Rusiya sülhə mane olur - “Hər iki tərəf özündə güc tapmalıdır”

Martın 30-da Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb. Azərbaycan artıq Ermənistanla Qarabağ icması arasında hərbi logistik əlaqələri kəsib və bufer zona yaradıb.

Bəs, Ermənistan irəliləyən vəziyyət fonunda prosesə beynəlxalq iştirakçılar cəlb edərək sülh danışıqlarını uzada bilərmi?

Mövzu ilə bağlı siyasi ekspert Azər Qasımlı Bakupost.az -a açıqlamasında bildirib ki, hətta Ermənistan bu gün Azərbaycanın ərazi bütövlüyünü tanısa, Qarabağı Azərbaycan ərazisi kimi qəbul etsə rus hərbi kontingenti oradan çıxmayacaq:

“Əlverişli hərbi vəziyyət 44 günlük müharibədən sonra necə idisə indi də elə qalıb. Rus hərbi kontingenti yenə də Qarabağdadı, ermənilər və ruslar yenə də Laçın dəhlizindən istifadə edirlər. Bu məsələləri Ermənistanla yox, Rusiya ilə danışmaq lazımdır. Qarabağ mövzusunu kənara qoyub Ermənistanla sülh müqaviləsi imzalamalıyıq. Bunda hər iki tərəf maraqlı olmalıdır. Qarabağ mövzusunu isə birbaşa Rusiya prezidenti Vladimir Putunlə danışmalıyıq. Çünki orda prosesə nəzarət edən Rusiyadır. Qarabağdakı 4-5 erməni rus hərbi kontingenti nə diktə edirsə o cür davranırlar. Kontingent Qarabağdan çıxmalıdır”.

Azər Qasımlı qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün fürsət yaranıb:

“Sülh müqaviləsinin imzalanması üçün gözəl bir imkan, yaxşı bir platforma vardı. Avropa Birliyinin moderatorluğu ilə baş tutacaq Brüssel platformasından istifadə eləmək lazım idi. Təəssüflər olsun ki, biz ondan imtina etmişik. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi ilə bu şanslardan istifadə etməlidir. Avropa Birliyinin təklif etdiyi platformadan imtina etmək yox, əksinə onu qəbul edib bu prosesi irəlilətmək lazımdır. Azərbaycan 44 günlük müharibənin qalib tərəfi kimi davranmalıdır. Azərbaycanın rəsmi ritorikası sülhə dəvət edən ritorika olmalıdır. Bununla Ermənistan rəhbərliyini və erməniləri heç də sülhpərvar kimi qələmə vermək istəmirəm. Onlar sadəcə oyundan kənarda qalıblar. Çox ümid edirəm ki, həm Azərbaycan həm Ermənistan rəhbərliyi hansısa formada özlərində güc tapıb Rusiyanın əsrlərdir burda apardığı oyunun, siyasətin qurbanı olmadan ortaq məxrəcə gələcəklər. Ermənistan tərəfi gözəl başa düşür ki, artıq Qarabağ məsələsi nəzarətindən çıxıb. Burda top daha çox Azərbaycanla Rusiyanın sahəsindədir”.

Share on Facebook