Oğlunun toyunda bomba həyəcanı yaşayan generalın kimliyi bilindi - Bakıda ŞOK OLAY

Bu günlərdə sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, generallardan birindən qisas almaq istəyən keçmiş kursantı qeyri-adi üsula əl atıb. Belə ki, o, general oğlunun toyu keçirilən restorana bomba qoyulduğu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. 

Bu məlumat əsasında çox sayda polis əməkdaşı toy mərasimi vaxtı restorana gəlib, orada axtarış aparıb.

Sozcu.az xəbər verir ki, yayılan məlumatda generalın kimliyi açıqlanmasa da, Gununsesi.info bu hadisənin təfərrüatını öyrənib.

Məlum olub ki, söhbət Naxçıvanda yerləşən Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucovdan gedir. Onun oğlu Məhəmməd Orucovun toyu Bakıdakı məşhur restoranlardan birində olub.

2013-2019-cu illərdə Hərbi liseyin rəisi olmuş Elman Orucovdan qisas almaq istəyən hərbçi də onun rəhbərlik etdiyi dövrdə liseydə təhsil almış kursant olub.

Kursant 2018-ci ildə liseyi bitirəndən sonra təhsilini Daxili Qoşunların Hərbi Akademiyasında davam etdirmək istəyib.

Amma general buna imkan verməyib. Onu Müdafiə Nazirliyində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasında ali təhsil almağa göndəriblər.

İllərlə liseyin rəisinin ona qarşı haqsızlıq elədiyini düşünən kursant ali təhsilini də bitirib, leytenant rütbəsində işə başlayandan az sonra Elman Orucovun oğlunun toyu olacağını eşidib və bu yolla ondan qisas almaq qərarına gəlib. 

O, taksafondan “102”yə zəng edib ki, “restorana bomba qoyulub, yeməklərə zəhər qatılıb”. 

Polislər də toyda yüksək vəzifəli şəxslərin, generalların iştirak etdiyini nəzərə alaraq, informasiyanı inandırıcı sayıblar: 

Restoranda stolların altını, bəy-gəlin kürsüsünü, mətbəxi – hər yeri axtarıblar. Toydakı adamlar da təşvişə düşüb ki, nə baş verib? 

İnformasiyanın əsassız olduğu aydınlaşandan sonra “102”yə kimin xəbər verdiyi müəyyənləşdirilib və onun haqqında Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə cinayət işi başlanıb. Hərbçiyə yekunda 5 il şərti cəza verilib. 

General-mayor Elman Orucov da ondan şikayətçi olmayıb. Deyib ki, həmin şəxsi sakit təbiətli kursant kimi tanıyırdı. Ona gənc zabitlər üçün həmişə elit başlanğıc sayılan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasını seçməyi təklif edib. Generalın sözlərinə görə, onu bu ixtisasa təhsil almağa göndərəndə əksinə, yaxşılıq edib: 

“Mən özüm də zabit kimi xidmətə oradan başlamışam. Düzü, buna görə məndən qisas almaq istəməsinə çox təəccübləndim”, - general deyib. 

Share on Facebook