Rusiyanın Ukraynada itkilərinin sayı 182 mini keçib

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 182 070 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 657 tank, 7 083 zirehli maşın, 2 339 operativ-taktiki PUA, 2 795 artilleriya sistemi, 284 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 658 avtomobil və tanker, 326 xüsusi texnikadan ibarətdir.

Türkiyədə yenə zəlzələ oldu

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Dulkadiroğlu rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

"Hər ikimiz eyni dərəcədə korrupsiya ilə barışmazıq və Putinin başlıca düşmənləriyik..."

"Hazırda Gürcüstan rusiyalı oluqarxa məxsusdur və orta əsr feodalı tərəfindən idarə olunur..." Saakaşvili Navalnını "tezliklə Rusiyadan qalacaq hissənin prezidenti" adlandırıb Gürcü həbsxanasında  cəza çəkən Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili hesab edir ki, onu Rusiya Federasiyasında koloniyada saxlanılan rusiyalı müxalifətçi Aleksey Navalnı ilə birləşdirən ümumi "iki məqam" var. Sozcu.az xəbər verir ki, bu barədə Saakaşvili aprelin 15-də özünün "Facebook" səhifəsində yazıb. "Mən tam əminəm ki, tezliklə Rusiyadan qalacaq hissənin gələcək prezidenti olacaq Aleksey Navalnı ilə məni iki məqam birləşdirir: biz ikimiz də eyni dərəcədə korrupsiya ilə barışmazıq və hər ikimiz Rusiya Federasiyasının prezidenti Vladimir Putinin başlıca düşmənləriyik", - Saakaşvili bəyan edib. O, Aleksey Navalnıya "sağ qalmağı, azadlığa çıxmağı və arzuladığı məqsədə nail olmağı" arzu edib. Xatırladaq ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə dalbadal iki müddətə Gürcüstanın prezidenti olub. Prezident postundan getdikdən sonra ölkəni tərk edib və Ukraynada işləyib.  Gürcüstanda ona qarşı hakimiyyətdən sui-istifadə edilməsi və siyasi opponentlərinin təqib edilməsində şübhəli bilinərək bir neçə cinayət işi açılıb. Hələ Gürcüstana qayıtmazdan öncə o, qiyabi olaraq altı il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.  Saakaşvilinin özü cinayət işlərinin siyasi motivlərlə bağlı olduğunu bəyan edir. 2021-ci il oktyabrın 1-də Saakaşvili məlumat verib ki, Gürcüstana qayıdıb. Elə həmin gün siyasətçi saxlanılaraq həbs edilib.  Gürcüstan Prokurorluğu ona qarşı sərhəddi qanunsuz keçilməsi faktı üzrə daha bir cinayət işi açıb. 2023-cü il  martın 6-da Saakaşvili bəyan edib ki, o, Putinin tələbi ilə həbsxana cəzasına məhkum edilib. O, hesab edir ki, onun Vahid Milli Hərəkat partiyası 2012-ci ildə Rusiyanın müdaxiləsi səbəbindən parlament seçkilərini uduzub və hakimiyyətini itirib. Saakaşvilinin sözlərinə görə, ona qarşı ilk ittihamlar Odessa vilayəti administrasiyasının rəhbəri olanda və "orada Rusiyanın ekspansiyasını dayandıranda" irəli sürülüb. Sabiq prezident bəyan edib ki, hazırda Gürcüstan "rusiyalı oliqarxa məxsusdur və orta əsr feodalı tərəfindən idarə edilir".

İranda hökumət aksiyası: Azərbaycan təhdid olundu

Aprelin 15-də İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyaıarında Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası və Azərbaycanda axtarışda olan İrana sığınmış şəxslərin sosial media kanallarında foto və videolar yayılıb. Azərbaycan prezidenti əleyhinə yazılan şüarlarla yanaşı "Qüdsə gedən yol Bakıdan keçir" məzmunlu plakatlar qaldırılıb. Bu, Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır. Xomeyni İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi. Qeyd edək ki, İran hökumətinin təşkil etdiyi "Qüds günü" aksiyaları sönük keçib. Aksiyalara SEPAH və ona bağlı yarım hərbi “Bəsic” qüvvələri, onların ailə üzvəri və azyaşlı uşaqları cəlb olunub.

Anna Akopyan Bayrağımızı yandıranla... – Foto

14 apreldə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində səhnəyə çıxaraq, Bayrağımızı qapan və onu yandıran Aram Nikolyan Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla şəxsi münasibətlərə malikdir. Sozcu.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Anna Akopyan Ermənistanın 4 geyim brendi içərisində Aram Nikolyanın “Nikolyan” brendinə xüsusi diqqət ayırıb və onun ofisini 2019-ci il 29 apreldə ziyarət edib. Akopyan həmçinin Nikolyana bu brendi dünyaya çıxarmaq üçün dəstək söz verib. Erməni mediası istisna etmir ki, Anna Akopyan geyim tərzində də Nikolyanın yardımından istifadə edir. Qeyd edək ki, Aram Nikolyan Milli İncəsənət Akademiyasında, daha sonra isə Florensiyada İtalyan Akademiyası (Accademia Italiana) Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb. O, “Arm Jeans” və “Rose” şirkətlərinin baş dizayneri, “Şant” və “Armeniya” teleşirkətlərinin stilisti olub. Hazırda “Nikolyan” moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür. O, 2013-cü ildən Ermənistan İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri vəzifəsini daşıyır. Ağır atletika üzrə Avropa çempionatının 14 apreldə baş tutan açılış mərasiminin təşkilatçılarından biridir və yüksək qonorara müqavilə imzalayıb: Azərbaycan bayrağı olan libasların dizaynının da hazırlanması və tikilməsi ona tapşırılıb və o, buna görə 18,9 milyon dram (təxminən 50 min dollara yaxın) almalıdır, artıq 12,3 milyon dramını alıb.(axar.az)

Türkiyə "KızılElma"nı dördüncü dəfə səmaya qaldırdı - VİDEO

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "KızılElma" insansız döyüş təyyarəsi dördüncü uçuşunu həyata keçirib. Sozcu.az TRT-yə istinadən xəbər verir ki, pilotsuz qırıcı Tekirdağın Çorlu şəhərindəki sınaq mərkəzindən havaya qalxıb. Bildirilir ki, təyyarənin dördüncü uçuşu da uğurlu alınıb və bütün tapşırıqları yerinə yetirib. Bu günə qədər iki prototipi yaradılan "KızılElma"nın  inkişaf və istehsal fəaliyyətləri davam edir. Milli pilotsuz döyüş təyyarəsinin 2024-cü ildə kütləvi istehsalına başlanılması hədəflənir. "Baykar" şirkətinin öz imkanları ilə istehsal etdiyi "KızılElma" insansız döyüş təyyarəsinin yaradılmasına 2021-ci ildə başlanıb. Ötən ilin noyabr ayında uçuş-enmə zolağında sınaqlara başlayan təyyarə ilk uçuşunu dekabr ayının 14-də həyata keçirib. İnsansız təyyarə xüsusi texnologiyası sayəsində düşmən radarlarında çox zəif görünəcək. 6 ton uçuş çəkisinə malik olacaq pilotsuz təyyarə Türkiyə istehsalı bütün döyüş sursatlarını daşıya biləcək. "KılzılElma"nın 1500 kiloqram faydalı yük (sursat və radarlar) daşıması planlaşdırılır. Pilotsuz döyüş təyyarəsini Türkiyə şirkətləri tərəfindən inşa edilən "TCG Anadolu" gəmisində əməliyyatlar icra edəcəyi nəzədə tutulub. Uçuş aparatının mühərrikləri Ukraynanın "İvçenko-Progress" şirkəti tərəfindən istehsal edilib. Qeyd edək ki, insansız döyüş təyyarələri ənənəvi pilotsuz uçuş aparatlarından (PUA) fərqlidir. Belə ki, insansız qırıcılar hava hədəflərini məhv edə, daha ağır silahlar daşıya bilir. Türkiyə bu təyyarəni istehsal edən azsaylı ölkələrdən biridir.

Ermənistanın Baş nazir Aparatının rəhbəri: “Azərbaycan bayrağı insidenti uğursuzluğa işarədir”

Ermənistanda hər düşünülməmiş, guya “qəhrəmanlıq” addımı xoşagəlməz nəticələrə səbəb ola bilər, bu, tərəqqi yolunda uğursuzluğa işarədir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Aparatının rəhbəri, Ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Araik Arutyunyan dünən çempionatın açılışında Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentlə bağlı feysbukdakı səhifəsində yazıb. O, bir daha qeyd edib ki, Azərbaycan bayrağı ilə bağlı insident tərəqqi yolunda uğursuzluğa işarədir. Arutunyan erməniləri tribunaları doldurmağa çağırıb.

Xəstəxanada müalicə alan qadın özünü 3-cü mərtəbədən atdı

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan qadın intihar edib. Xəstəxananın Nevrologiya şöbəsində stasionar müalicə olunan 1962-ci il təvəllüdlü Maral Mamedova binanın 3-cü mərtəbəsindən özünü atıb. Araşdırma aparılır.

Şəhid ailəsinin üzvləri qəzaya düşdü

Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 39-BB-240 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobl ilə 10-TM-685 BMV markalı minik avtomobili toqquşub. Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar: Quliyev Natiq Akif oğlu (1980); Quliyeva Təranə Hüseyin qızı; Quliyev Həsən Natiq oğlu. Qeyd edək ki, xəsarət alanlar İkinci Qarabağ müharibəsi şəhidi Quliyev Namiqin ailə üzvləridir./APA

Kiyev və Vaşinqton Marşal Planını hazırlayır

Kiyev Vaşinqtonla birlikdə iqtisadiyyatı bərpa etmək üçün Marşal Planının analoqunu hazırlamağa başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib. Nazirin sözlərinə görə, ABŞ hökuməti və biznes nümayəndələri ilə görüşdə ABŞ-dan investisiyalar, respublika iqtisadiyyatının transformasiyası və hərbi risklərin sığortalanması məsələləri müzakirə olunub. O vurğulayıb ki, Ukrayna iqtisadiyyatının bərpası üçün əsas ilk növbədə ABŞ-dan birbaşa xarici investisiyalar olacaq.

Ermənilər bizdən qorxdular, ona görə belə hərəkət etdilər - İdmançımız

“Biz qalib dövlətin qalib idmançıları kimi Vətənə qayıtdıq”. Sozcu.az xəbər verir ki, bu sözləri İrəvandan qayıdan azərbaycanlı ağır atlet İsa Rüstəmov deyib. O bildirib ki, ermənilər bütün dünyaya rüsvay olub: “Onlar bizdən qorxdular. Biz bu yarışa tam gücümüzlə hazırlaşmışdıq. Öz himnimizi orada səsləndirmək istəyirdik. Ermənilər bizdən qorxduqlarına görə, belə bir hərəkət etdilər”. Qeyd edək ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.

Uqledarda Rusiyanın 130-dan çox texnikası məhv edilib

Bu qış Donetsk vilayətində Uqledarın müdafiəsi zamanı Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının 130 texnikasını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib. Zalujnı qeyd edib ki, həmin vaxt düşmən öz elit bölmələrini döyüşə atıb, lakin Ukrayna Silahlı Qüvvələri düşmənin 130-dan çox texnikasını məhv edib.

"Rusiya torpaqlarımızı azad etməyə imkan vermir"

10 noyabr 2020-ci ildən sonra Azərbaycan və Ermənistan arasında müharibənin bitmədiyini sübut edən kifayət qədər hərbi, siyasi hadisələr baş verib. Son hadisələr- əsir əsgərimizə verilən işgəncə və bayrağımızın beynəlxalq tədbirdə yandırılması göstərir ki, müharibə iki millət arasında da davam edir. Yolu azıb erməni tərəfə keçən əsgərimizə vurduqları təpiklə ermənilər reinteqrasiya dediyimiz birgəyaşayışı qəbul etmədiklərini, bunun qeyri-mümkünlüyünü bir daha göstərdilər. Bayrağımızı İrəvanda, rəsmi tədbirdə yandıran ermənilər vandallıqları ilə yanaşı, bizimlə heç zaman barışmayacaqlarını nümayiş etdirdilər. Müharibəni yalnız hərbiçilər deyil, erməni cəmiyyətinin sıravi üzvləri də davam etdirir. Bu qənaətə gəlməyimizin səbəbi sərhəddə baş verən son hadisə deyil, belə təxribatlara adət etmişik. Naxçıvan istiqamətində yol azıb düşmən tərəfə keçən əsgərimizə təpiyi erməni əsgəri yox, mülki erməni vurub və nümayiş etdirib. Bayrağımızı da sıravi dizayner yandırıb. Müharibə bitməyib, dayandırılıb. Müharibənin dayanmasından iki il yarım zaman keçib və vaxt uzandıqca himayədarına sığınan, işğaldan ruhlanan Qarabağ erməniləri heç vaxt Azərbaycanın tərkibində olmayacaqlarını, müstəqil olacaqlarını daha bərkdən söyləyirlər. Ümumiyyətlə, bu gün real vəziyyət necədir? Azərbaycanın hərbi-siyasi üstünlükləri ortada olsa da reallıqda Azərbaycan torpaqlarının 3,2 min kvadrat kilometr sahəsi hələ də Ermənistan ordusunun işğalı altındadır, üstəlik 8 anklav kənd. Qarabağda öz qoşunları ilə dayanan Rusiya torpaqlarımızı azad etməyə imkan vermir. Deməli, bu ərazi həm də Rusiyanın işğalı altındadır. Bütün bəlanın mənbəyi də budur. Erməni məğlub olub, amma Azərbaycan torpaqlarının 3, 2 min kvadrat kilometrini işğal altında saxlamaqla hələ də real qazancın əlində olduğunu bilir və onu əldən verməmək üçün 29 aydır ki, hər cür dona girir. Əlbəttə ki, bu donları onların əyninə himayədarları- Rusiya, İran, Fransa biçdiyindən sülhdən, razılaşmadan qaça bilir.  Müharibə yalnız iki dövlət arasında deyil, həm də vasitəçi adı ilə geosiyasi təsir imkanlarını reallaşdırmaq istəyən Qərb və Rusiya arasında davam edir. Ukrayna müharibəsindəki isti qarşıdurma öz yerində, Qarabağda da guya ki, vasitəçi olanlar arasında qarşıdurma gah işğal altında olan ərazilərimizdə, gah da iki dövlətin sərhədində təxribatlarla müşayət olunur. Verilən məlumatlara görə ABŞ-da və Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Nəticəsi olacaqmı? Müharibə bitəndən indiyədək belə görüşlər çox olub, hansısa razılaşmalara da nail olunub, amma heç biri reallaşmayıb, çünki vasitəçilər Cənubi Qafqazda bir-birini sıxışdırmaq üçün müxtəlif təxribatlara əl atdıqca heç bir razılaşma olmayacaq. Bu siyasətdə vasitəçilərin aləti, həmişə olduğu kimi Ermənistandır. Azərbaycanla sülh müqaviləsini bağlamamaq üçün bütün manevrlərdən istifadə edir, gələcəkdə hansı qütbün yanında olacağına qərar verə bilmədiyi üçün və ya qəsdən hər iki tərəfə vədlər verərək, onların maraqları ətrafında reveranslar edib əlverişli beynəlxalq şəraiti gözləyirlər.  İki il yarımdır ki, Ermənistan və Rusiyanın zaman uzatmaq siyasətinin şahidiyik. Yeni görüşlər, yeni delimitasiya, demarkasiya işləri, infrastrukturun açılması müzakirə olunacaq, vədlər veriləcək, Nikol Paşinyan Brüsseldən, Vaşinqtondan qayıdan kimi, orada dediklərini unudub tamam əks mövqedən çıxış edəcək, Soçiyə, ya da Moskvaya çağrılacaq, oradan da qayıdanda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlavə şərtlərdən danışacaq. Yəni, Putin Valday çıxışında dediyi kimi, “ Vaşinqton variantı ilə Qarabağdan imtina edirsinizsə, biz də buna razıyıq” deyib, Ermənistan rəhbərliyini şantaj etməkdə davam edəcək.  Biz Ermənistana hərbi və birbaşa himayədarı olan Rusiyaya diplomatik təzyiqlərimizi artırmalıyıq. Ermənistana ilk hərbi təzyiqimiz 8 anklav kənd ətrafında baş verməlidir. Bu ərazilər Qarabağ deyil, burada 10 noyabr bəyanatı keçmir. Burada Ermənistanın işğalı altında olan ərazilərin qısa müddətdə azad edilməsi həll olunmalıdır. Ermənistanın 41 kvadrat kilometrlik Başkənd anklavı bizim nəzarətimizdədirsə, Ermənistanın nəzarətində 200 kvadrat kilometrdən çox 8 anklav kəndlərimiz var. Düşmən bilməlidir ki, tezliklə masa arxasında bu problem həll olmasa hərbi yola əl atmaq beynəlxalq hüququmuzdur. Rusiyaya təzyiqimizi Qərblə koordinasiyalı şəkildə aparmalıyıq. Bu təzyiq ilk növbədə Laçın yolunda sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılması ilə başlanmalıdır. Buna Qərb də etiraz etmir, heç Ermənistan hakimiyyəti də. Bu işə yalnız Rusiya mane olur. Dinc aksiyanın götürülməsi müqabilində nəzarət məntəqəsinin qurulmasının yaxın tarixi elan olunmalıdır. İkinci təzyiq erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması ilə bağlı olmalıdır. Rusiya imzasına hörmət edirsə, bu silahlı qüvvələrin çıxarılmasının da vaxtını elan etmək lazımdır.   “Kəsə qarabağı”, Rusiyaya diplomatik təzyiq Qarabağla, Ermənistana hərbi təzyiq anklav kəndlərlə başlanmalı və sona çatmalıdır. Yoxsa, biz bu tamaşanı sonadək seyr edə bilmərik, çünki bu tamaşanın sonu yoxdur. moderator İlham İsmayıl

Paşinyan sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək etməmək barədə göstəriş verib

Ermənistan baş naziri Nikol Paşinyan sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək etməmək barədə göstəriş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Nəşrin məlumatına görə, martın əvvəlində Almaniyaya səfər edən Ermənistanın baş naziri Qərb ölkələrindəki tərəfdaşlarından "paralel ixracı dayandırmaq, Rusiyaya bank köçürmələrini kəsmək və Rusiyaya Qərbin sanksiyalarının öhdəsindən gəlməkdə kömək etməmək barədə xəbərdarlıq alıb". "Baş nazir Paşinyan Ermənistana qayıdan kimi Mərkəzi Bankın sədri, hökumət üzvləri və Dövlət Gəlirləri Komitəsinin rəhbərinə Rusiyaya yardımı dayandırmağı tapşırıb. Rusiyaya uçan sərnişinlərin baqajlarında İT texnologiyaları üçün lazım olan çipləri və aksesuarları daşımaması üçün hava limanında ciddi nəzarət yaradılıb", - nəşr bildirib./APA

İranın hökumət qüvvələri sakinləri atəşə tutdu: ölənlər var

İranın Mazandaran bölgəsində Daniyal kəndində hökumət qüvvələri kənd sakinlərini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Ukraynalı politoloq: “İrəvanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir"

“Ermənistanda Azərbaycan bayrağına qarşı hadisə vandalizmdir". Bunu ukraynalı politoloq Aleksandr Kovalenko deyib. "Ağır atletika üzrə Avropa Çempionatına ev sahibliyi etmək müəyyən mənada Ermənistan üçün şərəf olmalı idi. Bu, bir növ belə yarışların təşkilatçılığı ilə bağlı etimad göstəricisi idi. Amma Ermənistan Azərbaycana qarşı təxribat olmaması tapşırığının, öhdəliyinin öhdəsindən gələ bilmədi", - politoloq qeyd edib. "Qarabağ məsələsinin diplomatik yolla həll edilməsinin zəruri olduğunu düşündüyümüz zamanda Ermənistan daxilində revanşist qüvvələrin bu və ya digər məsələlərə təsirinin sağlam düşüncəlilərdən daha çox olduğunu görürük. Bu cür jest, akt – necə istəyirsiniz, elə də adlandırın – yolverilməz vandalizmdir. Özü də rəsmi beynəlxalq tədbir çərçivəsində edilmiş vandalizmdir. Əgər rəsmi İrəvan bu gün islamafobiyanın, aqressiyanın nümayişinin qarşısını almağı bacarmırsa və Ermənistanı sivil ölkələrin gözündə özünü barbar və hər şeyin baş verə biləcəyi ölkə kimi təqdim edirsə, bu cür beynəlxalq tədbirlərin orada keçirilməsi böyük sual altına düşməlidir. Axı bu, Ermənistan ərazisində bu və ya digər idman növü üzrə yarışlarda iştirak edəcək komandalar üçün birbaşa təhlükədir" - Aleksandr Kovalenko əlavə edib.

İrəvanda qızıl qazandı, qələbəni Azərbaycana həsr etdi

Ermənistanda qızıl və gümüş medal alan türkiyəli atletlər qələbələrini Azərbaycana həsr ediblər. Sozcu.az xəbər verir ki, Cansu Bektaş medal aldıqları üçün xoşbəxt olduqlarını və hər ikisi qələbəni Azərbaycana həsr etdiklərini və yanımızda olduqlarını bildiriblər.

ANAMA-dan Xızıdakı partlayışla bağlı məlumat

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb. ANAMA-nın Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, partlayış hərbi sursata müdaxilə nəticəsində baş verib. Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb.

Xızıdakı partlayışda xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinə yerləşdirilib

Xızı rayonunun Yaşma qəsəbəsində baş verən hadisə ilə əlaqədar 1976-cı il təvəllüdlü vətəndaş TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Ona sol budun odlu qəlpə yarası, ayaq barmağının sınığı, döş qəfəsinin açıq yarası diaqnozu qoyulub. Tibb müəssisəsinin Travma şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Baş Prokurorluq Xızıdakı partlayışla bağlı məlumat yaydı

Xızı rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilir ki, aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub. Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb və ilkin araşdırma zamanı müəyyən edilib ki, partlayışa şəbəb Sumqayıt şəhər sakinləri - 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub. Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.  Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.  İbtidai istintaq davam etdirilir.

Xızıda mina partladı: İki nəfər öldü, bir nəfər yaralandı

Xızıda mina partlayıb. Sozcu.az xəbər verir ki, hadisə Yaşma yaşayış ərazisində qeydə alınıb. İlkin məlumata görə, iki mülki şəxs ölüb, bir mülki şəxs xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.

"Etdiyi təxribatlara görə Ermənistanı peşman etməliyik"

"İlk dəfə deyil ki, Ermənistan idman, mədəniyyət proseslərini siyasi məqsədlərlə istismar edir. Biz müxtəlif illərdə bu cür situasiyaların şahidi olmuşuq". Bu sözləri politoloq Yeganə Hacıyeva  İrəvanda Azərbaycan bayrağının yandırılması hadisəsi ilə bağlı Musavat.com-a açıqlamasında deyib. Politoloq qeyd edib ki, yandırılan Azərbaycan bayrağının dərhal alışması onu göstərir ki, bu, əvvəlcədən planlaşdırılmış təxribatdır: "Məlum məsələdir ki, bayraq həmən alışıb, yana bilməzdi. Bayrağın tez alovlanması sübut edir ki, onun tez alışması üçün xüsusi yağ maddələrindən istifadə olunub. Yəni, bu, xüsusi planlaşdırılmış təxribat idi". "Azərbaycan hansı addımlar atmalıdır?" sualına politoloq bu cür cavab verdi: "Azərbaycan artıq addımlar atır. Zatən idmançılarımızın orada təhlükəsizliyi ilə bağlı narahatlıqlarımız var idi və indi bu narahatlıqlardan biri özünü artıq doğruldur, indi idmançılarımızın oradan sağ-salamat geri dönməsi, bir sözlə, təhlükəsizlik məsələləri sual doğurub, telefonlarına zəng çatmır və sairə. Ermənistan son günlərdə bir-birinin ardınca Azərbaycana qarşı təxribatlar törətməkdədir. Əsgərlərimizə işgəncə verilir, daha sonra bayrağımız yandırılır. Azərbaycan bütün bu təxribatları dünyanın diqqətinə çatdırmalı, Ermənistanın əsl simasını göstərməlidir. Bunun üzərindən həm yerli, həm də beynəlxalq, regional səviyyədə kampaniya aparmalı, bu məsələnin izini biraxmamalı və bu istiqamətdə işlər həyata keçirməliyik. Bu cür təxribatları törətdiklərinə görə Ermənistanı peşman etdirməliyik".

Erməni deputat: “Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə illərlə geri düşmüşük”

“Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə biz illərlə geri düşmüşük”. Ermənistan KİV-in məlumatına görə, bu sözləri Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının üzvü, deputat Arpi Davoyan deyib. “Əgər bayrağın yandırılması qəhrəmanlıqdırsa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın”, - Davoyan deyib.

Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı göstəriş verdi

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib. Bu barədə Aysor.am öz mənbələrinə istinadən məlumat yayıb. Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb. Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanın idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onların mehmanxanadan buraxılmadığını bildirib. Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər. /Oxu.az