İlham Əliyev Qazaxıstana gedəcək

Prezident İlham Əliyevin Qazaxıstana gözlənilən səfəri qardaş ölkələr arasındakı münasibətlərin yeni mərhələsini açacaq. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən 19-cu iclasında energetika naziri Pərviz Şahbazov bildirib. "Bizi dərin köklərə malik sıx qardaşlıq münasibətləri birləşdirir. Bizim ölkələrimizin prezidentlərinin siyasi iradəsi sayəsində münasibətlərimiz uğurla inkişaf edir. Qazaxıstan prezidentinin ötən ilin avqust ayında Azərbaycana səfəri çərçivəsində ölkələr arasında siyasi əməkdaşlığı gücləndirməklə bağlı saziş imzalanıb", - deyə o qeyd edib. Nazir həmçinin deyib ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətin mühüm hissəsini ticarət əlaqələri təşkil edir: "Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq 598 milyon ABŞ dolları təşkil edib. Bu gün Azərbaycanla Qazaxıstan bir çox regional və beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir".

Goranboyda yağış suları bəzi avtomobil yollarında çətinlik yaradıb

Yağış suları Goranboy rayonunda bəzi avtomobil yollarında çətinlik yaradıb. Sozcu.az-ın məlumatına görə, axşam saatlarında yağan yağış səbəbindən Goranboy rayonunun Goran qəsəbəsi ərazisində avtomobil yoluna yağmur suları dolub. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir. Qeyd edək ki, rayon ərazisinə bir neçə dəqiqə dolu da düşüb. Dolu meyvə ağaclarına ziyan vurub.report

Türkiyəyə daha 138 milyon yardım ayrılır

UNICEF-in Türkiyə nümayəndəsi Regina De Dominikis Türkiyə nümayəndəliyinin əlavə olaraq 138 milyon dollar yardım üçün müraciət etdiyini bildirib. Sozcu.az xəbər verir ki, bölgədəki uşaqlara və ailələrə zəlzələdən sonra sağalmaq və həyatlarını bərpa etmək üçün təcili yardım edilməsinin vacib olduğunu qeyd edən Dominikis bu qrupa aid insanlara diqqət göstərməyin vacib olduğunu deyib. Qeyd edilib ki, Türkiyədə zəlzələlərdən təxminən 4 milyon nəfər məktəb yaşlı uşaq zərər çəkib.

Kiyevin əks-hücumu - Podolyak 4 komponenti açıqladı

Ukrayna hərbçilərinin əks-hücum əməliyyatına hazırlanmasının dörd komponenti var. İlk növbədə, silahların yığılması davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Kanal 24”-ə müsahibəsində deyib. O bildirib ki, Ukraynanın əks-hücum hazırlığının ikinci komponenti burada iştirak edəcək bölmələrin hazırlanması və tapılmasıdır. Podolyak üçüncü faktoru Baş Qərargahda planlaşdırmanın aparılması ilə əlaqələndirib. Ukrayna rəsminin sözlərinə görə, dördüncü bənd psixoloji və hava faktorları ilə bağlıdır.

İsraildə iğtişaşlar başladı: ərəblər ayağa qalxdı

İsrailin ərəb əsilli vətəndaşlarının üstünlük təşkil etdiyi şəhərlərində qarşıdurmalar başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Bildirilib ki, iğtişaşların baş verdiyi şəhərlərdən biri Umm-əl-Fahmdır. Burada onlarla vətəndaş şinlər yandıraraq, polislərə sərt predmetlər ataraq çaxnaşma yaradıblar. İki nəfər saxlanılıb. Həmçinin Sahnin, Qüds şəhərlərində, o cümlədən paytaxt Tel-Əvivin Yaffo rayonunda da etirazlar baş qaldırıb. Məlumata görə, etirazlar İsrail-Fələstin sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Onu əlavə edək ki, ötən gün İsrail Livandan raket hücumlarına məruz qalıb.

Fransada 14 yaşlı yeniyetmə terror aktları hazırlamaqda şübhəli bilinərək saxlanılıb

Fransa xüsusi xidmət orqanlarının əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən 14 yaşlı yeniyetməni saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) respublikanın antiterror prokurorluğuna istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, “Yuxarı Reyn departamentində (ölkənin şimal-şərqində - red.) 14 yaşlı yeniyetmə saxlanılıb”. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “yeniyetmə terror aktları törətməyə hazırlaşırmış”. Saxlanılan şəxsin üzərində “partlayıcı qurğuların hazırlanması üçün elementlər, həmçinin İŞİD-i təbliğ edən çoxlu sayda videolar aşkar edilib.

Polşa səfərinin nəticələri cəbhədə hiss ediləcək - Zelenski

Polşaya rəsmi səfər məhsuldar keçib və Ukrayna bölmələri bu səfərin nəticələrini hiss edəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib. “Müdafiə məsələsi bütün danışıqlarda bir nömrəli məsələ olub. Müdafiə Ukrayna üçün silah, Ukrayna üçün sursat, Ukrayna üçün yeni müdafiə sistemləridir. Mən Polşaya təşəkkür edirəm, bu səfərin həqiqətən mənalı olmasına görə tərəfdaşlarımıza təşəkkür edirəm”, o deyib. Qeyd edək ki, aprelin 5-də Zelenskinin Varşavaya səfəri zamanı Ukrayna və Polşa arasında bir neçə hərbi müqavilə imzalanıb.

Güclü yağış Mingəçevirdə selə səbəb oldu

Axşam saatlarında Mingəçevirə yağan qısamüddətli yağış şəhərdə ciddi sel axınına səbəb olub. Sozcu.az-ın Report-a istinadən verdiyi xəbərə görə, sel suları şəhərin bütün küçə və prospektlərində müşahidə edilib. Şəhərin əsas mərkəzi prospektində avtomobillərin hərəkətində çətinlik yaranıb. Qısamüddətli yağışdan sonra şəhərin elektrik təchizatında da fasilə yaranıb.

"Onlar anlayır ki, sağ qalmağın yeganə şansı Ukrayna Silahlı Qüvvələrinə əsir düşməkdir..."

"İşğalçılar bütün cəbhə boyunca hər iki gündən bir əsir düşür, bu zaman öz texnika və döyüş sursatlarını da təhvil verir..." "Buna səbəb cəbhədəki itkilər və USQ-nin əkshücumu gözləntiləridir..." Rusiyalılar kütləvi şəkildə ukraynalılara əsir düşür: mart ayının statistikası bütün rekordları geridə qoyub Məqsədi rusiyalı hərbçilərə əsir düşməyə kömək etmək olan Ukraynanın "Yaşamaq istəyirəm" dövlət layihəsinin nümayəndəsi Vitali Matviyenko məlumat verib ki, işğalçıların sıralarında xeyli itkilər və Ukrayna müdafiə qüvvələrinin əkshücumu gözləntiləri fonunda rusuyalı hərbçilər getdikcə daha tez-tez əsir düşür. Onun məlumatına görə, ötən ay layihəyə edilən müraciətlərin sayı rekord həddə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə "liga.net" nəşri yazıb. Matviyenko qeyd edib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əkshücumu gözləntiləri, habelə cəbhədə Rusiya qoşunlarının itkilərinin artması və bilavasitə Rusiya ordusunda mənəvi-psixoloji vəziyyətin pisləşməsi ilə bağlıdır. "Müraciətlərin sayına gəldikdə, mart ayında rekord göstərici-3 mindən artıq müraciət qeydə alınıb, bu da 2022-ci ildəkindən iki dəfə çoxdur. Oktyabr və dekabr aylarında orta hesabla hər ay 1400-1500 müraciət qeydə alınıb. Yanvar-mart aylarında bu rəqəm 2500-dək artıb. Ekspert vurğulayıb ki, rusiyalı hərbçilər əvvəlkitək bütün cəbhə boyunca əsir düşür və bu, hər iki gündən bir baş verir. İşğalçılar həm tək-tək, həm də qruplarla əsir düşür. Onlar həmçinin öz texnika və döyüş sursatlarını təhvil verir, bu da Rusiya üçün təhlükəli ola bilər. Rusiyanın "maraqlı" ağır zirehli texnikasının bəzi nümunələrinin artıq cəbhədə Ukrayna tərəfində Rusiya ordusuna qarşı işlədiyi barədə informasiya var. Rusiya qonşu ölkənin ərazilərini zəbt etmək cəhdlərini davam etdirir, bu da Ukraynanın şərqində zorakılığa və münaqişənin alovlanmasına gətirib çıxarır. Ukrayna müdafiə qüvvələri rusiyalı işğalçılarla mübarizəni davam etdirir, öz hərbçilərinin həyatı bahasına öz Vətənini müdafiə edir. Beynəlxalq birlik Rusiyanı təcavüzə son qoymağa və ilk növbədə qoşunlarını Ukraynanın dünya tətəfindən tanınmış sərhədlərinədək çıxarılması yolu ilə münaqişənin dinc həllinə çağırış edir.

SON DƏQİQƏ: Krımda güclü yanğın - Video

Krım yarımadasının Simferopol (Ağməscid) şəhərində güclü yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Ukrayna Teleqram kanalları görüntü paylaşıb. Yerli əhali güclü partlayış səslərinin eşidildiyini bildirir.

"Bunun adı nə şiədir, nə sünnidir. Bunlar bütövlükdə bir vətən xainidirlər"

“Bu gün tam əminəm ki, mənə güllə atan adam rahatlıqla anasına da, atasına da güllə atar. Bu, zombiləşmiş bir kəsimdir. Bunun adı nə şiədir, nə sünnidir. Bunlar bütövlükdə bir vətən xainidirlər. Bunlar dindar deyirlər”. Sozcu.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sui-qəsdə uğraması ilə bağlı Real TV-nin suallarını cavablandırarkən deyib. “Bir dindar Ramazan ayında kiməsə güllə atar? Bu kəsim sabah Azərbaycanın bütün dəyərli insanlarına qarşı çevrilə bilərlər. Bu baxımdan hesab edirəm ki, bu təhdidlərin mənbəyi qonşu ölkədə olan, bu gün də burada kifayət qədər şəbəkələşmiş fəaliyyət göstərən qüvvələrdir” - deputat bildirib. 

Ruslar Zelenskini öldürə bilmədi, indi isə... - Danilov

Rusiya hakimiyyəti Ukrayna Prezidenti Vladimir Zelenskini həm fiziki, həm də siyasi olaraq aradan götürmək tapşırığından imtina etməyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov deyib. Onun sözlərinə görə, ruslara Zelenskini fiziki olaraq məhv etmək müvəffəq olmayıb, ona görə də dövlət başçısını hazırda siyasi olaraq “zərərsizləşdirmək” istəyirlər.

"Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular"

Bir neçə gün öncə Bakıda silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafa həmin hadisədən danışıb. Sozcu.az xəbər verir ki, o, bu barədə müalicə aldığı xəstəxanda Real TV-yə söz açıb. Deputat bildirib ki, hadisə baş verən gün axşam dostları ilə birgə restoranda iftar edib. Terror hücumu isə restorandan çıxıb evə gələn zaman baş verib. Maşını isə millət vəkilinin özü idarə edib: “Mənim ümumiyyətlə, sürücüm olmayıb. Belə təklif olanda da istəməmişəm. Evə yaxınlaşarkən heç bir şübhəli məqam hiss etmədim. Bizim darvaza pultla açılır. Evə yaxınlaşana yaxın pultu basdım. Dedim, qapı açılana qədər qardaşıma zəng edim. Evə gəlməyimin səbəbi də o idi ki, axşam namazını evdə qılım. Qapını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli parıltı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib. Birdən ağlıma gəldi ki, mənə atəş açırlar. İkinci atəş də maşının içində çiynimi tutdu. Darvaza bağlı olsaydı, sürüb geri gedəcəkdim. Amma sui-qəsdi törədənlərin neçə nəfər olduğunu bilmirdim. Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın. Gözüm kamerada idi ki, görüm onlar mənim arxamca gələcəklər, yoxsa yox. Təminatım yox idi ki, onlar evə hücum edəcək, yoxsa yox. Çünki darvaza açıq idi. Maşının qapısı da açıq idi, kimsə sürüb gedə də bilərdi. Yoldaşım pultu tapıb darvazanı bağladı. Xəstəxanaya gələnə qədər huşum özümdə idi, özümü itirməmişdim. Özüm 102-yə zəng etdim ki, mən filankəsəm, mənə qarşı sui-qəsd olub. Sonra mülki geyimdə polislər gəldi. Ondan sonra hər tərəfə məlumat verildi”.

Polkovnik Elnur Məmmədov azadlığa buraxıldı

Həbs edilən ehtiyatda olan polkovnik Elnur Məmmədov azadlığa buraxılıb. Sozcu.az Bakupost-a istinadla xəbər verir ki, o, 6 aylıq həbs müddətinin bitməsindən sonra azadlığa çıxıb. Elnur Məmmədov ötən ilin oktyabrında Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. O, sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək, bir sıra iddialar irəli sürmüşdü. Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi. Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.

İranın 4 diplomatı Azərbaycandan qovuldu

Aprelin 6-da İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

"Azadlıq" sözündən şirin söz, azadlıqdan daha xeyirxah və yüksək niyyət yoxdur!.."

"Bizim azad olmağımız azadlığın Moldovada, Gürcüstanda və Belarusda mütləq bərqərar olacağına zəmanətdir" "Düşmən müstəqilliyimizi dəfn etmək və Rusiya məkanında milli mədəniyyətlərimizi əridib yox etmək istəyir. Amma biz çiyin-çiyinə möhkəm dayanmışıq!.." Ukrayna prezidenti Vladimir Zelenski aprelin 5-də Polşa parlamentinin hər iki palatasının deputatları, Ukrayna və Polşa ictimaiyyəti nümayəndələrinin qarşısında çıxış edib. Öz nitqində o, dünyaya Ukraynaya dəstəyi gücləndirməyə çağırış edib, Polşaya ardıcıl həmrəyliyinə görə minnətdarlığını bildirib və Ukraynanın Rusiya üzərində qələbəsinin labüdlüyünə əminliyini bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri məlumat yayıb. Zelenskinin nitqini kiçik ixtisarla təqdim edirik. "Böyük Polşa xalqı və böyük Ukrayna xalqı bu gün çiyin-çiyinə azadlıq, möhtəşəm tarix və yaxınlaşdırdığımız qələbə ruhu ilə birləşib! Biz, ukraynalı və polyaklar, bir-birimizi çoxdan tanıyırıq. İndi isə Polşa paytaxtının ürəyində ukraynalı ürəklər polyak ürəklərinin hər birinə müraciət edir. Hər dəfə Ukrayna bayrağı Ukrayna torpağında özünün tamamilə qanuni yerinə dönəndə, rusiyalı işğalçı qaçıb gedəndə, Polşa bayrağı da möhkəmlənir. Mənim üçün burada olmaq böyük şərəfdir. Ukrayna və Polşanın ürəkləri azadlıq uğrunda, dövlətlərimizin müstəqilliyi, ümumi evimiz olan doğma Avropamız uğrunda döyünür və biz qalib gələcəyik! Azad Polşa və azad Ukrayna heç vaxt süqut etməyəcək. Bizim xalqlarımıza nəzarət edən və bizim nə istədiyinizi anlamayan yad hakimiyyət iflasa uğrayıb. Bu gün biz birlikdə dayanmışıq! Ukrayna və Polşa, Avropa və azad dünya bir yerdədir!  Düşmən müstəqilliyimizi dəfn etmək və Rusiya məkanında milli mədəniyyətlərimizi əridib yox etmək istəyir. Biz isə çiyin-çiyinə möhkəm dayanmışıq və bütün bu müsibətlər Rusiya imperializminin özünə qayıdacaq! Polşa, biz səninlə yan-yana Avropada azadlığı həmişəlik bərqərar edəcəyik. Tiraniya Ukraynada məğlub olandan sonra tarixdə məğlub olacaq. Moskva öldürməyəcək, Peterburq bölməyəcək. Bunlar daha heç vaxt olmayacaq! Bu şanlı meydanda və Polşanın Ukraynanın digər meydanlarında, eləcə də Ukraynanın bütün maydanlarında Rusiya bizim qələbəmizdən sonra daha heç vaxt olmayacaq! Bu qələbəyədək çoxmu addımlar qalıb? Yox. Amma bunun üçün dayanmadan həmrəylik lazımdır. Döyüş artilleriya tələb edirsə, onu vermək lazımdır. Qələbə tanklar tələb edirsə, onların gurultusu ön cəbhədən eşidilməlidir. Müstəqillik hava tələb edirsə, Rusiyanın bizim təyyarələrə necə reaksiya verməsinə diqqət yetirmək lazım deyil, "F" hərfinin yanında 16 və ya  hansısa başqa bir rəqəmin təhlükəsiz olduğunu düşünmək lazım deyil. Hərəkət etmək gərəkdir! Sizin tank koalisiyasında liderlik nümunəsi göstərdiyiniz kimi.  İnanıram ki, bu, aviasiya koalisiyasında da özünü büruzə verəcək. Çünki bu, azadlıq uğrunda döyüşdür və bu döyüşü qismən udmaq mümkün deyil! Bu yaxınlarda Varşavada bizim azadlıq mübarizəmiz üzrə güclü müttəfiqimuz ABŞ prezidenti Bayden çıxış edərək deyib: "Azadlıq" sözündən şirin söz yoxdur. Azadlıqdan başqa xeyirxah məqsəd yoxdur. Azadlıqdan başqa yüksək niyyət yoxdur!". Biz azad olacağıqsa, Avropa İttifaqının qonşu ölkələrində də azadlığın möhkəm olacağına zəmanət olacaq. Biz azad olacağıqsa, hamı daha güclü olacaq. Biz azad olacağıqsa, azadlığın Moldovada, Gürcüstanda, Belarusda da mütləq bərqərar olacağına zəmanət demək olacaq. Və tarixi ədalət bərpa ediləcək!"

CHP-nin binasına silahlı hücum edildi

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul vilayət təşkilatının binasına silahlı hücum edilib.  Sozcu.az xəbər verir ki, bu barədə tviter səhifəsində CHP İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu məlumat verib.  O bildirib ki, binaya doğru 6-7 dəfə atəş açılıb. Güllələr tapılmasa da, boş gilizlər aşkarlanıb.  "Prokurorluq hadisə ilə bağlı təhqiqatı davam etdirir. Yeni məlumatlar paylaşılacaq", - deyə CHP təmsilçisi qeyd edib.  Xatırladaq ki, bundan əvvəl İYİ Partiyanın İstanbul təşkilatının binasına silahlı hücum olmuşdu. 

Əli Əliyevin partiyasının aqibəti necə olacaq? - AÇIQLAMA

"Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətini dayandırmayacaq”.  Bunu Qaynarinfo-ya açıqlamasında partiyanın təşkilatı işlər üzrə sədr müavini Zaur Qasımov deyib.  O bildirib ki, "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin tələblərinə uyğun qeydiyyatdan keçmək üçün bütün sənədlər aidiyyatı qurumlara təqdim olunacaq:  "Vətəndaş və İnkişaf Partiyasının hər hansı partiyaya birləşmək kimi bir fikiri yoxdur. Başqa bir partiyadan da VİP-ə birləşməklə bağlı təklif gəlməyib. Belə bir təklif gələrsə onu müzakirə edərik”.  Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə Əli Əliyevin rəhbərliyi ilə yaradılıb. İlk qurultayda sədr seçilən Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Donbas məğlubiyyəti: Moskva generallarını qovur

Rusiya generallarının 2023-cü ildə istefası daha çox olacaq, çünki ordu Kremlin Donbasdakı hədəflərinə çata bilmir. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. “Rusiya sosial şəbəkələri Müdafiə Nazirliyinin böyük ehtimalla general-polkovnik Rüstəm Muradovu Ukraynadakı Şərq Qüvvələr Qrupunun komandanı vəzifəsindən azad etdiyini yazır. Muradovun komandan olduğu qrup son aylarda müstəsna dərəcədə böyük itkilər verib, Uqledar şəhərini ələ keçirməyib. Hazırda o, 2023-cü ildə işdən çıxarılan ən yüksək rütbəli Rusiya hərbçisidir. Çox günan ki, bunlar çoxalacaq. Çünki Rusiya Donbasdakı hədəflərinə çata bilməyib”, - məlumatda qeyd olunub.

Bakı məktəbində zəhərlənən uşaqlar xəstəxanaya yerləşdirildi

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata  görə, məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir". Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılır

Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul olunub. Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək.

Çanaqqalada avtobus aşdı: 17 yaralı

Türkiyədə Çanaqqala vilayətinin Biga rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 17 nəfər yaralanıb. Yaralılar Biga Dövlət Xəstəxanasına aparılıb.

Quru sərhədlərin açılmamasının vurduğu zərbə - Əksər sahələrə təsir edir

Koronavirus pandemiyasına görə artıq 3 ildir, Azərbaycan quru sərhədlərini bağlayıb. Ölkəyə yalnız hava yolu ilə gəlib-getmək mümkündür. Ümumdünya Səhiyyə Təşkilatı rəsmisi pandemiya ilə bağlı vəziyyətin normal olduğunu deyib. Quru sərhədlərinin bağlı olması səbəbindən ticarət, turizm sahəsində durğunluq yaranıb. Bəs, bu vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir göstərir? Mövzu ilə bağlı "İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri, iqtisadçı ekspert Əyyub Kərimli Bakupost.az -a aşıqlamasında bildirib ki, quru sərhədləri mütləq açılmalıdır: "Azərbaycanda quru sərhədlərin uzun müddət bağlı olması iqtisadiyyata mənfi təsir göstərir. Bu həm ticarətin, həm də turizm sektorunun inkişafına mane olur. Azərbaycanda pandemiyadan sonra turizm səfərlərinin sayı xeyli azalıb. Bizim turizm sektorunun əsas səyahətçiləri Rusiya, Gürcüstan və Türkiyədən gəlirdi. Quru sərhədlərin bağlı olması ilə yanaşı təyyarələrin qiymətinin baha olması da turistlərin səfərlərinin sayına mənfi təsir göstərir. Turizm sektorunda bu cür problemlərin yaranması sözsüz ki, həm xidmət sektoruna, həm otelçilik, həm nəqliyyat, həm də daxili ictimai iaşə sektoruna öz mənfi təsirini göstərib”. İqtisadçı qeyd edib ki, dünyanın heç bir yerində quru sərhədlərin bağlı qalması məsələsi yoxdur. Azərbaycanda hələ ki mayın 1-nə qədər karantin rejimi uzadılıb: “Quru sərhədlərinin bağlı olması sərhədyanı bölgələrdə yaşayan insanların maddi durumuna da mənfi təsir göstərir. Belə ki, o bölgələrdə yaşayan vətəndaşlarımız əsasən qonşu dövlətlərlə alış-veriş edirdilər. Sərhədlərin bağlı olması onların sahibkarlıq fəaliyyətlərinə və şəxsi büdcələrinə təsirsiz ötüşmür. Bu, bütün sərhəd boyu bölgələrin sakinlərinin qonşu ölkələrlə bazarlıq, ərzaq alış-verişi və digər hər hansı tələbatlarını təmin etməyinin qarşısını alır”.

Rusiya sülhə mane olur - “Hər iki tərəf özündə güc tapmalıdır”

Martın 30-da Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb. Azərbaycan artıq Ermənistanla Qarabağ icması arasında hərbi logistik əlaqələri kəsib və bufer zona yaradıb. Bəs, Ermənistan irəliləyən vəziyyət fonunda prosesə beynəlxalq iştirakçılar cəlb edərək sülh danışıqlarını uzada bilərmi? Mövzu ilə bağlı siyasi ekspert Azər Qasımlı Bakupost.az -a açıqlamasında bildirib ki, hətta Ermənistan bu gün Azərbaycanın ərazi bütövlüyünü tanısa, Qarabağı Azərbaycan ərazisi kimi qəbul etsə rus hərbi kontingenti oradan çıxmayacaq: “Əlverişli hərbi vəziyyət 44 günlük müharibədən sonra necə idisə indi də elə qalıb. Rus hərbi kontingenti yenə də Qarabağdadı, ermənilər və ruslar yenə də Laçın dəhlizindən istifadə edirlər. Bu məsələləri Ermənistanla yox, Rusiya ilə danışmaq lazımdır. Qarabağ mövzusunu kənara qoyub Ermənistanla sülh müqaviləsi imzalamalıyıq. Bunda hər iki tərəf maraqlı olmalıdır. Qarabağ mövzusunu isə birbaşa Rusiya prezidenti Vladimir Putunlə danışmalıyıq. Çünki orda prosesə nəzarət edən Rusiyadır. Qarabağdakı 4-5 erməni rus hərbi kontingenti nə diktə edirsə o cür davranırlar. Kontingent Qarabağdan çıxmalıdır”. Azər Qasımlı qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün fürsət yaranıb: “Sülh müqaviləsinin imzalanması üçün gözəl bir imkan, yaxşı bir platforma vardı. Avropa Birliyinin moderatorluğu ilə baş tutacaq Brüssel platformasından istifadə eləmək lazım idi. Təəssüflər olsun ki, biz ondan imtina etmişik. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi ilə bu şanslardan istifadə etməlidir. Avropa Birliyinin təklif etdiyi platformadan imtina etmək yox, əksinə onu qəbul edib bu prosesi irəlilətmək lazımdır. Azərbaycan 44 günlük müharibənin qalib tərəfi kimi davranmalıdır. Azərbaycanın rəsmi ritorikası sülhə dəvət edən ritorika olmalıdır. Bununla Ermənistan rəhbərliyini və erməniləri heç də sülhpərvar kimi qələmə vermək istəmirəm. Onlar sadəcə oyundan kənarda qalıblar. Çox ümid edirəm ki, həm Azərbaycan həm Ermənistan rəhbərliyi hansısa formada özlərində güc tapıb Rusiyanın əsrlərdir burda apardığı oyunun, siyasətin qurbanı olmadan ortaq məxrəcə gələcəklər. Ermənistan tərəfi gözəl başa düşür ki, artıq Qarabağ məsələsi nəzarətindən çıxıb. Burda top daha çox Azərbaycanla Rusiyanın sahəsindədir”.