsuliyyət zonalarından kənara çıxmışlar. Bundan əlavə, eyni sənədin 4-cü bəndinə də əməl etməyərək Azərbaycan ərazisindəki qanunsuz erməni birləşmələrinin tərksilah edilməsinə nail olmamışlar. Və üstəlik..."
İki il yarıma yaxındır ki, 10 noyabr bəyanatının bir sıra bəndlərini pozaraq Azərbaycan dövlətinin, o cümlədən Müdafiə Nazirliyinin haqlı tələblərini yerinə yetirməyən Rusiya “sülhməramlı”ları bu dəfə daha irəli gedərək Azərbaycan Silahlı Qüvvələri qarşısında tələb qoymaq həddinə gəlib çatıb.
Moderator.az xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytının “sülhməramlı”lara aid bölməsində martın 25-i üçün yayılan bülletendəki məlumatda “sülhməramlı” kontingent komandanlığı Azərbaycan Silahlı Qüvvələrinə qarşı tələblə çıxış edir.
“2023-cü il martın 25-də Azərbaycan Silahlı Qüvvələrinin bölməsi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası prezidentinin 9 noyabr tarixli bəyanatının 1-ci bəndini pozaraq, 2020-ci il Şuşa rayonu ərazisində qoşunların təmas xəttini keçərək 2054,0 nişanlı yüksəkliyi (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) tutub və postda mühəndis-texniki işlərinə başlayıb.
Rusiya sülhməramlılarının komandanlığı böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və qarşı duran tərəflərin qarşılıqlı təxribatlarının qarşısını almaq üçün tədbirlər görür.
Azərbaycan tərəfinə dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrinin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi barədə tələb çatdırılıb”.
Göründüyü kimi, bundan öncə Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə 10 noyabr bəyanatına uyğun olaraq müəyyən olunmuş Laçın-Şuşa yolundan başqa digər torpaq yollarla Xankəndi-Xəlfəli-Turşsu yoluyla Ermənistandan Qarabağa silah-sursat daşınmasının və həmin marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin durdurulması tələblərini qulaqardına vuran Rusiya “sülhməramlı”ları hədlərini aşaraq Azərbaycan tərəfinə guya məlum bəyanatın 1-ci bəndini pozulmasıyla bağlı tələb qoymağa da cəsarət ediblər. Halbuki, öncə dediyimiz kimi, ötən 2 ildən çox müddətdə Rusiya hərbi kontingenti həm faktiki, həm də gündəlik dislokasiya xəritələri üzərində həmin 1-ci bəndi pozmaqla günlərlə öz məsuliyyət zonalarından kənara çıxmışlar. Bundan əlavə, eyni sənədin 4-cü bəndinə də əməl etməyərək Azərbaycan ərazisindəki qanunsuz erməni birləşmələrinin tərksilah edilməsinə nail olmamışlar. Və üstəlik, Ermənistandan Qarabağa əlavə canlı qüvvə və silah-sursat, bəlkə də zirehli texnika da və s. daşınmasına şərait yaratmışlar. Və s. və i.a.
Sultan Laçın