Bakıda tozun miqdarı ilə bağlı yeni açıqlama...

Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında nisbi azalma müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib. "Sinoptik vəziyyətlə əlaqədar ölkə ərazisində sabah səhər saatlarından başlayaraq cənub-şərq istiqamətli küləklərin şimal-qərb istiqamətli küləklərlə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən gün ərzində havada tozun miqdarının tədricən azalacağı gözlənilir”, - deyə bildirilib.

ABŞ bu raketləri Ukraynaya verəcək

Vaşinqton JASSM uzaqmənzilli qanadlı raketləri Kiyevə təhvil verməyə yaxındır, lakin Ukrayna gözləməlidir, çünki müvafiq texniki məsələləri həll etmək üçün ABŞ-a bir neçə ay lazım olacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” amerikalı rəsmilərə istinadən məlumat yayıb. “Hava-yer tipli raketlərin Kiyevin silah paketinə daxil edilməsi bu ilin payızında açıqlanacaq, baxmayaraq ki, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb”, - məlumatda deyilib.

Azərbaycanın dövlət adını düzgün ifadə etmiş təqvim

1991-ci ilə aid təqvim "Ocaq" Mədəniyyət Mərkəzi tərəfindən tərtib olunub. Tərtib edəni İslam Atakişiyev, redaktoru Rafiq İsmayılov, rəssamı Yavər Əsədovdur. Təqvimdə Azərbaycan Cümhuriyyətinin düzgün şəkildə adı, mövcud olduğu illər, xəritəsi və ilk müstəqil dövlətimizə aid xronologiya yer alıb. Təqvim saytımızın redaktoru, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi'nin şəxsi kolleksiyasındadır.  Sözcü.az 

Bakı yenə toza büründü - Bu ölkədən gəlir

Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur. Avtomatik stansiyalardan əldə olunan məlumata görə, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”. Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.

Ukrayna 600 rus hərbçisini əsir götürdü - Təcili

Rusiya qüvvələri sərhədyanı əraziləri davamlı olaraq atəşə tutduğu üçün Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində hücuma başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski “Ukrayna 2024. Müstəqillik” forumunda çıxışı zamanı bildirib. Sırski Kursk əməliyyatını Ukraynanın “təhlükəsizlik zonası yaratmaq, Rusiya Federasiyasının ərazisindən atəşə tutulmasını dayandırmaq, Sumı vilayətində mülki obyektləri qorumaq” istəyi ilə izah edib. vakansiya "Bundan əlavə, düşmən bu istiqamətdə xeyli sayda qoşun cəmləşdirirdi və bu istiqamətdə hücum əməliyyatı planlaşdırırdı", - o deyib. Ali Baş Komandan vurğulayıb ki, Ukrayna ordusu Kursk vilayətində keçirilən əməliyyat zamanı 594 rus əsgərini əsir götürü: “Qoşunlarımızın uğurlu fəaliyyəti sayəsində biz mübadilə fondunu xeyli artırmışıq”. Sırskinin sözlərinə görə, Rusiya Kursk istiqamətinə 30 min hərbi qulluqçu köçürməyə məcbur olub və bu rəqəm artmaqda davam edir. Sırski əlavə edib ki, Kursk vilayətində Ukrayna 1294 kv.km ərazini və “bu ərazidə yerləşən 100 yaşayış məntəqəsini” nəzarətə götürüb. Rusiya tərəfi Sırskinin açıqladığı rəqəmə münasibət bildirməyib. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı əlavə edib ki, Kursk istiqamətində hücum əməliyyatının məqsədlərindən biri Rusiya qüvvələrini digər istiqamətlərdən, ilk növbədə Pokrovski və Kuraxovskidən yayındırmaq olub. Avqustun 24-də Ukrayna və Rusiya “115-in 115-ə” düsturuna əsasən növbəti hərbi əsir mübadiləsi həyata keçirib. Rusiya teleqram kanallarının məlumatına görə, əsir mübadiləsi zamanı Kursk vilayətində əsir götürülən bəzi rusiyalı hərbi qulluqçular evlərinə qayıdıblar.

Uşaqpulu ilə bağlı ən son xəbər: “Kimin neçə uşağı varsa…”

Zaman-zaman uşaqpulunun verilməsi məsələsi istər mediada, istər ictimaiyyətdə, istərsə də Milli Məclisdə (MM) gündəmə gətirilir. Hətta bəzi ekspertlərin fikrincə, MM-nin yeni tərkibi bu məsələni müzakirəyə çıxara bilər. Deyilənlər nə dərəcədə real görünür? MM-in yeni tərkib uşaqpuluna yenidən baxacaqmı? Bu istiqamətdə müzakirələr başlaya bilərmi? Globalinfo.az-a danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədovun fikrincə, uşaqpulu obyektiv məsələdir. O deyib ki, doğrudan da bu məsələ Milli Məclisdə tez-tez gündəmə gətirilib: “Düzdür, ünvanlı sosial yardımlar verilir. Amma bu yardımlar birbaşa lazımı ünvana çatmır. Yolda müəyyən “problemlər” yaranır, bu işi dolayı yollarla başqası üçün “həll edirlər” və s. Burada bəzi neqativ hallar baş verir. Ona görə də, bunun qarşısını almağın ən yaxşı yolu uşaqpulunun verilməsidir”. Sabiq deputatın fikrincə, uşaqpulu birbaşa uşaq olduğu ailəyə çatacaq: “Məsələn, kimin neçə uşağı varsa, ona uyğun da pul alacaq. Bu, çox vacib məsələdir. Həm uşaqların normal təhsil ala bilməsi, həm məktəb ləvazimatları üçün uşaqpulunun verilməsinə çox böyük ehtiyac var. Hesab edirəm ki, yeni və köhnə deputatlar bu məsələlərə toxunacaq”. Sabiq deputat deyib ki, uşaqlara veriləcək məbləği hesablamaq lazımdır: “Bir uşaq üçün 100 manat da ola bilər, 150-də. Heç olmasa bir uşağın normal təhsili, məktəb ləvazimatı üçün nə qədər vəsait lazımdır, onu hesablasınlar və ona uyğun uşaqpulu təyin etsinlər. Həm də dövlətin imkanına baxılmalıdır ki, büdcədə nə qədər pul var. Uşaqpulu çox vacibdir və ən asası bu məsələdə ünvanlı yardım söhbəti yoxdur. Çünki uşaq olan ailəyə pul çatır, ünvanlı sosial yardımlar kimi yolda da heç bir itkiyə getmir”. 

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Elçin Əliyevin anası Ulduz Əliyeva vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun uzunsürən xəstəlik səbəbilə dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, Elçin Əliyev 4 mart 1994 - cü ildə Mingəçevirdə anadan olub. O, 2016-cı il Aprel döyüşlərində iştirak edib. E. Əliyev 2020-ci ildə Talış kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezidentin Sərəncamına əsasən, “Suqovuşanın azad olunmasına görə” medalı ilə (ölümündən sonra) təltif edilib.

Meteor yağışı olacaq

“İlin müəyyən günlərində Yer öz orbiti üzrə hərəkət edərək kometlər və ya asteroidlərlə əlaqəli xüsusilə sıx axınlardan keçir və bu, illik meteor yağışına səbəb olur. Bu cür meteor yağışları hər il təkrarlanır. Bu il ε-Perseid meteor yağışı sentyabrın 5-dən 21-dək aktiv olacaq və sentyabrın 9-da pik həddə çatacaq”. Bu barədə Sozcu.az -a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Bakıdan baxanda yağış hər gecə saat 19:30 radələrində üfüqün şərq tərəfində görünəcək və saat 05:45-dən səhərə qədər aktiv qalacaq. Yağış saat 05:00-da - üfüqdən ən hündür nöqtədə olanda daha intensiv olacaq. Yağışın pik nöqtəsində saatda 10-a qədər meteor görüləcəyi təxmin edilir. Qeyd edilib ki, Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə meteor yağışları yaranır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda təxminən 70-100 km yüksəklikdə yanmağa başlayır və “düşən” ulduzlar kimi görünür.

Küləyin sürəti güclənib

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 2-si saat 18:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Altıağacda 18 m/s, Xaçmazda 17 m/s, Qubada 12 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 38, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.

Növbəti iki gündə hava isti olacaq

Sentyabrın 3-4 tarixlərində respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib. O qeyd edib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. Ə. Əsgərov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb. “Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkirdə yüksək, Ağstafa, Tərtər, Naftalan, Ağdamda isə çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Oğuz, Qəbələdə yüksək, Şəkidə isə çox yüksək, Quba-Xaçmaz bölgəsində Xızıda yüksək, Quba, Qusar, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Astarada yüksək, Yardımlıda isə çox yüksək, Naxçıvan MR-da Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib”. Xidmət rəsmisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.

Rumıniya Ukraynaya "Patriot" VERİR

Rumıniya hökuməti "Patriot" hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verilməsini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Agentlik yazır ki, kompleks Rumıniya parlamenti müvafiq qanun layihəsini təsdiqlədikdən sonra Ukraynaya gedəcək. Rumıniyanın “Patriot”u NATO ölkələrinin Ukraynaya vəd etdiyi 5 hava hücumundan müdafiə sistemindən biri olacaq. Bunun müqabilində Rumıniya müttəfiqlərindən oxşar hava hücumundan müdafiə sistemi almağı gözləyir.

Pezeşkianın vədi işə yaramadı - Etirazlar davam edir

İranda bir ay əvvəl başlayan tibb bacılarının etiraz aksiyaları ölkənin müxtəlif şəhərlərində davam edir. Bu barədə insan haqları fəalları məlumat yayıb. Bildirilib ki, etirazçılar Məsud Pezeşkianın tibb bacılarının tələblərinin yerinə yetirməsinə dair vədlərinə məhəl qoymayıblar. Məsud Pezeşkian avqustun 31-də ölkə televizyasındakı çıxışında tibb bacılarının, müəllimlərin, əczaçıların və əklinçilərin problemlərinin həlli üçün Milli İnkişaf Fondundan vəsait ayrılacağına söz verib. Qeyd edək ki, bu günə kimi ölkənin 37 şəhərinin 60 xəstəxanasının on minlərlə tibb bacısı etiraz aksiyaları keçiriblər. Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər. Səhiyyə sisteminin nümayəndələri və məsul şəxsləri tibb bacılarının işi dayandırmalarının xəstəxanalarda problemlərin artmasına səbəb olduğu deyirlər. Etirazların qarşısının alınması üçün təhlükəsizlik məmurları tibb bacılarına təhdid mesajları göndərir, onlardan aksiyalara qoşulmamağı tələb edirlər.

İlham Əliyev Kəlbəcərdə inzibati binanın təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub. Sozcu.az xəbər verir ki, dövlət başçısına görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır. Dövlət başçısı inzibati binanın təməlini qoydu.

“Ukrayna müharibəni çox səbirlə və hərbi elm əsasında aparır...- Qələbə gec-tez onundur...”

“İndiyədək Rusiyanın əsas üstünlüyü aviasiyada və raket sistemlərində idi. “F-16”-ların gəlişi ilə artıq Rusiyanın bir üstünlüyü aradan qaldırılmaqdadır. Və Ukrayna özünün ilk ballistik raketini də hazırlayıb...” “Kursk əməliyyatı gözlənilən idi. Rusiya 3 günə almağı planlaşdırdığı, amma gündə 1000 nəfərdən çox itki verdiyi Ukraynaya qarşı genişmiqyaslı müharibə apardığı bir şəraitdə Ukrayna ilə digər sərhəd əraziləri lazımınca qoruya bilməzdi. Kursk vilayətinin sərhədində də yalnız zastavalar var idi, onlar da peşəkar Ukrayna ordusunun qarşısını almaq gücündə deyildi. Ona görə də Ukrayna komandanlığı həm zəif, həm də Rusiya üçün strateji və iqtisadi əhəmiyyətli bir ərazini –Kursk vilayətini seçdilər. Məsələn, hazırda Ukraynanın nəzarətində olan Sudja şəhərindən Rusiyanın Avropaya gedən bütün qaz xəttləri keçir. Həmçinin Kurçatov adına Kurslk atom elektrik stansiyası da yaxın məsafədədir”.  Bu fikirləri Moderator.az-a açıqlamasında Ukraynanın artıq bir aya yaxındır ki, davam edən Kursk əməliyyatının əhəmiyyətindən danışarkən sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib. “Ukrayna məhz Kursk kimi belə ağrıdıcı yerdən zərbə vurdu ki, Rusiya reaksiya versin. Digər tərəfdən, Ukrayna bununla “Rusiyanın guya dünyanın ən güclü ordusuna malik ən güclü dövlət” olması haqda mifi darmadağın etdi. Və Qərbi inandırdı ki, Rusiya ilə nəinki vuruşmaq onun ərazisini nəzarətə də almaq olar. Üçüncüsü isə bu əməliyyatdan sonra Moskva az da olsa, Donetsk və Xarkov istiqamətindəki qoşunlarını Kursk istiqamətinə gətirməli idi. Və Ukrayna buna da nail oldu. Dördüncüsü isə, artıq Rusiya ərazisində əsgər anaları, müxalifət və s. Putinə qarşı tədricən  etirazlara başlayırlar.  Ukraynanın məqsədlərindən biri də bu idi”, -deyə davamında keçmiş nazir bildirib.. “Axı o da var ki, Rusiya Dombasdan çox az miqdarda hərbi qüvvə çıxarıb və strateji Pokrovsk uğrunda çox ağır döyüşlər aparır. Arda-arda kəndləri işğal edirlər. Bunun axırını necə görürsüz?” sualını isə Tacəddin Mehdiyev belə cavablandırıb: “Bilirsiz, Ukrayna ordusundan sayca qat-qat çox olan Rusiya ordusu bir kəndi almaq üçün bəzən aylarla vuruşur. Yaxud bir kəndi alırlar, 3 gündən sonra ukrayınlar onu azad edirlər. Bundan əlavə, Ukrayna ordusu Rusiya ordusunu tükəndirmə taktikası ilə döyüşür. Ruslar Avdeyevka, Baxmut kimi qəsəbələri neçə aylar ərzində işğal edə bilsə də, əvəzində on minlərlə canlı qüvvəsini minlərlə texnikasını itirdi. Bu minvalla Rusiya ciddi irəliləyiş əldə edə bilmir və getdikcə həm hərbi, həm iqtisadi cəhətdən zəifləyir. “F-16” qırıcıları da gəldi axır ki... Və onların sayı getdikcə artacaq. İndiyədək Rusiyanın əsas üstünlüyü aviasiyada və raket sistemlərində idi. “F-16”-ların gəlişi ilə artıq Rusiyanın bir üstünlüyü aradan qaldırılmaqdadır. Və Ukrayna özünün ilk ballistik raketini də hazırlayıb. ABŞ və digər Qərb dövlətləri tədricən öz raketləri ilə Rusiya ərazisini vurmağa da icazə verir”. “Hazırda Ukrayna komandanlığı “F-16”-ların təhlükəsizliyini təmin etmək üçün Rusiyanın yaxın ərazidəki hava hücumundan müdafiə(HHM) qurğularını sıradan çıxarmaqla məşğuldur. Bu işdə də ona Amerikanın “AVAKS” peyk-kəşfiyyat sistemi böyük dəstək verir. Onlar dəqiqliklə hərbi obyektlərin yerlərini Ukrayna tərəfinə ötürür və nəticədə Rusiyanın HHM sistemləri, radioelktron mübarizə qurğuları, hərbi aerodromları, zavodları və s. vurulub sıradan çıxarılır. Eyni zamanda  Britaniya, Almaniya, Fransa kimi aparıcı Avropa ölkələrinin də kəşfiyyatları Ukraynaya bir çox məsələlərdə ciddi dəstək verirlər.  Və bütövlükdə onu demək olar ki, Ukrayna Rusiyaya qarşı müharibəni çox səbirlə, ağılla savadlı şəkildə hərbi elm əsasında aparır. Odur ki, qələbə gec-tez Ukraynanın olmalıdır”, -deyə general-mayor vurğulayıb.

Havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır. Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. "Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

Abbas Lisani sürgünə göndərildi

Avqustun 31-də təhlükəsizlik məmurları tərəfindən Ərdəbildəki şəxsi mənzilində həbs edilən keçmiş siyasi məhkum Abbas Lisani 2 illik sürgün cəzasını çəkmək üçün məcburi şəkildə Yəzd şəhərinə aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. O, sürgün cəzasına tabe olmayacağı təqdirdə barəsində daha ağır cəza tədbirləri görüləcəyi, cəza müddətinin artırılacağı ilə hədələnib. Abbas Lisani barəsində çıxarılan ədalətsiz və qanunsuz sürgün cəzası qərarına tabe olmayacağını bildirib. Milli hərəkat fəalının ailəsinin verdiyi məlumata görə, o, təhlükəsizlik idarəsindən buraxıldıqdan sonra Ərdəbilə geri qayıtmaq üçün Yəzd şəhərinin avtovağzalına yollanıb. Xatırladaq ki, Abbas Lisani 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib. Hüquqşünas Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi. Bu səbəbdən milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.

Məktəb direktoru işçisi tərəfindən bıçaqlandı

F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb. Sozcu.az Bizim.Media-ya istinadla xəbər verir ki, Halik Nəcəfov bir müddət əvvəl məktəbdə katibə işləyən və direktorla aralarında yaranan münaqişəyə görə bu ilin aprel ayında tutduğu vəzifədən uzaqlaşdırılan Validə Məmmədovanın həyat yoldaşıdır. Direktorla keçmiş katibəsi arasındakı mübahisə "işə qəbul"ə görə yaranıb və mübahisə məhkəməyə qədər gedib çıxıb. Ülviyyə Bayramova ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardımdan alandan sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Rusiyanın itkiləri 617 mini ötdü

Ukrayna müharibənin 922-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 617 600 hərbçi, 8 601 ədəd tank, 16 786 ədəd zirehli döyüş maşını, 17 646 ədəd artilleriya sistemi, 1 177 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 940 hava hücumundan müdafiə sistemi, 368 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 23 925 ədəd avtomobil texnikası, 14 537 ədəd PUA, 2 557 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 993 xüsusi avadanlıq itirib.

Bakıda qadın sürücü qəza törətdi: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Almaz Əliyeva idarə etdiyi "Toyota RAV 4" markalı avtomobillə 1963-cü il təvəlllüdlü Lazım Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Almaniyada qadın bıçaqla 5 nəfəri yaralayıb

Almaniyanın qərbindəki Zigen şəhərində (Şimali Reyn-Vestfaliya federal ərazisi) qadının avtobusda bıçaqla hücumu nəticəsində azı 5 nəfər yaralanıb. Bu barədə "Bild" qəzeti yazıb. Nəşrin məlumatına görə, hadisə avqustun 30-da saat 19:40 (Bakı vaxtı ilə saat 21:40) radələrində baş verib. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar xəstəxanalara çatdırılıb. Polisin məlumatına görə, avtobus festival üçün Zigenə gedirmiş. Hadisə zamanı avtobusda azı 40 sərnişin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktı olduğuna inanmırlar. Hadisə yerinə polis əməkdaşları gəlib və qadın saxlanılıb. Qadının 32 yaşı var, milliyyətcə almandır, ruhi xəstə və narkotikin təsiri altında ola bilər. Şahidlər dindirilib, avtobusun digər sərnişinlərinə psixoloji yardım göstərilib.

Kiyevə uçan bütün dronlar vuruldu!- Rusiya daha 1360 əsgər və 8 tank itirdi...-RƏSMİ

Avqustun 31-də gecədən səhərə kimi Kiyevi təhdid edən bütün Rusiya zərbə dronları hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə məhv edilib. Sozcu.az  "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu haqda Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb. Təfərrüatlar:  Rəsmilərə görə, bu,  həftə ərzində Kiyevə edilən dördüncü hava hücumudur. Gecə boyu döyüş sursatları - dalğalarla və müxtəlif istiqamətlərdən gəldi. Paytaxtda hava hücumu xəbərdarlığı dörd dəfə elan edilib və ümumilikdə 4 saata yaxın davam edib. İlkin məlumata görə şəhərdə dağıntı və tələfat olmayıb.  “Gördüyünüz kimi, Kiyev bu müharibədə rus təcavüzkarının prioritet hədəfi olub və olacaq. Ona görə də mən təkidlə Kiyev sakinlərini və şəhərin qonaqlarını şüurlu və intizamlı olmalarını xahiş edirəm. Həmişə hava hücumu qaydalarına əməl edin - sığınacaqlara yollanın!" Kiyev ŞHA-nın rəhbəri Sergey Popko öz müraciətində belə deyib. Onu da əlavə edək ki, Ukrayna ordusu Baş Qərargahından bu səhər verilən məlumata görə, son 24 saat ərzində Ukraynaya qarşı müharibədə Rusiya ordusu daha 1360 əsgər, 8 tank və 42 artilleriya sistemi itirib.

İstanbulda xəstəxanaya silahlı basqın edildi

İstanbulda xəstəxananın təcili yardım şöbəsinə silahlı basqın olub. Sozcu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Şəxsiyyəti hələlik bilinməyən şəxs (şəxslər) şöbəyə atış açıb, beş nəfər yaralanıb. Polis araşdırma aparır.

Göygöldə ağır qəza: 1 ölü, 4 yaralı

Göygöl rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə Hacıməlik qəsəbəsində qeydə alınıb. "Hunday" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü R.Muradov aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı daha 4 nəfər - 1986-cı il təvəllüdlü T.Babayev, 1989-cu il təvəllüdlü N.Həsənova, 1995-ci il təvəllüdlü Ə.Aslanov və 1992-ci il təvəllüdlü E.Həsənzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Ukrayna Kurskda daha 30-40 km irəliləyə bilər

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın cənub-qərb istiqamətində Kursk əməliyyatının sərhədlərini genişləndirmək potensialı var. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko bildirib. “Uğurlu Kursk əməliyyatı ilə Ukrayna nümayiş etdirdi ki, müharibənin gedişatını dəyişməyə qadirdir", - o deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əməliyyatı Qluşkovski rayonuna qədər genişləndirə bilər: "Orada düşməni sıxışdırmaq və ya daha yaxşısı, Rusiyada əsirlikdə olan hərbçilərimizin daha çox hissəsini dəyişdirmək üçün bütün perspektivlər var. Bundan əlavə, bu, Ukrayna qoşunlarının nəzarətində olan zonanı qərbə doğru 30-40 km genişləndirməyə imkan verəcək".