Ukrayna hücuma keçəcəyi vaxtı açıqladı

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsinin aprel və may aylarında bir neçə istiqamətdə hücuma keçə biləcəyini açıqlayıb. Nazir bu haqda Estoniyanın İctimai Yayım (ERR) televiziyasına müsahibə verən zaman danışıb. “Hücum bir neçə istiqamətdə planlaşdırılır. Bu, ən uyğun anın nə vaxt olacağına və necə qərar verəcəklərinə bağlıdır”. Hücumun həm də hava şəraitindən asılı olduğunu deyən Reznikov, “Yazda yer çox nəm olur. Yalnız izlənən avtomobillərdən istifadə edilə bilər. Düşünürəm ki, aprel və may aylarında bunu görəcəyik. Əminəm ki, biz Kiyevdə, Çerniqovda, Sumidə, Xarkovda, Xersonda olduğu kimi, müvəqqəti işğal olunmuş torpaqlarımızı da azad edəcəyik”, - deyib.

"Vaqner" Baxmutdan geri çəkildi" - Kəşfiyyat

Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında uğurlu əməliyyat keçirib. Bu barədə Böyük Britaniya kəşfiyyatının yaydığı məlumatda bildirilib. Məlumata görə, Ukrayna hərbçiləri rusları Baxmutun təchizat xətlərinin birindən geri itələyiblər. Buna baxmayaraq, son həftələrlə müqayisədə rus qoşunlarının hücumlarının sayı azalsa da, şəhər uğrunda döyüşlər davam edir. “Ukrayna Silahlı Qüvvələrinin əsas nailiyyətlərindən biri “Vaqner” qrupunun rus döyüşçülərinin 0506 saylı marşrutdan geri çəkilməsi əməliyyatı olub. Bu ikinci dərəcəli kənd yolu ukraynalı müdafiəçilər üçün mühüm təchizat xətti olub. “Vaqner qrupu əvvəllər marşrutun bir neçə yüz metrliyində idi”, – məlumatda deyilib. Qeyd edək ki, bu gün Ukrayna Baş Qərargahı Rusiya ordusunun Baxmut istiqamətində qismən uğur əldə etdiyi barədə məlumat yayıb.

"Rusiya 220 min hərbçi itirib" - Britaniyalı nazir

“ABŞ Rusiya ordusunun Ukraynada 220,000 hərbi qulluqçu itirdiyini düşünür”. Bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Nazir ABŞ tərəfinin təqdim etdiyi bu rəqəmə həm ölən, həm də yaralı hərbçilərin daxil olduğunu deyib. O, bu barədə İsveç müdafiə naziri Paul Conson ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb. Görüşün əsas hissəsi İsveç və Finlandiyanın NATO-ya daxil olmasına həsr olunub.

ABŞ dünyada demokratiyanın inkişafı üçün milyardlar xərcləyəcək

ABŞ-ın 2022-2024-cü illərdə dünyada “demokratiyaya dəstək” üçün xərcləri 9,5 milyard dollar təşkil edəcək. Bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir. “2022, 2023 və 2024-cü maliyyə illərində Birləşmiş Ştatlar bütün dünyada demokratiya, insan haqları və yaxşı idarəçiliyi dəstəkləmək üçün təxminən 9,5 milyard dollar sərmayə qoyub və yatırmaq niyyətindədir”,- deyə məlumatda bildirilir. Bundan əvvəl ABŞ prezidenti Co Bayden “Demokratiya Zirvəsi” çərçivəsində ABŞ hökumətinin dünyada demokratiyanın yenilənməsi üçün 690 milyon dollar sərmayə qoyacağını açıqlayıb.

Sabirabadda səkkiz yaşlı uşaq qətlə yetirilib? - VİDEO

Sabirabadda meyiti tapılan 8 yaşlı uşağın əmisi danışıb. Səyyub Cəfərov qeyd edib ki, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət meyiti tapılan gün saat 13:00-a qədər məktəbdə olub. “Daha sonra əmim gilə oynamaq üçün gəlib. Əmim heyvanları otlamağa aparanda, uşağın yolun qırağında uzandığını görüb. İlk öncə uzandığını düşünüb, daha sonra öldüyünü anlayıb. Heç bir xəstəliyi olmayıb. Bugünədək dərman belə içməyib. Bizim heç kimlə düşmənçiliyimiz yoxdur. Sadəcə öyrənmək istəyirəm, bəlkə kimsə düşmənçilik etmək istəyir”, - deyə S.Cəfərov qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində:

Putin Rusiyaya qarşı sanksiyaların neqativ təsirini açıq şəkildə etiraf edib, ancaq...

"Rusiya ona qarşı tətbiq edilən sanksiyaların sayına görə çempiondur..." "Kreml diktatoru texnoloji, kadr və maliyyə suverenliyini təmin etməyə çağırış edib..." Bundan öncə Kreml diktatoru sanksiyaların Rusiyaya yalnız fayda verəcəyini bəyan edib... Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynaya tammiqyaslı hərbi müdaxilədən sonra tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına neqativ təsir göstərə bilər. Sozcu.az xəbər verir ki, bu barədə "qazeta.ru" nəşri məlumat yayıb. O, hökumətin iclasında, guya, iqtisadi uğurlardan danışıb. Kreml diktatoru iclas iştirakçılarını zəifliyə yol verməməyə və "texnoloji, kadr və maliyyə suverenliyini" təmin etməyə çağırış edib, çünki "Rusiya iqtisadiyyatına tətbiq edilən qeyri-legitim məhdudiyyətlər ortamüddətli perspektivdə ona neqativ təsir göstərə bilər". Maraqlıdır ki, ötən ilin mart ayında Putin bəyan edib ki, sanksiyalar Rusiyanın "yalnız xeyrinə olacaq". Terrorçu dövlətin prezidenti həmçinin deyib ki, Rusiya iqtisadiyyatı 2022-ci ilin iyul ayından, guya, pozitiv dinamika göstərir, lakin artım trayektoriyasına qayıdış məmurları rahat etməməlidir. Bundan başqa, prezident aşağıdakı tezisləri ifadə edib: - daxili tələbin dinamikası ilə Rusiya Bankının inflyasiya üzrə oriyentirləri arasında uyğunluq olmalıdır; - işgüzar fəallığı çətinləşdirən struktur məhdudiyyətlərinin ardıcıl olaraq aradan qaldırılmasını həyata keçirmək lazımdır; - əsas tərəfdaşlar ilə xarici ticarət dövriyyəsinin həcmi, o cümlədən logistikanın yenidən qurulması sayəsində artır; -Uzaq Şərq limanlarında malların yığılıb qalması problemi həll edilib; - Rusiyanın emal sənayesinin dinamikası aşağı səviyyədə qalmaqdadır; - Rusiya yaşayış evlərinin istifadəyə verilməsi və avtomobil yollarının təmirində rekord həcmlərə çatıb, diktator bu tempi saxlamağı əmr edib; - BAM-da işlərin növbəti mərhələsi başa çatıb. Bir gün öncə Rusiyanın baş naziri Mixail Mişustin bəyan edib ki, Rusiya ona qarşı tətbiq edilən sanksiyaların sayına görə çempiondur. Lakin o, qeyd edib ki, Rusiya hökyməti ölkə iqtisadiyyatının artımı üçün işləməkdə davam edir və sanksiyalar təzyiqinə rəğmən, ölkədə artım müşahidə edilir. Qərb dövlətləri Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləsindən sonra ona qarşı çoxsaylı sanksiya məhdudiyyətlərini tətbiq edib.

Azərbaycanda bu müəllimlər İŞDƏN ÇIXARILACAQ

“Keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilə bilər”. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, bu, güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil: “Kimlərə güzəşt nəzərdə tutulduğu qaydalarda öz əksini tapıb”. Rüfət Əzizov eyni zamanda, deyib ki, ötən il müxtəlif səbəblərdən sertifikasiya imtahanında iştirak etməyənlər də təkrar sertifikasiyada iştirak edəcəklər: “Xüsusi səbəblər olubsa, müvafiq qaydada bizə müraciət edə bilərlər. Əgər müəllimin ötənilki sertifikasiyada iştirak etmədiklərinə dair səbəbi təsdiq edən sənəd yoxdursa, təkrar sertifikasiyadan kəsildikləri halda əmək müqavilələrinə xitam verilə bilər”./Sfera.az

Adanada güclü zəlzələ oldu

Türkiyənin Adana şəhərində 4,5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerin 9,38 kilometr dərinliyində qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Bundan sonra bu avtomobillər ölkəyə buraxılmayacaq

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Zamin Salayevlə bağlı vəsatətə baxılacaq

Zamin Salayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq . Martın 30-da saat 14:00-da Qaradağ rayon məhkəməsində 51 gündür aclıq edən AXCP Salyan rayon şöbəsinin həbsdə olan sədri Zamin Salayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılacaq. Bu barədə “Basta”ya vəkil Nemət Kərimli məlumat verib. Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir. Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər. Sozcu.az

Ağsunun keçmiş deputatı vəfat etdi

Sabiq deputat Ərəstun Cavadov uzun sürən xəstəlikdən sonra vəfat edib. Sozcu.az xəbər verir ki, o, 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirib. Ə.Cavadov 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləyib. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışıbr. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Mərhum, Yeni Azərbaycan Partiyasının və III çağırış Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan-İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin də üzvü olub. Bundan başqa, IV çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin, Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. Bir övladı var. Allah rəhmət eləsin!

"Millət vəkilinin silah gəzdirməsinə ehtiyac görmürəm" - Vahid Əhmədov

“Millət vəkilinin silah gəzdirməsinə o qədər də ehtiyac görmürəm. Birincisi, insanı Allah qoruyanda qoruyur. Fazil Mustafa mənim dostumdur, yaxındır. Ona Allahdan şəfa diləyirəm, tez bir zamanda sağalsın, problemi olmasın, gəlib yenə bizə qoşulsun. Birlikdə Azərbaycanın müstəqilliyi, daha da inkişafı üçün əlimizdən gələni edək. Bu gün də onunla telefonda danışmışam. Biz silah gəzdirib, güllə atan deyilik ki… Yadıma gəlir, vaxtilə bir dəfə bizə silah vermişdilər. Axı təkcə bir millət vəkilindən yox, Azərbaycan əhalisindən söhbət gedir. Biz elə etməliyik ki, dövlətin təhlükəsizliyini təmin edək. Əsas məsələ budur. Belə təhdidlər var və ola bilər. Çünki bir neçə ayın hadisələri göz qabağındadır – İranda səfirliyimizə qarşı törədilən təxribat, Bakıda hipermarketdəki hadisə – Nizami küçəsində terrorçunun mənzildə tutulması… İndi də Fazil Mustafa ilə bağlı baş verən hadisə. Bütün bunlar onu göstərir ki, Azərbaycandakı sabitliyi, sakitliyi pozmaq istəyən qüvvələr var. Bu qüvvələr müəyyən yollarla çalışırlar ki, Azərbaycandakı sabitlik, inkişaf pozulsun, əhali narahat olsun. Əsas məsələ budur…” Sozcu.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat Fazil Mustafaya qarşı edilən sui-qəsdin mahiyyətini belə şərh edib: “Fikir verin, hansı vaxta təsadüf edib? Azərbaycan İsraildə səfirlik açır. Xarici işlər nazirimiz, millət vəkillərimiz də səfirliyin açılışında iştirak edirlər. Martın 28-də ən çox güvəndiyimiz Dövlət Təhlükəsizlik Xidmətinin peşə bayramı idi. Onlar bu işdə çox fədakardırlar, gecə-gündüz çalışırlar ki, Azərbaycanın təhlükəsizliyini təmin etsinlər. Yəni Fazil Mustafanı güllələmək üçün elə bir vaxt seçiblər ki… Fazil Mustafa kifayət qədər tanınmış ictimai-siyasi xadimdir. Öz çıxışları ilə müəyyən dini məsələlərə toxunur.  Bu da bəzi dövlətlərin xoşuna gəlmir. Öz fikrini açıq bildirir, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan bir insandır. Ona görə də elə adam seçiblər ki, tanınmış olsun və Azərbaycan əhalisini də bununla qorxutsunlar. Bu, mümkün olan şey deyil. Fazil Mustafa tək deyil, hamımız Fazil Mustafa ola bilərik, heç bir problem yoxdur. Azərbaycanın müstəqilliyi uğrunda ölməyə həmişə hazırıq. Amma Azərbaycanı təhdid edən, inkişafını gözü götürməyən, Türkiyə-Azərbaycan münasibətlərini qəbul etməyən dövlətlər bu hadisələrin arxasından çəkilməlidirlər. Başa düşməlidirlər ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, çox böyük səhv edirlər. Hadisəni törədənlər onsuz da tapılacaqlar. DTX və digər hüquq-mühafizə orqanları ciddi iş aparıb, onları tapacaq, həbs edəcəklər. Bilinəcək ki, kimlərdir. Azərbaycanla kim dost olmaq istəyirsə, qapılarımız açıqdır. Amma düşmənə qarşı bundan sonra mülayim olan deyilik. Bunu da baş düşməlidirlər. Azərbaycanın dövlət başçısı açıq siyasət aparır, qonşularla sıx əlaqələr qurmaq istəyir, iqtisadi, siyasi, ticarət, humanitar əlaqələrin hamısını yüksək səviyyədə həyata keçiririk. Bəs nəyə görə bizdə belə hadisələr baş verməlidir? Niyə? Tolerant dövlətik, bununla bağlı Azərbaycanda heç bir problem yoxdur. Sadəcə, Azərbaycanın inkişafını, dövlət başçısının həyata keçirdiyi siyasəti gözləri götürmür, çoxları qəbul etmir. İstəyirlər ki, yenə kiminsə qoltuğunda olaq, amma bu, mümkün deyil. Artıq Azərbaycan 31 ildir, müstəqil dövlətdir. Anlamalıdırlar. Onsuz da Azərbaycan stabil dövlətdir, bununla da bağlı problem yoxdur. Xırda məsələlər hamısı həllini tapacaq. Kim belə hadisələrə imkan versə, cəzasını mütləq alacaq. DTX-nin bu sahədə kifayət qədər təcrübəli əməkdaşları, əməliyyat müvəkilləri var”. V.Əhmədov Fazil Mustafanın güllələnməsinin arxasında İran amilinin olduğunu düşənənlərə isə belə münasibət bildirib: “Mən də İran amilini nəzərdə tuturam. Açıq deyim, İran və Rusiya faktiki bir siyasət aparırlar. Bu, Rusiya da ola bilər. Azərbaycanda kifayət qədər Rusiyanın “beşinci kolon”unun adamları var. Amma Fazil Mustafa dinlə bağlı adamdır, dinlə əlaqəsi böyükdür. Bu sahəyə çox böyük diqqət yetirir, tənqidi fikirlərini söyləyirdi. Din məsələsində isə qonşulardan əsas diqqət çəkən İrandır. İnanıram ki, dövlət başçısı, hüquq-mühafizə orqanları Azərbaycandakı problemi həll edəcək, elə bir ciddi problem olmayacaq. Bütün insanlarımızın təhlükəsizliyini təmin etməliyik. Yenə deyirəm, 120 nəfərik, bilirəm ki, hamımız istənilən vaxt Azərbaycanın müstəqilliyi üçün ölümə getməyə hazırıq. Bunda heç bir problem yoxdur”.

Belarusdan gətirilən 20 tonluq kartof yararsız çıxdı

Belarusdan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb. Bu barədə Sozcu.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Belarus Respublikasından Famura RS MMC-nin idxal etdiyi “Maşpışenrod” şirkətinə məxsus 21 ton, Turas MM MMC-nin idxal etdiyi “Konençenko E Q” şirkətinə məxsus 21 ton və “Vasilenok” şirkətinə məxsus 20,388 ton ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.

“WhatsApp” "Windows"da tamamilə dəyişdi

"WhatsApp" mesenceri "Windows" istifadəçiləri üçün yeni proqram təqdim edib. Belə ki, artıq "WhatsApp" "Zoom"la rəqabət apara biləcək, çünki bir audiozəngdə 32 nəfərə qədər, videoçatda isə 8 nəfərə qədər insan iştirak edə bilər. "Windows" üçün yeni proqramı onu daha çox "WhatsApp"ın mobil analoquna bənzədib. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, yeni versiya çoxlu cihaz sinxronizasiyasını da dəstəkləyir. Bu, o deməkdir ki, hətta telefonunuz olmadan da "Windows"da "WhatsApp"dan istifadə etməyə davam edə bilərsiniz. Yeni proqramda linklərin ön izləmələri və stikerlər kimi xüsusiyyətlər də mövcuddur. Ekspertlərin fikrincə, əlavə edilən funksiyalar onu əslində tamamilə yeni bir tətbiqə çevirib. "WhatsApp" qurucularından verilən məlumata görə, zaman keçdikcə videozənglərdə 8, audiozənglərdə isə 32 nəfərlik məhdudiyyət də aradan götürüləcək.

İlkay "Barselona" ilə razılığa gəldi

"Barselona" "Mançester Siti"ninyarımmüdafiəçisi İlkay Gündoğanla yayda azad agent kimi müqavilə imzalamaq barədə razılığa gəlib. Sozcu.az xəbər verir ki, bu barədə insayder Jerar Romero məlumat verib. Mançester təmsilçisi ilə müqaviləsi bu ilin iyununda başa çatacaq türkəsilli alman yarımmüdafiəçi bir müddətdir ki, Kataloniya təmsilçisinin diqqət mərkəzindədir. Lakin “Barselona”nın maliyyə feyr-pleyində problem yaşadığını nəzərə alsaq, klub Gündoğana transferinin qeydə alınacağına zəmanət verə bilməz. Kataloniya klubu İlkayla müqaviləyə "Barsa"nın onu qeydiyyatdan keçirməyəcəyi təqdirdə icarəyə verə biləcəyi barədə bənd daxil etməyi təklif edir.

Özcan Dənizə silahla hücum olundu

Məşhur müğənni Özcan Dəniz hücuma məruz qalıb. Müğənninin bağçasında lyuk açmaq istəyən ev sahibi məşhur müğənnidən avtomobilini bağçadan çıxarmasını istəyib. Özcan Dəniz avtomobilini çəkməyəcəyini deyincə ev sahibi müğənnini silahla hədələyib. Ev sahibinin “Sən ölməyə layiqsən, mən silahımı alacam, get silahını al” təhdidlərinə məruz qalan Dəniz və həyat yoldaşı hadisə ilə bağlı istintaqa cəlb olunublar. Özcan Dəniz və həyat yoldaşı hüquq-mühafizə orqanlarına məlumat verərək ev sahibi haqqında şikayət edib. Məşhur sənətçi açıqlamasında ölümlə təhdid edildiyini, ailəsinin və özünün təhlükəsiz olmadığını bildirib.//Azxeber.com

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir

Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir. Sozcu.az-ın xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanunun 6.6-cı bəndinin yeni redaksiyada verilməsi təklif olunur. Dəyişikliklə müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya hamin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilməyəcək. Qanunun hazırda qüvvədə olan 6.6-cı bəndi isə belədir: "Müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir".

Erməni analitik Qarabağdakı soydaşlarını Ermənistana köçürməyi təklif etdi...

Ermənistan mediası bu cür  informasiyaları yaymaqla beynəlxalq ictimaiyyətdə belə təəssürat yaratmağa çalışır ki,  guya Azərbaycan doğrudan da Qarabağdakı hayklara qarşı "soyqırımı" törətməyə hazırlaşır... Ermənistanın tanınmış jurnalisti və müstəqil siyasi analitiki kimi tanınan Tatul Akopyan qəsbkar ölkənin ictimai televiziyasında aparıcı Petros Kazaryana müsahibəsində "vəziyyətdən çıxmağın mümkün variantı" və Qarabağdakı ermənilərin  "yaşamaq hüquqlarını təmin etmək üçün" onların Ermənistanın digər bölgələrinə   köçürülməsini təklif edib. Moderator.az xəbər verir ki, bu haqda politoloq Hayk Martirosyan özünün "Facebook" səhifəsində məlumat yayıb. Aparıcı T.Akopyana ermənilərin Ermənistana köçürüləcəyi təqdirdə Azərbaycanın Süniki(Zəngəzurun ermənicə adlanan bir hissəsi)  heç bir problemsiz götürəcəyini söyləsə də, o, cavab verib ki,  Ermənistanın qalan hissəsi ilə nə edəcəyimizi də müzakirə etmək mümkündür. "Və İctimai TV-də camaat bunu izləyir. Tatul Akopyan isə yalnlz erməni kimi deyil, həm də jurnalist, erməni diasporunun zəngin nümayəndələri tərəfindən qəbul edilən, dinlənilən, hörmət edilən bir insan kimi qəbul olunmaqda davam edir. Bu bizim sifətimizdir. Bu bizik..."- erməni politoloq belə yazıb. P.S. Ermənistan mediası bu cür  informasiyaları yaymaqla beynəlxalq ictimaiyyətdə belə təəssürat yaratmağa çalışırlar ki,  guya Azərbaycan doğrudan da Qarabağdakı hayklara qarşı "soyqırımı" törətməyə hazırlaşır... Sultan Laçın

Fazil Mustafanı kim güllələyib? - DİN açıqlama VERDİ

Dünən axşam saatlarında millət vəkili Fazil Mustafaya qarşı silahlı hücum baş verib. Hücum zamanı millət vəkili çiyin və ayaq nahiyyəsindən 2 güllə yarası alıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Referans.az-a açıqlama verib. Elşad Hacıyev hadisə ilə bağlı axtarışın davam etdiyini bildirib. “Hələ konkret nəsə yoxdur. Hadisəni törədənlərin kimliyinin müəyyən edilməsi və axtarışı davam edir. Hansısa tutarlı məlumat olarsa, bununla bağlı açıqlama veriləcək”.

İsraildə səfirliyimizin açılması... - Bayramov

Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, son 30 ildə ölkələr arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edib: “Azərbaycan və İsrail xüsusilə də təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində fəal əməkdaşlıq edir”. C.Bayramov eyni zamanda qeyd edib ki, ikitərəfli əlaqələrin möhkəmlənməsində Azərbaycanda yaşayan yəhudi icmasının və İsrailin azərbaycanlı icması mühüm rola malikdir: “Bundan başqa, Azərbaycan və İsrail rəsmiləri arasında müntəzəm görüşlər də əməkdaşlığın inkişafına töhfə verir”. Qeyd edək ki, bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycanın səfirliyi açılacaq. Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, bir sıra azərbaycanlı deputatlar, həmçinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iştirak edəcəklər.

Fazil Mustafa güllələnməsindən danışdı - "Möcüzə oldu”

Ötən gün silahlı hücuma məruz qalan deputat Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlamasını verib. Sozcu.az xəbər verir ki, F.Mustafa jurnalist Eynulla Fətullayevlə telefon danışığı zamanı hadisənin necə baş verdiyini açıqlayıb: "Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb, qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. Sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım". F.Mustafanın sözlərinə görə, sonra qapını bağlayaraq, təcili yardım və hüquq-mühafizə orqanlarına məlumat veriblər: "Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Başqa heç nə xatırlamıram. Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koen görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə E.Koen Tvitterdə paylaşım edib. “30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, - israilli nazir bildirib. Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri C.Bayramov və Milli Məclisin bir qrup deputatı İsraildə səfərdədir. Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

Güneyli müəllimlər etiraz aksiyaları keçirdilər

Martın 28-də Güney Azərbaycanın Təbriz, Urmiya, Zəncan, Ərdəbil və Həmədan şəhərlərində müəllimlər etiraz aksiyaları keçiriblər. Sozcu.az xəbər verir ki, aksiyalar Təhsil Nazirliyinin idarələri qarşısında keçirilib. İdarələrin qarşısına toplaşan azərbaycanlı müəllimlər əmək haqlarının ödənilməməsinə, inflyasiya artımı ilə maaşlarının uyğun olmamasına, qanunla nəzərdə tutulmuş başqa hüquqlarının tapdalanmasına etiraz ediblər. Təbrizli müəllimlər Təhsil Nazirliyinin qarşısına "Bu bina müəllimlərin əmək haqlarını ödəmək üçün satılır" məzmunlu banner asıblar.

İrəvandan Putinə xəbərdarlıq edildi: Ölkəyə gəlsə...

Rusiya Prezidenti Vladimir Putin ölkəyə gələrsə, Ermənistan onu həbs etməli olacaq. Sozcu.az xəbər verir ki, bunu erməni deputat Qagik Melkonyan deyib. Onun sözlərinə görə, Roma Statusu ratifikasiya olunarsa, İrəvan bunu etməli olacaq: “İrəvana səfər edəcəyi təqdirdə Rusiya dövlətinin başçısı həbs oluna bilər”.