Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıya alınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 176 811 nəfər təşkil edib.
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
İl ötdükcə şəhər sakinlərinin sayı artır . Bəs görəsən bunun səbəbi nədir?
Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Moderator.az-a danışdı.
“Əgər inkişaf proporsional, ərazi üzrə bərabər getmirsə, inkişaf gedən istiqamətdə artım gedəcək. Bu da o deməkdir ki, insanlar şəhərlərə cəmləşəcək. Azərbaycanın misalında şəhərlər də demək olmaz, burdan bir şəhərdən söhbət gedir, Bakıdan. Yəni bu gün Azərbaycanın iqtisadiyyatı, siyasəti elə qurulub ki, bütün Azərbaycan bir Bakı üzərindədir. Azərbaycan adlı dövlətdən daha çox, Bakı adlı dövlət varmış kimi. Az qala əhalinin yarısı paytaxtda yaşayır. İşsizlikdən insanlar şəhərlərə axışırla r, regionlarda iş yerləri yoxdur. Misal üçün regionlarda nə iqtisadi, nə mədəni, nə də sosial baxımdan inkişaf getmir. Nəinki regionlarda, heç region şəhərlərində belə inkişaf getmir. Məsələn, Sumqayıta, Gəncəyə, Lənkərana, Mingəçevirə baxsaq, ordakı inkişafla, Bakı arasındakı inkişaf fərqi kifayət qədərdir. Bu məsələdə mən düşünürəm ki, xüsusi proqram qəbul olunmalıdır. Əhalinin paytaxta belə axınının qarşısı alınmalıdır. Eyni zamanda, kənd təsərüfatının artıq o qədər də gəlirli bir sahəyə çevrilməməsini, orada yaşayan insanların kənd təsərüfatından gəlir əldə edə bilməməyi də onları şəhərlərə köçməyə, iş axtarmağa məcbur edir. Neçə adam bu gün gəlib Bakıda kirayədə qalır, taksi və digər fəaliyyətlərlə məşğul olur. Bunun üçün xüsusi proqramlar qəbul olunmalıdır və əhalinin öz yaşadığı, qeydiyatda olduğu yerlərdə yaşayıb inkişaf etməsi üçün şərait yaradılmalıdır. Əks təqdirdə ildən ilə paytaxta axın edənlərin sayı da artacaq. Bir də gözümüzü açacağıq ki, 10 milyon əhalinin 9 milyonu Bakıdadır.”