BQXK nümayəndələri Ermənistanda saxlanılan Azərbaycan vətəndaşlarına baş çəkiblər

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına Yerevanda baş çəkiblər. BQXK-nin Bakı ofisindən Sozcu.az-a bildirilib ki, onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-dən bildirilib.

Bakı metrosunda sərnişin öldü

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib. Bu barədə Metropolitenin mətbuat xidmətindən bildirilib. "Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Qatardan düşürülənə qədər sərnişin dünyasını dəyişib. Allah rəhmət eləsin!".

Super Liqaya yüksələn klub “Qarabağ”ın futbolçusuna elçi düşdü

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Türkiyə Super Liqasına vəsiqə qazanan “Samsunspor”un diqqət mərkəzinə düşüb. Məlumata görə, klub mərakeşəsilli fransalı vingeri izləmək üçün Bakıya skaut göndərib. Onun hesabatı əsasında oyunçu ilə bağlı qərar veriləcək. 31 yaşlı futbolçu martın 26-da Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” - “Qalatasaray” (1:2) xeyriyyə oyununda performansı ilə Türkiyə klublarının diqqətini çəkib. Onun adı “Alanyaspor”la da yanaşı hallanır. “Qalatasaray” azarkeşləri isə sözügedən matçdan sonra sosial şəbəkə paylaşımları ilə Zubirin transfer edilməsini istəyiblər. 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Zubir bu mövsüm Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 8 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir. Mənbə: “Fotomac”

"Minatəmizləyən robotlar bir saata 1500 kv. metr ərazini təmizləyir"

"GCS (Global Clearance Solutions) – 200" markalı, kənardan idarəedilən və müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur". Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının Mühəndis Xidmət rəisinin köməkçisi Atabəy Şükürlü Ağdamda jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, kənardan pultla idarə olunan aqreqat iki kovuşdan ibarətdir: "Kovuşlardan biri ərazinin piyada əleyhinə minadan təmizlənməsi, digəri isə tank əleyhinə minalardan təmizlənməsi üçün istifadə edilir. Robotun əsas xüsusiyyətlərindən biri odur ki, bir saat ərzində 1500 kvadrat metr ərazini minalardan təmizləyə bilir. Bir robotun idarə edilməsinə isə bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri təhkim olunur". A.Şükürlü bildirib ki, ərazidə partlayış baş verdiyi anda robot dayandırılır və zədənin yarandığı hissə bərpa edilir, ardınca isə robot öz işinə davam edir: "Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı yalnız robotun qarşısındakı zədələnə bilər, digər hissələr heç bir zədə görmür".

"Rusiya sülhməramlıları Qarabağdan getməli və bölgədə sərhəd-keçid məntəqəmiz qoyulmalıdır"

Sozcu.az Milli Məclisin deputatı Vahid Əhmədovun “yeni sabah”a müsahibəsini təqdim edir: - Prezident İlham Əliyev ötən gün Salyanda “AzTV”yə verdiyi müsahibəsində separatçılara qarşı sərt mövqe sərgiləyərək, bir sıra mesajları da onlara çatdırıb. Bu çıxışı Xankəndidə antiterror əməliyyatının anonsu hesab etmək olarmı? - Bu əməliyyatlar dövlət başçımız tərəfindən çoxdan həyata keçirilib. Son illərdə isə onlar müəyyən təxribatlar həyata keçirirlər. Çünki arxalarında müəyyən qüvvələr var ki, onları şirnikləndirilər və s. Lakin başa düşmürlər ki, Azərbaycanın dövlət başçısının apardığı yumşaq siyasət nəticəsində yavaş-yavaş Xankəndi və ətraf ərazilər Azərbaycanın yurisdiksiyasına qayıdacaq və sərhədlər qurulacaq. Hətta dünən də fikir verdim ki, Nikol Paşinyan Ermənistan Milli Məclisindəki çıxışında etiraf etdi ki, Qarabağ Azərbaycana məxsusdur. Bu isə dövlət başçısının apardığı uğurlu siyasətin nəticəsidir. Ona görə də dünənki mesaj elə yerində verilmiş bir bəyanatdır. Mesajın əsas məqsədi isə odur ki, bu məsələni ermənilər qurtarsın. Yəni qurtarın bunu, sülh müqaviləsini imzalayaq və işimizi görək. Ondan sonra isə problemlər olmayacaq. - Əgər Ermənistandakı hakim komanda bu məsələyə loyaldırsa, mane olan nədir? - Hər zaman demişəm ki, səlahiyyətlər Paşinyanın ixtiyarında olsaydı, o, çoxdan sülh müqaviləsi imzalayardı. Lakin qorxur ki, qol çəkəndən sonra onu devirsinlər. Ona görə də bu məsələyə görə narahatdır. Lakin yenə deyirəm ki, bu yumşaq siyasət nəticəsində istədiyimizə nail oluruq. Hətta bütün yüksəkliklər Azərbaycan ordusu tərəfindən götürüldü. Bu da cənab Prezidentin apardığı siyasətin nəticəsidir. Dövlət başçısı dünən ona görə də xəbərdarlıq etdi ki, bu məsələni siz qurtarmasanız, onsuz da həll edəcəyik. Biz müharibə etmək istəmirik, buna ehtiyac yoxdur, amma yavaş-yavaş sərhədlərimizə gedib çıxacağıq. - Sizcə, indiki siyasi şərait bu əməliyyatın gerçəkləşməsinə imkan verirmi, şərtlər maraqlarımıza uyğundurmu? - Açığını söyləyim ki, mən müharibənin tərəfdarı deyiləm. Biz siyasi yolla onları başa salmalıyıq ki, bu müharibə sizə heç nə gətirən deyil, siz uğur qazana bilməzsiniz və bu, mümkün deyil. Onlar da bunu çox gözəl anlayırlar. Doğrudur, daxildə ruspərəst Sarkisyan-Koçaryan cütlüyü müəyyən addımlar atıb camaatı şirnikləndirməyə çalışır. Lakin mən erməni mətbuatına baxanda görürəm ki, Qarabağın erməni əhalisi bu gün daha çox Azərbaycanla bir yerdə olmaq istəyir. Çünki bilirlər ki, Azərbaycanın şəraiti ilə o biri şərait eyni deyil. Hesab edirəm ki, cənab Prezidentin seçdiyi siyasət çox ağıllı siyasətdir və təkrar edirəm ki, bu siyasətin nəticəsində Azərbaycan son zamanlar bir sıra yüksəklikləri götürüb və hər şeyə nəzarət edir. - Bəs Rusiya sülhməramlıları ilə bağlı plan necə olacaq? - Burada bir digər əsas məsələ Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsidir ki, bunun da artıq vaxtı çatıb. Rusiya sülhməramlıları oradan getməli və bölgədə sərhəd-keçid məntəqəmiz qoyulmalıdır. Uşaqlarımız neçə gündür Şuşa-Laçın yolunda soyuqda, yağışda və qarda dayanıb ekoloji tədbir həyata keçirirlər. Amma ermənilər bunu da başa düşmürlər. Qısası, bəzi qüvvələr bu gün müharibənin sülhlə yekunlaşmasını istəmir. Bunlar Rusiya, İran, Fransa və başqa qüvvələrdir. Ona görə də Ermənistan yekun sülhə razılıq verib masaya oturmur. - Sülhdən danışmışkən, yaxın günlərdə Rusiyada və ABŞ-da yeni üçtərəfli görüşlərin keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Hətta delimitasiya prosesinin başlaması da gözlənilir. Qəfil baş tutan antiterror əməliyyatı bu prosesi tormozlaya bilərmi? - Ermənistan tərəfindən hansısa delimitasiya prosesinin başlanmasını gözləmirəm. Çünki onlar buna gedən deyillər. Eləcə də onların yeni müharibəyə başlamasına da inanmıram, çünki elə də qüvvələri yoxdur. Azərbaycan Prezidenti isə çalışır ki, bu sülh müqaviləsi imzalansın. Mən başa düşürəm onun vəziyyətini, ona xaricdən kifayət qədər təzyiqlər çoxdur. Lakin hesab edirəm ki, bu gün biz Brüssel formatından daha çox istifadə etməliyik, nəinki Moskvadan. Çünki Brüssel formatında təklif etdiyimiz 5 baza prinsipi ilə bağlı məsələlər öz müsbət həllini tapıb. ABŞ da tərəfdarıdır ki, tez-bazar sülh müqaviləsi imzalansın və sərhədlər müəyyən edilsin. Ona görə də Brüssel platformasından daha çox istifadə etməliyik.

"Putin planetin ən varlı adamıdır, neftdən gələn ağlasığmaz gəlirləri bölüşdürən odur..."

"Rusiya hakimiyyəti 90-cı illərdən deqradasiyaya uğrayıb, əslində, o zaman biz hamımız liberal, demokratrlar olmuşuq və Qərbə, Amerikaya oxşamaq istəmişik..." "Kreml zümrəsi büsbütün şizofreniyanı xatırladır, bu adamlar ağıllarını itirib və rəzil günə qalıb..." Rusiyada hakimiyyət zümrəsi pul üstündə savaşır, dava salır. Bir-birilərinin kabinetlərini sındırır, dağıdır, alt-üst edir. Sozcu.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində rusiyalı siyasi texnoloq, ictimai xadim və Kreml ilə əməkdaşlıq etmiş jurnalist Rostislav Murzaqulov danışıb. Batsmanın kimin kiminlə savaşdığı sualına Murzaqulov "müxtəlif adamlar" cavabını verib. "Axı, orada hamı bir-birinə nifrət edir. Hamı bir-birinə ifrat qısqanclıqla yanaşır. Əslində, orada heç bir birlik yoxdur, Putinə, Rusiyaya, nəyə istəsəniz səmimi sevgi, hansısa ideya yoxdur. Yalnız bir istək var: hamı hakimiyyət  alovuna toxunmaq istəyir. Onların hamısı Ostap Bender kimi pul nişanlarına öz sevgisi uğrunda savaşır", - siyasi texnoloq deyib. "Putin planetin ən varlı adamıdır, neftdən gələn ağlasığmaz gəlirləri bölüşdürən odur" Murzaqulov bəyan edib ki, Putin və dostları Rusiya büdcəsindən pullar oğurlayır. Rusiyada böyük həcmdə dövlət pulları məmurlar və  sahibkarlar tərəfindən işğalçı ölkənin prezidentinin rəhbərliyi altında mənimsənilir. "Dövlət tərəfindən hər bir rubl, sadəcə, bölüşdürülmür. Mən indi mübaliğə etmirəm. Bu, Rusiya üçün mütləq formalaşmış ənənədir. Yəni Rusiyada fərq etməz, bölgü yoxdur, siyasət və ya iqtisadiyyat olsun. Burada hamı birdir, yekdildir. Tutaq ki, məsələn, kaktusların yetişdirilməsi üzrə dövlət proqramı qəbul edilib, bu məqsədlə 100 milyon rubl vəsait ayrılıb. Heç bir şübhə yoxdur ki, oradan 50 milyon oğurlanacaq. Yerdə qalan vəsaitə Çindən saxta kaktuslar gətiriləcək, hamısı da tələf olacaq, amma 50 milyon artıq ciblərdə qalacaq. Bax, Rusiya dövləti belə fəaliyyət göstərir. Bütün bunlara göz yaşları olmadan baxmaq mümkün deyil", - o, deyib. Murzaqulovun sözlərinə görə, bölüşdürülmə məsələlərini ən çox Putinin özü həll edir. "Siz, düşünürəm ki, haqlı olaraq Putini planetin ən varlı adamı adlandırdınız. Çünki həqiqətən o, ağlasığmaz gəlirləri bölüşdürür. Mixail Xodorkovski (rusiyalı müxalifətçi, biznesmen) hesablayıb ki, bu illər ərzində onun əlindən 6 trilyon dollar keçib.  Baxın, Rusiya neftinin satışından gəlirlər nə qədərdir? Hər gün treyder (tacir) 100 milyon dollar qazanır. Yəni ölkə qərar verib ki, bu treyder gündə 100 milyon dollar qazanacaq. Bu 100 milyon dollar kimindir? Mən əminəm ki, Putinin və onun bir-iki dostunun. Amma onlar minoritarilərdir (azlıqda olanlar), buna da əminəm. Daha sonra, qazla bağlı da belədir. Daha aşağılara  baxaq. Kasıb, bədbəxt, aldadılmış və qorxudulmuş əhalidən toplanan vəsaitlərin paylanması. Onlardan toplanan vəsaitlər müxtəlif proqramlara yönəlir: mənzil-kommunal təsərrüfatın islahatına, təhsilə, səhiyyəyə və s. Orada, aşağılarda bölüşdürülənlər də bu şirkət tərəfindən oğurlanır", - o, deyib. "Rus elitalarının sanki dörd boğazı var, yeməkdən doymaq bilmir, bu, ağlasığmazdır" Rusiya hakimiyyəti 1990-cı illərdən güclü deqradasiyaya uğrayıb. "Bu tarixçə kədərli olmasaydı, gülməli və maraqlı olacaqdı. 90-cı illərdə başlayanlar bütün bunlara gətirib çıxarmamalı idi. Çünki biz hamımız liberallar, demokratlar olmuşuq, hamımız Qərbə, Avropaya, Amerikaya oxşamaq istəmişik. Bəli, kədərli tarixçədir, amma onu müzakirə etməliyik. Necə oldu ki, ölkə bu günə qaldı, bu bulanıq tiplər, daima Rusiyanın efirində görünənlər ölkəni zəbt etdilər", - o, deyib. Murzaqulov bütün baş verənləri onunla izah edib ki, Kreml zümrəsi "büsbütün şizofreniyanı xatırladır". "Bunlar normal adamlar deyil. Onlar hamısı ağıllarını itirib. Və hamısı birlikdə günaha batıb, rəzil günə qalıb", - o, qeyd edib.

ABŞ-dakı soydaşlarımız Ermənistanın hərəkətlərinə hüquqi qiymət verilməsinə çağırıb

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı ABŞ-də yaşayan Azərbaycan icmasında böyük hiddət doğurub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Nyu-Yorkdakı Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi, Yuta-Azərbaycan Dostluq Təşkilatı, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Mərkəzi, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası, Floridanın Azərbaycan-Amerika Cəmiyyəti, Azərbaycan-Amerika Gənclər Təşkilatı adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda Ermənistanda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirova və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundova qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Nəzərə çatdırılıb ki, Ermənistan mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmir. Soydaşlarımız müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.

Əri ilə dalaşan qadın məktub yazaraq itkin düşüb

Bakıda 32 yaşlı qadın itkin düşüb. Sozcu.az apa-ya istinadən xəbər verir ki, Nizami rayonu, “NZS” qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Xəyalə Şamilova yaşadıqları evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb. Araşdırmalarla məlum olub ki, qadının həyat yoldaşı ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Bundan sonra qadın kağız parçasına özünü Hövsan qəsəbəsində dənizə atıb intihar edəcəyini yazaraq evi tərk edib və bir daha geri qayıtmayıb. Hazırda Xəyalə Şamilovanın olduğu yerin müəyyən edilməsi istiqamətində Nizami RPİ-nin 23-cü PB-də axtarış tədbirləri davam etdirilir.

“İsraildə səfirliyimizin açılması əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir”

“Azərbaycan və İsrail arasında yaxşı siyasi əlaqələr mövcuddur. Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir”. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərkən söyləyib. Dövlətimizin başçısı vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanır. Əməkdaşlıq gündəliyinin genişləndiyini deyən Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib və bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvar olduğunu bildirib.

Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu sosial hüquqları pozulmuş vətəndaşların, onların problemlərin operativ həll etmək üçün təşkilatın Qaynar həttin yaradılmasını bildirib.  Vətəndaşlar 055 556 25 42 whats app vasitəsilə müraciət edə bilərlər.

Xaçmazda avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var

Xaçmazın İzmayılovka qəsəbəsində "VAZ-2106" markalı avtomobil elektrik dirəyinə çırpılıb. Sozcu.az-ın məlumatına görə, hadisə nəticəsində 1982-ci il təvəllüdlü Səfərov Mahir Qafar oğlu və 2004-cü il təvəllüdlü Səfərov Novruz Mahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.report

BMT-nin bu ölkədəki ofisi talan olundu

Sudanda BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin ofisi talan olunub. Sozcu.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Martin Qriffits deyib. Qriffits qeyd edib ki, ofisin qarət olunması qəbuledilməzdir.

Polşa Rusiyaya yeni qadağalar təklif etdi

Polşa Brüsselə Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı təkliflər irəli sürüb. Sozcu.az xəbər verir ki, bu barədə Polşanın PAP agentliyi məlumat yayıb. Polşa "Drujba" neft kəmərinin şimal hissəsindən neft idxalı, almaz idxalına qadağa qoyulmasını, eləcə də Rusiyanın subyektlərinə teleinformasiya xidmətlərinin göstərilməsi, habelə ikili təyinatlı mal və texnologiyaların ixracına nəzarət qaydalarının sərtləşdirilməsini təklif edir.

Ukraynaya daha çox silah göndərməliyik - NATO

Kiyevə böyük həcmdə silah verilməsinə baxmayaraq, alyans Ukraynaya daha çox silah göndərməlidir. Sozcu.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. “Biz Ukraynaya külli miqdarda silah-sursat verdiyimizi etiraf edirik, lakin daha çox iş görməliyik”, - baş katib bildirib.

Ukrayna silah almaq üçün ayda nə qədər pul xərcləyir?

Ukrayna ordu üçün silah, sursat və texnikanın alınmasına təxminən bir milyard ABŞ dolları xərcləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin hesabatında deyilir. Məlumata görə, mart ayında Ukrayna büdcəsindən hərbçilər üçün silah, sursat və texnikanın alınmasına 34,4 milyard qriven (935 milyon ABŞ dolları) xərclənib, fevralda bu xərclər 867 milyon dollar, yanvarda 780 milyon dollar olub. Ukrayna dövlətinin bütün xərclərində hərbi xərclərin payı təxminən 15% təşkil edir.

Bu ölkə Rusiyanın əmlakına həbs qoydu

Finlandiya Helsinkidə Rusiya Elm və Mədəniyyət Mərkəzinin binasına həbs qoyub. Sozcu.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu aktivlərə məhdudiyyətlərin tətbiqi barədə qərar dövlət məhkəmə icraçıları tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq müraciəti ilə əlaqədar bir həftə əvvəl qəbul edilib.

Rusiyada şok yazı: Rus meyitləri meşədə qalıb, götürən yoxdur!

Rusiyanın Yekaterinburq şəhərində reklam üçün istifadə edilən elektron lövhələrə müdaxilə edilib və orada Ukrayna ilə döyüşə göndərilən hərbçilərin və onların yaxınlarının cəbhədəki ağır vəziyyətlə bağlı yazışmaları əks olunub. Sozcu.az xəbər verir ki, yerli sakinlər elektron reklam lövhələrinin fotolarını çəkərək sosial şəbəkələrdə paylaşıblar. Reklam lövhələrinin birində qeyd olunub ki, Ukraynaya döyüşə göndərilən rusiyalı hərbçilər yemək tapmırlar, üstəlik, köhnə pulemyotlarla silahlanıblar. “Hərbi avadanlığın yarısı yarı yolda xarab olub. Çağırışçılar harada olduqlarını anlamırlar və geri çəkilmək istəyəndə dərhal öz silahdaşları tərəfindən atəşə tutulurlar. Meşədə çoxlu meyit var və heç kim onları ərazidən çıxarmır”. Digər elektron reklam lövhələrində də Rusiya ordusunun ağır durumunu təsvir edən yazılar öz əksini tapıb.

Ukrayna daha 5 "Şahid"i məhv etdi

Ukraynanın Zaporojye vilayətində Rusiyaya məxsus İran istehsalı “Şahid” pilotsuz uçuş aparatları məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. O, digər təfərrüatlar barədə məlumat verməyib.

SON DƏQİQƏ: Xəstəxanada baş verən yanğında 21 nəfər öldü

Pekində xəstəxanada baş verən yanğında 21 nəfər həlak olub.  Lent.az-ın xəbərinə görə, bu barədə şəhərin Yanğından Mühafizə Xidmətindən məlumat verilib. Sinxua agentliyinin məlumatına görə, 71 xəstə təxliyə edilib. Yanğının səbəbləri araşdırılır.

Şəmkir Polis Şöbəsinə yeni rəis təyin olub

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib. "Sözcü.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, əmrə əsasən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımov tutduğu vəzifədən azad edilərək Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Şəmkirin əvvəlki polis rəisi, polis polkovniki Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Sözcü.az

TƏCİLİ! Ermənistanda əsir saxlanılan hərbçimizdən XƏBƏR VAR

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb. APA Ermənistan Baş Prokurorluğuna istinadən xəbər verir ki, o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir. Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib.

Gəlin, məni dindirin - Paşinyandan çağırış

"Dindirilmişəm, özü də çox detallı". Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Paşinyan müxalifəti 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclaslarında iştirak etməyə və dövlətə xəyanət işi çərçivəsində onu dindirməyə çağırıb. “Xahiş edirəm, gəlib məni komissiyada dindirin”, - Ermənistan baş naziri deyib.

“Keçmiş köçkünlər Laçın şəhərinə vaxtından əvvəl qaytarılacaq” - Prezident

“Keçmiş köçkünlər Laçın şəhərinə vaxtından əvvəl qaytarılacaq”. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində danışıb. “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük”, – dövlət başçısı qeyd edib. “Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”, – İlham Əliyev deyib. Qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlərin getdiyini vurğulayan Azərbaycan Prezidenti deyib ki, o kəndlərə keçmiş köçkünlər ilin sonuna qədər qaytarılacaq.

Prezidentdən sülh açıqlaması: İrəvan rəsmən qəbul edib ki...

Sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni, müxtəlif dəyişikliklər olub. Sozcu.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib. Dövlətimizin başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır.