"Rusiyanın təcavüzü göstərir ki, yalnız kollektiv preventiv zəmanətlər etibarlı ola bilər"
"Rusiyanın təcavüzü dünyada xaos yaradır..."
Zelenski deyib ki, NATO üzvü olmaq "təhlükəsizliyin etibarlı zəmanətidir".
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski aprelin 4-də növbəti videomüraciətində bəyan edib.
O, Finlandiyanın NATO-ya qoşulmasını tarixi hadisə adlandırıb.
"Bu gün regionumuz üçün, bütün Avropa üçün, Avroatlantika Birliyi üçün tarixi hadisə baş verib. Finlandiya NATO-nun 31-ci üzvü olub. Alyansın şərq cinahı möhkəmlənir", - o, deyib
Ukrayna prezidenti Finlandiyanı "etibarlı kollektiv təhlükəsizlik zəmanəti ilə əlaqədar" təbrik edib.
"Rusiyanın təcavüzü birmənalı olaraq sübut edir: yalnız kollektiv zəmanətlər, yalnız preventiv zəmanətlər etibarlı ola bilər. Biz həmişə məhz bu barədə demişik. Həm də sürət barədə demişik, təhlükəsizlik sahəsində qərarların qəbul edilməsi sürətinin əhəmiyyəti var. Biz indi prosedurların sürətinin nə olduğunu görürük", - Zelenski bəyan edib.
O, hesab edir ki, iyul ayında Vilnüsdə (Litva) baş tutacaq sammit "kifayət qədər iddialı olmağa layiqdir".
"Azadlığı qoruyan nə qədər iddialı olarsa, pislik istəyənlərin təcavüzü üçün daha az imkanları olacaq. Gün gələcək, bizim ölkəmizin də təhlükəsizliyinə zəmanət veriləcək", - Zelenski vurğulayıb.
"Müharibəyə tez son qoymaq üçün biz dünyanı daha çox səfərbər etməliyik"
Rusiyanın təcavüzü dünyada xaos yaradır.
Zelenski deyib ki, Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizəsində qələbəsi dünyanın bu məqsədlə nə dərəcədə səfərbər olunmasından asılıdır.
"Düşməni torpaqlarımızdan tezliklə vurub çıxarmaq və bununla da bu müharibəyə son qoymaq üçün biz dünyanı, tərəfdaşlarımızı, Rusiyanın təcavüzünün yaratdığı xaosla razı olmayan bütün xalqları daha çox səfərbər etməliyik", - dövlət başçısı deyib.
O, qeyd edib ki, aprelin 4-də bir sıra xarici siyasətçilərlə-Kanadanın baş naziri Castin Trüdo, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyenlə ünsiyyətdə olub, habelə Birləşmiş Ştatların qubernatorları və Çili parlamenti qarşısında çıxış edib.
"Mən indicə Ukraynanın səsini eşidən, bizim nəyə can atdığımızı anlayan daha bir ölkənin parlamentinə müraciət etmişəm. Xalqlarımız arasında məsafənin nə qədər olması önəmli deyil. Biz həyatı və beynəlxalq nizamı eyni dərəcədə qoruyuruq. Biz raşizmi Latın Amerikasının dəstəyinə hətta ümid etməsindən məhrum etməliyik", - Zelenski izah edib.
"Biz işğal edilmiş ərazilərimizin azad edilməsinə hazırlaşırıq"
Zelenski Ukraynaya yeni yardım paketinə görə ABŞ-a munnətdarlıq edib.
"ABŞ-a Ukraynaya göstərilən 2, 6 milyard dollarlıq yeni miqyaslı müdafiə yardımı paketinə görə minnətdarıq. HIMARS üçün döyüş sursatları, HHM sistemləri üçün raketlər, artilleriya mərmiləri, digər vacib avadanlıq gözləyirik. İşğal edilmiş ərazilərimizin azad edilməsinə hazırlaşırıq. ABŞ prezidenti və bütün Amerika xalqının sarsılmaz dəstəyini yüksək qiymətləndiririk", - Zelenski deyib.
"Qərarlar artıq icra edilir"
Zelenski deyib ki, o, daima komandanlar ilə əlaqədədir. Aprelin 4-də cəbhədəki vəziyyətlə bağlı xüsusi müşavirə keçirilib.
"Şər dövlətinə qarşı döyüş meydanında dayanan komandanlar ilə daima əlaqədəyəm. Bu gün hərbi müşavirə xüsusi formatda keçib. General Sırski Baxmut barəsində, USQ Baş Komandanı, Baş Kəşfiyyat İdarəsinin rəhbəri ümumi hərbi vəziyyət haqqında, Müdafiə Nazirliyi döyüş sursatları və döyüşçülərimizin tələbatları üzrə tədarüklə bağlı məlumat veriblər", - o, izah edib.
Prezident vurğulayıb ki, "qərarlar artıq icra edilməkdədir".
"Mən Ukrayna naminə, Avdeyevka və Baxmut, Marinka və Krasnoqorovka uğrunda, hər bir qaynar istiqamətdə döyüşdə olan hamıya minnətdaram...Mən sizlərə minnətdaram, döyüşçülərimiz", - Zelenski deyib.