Koronavirus pandemiyasına görə artıq 3 ildir, Azərbaycan quru sərhədlərini bağlayıb. Ölkəyə yalnız hava yolu ilə gəlib-getmək mümkündür.
Ümumdünya Səhiyyə Təşkilatı rəsmisi pandemiya ilə bağlı vəziyyətin normal olduğunu deyib. Quru sərhədlərinin bağlı olması səbəbindən ticarət, turizm sahəsində durğunluq yaranıb.
Bəs, bu vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir göstərir?
Mövzu ilə bağlı "İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri, iqtisadçı ekspert Əyyub Kərimli Bakupost.az -a aşıqlamasında bildirib ki, quru sərhədləri mütləq açılmalıdır:
"Azərbaycanda quru sərhədlərin uzun müddət bağlı olması iqtisadiyyata mənfi təsir göstərir. Bu həm ticarətin, həm də turizm sektorunun inkişafına mane olur. Azərbaycanda pandemiyadan sonra turizm səfərlərinin sayı xeyli azalıb. Bizim turizm sektorunun əsas səyahətçiləri Rusiya, Gürcüstan və Türkiyədən gəlirdi. Quru sərhədlərin bağlı olması ilə yanaşı təyyarələrin qiymətinin baha olması da turistlərin səfərlərinin sayına mənfi təsir göstərir. Turizm sektorunda bu cür problemlərin yaranması sözsüz ki, həm xidmət sektoruna, həm otelçilik, həm nəqliyyat, həm də daxili ictimai iaşə sektoruna öz mənfi təsirini göstərib”.
İqtisadçı qeyd edib ki, dünyanın heç bir yerində quru sərhədlərin bağlı qalması məsələsi yoxdur. Azərbaycanda hələ ki mayın 1-nə qədər karantin rejimi uzadılıb:
“Quru sərhədlərinin bağlı olması sərhədyanı bölgələrdə yaşayan insanların maddi durumuna da mənfi təsir göstərir. Belə ki, o bölgələrdə yaşayan vətəndaşlarımız əsasən qonşu dövlətlərlə alış-veriş edirdilər. Sərhədlərin bağlı olması onların sahibkarlıq fəaliyyətlərinə və şəxsi büdcələrinə təsirsiz ötüşmür. Bu, bütün sərhəd boyu bölgələrin sakinlərinin qonşu ölkələrlə bazarlıq, ərzaq alış-verişi və digər hər hansı tələbatlarını təmin etməyinin qarşısını alır”.