Antiterror əməliyyatı: 110 nəfər saxlanıldı

Türkiyədə terrorçuluqla mübarizə tədbirləri çərçivəsində PKK-ya qarşı Diyarbakır, Bursa, Siirt, Mardin, Qaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara və Adıyamanda əməliyyatlar həyata keçirilib. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, ümumilikdə 110 şübhəli şəxs saxlanılıb. Hazırda əməliyyat davam etdirilir.

Ukrayna ordusu gələn ay hücuma keçəcək

Ukrayna aprelin sonuna qədər hər biri 4 minə yaxın hərbçidən ibarət 12 briqada hazırlamaq və may ayında hücuma keçmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Bildirilib ki, ABŞ və NATO-nun müttəfiqləri Ukrayna ordusunun 9 briqadasına təlim keçir və onları lazım olan silah-sursatla təchiz edir. Məlumata görə, Ukrayna ABŞ rəsmilərinə əməliyyat planının detallarını çatdırıb. Məxfi məlumatda əks-hücum əməliyyatında iştirak edəcək qüvvələrin ölkənin cənubunda, o cümlədən Ukraynanın Krım yaxınlığındakı Azov dənizində sahil xətti boyunca yerləşdiriləcəyi gözlənilir. Hazırda Ukrayna ordusunda kritik əməliyyata hazırlıq işləri gedir. 

Rusların Baxmutda irəliləməsi dayandı

Ruslar Baxmut və onun ətrafına hücumlarını davam etdirsələr də, son iki gün ərzində heç bir irəliləyiş əldə etməyiblər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. “Ukrayna ordusu Baxmutun şimal-qərbində rusların hücumlarını dəf edib. Onlar Xromovo-Çasov Yar yolundan vaqnerçiləri geri oturtmaq üçün mübarizəni davam etdirir. Rusiya nizami qoşunları isə Baxmutdan şimal-qərbdə Ukrayna Silahlı Qüvvələri ilə mövqe döyüşlərində iştirak edir. “Vaqner” şirkətinin rəhbəri Priqojin bildirir ki, onun muzdlularının vəzifəsi Ukrayna qüvvələrini mümkün əks-hücumdan əvvəl darmadağın etməkdir”, - məlumatda deyilib.

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu yenidən hakim qarşısına çıxır

Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirməkdə təqsirləndirilən, 1992-ci il təvəllüdlü Mirhadı Tağıyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 27-nə təyin edilib. Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılacaq. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Tağıyev Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə həbs cəzası verilib. İttihama görə, hadisədən bir neçə ay əvvəl həmin quruma mühasib vəzifəsinə təyin edilən Mirhadı vəzifəsinə səhlənkar yanaşıb və mütəmadi olaraq işdən yayınıb. Belə ki, DAİM-in rəhbəri Z.Əhmədov M.Tağıyevə sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə mütəmadi iradlar bildirib. Həmçinin xidməti fəaliyyətinə aid olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı onların aralarında mübahisələr baş verib. Son olaraq 8 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində M.Tağıyevlə direktor arasında “Müştəribank” tətbiqinin şifrəsinə görə mübahisə yaşanıb. Bundan əsəbiləşən gənc mühasib iş yerini tərk edərək evə gedib. Həmin gün saat 13 radələrində Mirhadının atası Mirtağı Bağırov oğluna zəng edərək iş yerini tərk etdiyi üçün onu danlayıb və Z.Əhmədovun onu iş yerində gözlədiyini bildirib. Bundan sonra Mirhadı mağazadan bıçaq alaraq işlədiyi idarəyə gedib və binanın 2-ci mərtəbəsinə qalxaraq direktorun kabinetinə daxil olub və onu qətlə yetirib. Qeyd edək ki, Mirhadının atası Mirtağı Bağırov polis polkovnik-leytenantıdır. Mirtağı Bağırov uzun müddət Goranboy Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsini tutub, bir müddət rəis vəzifəsini də icra edib.

Ağdaşda qənnadı fabrikindən oğurluq edən, azyaşlıya qarşı soyğunçuluq törədən şəxslər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində rayon ərazisində oğurluq edən və azyaşlıya qarşı soyğunçuluq cinayəti törədən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, şəhər ərazisində yerləşən qənnadı fabrikindən ümumi dəyəri 15 000 manat olan motorların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Həsən Həsənov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladıqlarını dəyərindən dəfələrlə ucuz qiymətə metal qəbulu məntəqəsinə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib. Davam etdirilən tədbirlərlə motorlar da satdığı yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Daxil olmuş məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə Ağdaş şəhəri ərazisində yerləşən fərdi yaşayış evindən ümumi dəyəri 1 200 manat olan dəmir materiallar, elektrik naqili və digər məişət əşyaları oğurlayan rayonun Yuxarı Zeynəddin kənd sakini Rövşən Cavadov saxlanılıb, onunla əlbir olan daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı isə azyaşlının mobil telefonunu soyğuçuluq yolu ilə ələ keçirən 16 yaşlı rayon sakini, eləcə də yeni tikilməkdə olan evdən elektrik naqillərini oğurlayan daha iki yeniyetmə saxlanılıb. Soyğunçuluqla ələ keçirdiyi mobil telefon saxlanılan şəxsin üzərindən aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Ağcabədidə sursat aşkarlanıb

Ağcabədidə sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qarqar çayının yatağından sursat aşkar edilib. Belə ki, oradan 4 ədəd qumabaraatan mərmisi, 88 ədəd avtomat patronu və 2 ədəd avtomata aid hissələr götürülüb. Faktla bağlı araşdırma aparılır.

Müğənni qızına toy etdi

Müğənni Fuad Musayevin qızının toyu olub. Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, Bakıda keçirilən məclisdə şou-biznes nümayəndələri də iştirak ediblər. Gecədən görüntülər sosial şəbəkədə yayılıb. Qeyd edək ki, sənətçinin bir qız övladı da var.

Küsülü qala bilməyən 3 bürc

Bəzi insanlar sevdikləri ilə 3 gündən artıq küsülü qala bilmir. Onlar digərlərinə nisbətən daha asan bağışlayırlar. Astrologiyada da bu cür xarakterə malik olan bürclər var. Sozcu.az Bakupost.az-a istinadla küsülü qala bilməyən 3 bürcü təqdim edir. BALIQ - Sevdikləri ilə böyük problemlər yaşasalar da, barışmağın yolunu tapırlar. Kin saxlamırlar. Bəzən barışmaq üçün qarşı tərəfdən addım atılmasını gözləyirlər. Amma çox vaxt bunu özləri edir. OĞLAQ - Heç vaxt kindarlıq etmirlər. Olduqca bağışlayıcıdırlar. İnsanlarala ünsiyyətdə olmağı çox sevirlər. Heç vaxt mübahisə tərəfdarı olmurlar. Belə hal baş verərsə, həll yolu axtarmağa başlayırlar. ƏKİZLƏR - Ətraflarındakı insanlarla söhbət etməyi çox sevirlər. Ona görə də küsmək ağıllarından keçmir. Böyük mübahisələr yaşasalar da, bir neçə saat sonra dərhal barışırlar. Səbrsiz insanlar olduqları üçün kimləsə danışmadan qala bilmirlər.

Prokurorluq Biləsuvardakı partlayışla bağlı daha bir məlumat yayıb

Biləsuvar rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumata əlavə olaraq bidirilir ki, aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib. Biləsuvar rayon prokurorluğundan Sozcu.az-a verilən xəbərə görə, bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir. Beləliklə də, faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

TƏBİB Lənkəranda qidadan zəhərlənənlərin vəziyyəti ilə bağlı məlumat yayıb

Aprelin 24-də qida zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 10 nəfərin müalicəsi davam etdirilir. Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavabda bildirilib. "Tibb müəssisəsinin müvafiq şöbəsində müalicə alan şəxslərin vəziyyətləri stabildir", - deyə vurğulanıb. Qeyd edək ki, ötən gün Lənkəran rayonunun Bəliton kənd sakini Ağayev Arzuman Vəliağa oğlunun yaşadığı evdə keçirilən ad günü mərasimindən sonra sonuncu, onun ailə üzvləri və qohumları, ümumilikdə 17 nəfər şəxs “dəqiqləşdirilməmiş zəhərlənmə, ürək bulanma” diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra 7 nəfər şəxsin vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Hazırda faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsində araşdırma aparılır.

“Əl-Nəsr” uduzdu, Ronaldo məşqçiləri ilə mübahisə etdi

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı kubokunun yarımfinal mərhələsində "Əl-Vehda" ilə oyundan sonra məşqçilər heyəti ilə mübahisə edib.  Sozcu.az xəbər verir ki, portuqaliyalı hücumçu məşqçiləri qıcıqlandıran sözlər deməyə başlayıb. Bu da tərəflər arasında mübahisəyə səbəb olub.  Matç isə 1:0 hesabı ilə “Əl-Vehda”nın xeyrinə başa çatıb. Beləliklə, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı kubokunda mübarizəni dayandırıb. Turnirin final oyununda "Əl-Vehda" "Əl-Hilal"la qarşılaşacaq.  Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-da "Əl Nəsr"lə müqavilə imzalayıb. 38 yaşlı forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm o, "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 13 oyunda 11 qol və 2 qol ötürməsi ilə yadda qalıb. 

Biləsuvarda partlayışda yaralanan uşaqlardan daha biri Bakıya gətirilib

Biləsuvarda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan uşaqlardan daha biri Bakıya təxliyə edilib. Sozcu.az-ın məlumatına görə, hadisə zamanı yaralanan 2009-cu il təvəllüdlü F.Əliyeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Respublika Yanıq Mərkəzinə köçürülüb. Qeyd edək ki, daha əvvəl hadisə zamanı yaralanan onun bacısı da rayon xəstəxanasından paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.report

Qusar sakini 2-ci mərtəbədən yıxılaraq öldü

Qusar sakini bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun İmamqulukənd kəndində baş verib. Belə ki, Məhəmməd Coğrafəddin oğlu Əhmədov Qusar rayonun İmamqulukənd kəndində yerləşən evin ikinci mərtəbəsindəki pəncərəsindən yerə yıxılaraq aldığı xəsarətlərdən ölüb. Həmin faktla əlaqədar Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 82,70 dollara, yüngül neftin bir barreli isə 78,74 dollara təklif edilir.

426-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 426-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 187 770 hərbçi, 3688 ədəd tank, 7151 ədəd zirehli döyüş maşını, 2863 ədəd artilleriya sistemi, 539 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 291 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5784 ədəd avtomobil texnikası, 2437 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 345 xüsusi avadanlıq itirib.

İki mikroavtobus toqquşdu: xəsarət alanlar var

Bakı-Qazax yolunda iki mikroavtobusun toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, magistralın Ucar rayonu ərazisindən keçən hissəsində baş verən qəza zamanı bir neçə nəfər xəsarət alıb. Sürücünün yanında əyləşən sərnişin isə maşında sıxılmış vəziyyətdə qalıb. Faktla bağlı araşdırma başlanıb.

Pakistanda partlayış: 8 ölü, 57 yaralı...

Pakistan şimal-qərbindəki Svat bölgəsində polis idarəsinin binası partladılıb. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Məlumata görə, hücum nəticəsində polis idarəsinin binası tamamilə dağılıb. 8 polis əməkdaşının öldüyü, 57 nəfərin isə yaralandığı bildirilir. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Fransa xarici işlər naziri Azərbaycana gəlir

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixləri ərzində Azərbaycana və Ermənistana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb. "Nazir səfər zamanı Fransanın ədalətli, davamlı, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan sülh naminə iki ölkə arasında danışıqların dəstəklənməsinə sadiqliyini ifadə edəcək", - məlumatda qeyd edilir. Səfər çərçivəsində K.Kolonnanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcəyi gözlənilir.

Rusiyanın itkiləri 200 minə çatır

Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısı təqdim edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, 2022-ci il fevralın 24-dən etibarən Rusiya tərəfi 187 080 nəfər canlı qüvvə itirib. Həmçinin, Rusiyanın digər döyüş itkiləri 3 683 tank, 7 139 zirehli maşın, 2 849 artilleriya sistemi, 539 reaktiv yaylım atəşi sistemi, 289 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 413 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 753 avtomobil texnikası və avtosistern, 339 xüsusi texnikadan ibarətdir.

Sülhməramlıların avtomobillərinə mütləq baxış keçirilməlidir, əks halda...” - Polkovnikdən AÇIQLAMA

“Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi çoxdan qurulmalı idi. Aprelin sonunda belə bir qərar verilibsə, bu, artıq vəziyyətin necə dözülməz həddə gəlib çatması deməkdir. O silah-sursat ora bilavasitə Azərbaycan ordusuna qarşı istifadə olunmaq üçün gətirilir”. Sozcu.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. Polkovnik qeyd edib ki, biz aprelin 1-də Azərbaycanın həmin sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə start verəcəyini gözləyirdik: “Çünki bu, qaçılmaz idi. Aylar idi bu haqda danışılırdı. Qarabağa aidiyyəti olmayan şəxslərin gəlib-getməsi, qanunsuz yüklərin daşınması foto və videofaktlarda öz əksini tapırdı. Biz o vaxt da deyirdik ki, gecikməməliyik, çünki düşmən bundan öz məqsədləri üçün istifadə edir. Ermənistan öz ərazisində nə edirsə, özü bilər. Amma Azərbaycan ərazisindən - konkret olaraq Laçın-Xankəndi istiqamətindən onların sui-istifadə etməsi, hərbi təyinatlı yüklər daşıması, şəxsi heyəti gətirib-aparması yolverilməzdir. Düşünürəm ki, bu sərhəd-buraxılış məntəqəsi olsaydı, bəlkə də martın 5-də 2 hərbi qulluqçumuzun şəhid olması, 1 hərbçimizin yaralanması, aprelin 11-də 3 hərbçimizin şəhid olması, bir neçə hərbi qulluqçumuzun yaralanması ilə nəticələnən insidentlər də baş verməzdi”. Hərbi ekspert vurğulayıb ki, ermənilər bundan sonra yaxşı-yaxşı fikirləşəcəklər: “Doğrudur, onlar sərhədi qeyri-qanuni keçməyə cəhd edəcəklər, amma düşünürəm ki, həm Dövlət Sərhəd Xidməti, həm də Müdafiə Nazirliyi bu cür cəhdlərin qarşısını qətiyyətlə alacaq. Əgər biz Qarabağda sülh və əmin-amanlığın bərqərar olmasını istəyiriksə, o post orada fəaliyyət göstərməlidir. Hətta Rusiya sülhməramlılarının avtomobillərinə də mütləq baxış keçirilməlidir. Çünki ermənilər üçün qeyri-qanuni yükləri sülhməramlıların avtomobilində Rusiya komandanlığının icazəsi ilə daşıyırlar. Biz ötən ilin noyabrında bu faktın şahidi olmuşduq ki, Müdafiə Nazirliyinin əsgərləri Rusiya sülhməramlılarının avtomobilinə baxış keçirərkən oradan 5 ədəd avtomat aşkarlamışdılar. Minaların hamısı Ermənistanda istehsal olunub, 2021-ci ilin istehsalı olan yeni minalardır. Ruslar da onu ona görə daşıyır ki, tərəflər arasında problem yaşansın. Tərəflər bir-biri ilə daim münaqişə vəziyyətində olsun və onlar da orada olma müddətlərini uzatsınlar. Düşünürəm ki, sərhəd-buraxılış məntəqəsi olandan sonra bu cür təxribatların sayı xeyli azalacaq”.

2 yaşlı uşağı maşın vurub öldürdü

Sumqayıtda 2 yaşlı uşağı avtomobil vurub. Sozcu.az APA-ya xəbər verir ki, 1970-ci il təvəllüdlü Nabatalıyev Sübhi Nabatalı oğlu Sumqayıt şəhəri, Ceyranbatan bağları, “Beton zavod” adlanan ərazidə idarə etdiyi BMW markalı avtomobillə məhəllə arası küçədə arxaya doğru hərəkət edərkən ehtiyatsızlıqdan 2021-ci il təvəllüdlü Xəyalə Dövran qızı Zamanovanı vurub. Nəticədə Xəyalə Zamanova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

İnquşetiya müstəqillik istəyir - Ordu yaradıldı

İnquşetiyanın Rusiya işğalından azad edilməsi və müstəqilliyi üçün İnquş Qurtuluş Ordusunun yarandığı elan edilib.  Sozcu.az xəbər verir ki, İnquş Müstəqillik Komitəsi yeni silahlı qruplaşmanın gerb və bayrağını da təqdim edib. İnquş Qurtuluş Ordusunun bəyanatına görə, Kreml elitləri və rus mafiyası inquş xalqına qarşı zülmlər edir, soyqırımlar törədir, bu səbəbdən inquş xalqı öz müqəddəratını özü təyin etməli və müstəqil olmalıdır.

Ukrayna kəşfiyyatı: "Həlledici döyüşlərə hazırlaşırıq"

“Ukrayna həlledici döyüşə hazırlaşır”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov “RBK Ukraina”ya müsahibəsində deyib. O bildirib ki, Ukraynanın müasir tarixi üçün əlamətdar döyüşlər yaxın vaxtda başlayacaq: “Bu, faktdır. Hamı bunu başa düşür. Biz istəyirik ki, Qərb silah tədarükünü intensivləşdirsin, amma bu olmasa belə, biz əlimizdə olan silahlarla irəli gedəcəyik”. Budanov həlledici döyüşlər kimi xarakterizə etdiyi əməliyyatların konkret nə vaxt başlayacağını açıqlamayıb. Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski əks-hücum əməliyyatlarının yaxın vaxtda başlayacağını bildirmişdi.

Rusiya tamamilə parçalanmayana qədər...- Herem

Rusiya dövləti dəyişməyənə və ya kiçik dövlətlərə parçalanmayana qədər Ukraynada müharibə bitməyəcək. Sozcu.az xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin baş komandanı general Martin Herem deyib. O qeyd edib ki, müasir Rusiyada yüzlərlə əsgərin cəbhədə həlak olması itki kimi deyil, güc və qüdrət əlaməti kimi qəbul edilir: "Ruslar bu itkilərə əhəmiyyət vermir, amma dövlətin ukraynalılardan biabırçı zərbələr alması tamam başqa məsələdir. Rusiya tamamilə dəyişməyincə, ambisiyalarından əl çəkməyənə qədər bu münaqişənin sonunu görmürəm".